Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Sənin şəklin mənim ürəyimdədi” – məşhur fotoqrafın ailəsindən – REPORTAJ

8 Mart Beynəlxalq Qadınlar Bayramı olmaqla yanaşı Simsar jurnalının və Simsar.az-ın mərhum fotomüxbiri Əjdər Nağıyevin doğum günüdür


Deyirlər, “yaxşı insanlar həmişə Allahın yanına tez gedir”. Bəlkə də, onun bu dünyadan belə tez getməsinin səbəbi yaxşı insan olması idi. Gəncliyində fotoaparatı əlinə alandan, ömrünün sonuna qədər onu yerə qoymadı. Həyatını işinə, ailəsinə həsr etdi. Heç vaxt nəyəsə üsyan etmədi, həmişə mülayim siması ilə insanlara gülümsədi. Bununla qarşısındakı insanların da dərdini unutdurdu. Görünüşünə, geyiminə həmişə fikir verərdi, yaşlı görünməkdən heç xoşu gəlməzdi, həmişə yaşını gizlədər, cavan olduğunu göstərmək istərdi.  Xəstəliyi ilə  heç mübarizə aparmadı, “boş şeydi” deyib üstündən keçdi. Ancaq “boş şeydi” dediyi – xəstəliyi onu qəbr evinə apardı. Oxucular yəqin ki, şəklini görən kimi, söhbətin kimdən getdiyini anladılar. Təbii ki, Qadınlar bayramı günündə dünyaya göz açan tanınmış fotoqraf mərhum Əjdərdən danışırıq. Bu gün  ailəsi belə onun ölümünə inanmır, həyat yoldaşı, qızları onun nə vaxtsa qapını açaraq “mən gəldim” deyəcəyini  gözləyirlər. Elə biz də tez-tez onu xatırlayırıq. İnsanların xatirəsində silinməz iz buraxan Əjdər əmimizi... Bu dəfə ad günündə Əjdərin ailəsinə Simsar olduq.

“Biz əmiqızı əmioğluyuq. Kəndə gələndə həmişə qaçıb gizlənirdim, görüşməyə utanırdım. O vaxtı onu o qədər məcbur edirdilər ki, evlən o da evlənmirdi”. Bu sözləri çay süfrəsi arxasında Əjdərin həyat yoldaşı Həqiqət xanım deyir. Həqiqət xanım birlikdə keçirdikləri gənclik illərini tez-tez yadına salır. “Məni istəyən bir oğlan vardı, onun başına o qədər oyun açdı ki, əmimqızından uzaq ol deyə. Sonra Əjdər evdəkilərə dedi ki, bəs mən Həqiqəti istəyirəm. Bir gün bizə gəldilər, razılıq alındı, nişanlandıq. Toya yaxın Tiflisə getmişdi, toy günü  hələ gəlib çıxmamışdı. Mən də xına da, bəzəkdə onu gözləyirdim. Bir də gördüm ki, pəncərədən içəri girdi ki, burdayam. Gəlini bizdə toydan sonra gətirirlər, indi isə səhəri gün gəlin aparırlar. Adətə görə, bəy gəlinin yanında durmamalıdı. Ancaq Əjdər gəlib yanımda durdu, özü də qaloşda...nə qədər elədilər ki, ay Əjdər ayaqqabını dəyiş, ayıbdı. O da heç fikir vermədi, gəldi durdu yanımda. Heç vaxt istədiyini göstərə bilmirdi. Özü də deyirdi ki, “sən bil ki, səni çox istəyirəm, ancaq hiss etdirə bilmirəm”.

Həqiqət xanım Əjdərin qısqanc olduğunu söyləyir. “O məni çox qısqanırdı, indiyə qədər bəzənməyə, saçıma rəng qoymağa qoymurdu. Uşaqların toyunda dedim ki, bəsdi Əjdər, qocalmışıq, məni hər şeydən məhrum eləmisən. Saçım da ağarıb. Ondan sonra heç nə demədi. Qızlarına qarşı da çox qısqanc idi. Qızımın birinin yaxşı rəssamlıq qabiliyyəti var, onu davam etdirməyə qoymadı. Özü fotoqraf idi, ancaq bir dəfə bizi ürəyimiz istəyən kimi çəkmədi. Həmişə şəkillərimizi gülməli çəkirdi. Deyirdi ki, “sən neyləyirsən qəşəng şəkli, sənin qəşəng şəklin mənim ürəyimdədi, istiyəndə ona baxıram”.

Həqiqət xanım bildirir ki, gənclikdə çox ağır yaşayıblar, amma buna baxmayaraq Əjdər heç vaxt kədərlənməz, zarafatından qalmazdı. “Elə evliliyimizin ilk günlərindən çox ağır vəziyyətdə yaşamışıq, ancaq heç vaxt narazılıq eləməmişəm. Kənddə əmimgildə balaca bir otaqda qalmışıq. 22 ildi Bakıya köçmüşdük, hələ də kirayələrdəyik. Mal-dövlətdə heç gözü olmadı, hamı deyirdi ki, Əjdərdə olan arxiv kimdə olsa, indi qızıldan imarəti olardı. Vəsiyyət eləyib tapşırdı ki, mən öləndə, hər şeyimi kəndə göndərin. Onu da düşünmüşdü ki, hər dəfə kirayəyə köçəndə bir şeyi itməsin. Əjdərin bu həyatda mənə ən gözəl hədiyyəsi özü olub. Həmişə sobanın  yanında divanda oturardı, fikrə gedərdi. Elə vaxt olurdu ki, gecə də yatmazdı, elə orda oturardı. Məni də yuxudan durquzardı ki, “qəşəng çay dəmləmişəm, dur içək”. Gecə ikimiz oturardıq, hər şeydən söhbət eliyərdik, ancaq zarafatsız da qala bilmirdi. Bir dəfə işdən Lahıca getmişdi, axşam gəlmədi, mən də narahat qaldım. Zəng eliyib, soruşdum ki, bəs ay Əjdər, hardasan, dedi ki, “Kürdəmirdə dağın başında”. Dedim, “Kürdəmirdə dağ var ki?” O qədər elə zarafatları olurdu...”

“Həyatında ən böyük arzusu İstanbula getmək, Sultan Əhməd məscidində olmaq idi. Şükür Allaha, o da həyata keçdi, çox sevindi. Bir gün gəldi ki, bəs mən Türkiyəyə gedəcəm. Özünə sağlığına diqqət edən adam deyildi, məcbur olmasa, heç dərman da atmırdı. Dedim ki, “ay Əjdər xəstəsən, bir az müalicə al, tam düzəl, sonra hara istəsən gedərsən”. Razı olmadı, getdi, 2 gündən sonra xəstələndi, geri qayıdası oldu. Çatanda evə girə bilmədi, elə həyətdə başını qoydu oturdu.  – “Şükür Allaha, gəlib çıxdım, heç inanmırdım. Yaxşı ki, ölüb orda qalmadım, öz vətənimə çatdım” – dedi.

Həqiqət xanım köks ötürə-ötürə Əjdərin ömrünün son günlərindən danışır. “Sonra qızdırması qalxdı, çox üşüyürdü, divanda elə uzanmışdı. Elə üşüyürdü ki, öz ədyalını qızlara verirdi ki, siz üstünüzü örtün, soyuq olmasın. Elə bilirdi ki, onlar da üşüyür. Danışanda dili dolaşırdı, elə hey Kəlmeyi-Şəhadət gətirirdi. Qızıma dedim tez su gətirdi, bəlkə dili qatlanıb?! Başını əlinə qoydu,  o biri əli ilə əlimi bərk-bərk sıxdı. Hər yeri buz kimi olmuşdu, gözləri də irilənmişdi. Öldüyünü biləndə, üzünə nə qədər salavat çevirdim (ağlayır)”...dedim bəlkə ayılar, gördüm yox, gözləri elə qalıb”.

Əjdərin ömür-gün yoldaşı deyir ki, indi də onun ölümünə inanmıram.  “Elə bilirəm ki, yenə harasa ezamiyyətə gedib, gələcək. Hər il ad günündə, ölümündə rayona qəbrüstə gedirik. Onun adına süfrə açıb, yad edirik. İndi martın 8-də ad günüdü, fikirləşirdim ki, rayona gedəm. Ayağım çıxıb deyə, qaldı, inşallah, bayramda gedəcəm. Bir ona sevinirəm ki, nə yaxşı övladlarının toyunu, nəvəsini gördü. Həmişə özünü cavan göstərərdi, elə yaşını da gizlədirdi. Yaşlı olmaqdan qorxurdu, kompleks vardı”.

Simsar jurnalın və Simsar.az saytının baş redaktoru İradə xanım Nürəddin qızı Əjdər bəyi işində çox məsuliyyətli bir insan kimi xatırlayır: “Görüşəcəyimiz yerə ən gec saat yarım tez gələrdi. Deyirdim ki, “ay Əjdər, gecə yatmamısan? Niyə belə tez gəlmisən?” cavab verirdi ki, “özüm tez gəldim. Hava təmizdi, bir az hava aldım”. Əjdər özü bildirməsə də, xəstəlikdən çox əziyyət çəkirdi. Mən ona demişdim ki, gəl səni İrana müalicəyə göndərək, müalicə şirkət tərəfindən təşkil ediləcək. Eazı olmadı ki, “yox, İrana getmək istəmirəm”. Ordan heç xoşu gəlmirdi, getmədi. Türkiyəyə gedəndə də söhbət elədik, dedim ki, bəlkə sən getməyəsən, müalicəni davam etdirəsən?! Razı olmadı, dedi yox, mütləq getməliyəm, ən böyük arzum ora getməkdir.

Türkiyəyə gedən də birinci gün çox yaxşı idi, elə oldu ki, o gün işimiz də olmadı. Dedim, “Əjdər, dur gedək gəzək”. Getdik Sultan Əhməd camisinə, Ayasofyanı zirayət etdik. Uşaq kimi elə sevinirdi ki... Deyirdi ki, “Ən böyük arzum idi, buralara gəlmək idi”. Sonra yemək üçün boğaza balıq yeməyə getdik. Orada ona soyuq oldu, dedi ki, “üşüyürəm”. Heç balıq da yemədi, çoxlu isti çay içdi. Gördüm halı yaxşı deyil, aptekə getdik, soyuqdəyməyə qarşı dərman aldıq. Sabahı görüşümüz  vardı. Səhəri otelin restoranında görüşdük. Heç yaxşı deyildi, özü də dedi ki, “mən qala bilmirəm”. Zəng elədim bilet axtardım, olmadı. Sonra necə oldusa, zəng elədilər ki, “ yarım saata hava limanına çata bilərsiz, Qaytarılmış bilet var”. Razılaşdım, heç yolu fikirləşmədim, dedim necə olursa, biz çatmalıyıq. Əjdərə dedim, hazırlaşdı. Allah bizi saxladı, yol açıq oldu, tez çatdıq. Qeydiyyatdan keçən xaricilərə gücnən başa saldıq ki, bəs bunun təyyarəsi 10 dəqiqəyə qalxır, tez yoxlamadan keçsin. Bitəhər çatdı təyyarəyə, Allah köməyi oldu. O Bakıya çatana qədər, fikirim onda qaldı, telefonuna da zəng çatmırdı. Evə adam göndərdim ki, bir xəbər bilsin, ondan cavab alandan sonra rahatlandım. Türkiyədən qayıdandan bir gün sonra eşitdim ki, Əjdər vəfat edib. Mən Türkiyədən gələn günü onu görməyə gəlsəydim, onu görərdim. Belə olacağını bilmədim”.

Əjdər bəyin qızları atalarını həmişə zarafatcıl, səmimi bir insan kimi xatırlayır. Onlarla dost kimi söhbət edib, zarafat edirmiş. Böyük qızı şəhərdə qalır. Darıxanda atası zəng eləyirmiş ki,  “ay Ülviyyə, uşaqları da götür, gəl bizə”.

Əjdərin ən böyük arzularında biri şəkillərindən ibarət sərgi təşkil etmək olub. Bu arzusuna sağlığında çatmaq qismətində yox imiş... Ancaq qızları Əjdər müəllimin arzusunu həyata keçirmək fikrindədi. Əjdər Kiçik qızı hamilə olanda dünyasını dəyişən mərhum fotoqrafa sonuncu nəvəni görmək qismət olmadı...

Amma... bir gün Əjdər qızının yuxusuna girib, ona tezliklə bir qızı olacağını, uşağın adını isə Şəlalə qoymasını deyir.... (o zaman heç uşağın qız olacağını bilmirmişlər). Uşaq doğulanda hamı təəccüblənir. Beləcə, Əjdər bəyin ən kiçik nəvəsinin adını Şəlalə qoyurlar...

Bu gün Şəlalə babasını tanımır, ancaq nənəsinin, anasının və yaxınlarının xatirələrində onu yaxşı tanıyacaq. Babası çox istəyirdi onu görsün, ancaq qismət olmadı. Allah Əjdərin balaca nəvələrinə uzun ömür versin, onlar hələ də öz şəkilləri ilə ürəklərdə iz qoyan məşhur fotoqrafı tanımırlar. Amcaq böyüyəndə babalarını daha yaxşı tanıyacaqlar. Bəlkə də, hansısa babasının yolun davam etdirəcək, onun yarımçıq qoyduqları işləri sona çatdıracaq...

Turanə İbrahimi






8 Mart, 2014  00:01 Baxılıb: 3393 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner