Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qarabağda Od çərşənbəsi – Pakizə nənə danışır

“Səhərə qədər yatmazdıq, biş-düş edər, çalıb oynayardıq”

Hər xalqın həyatında, məişətində bir neçə  bayram var, ancaq  onlardan biri daha məşhur, daha sevimli olur. Azərbaycan xalqının da ən sevimli bayramı Novruz bayramıdır. Novruz bayramının dörd çərşənbəsi var. Çərşənbələrin adı təsadüfən seçilməyib. Hər çərşənbəyə xarakterinə uyğun ad verilib. Ötən həftə ilk çərşənbəni - Su çərşənbəsini yola saldıq Bu gün isə ikinci çərşənbə – Od çərşənbəsidir. Oda və yaxud Od çərşənbəsinə aid bir neçə atalar sözü də var: “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar”.

Bu çərşənbədə mütləq  qazan asılmalı, süfrəyə şirniyyatlar düzülməlidir. Qonağı olduğum Laçın rayonunun Qazidərəsi kəndindən olan 74 yaşlı Pakizə nənə bizə Od çərşənbəsi və Novruz ənənlərindən danışır. Pakizə nənə deyir ki, Od çərşənbəsində tonqal daha gur qalanır və bu çərşənbəyə el arasında “Üsgü çərşənbə” də deyirlər: “İkinci çərşənbəyə ona görə Od çərşənbəsi deyirlər ki, artıq çayların buzu açılar, dağların qarı əriyər. Bir növ havaların isinməsinə görə ikinci çərşənbəyə Od çərşənbəsi deyirlər. Od çərşənbəsi günü hamının qazanı qaynamalıdır, ocağın üstünü boş saxlamaq olmaz”.

Pakizə nənə Novruz ənənələrinin bəzilərinin əvvəlki vaxtlara nisbətən sönük keçirildiyini deyir: “Çərşənbə axşamı qız-gəlin yığışıb, birimiz düyü, birimiz yağ, birimiz çolpa, birimiz  un götürürər, yığma (boxça) yığıb əvvəlcədən hazırladığımız bir evdə toplanardıq. Səhərə qədər yatmazdıq, biş-düş edər, çalıb oynayardıq. Həyətlərdə qoca, hündür tut ağacları olardı. O ağaclara yelləncək bağlayıb yellənərdik.  Sübh vaxtı  səhəngləri götürüb çaya düşərdik. Əlimizi atardıq çayın dibinə, ilk əlimizə gələn daşı götürüb evə gətirərdik. Daşlardan birini  səhəngə, o birini nehrəyə atardıq ki, bərəkətli olsun. Oğlanlar mütləq hava soyuq olsa belə, çaya girib çıxardılar. Bu paklanmaq, təzə ilə təmiz girmək anlamı daşıyırdı”.  Nənə deyir ki, dörd çəşənbənin üçü yalaçı çərşənbə adlanır, yəni təntənəli qeyd edilmir. Ancaq buna baxmayaraq  heç bir çərşənbədə ocaqlar boş keçməzdi. Çərşənbə günü mütləq hər bacadan tüstü çıxmalı idi: “Abı-atəş, xaki-bad. Ab sudur, atəş od, xak külək, bad da torpaqdır. Bu çərşənbələrin üçü elə dövrü qədimdən təntənəli keçirilməyib, “yalançı” çərşənbə adlanıb. Torpaq çərşənbəsini ona görə təntənəli qeyd edirlər ki, axırıncı çərşənbədə artıq torpaq dirilir, yaz  gəldiyini hiss etdirir. Ondan sonra torpağa nə toxum atsan cücərir.  Amma birinci çərşənbədən sonra qız-gəlin bayram təmizliyinə başlayardı. İndi şəhərdə Novruz bayramı elə də yaxşı keçirilmir.  Mən  1941-ci ildə anadan olmuşam. Bizim uşaqlığımız İkinci Dünya müharibəsindən sonrakı illərə təsadüf etdi. Hamının dərdi vardı, qıtlıq idi. Ancaq xatırlayıram ki, hələ o illərdə belə, Novruz bayramına xüsusi hazırlaşırdıq və qıtlıq olsa da çox şənlikli keçir, yadda qalan olurdu. Oğlanlar kənd meydanında  radio qoşardılar, çalıb-oynayırdılar”.

Bildiyimiz kimi sovet hakimiyyəti illərində Azərbaycana xas adət-ənənələrin bəziləri qadağan olunmuşdu. Məsələn: Qurban bayramı, Məhərrəmlik kimi ayinlərin keçirilməsinə icazə yox idi. Xalq bu mərasimləri gizlin edirdi. Ancaq Pakizə nənə deyir ki, Sovet vaxtında  Novruz bayramının keçirilməsi bizə qadağan olunmamışdı: “Sovet dövründə nəinki Azərbaycanda, hətta Ermənistanda da bu bayram geniş yayılmışdı. Heç kim deyə bilməz ki, sovet vaxtı bir kənddə, bir şəhərdə tonqal qalamaq qadağan olunmuşdu. Bir sözlə sovet dövründə xalq hər zaman novruz bayramını sərbəst şəkildə tən-tənəylə qeyd edib”.

Pakizə nənə bir də onu xatırlatdı ki, Novruza on-on beş gün qalmış keçirilən bir bayram tamamən yaddan çıxıb, unudulub: “Bu bayram Xıdır Nəbi bayramıdır ki, artıq unudulub. İndi heç yerdə bu bayramı qeyd edən rastıma çıxmayıb. Fevralın 10-15 keçirilirdi və Əkinçlik bayramı idi. Yazın gəlişinə hazırlıq idi. Nağıl edirdilər ki,  bir vaxtlar Xıdır Nəbi adlı bir əkinçi olub. Bu bayramı da onun şərəfinə adlandırmışdılar. Xıdır Nəbi bayramında hamı bir ovuc undan xəşil bişirər Xıdır Nəbiyə ehsan deyərdi. Bu bayramın axşamı buğda qovurub bir məcməyidə çarpayının altına qoyardıq. Səhər buğdanın üstündə hansı heyvanın rəddi (izi) olsaydı, deməli, il həmin heyvan üstündə təhvil olub”.

Çərşənbədə qızların fala baxmaq kimi bir adəti də var: “Çərşənbə axşamı ərlik qızlar bir otağa toplaşıb fala baxardı. İynə falı, üzük falı, bir də duzlu kökə falı məşhur çərşənbə falları idi və bu falları ancaq ilaxır çərşənbədə etmək lazımdır. Üzük falı demək olar ki, həmişə düz çıxardı. Duzlu kökə falını etməyə hər qız ürək etmirdi. Çünki kökə çox duzlu olardı və onu yemək də xüsusi bir cəsarət tələb edirdi. Bu kökəni ancaq 8-9 yaşında qız uşağı bişirməlidir. Kim kökəni yeyib su içmədən yatardısa, deyilənə görə, yuxuda qismətində olan oğlan ona su verər. Mən bu fallardan bircə üzük falını etmişəm, o da düz çıxıb. 16 yaşımda ailə qurdum. Bundan  başqa qulaq falı, ayaqqabı falına çox inanılardı. Ayaqqabı falını da əsasən ərə getmək çağında olan qızlar edərdi. Arxası qapıya sarı dayanıb hərə öz ayaqqabısının sağ tayını geriyə  atardı. Kimin ayaqqabısı qapıdan çölə tərəf düşərdisə, deməli, həmin il o qızın bəxti açılardı. Kimin ayaqqabısı evə tərəf düşərdisə, deməli, hələ bu il də evdə qalacaqdı. Qulaq falına isə hamı çıxardı. Düz çıxanı da olurdu, olmayanı da.

Bir dəfə Qarabağ müharibəsi təzə-təzə başlayan vaxtlar idi. Bizim kəndimizdən bir oğlan itkin düşmüşdü. Çərşənbə axşamı oğlanın bacısı bizim qapıya qulaq falına çıxmışdı. Gəlinim əlində tortla qapını onun üzünə açmışdı. Hamımız sevindik ki, bu yaxşı əlamətdir, deməli, oğlan sağ-salamatdır, qayıdacaq. Ancaq düz çıxmadı. Hələ indiyənə kimi də oğlandan xəbər yoxdur. Bu adətlərə camaat çox inanırdı. İndi də o adətlər qismən keçirilir, ancaq bizim vaxtımızdakı təntənəsi yoxdur.

Ağız falı da vardı, bu da çox sınanmış bir adət idi. İndi rast gəlmirəm, deyəsən  bu ənənəni davam etdirmirlər. Çərşənbə axşamı yanından keçən adamın ilk sözü nə olardısa onu sınayardılar”.

Sən demə, Novruzun “papaq atdı”, “torba atdı” kimi adətlərindən başqa, bir də “şal sallamaq” adəti varmış: “Şal sallamaq” adəti vardı bir də. Bunu adətən subay oğlanlar eliyərdi. Bu da təxminən  “qurşaqatdı”, “papaqatdı” kimi bir şey idi. Axır çərşənbədə oğlanlar  bel şalı, örpək, kələğayı götürüb sevdikləri qızların evlərinin bacasından, pəncərəsindən evə sallayardılar. Əgər qızın ata-anası razı olardısa, şalı və ya kələğayını onun belinə bağlayardılar. Axır çərşənbə və Novruz axşamı kəndin ağsaqqalları hüzrlü olan, bayram keçirə bilməyən qonşuların qapısına səməni xonçası aparardılar. Hər yerdə olduğu kimi bizim kənddə də küsülülər Novruz bayramı hökmən barışmalı olardı”.

Günel Musa







4 Mart, 2014  14:13 Baxılıb: 4894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner