Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nəriman Həsənzadə: “İllər mənimkidi, yaş mənim deyil” - MÜSAHİBƏ

Ömrünün 83-cü baharına qədəm qoyan "Şərəf" ordenli Azərbaycanın xalq şairi, dramaturq Nəriman Həsənzadənin insanlara bahar ovqatı gətirən şeirləri saysız-hesabsız olduğu qədər, xalqın ona olan sevgisi də hesaba gəlməzdi. Və bu sevgini ifadə etmək üçün televiziya və radioda, mətbuatda onunla həmsöhbət olmaq arzusu böyük, ona ünvanlanan suallar isə tükənməzdi. İnsani dəyərləri hər şeydən üstün tutan Nəriman müəllimlə simsar olduğumuzu, ona olan hörmət və sevgimizi bildirmək üçün biz də bu əziz günündə onunla həmsöhbət olduq. İlk suallarımızı isə yrı-ayrı illərdə dərc etdirdiyi kitablarının adları ilə ona ünvanladıq.


- Nəriman müəllim 1956-cı ildə deyirdiniz ki “Dostlar gözləyir məni”. O dostlar bu gün də varmı?

- Əlbəttə, var. Dost bəzən hər şeyi əhatə edir, onlar olmasa yaşamaq olmur. Dost bir canda iki ürək deməkdi. Amma o da ya bir olar, ya iki.

- 1966-cı ildə isə kiməsə “Yadına düşəcəyəm” demisiz...

- Əsgər gedəndə yazmışdım onu. Cavan oğlan idim, olur da. Gənclik illərinin xatirəsidi.

- 1981-ci ildə yazmısız ki, “Ömürdən möhlət istəyirəm”. O zamandan bu zamana etmək istədiklərinizi həyata keçirə bildinizmi?

- Ömür möhlət verdi, ancaq adam 100 faiz istədiyini edə bilmir. Bacardığımı etmişəm, hələ çox şeylər də etmək istəyirəm. Bircə ona heyfsilənirəm ki, çox vaxt itirmişəm. Bu da təbiidi. İnsanın iki həyatı var: cavanlıq-nadanlıq, ahıllıq-peşimanlıq.

- 1984-cü ildə “Kimin sualı var?”- deyə soruşmusuz. Verilən suallardan həmişəlik yadınızda qalanı olubmu və ona nə cavab vermisiz?

- Tələbələrin sualı çoxdu, hamısı da cavab gözləyir. Mənsə çatdırıb hamısına cavab verə bilmirəm. Mən “Kimin sualı var?” deyəndə, sualı özümə vermişəm, cavabı da özündən istəyirdim.

- 1987-ci ildə “Seçilmiş əsərlər”-ə ad qoymaqda seçim qarşısında qaldınız, yoxsa adsıza oxucu marağı daha çox olur?

- Ümumiyyətlə, həyatda həmişə seçim qarşısında qalıram. Avtoqraf yazanda da sonradan həmişə deyirəm gərək elə yox, belə yazaydım. Digər tərəfdən isə, bütün şeirləri çap etdirə bilmirəm deyə, “Secilmiş əsərlər”də toplayıram. Amma əsərə ad qoymaq, övlada ad qoymağa bərabərdi, ikisi də səni təmsil edəcək. Səndən sonra o da müzakirə olur, bu da, görək sənə layiqdi, ya yox.

- 1991-ci ildə “Bütün millətlərə” nə demək istəyirdiz?

- Müharibəylə bağlı bütün millətlərə ünvanlanan şeirdi, haqsızlıqlara qarşı fikrimi bildirmişdim. İnsan insanı məhv edir, yandırır. Ermənilərin törətdiyi qırğınlardan xalqımız çox zülümlər çəkdi. Başqa bir şeirimdə yazmışam ki:

Vətən oddan keçib, alovdan keçib,
Dönmə vətən oğlu bu yoldan, and iç.
İstiqlal yolunda millət and içib,
And içən millətə Nəriman, and iç.


- 1993-cü ildə “Taleyin töhfəsi” nə idi sizə?

- Mən yoldaşımı itirdikdən sonra çoxlu şeir yazmağa başladım. O şeirlərə görə məni təbrik edirdilər deyə, mən də yazdım ki:

Məni təbrik edirlər, başsağlığı əvəzinə,
Mat qalmışam taleyin bu töhfəsinə.


Yəni gərək mənim itkim olaydı, mən də şeirlər yazaydım ki, məni təbrik edərdilər? Bax bu, mənim taleyimin töhfəsi idi.

- 1995-ci ildə “Gəlimli, gedimli dünya” dediniz . Bəs indiki vaxta sizin üçün dünyanın ayrı adı varmı?

- Dədə Qorquddan gələn fəlsəfi sözdü və gəlimli, gedimli dünyada elə etmək lazımdı ki, özündən sonra bir şey qoya biləsən. Amma dünya yalan dünyadı və bununla bərabər, həm də gözəl dünyadı, - deyiblər. Mən də bunu təsdiq edirəm.

- Bir şeiriniz var: “Harda dayanım ki, görəsən məni”. Sizi görə bilməyənlərə görünmək istəmək -onlar buna layiqdimi?

- Heyranam bu sualınıza, elə belə də yazın. Çünki onlara görünmək lazım deyil. Sevgidə ağıl yoxdu deyə sonra onların öz sualları olur və bunlara cavab vermək mümkün olmur. Amma çox maraqlıdı ki, sevgidə məntiq olmadığına görə, səni görməsə də yenə də görünmək istəyirsən. Qəribədi...

- Bəlkə elə bütün məna da bundadı, bəlkə həyat adiləşər belə olmasa?

-Yəqin ki, belədi. Ya bəlkə o görür, mənə elə gəlir ki, görmür. Bu da ola bilər...Cavab çoxşaxəlidi...

- Və bu şeiri sizə yazdıran...

- Bu şeiri bir inciklikdən, gördüyüm vəfasızlıqdan yazmışam:

Hayana getdimsə, səhər ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam.
Ha yanda durum ki, görəsən məni.


Bilirsiz, bu həmişə belə olub, sevgidə ağıl yoxdu ki. Bəlkə belə olmasaydı heç məhəbbət şeirləri də yazılmazdı:

Məhəbbət, nə deyim bu ülvi ada,
Hamıya bir gözlə baxmayır o da.
Birinə ömür-gün yoldaşı verir,
Başqa birisinə göz yaşı verir.


- Allah insanları gücü çatdığından artıq yükləmir. Tanrının sizə bəxşişinə və yükünə baxanda Nəriman müəllim ömrün qışından keçirib 83-cü baharına apardığına sevinir, ya kədərlənir?

- Apardığım öz dünyamdı. Bu dünyamda hər şey gözəl, yaxşı olsa da... Həyat yoldaşım yoxdusa... Sən demə, qadın həyat imiş... Qadın anadı, ilahi bir varlıqdı. Nə qədər səadət olsa da, qadınsız ev yoxsuldu. Amma yükü verən, səbr də verir. Bir də, tam səmimi deyirəm, bütün çətin məqamlarımda, həyatım təhlükə qarşısında qalanda mənə bir kömək göndərir Yaradan. Yaxşı adamlar çıxır qarşıma. Bir vaxtlar Mircəlal Paşayev, sonra Heydər Əliyev, burda -Milli Aviasiya Akademiyasında isə Mircəlal müəllimin oğlu Arif Paşayev... 

- Demək burda ovqatınıza yaxın olan insanlar da var...

- Mən bu kollektivə müqəddəs ailə kimi baxıram. Arif müəllim olan yerdə gözəl şərait var, çox sərbəstəm, taleyimdən razıyam. Nə yaxşı ki bura gəlmişəm.

- Cavan qalmağınızın səbəblərindən biri də yəqin ki, ətrafınızda sızı başa düşən insanların olmasıdı...

- Yaxşı insanlara rast gəlmək Allahın insana lütfüdü. Bir də ki, mənimki halallalıq, düzlük, təmizlikdi –
adam qocalmır onda. Odur ki:
İllər mənimkidi, yaş mənim deyil.
Nazim Hikmətin də bir sözü var:
“İnsan hər yaşda gəncdi”

İsmət Ələkbərqızı






20 Fevral, 2014  10:52 Baxılıb: 10009 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner