Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Məşhurlar Facebook dostları ilə görüşür” – HACI ŞAHİN - FOTOLAR

“Üzümü görmədən sosial şəbəkədə mənə düşmən olanlar var”

Simsar.az-ın  “Məşhurlar Facebook dostları ilə görüşür” layihəsi çərçivəsində budəfəki qonağı məşhur ilahiyyatçı, “Mənəvi Dünya” İctimai Birliyinin sədri Hacı Şahin Həsənli oldu. Din xadiminin rəsmi Facebook səhifəsindən seçib dəvət etdiyimiz şəxslərlə baş tutan görüş maraqlı mövzular ətrafında müzakirələrlə yadda qaldı. Gənclərlə görüşlərdən mənəvi zövq aldığını deyən Hacı Şahin belə söhbətlərin tez-tez təşkil edilməsinin vacib olduğunu bildirdi. Ona ünvanlanan müxtəlif mövzulara aid sualları cavablandıran qonağımız müasir dövrdə dinin düzgün təqdimatında bu cür fikir mübadilələrinin mühüm olduğunu dedi. “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin ofisində baş tutan görüş xoş xatirələrlə yadda qaldı.

“Dinin sosial şəbəkələrə münasibəti necədir?”

“Sosial şəbəkələrə dinin münasibəti çoxlarını maraqlandırır. Bəzən soruşurlar ki, internet halaldı, ya haram. Əslində, bu münasibət səhvdir. İstəsək də, istəməsək də internet həyatımızın parçasına çevrilib. Ümumiyyətlə, yeniliklər tarix boyu olub. Elmin inkişafı da daim olacaq. Bu prosesə qarşı çıxmaq, insana qarşı çıxmaq deməkdir. Məsələn, İngiltərədə sənaye inqilabı nəticəsində insan əməyi maşın əməyi ilə əvəz olundu. Texnoloji inqilab da belədir və internet bu inqilabın nəticəsidir. Elmin inkişafına qarşı çıxan cərəyanlar da var. Onlar deyirlər, texnologiyanın inkişafı insanlığın məhvinə gətirib çıxarır. Əslində, müəyyən mənada bununla razılaşmaq olar. Məsələn, sosial şəbəkədə onlayn ünsiyyətə aludə olanlarda virtual söhbət, real ünsiyyətin protezinə çevrilib. Həm də onlayn aləm, virtual obrazlar formalaşdırıb. Bir çox hallarda isə, insanın real həyatdakı obrazı ilə onlayn məkandakı obrazı fərqlənir. Bəziləri isə saxta profillərə sahibdirlər. Bu profillərlə onlar özlərini daha cəsarətli hiss edirlər.

İnkişafın müsbət tərəfləri  də var. Virtual söhbətdə senzura yoxdur, hər kəs azaddır. Hətta diktatura rejimi belə sosial şəbəkələrə nəzarət tətbiq edə bilmir. Həmçinin, canlı ünsiyyətdən çəkinən insanlar var. Sosial şəbəkələr onların ünsiyyəti üçün də şərait yaradır. Düşünürəm, sosial şəbəkələrə qadağa qoymaq mümkün olmayacaq. Mənfi hallar isə ancaq insanın əqidəsi hesabına aradan qaldırıla bilər. Bu, insanın mənəvi yetkinliyi ilə bağlıdır. Çalışmaq lazımdır ki, elm əxlaqın arxasınca getsin. Görüşümüzə gəlincə, əslində, bu Facebook əleyhinə olan görüşdür. Çünki biz hazırda canlı ünsiyyət qurmuşuq”.

“Sizin adınıza açılmış bir çox profil və səhifələr var. Bunlardan hansı sizə aiddir?”

“Özüm Facebook-da nəsə izləmirəm. Bir rəsmi səhifəmiz var, yaxınlarım ünvanlanan sualları cavablandırırlar. Arada özüm də yazılanları oxuyuram. Amma digər səhifələrin bizə aidiyyatı yoxdur. Bunların bir neçəsini bağlatdırmağa çalışmışıq, alınmayıb. Dediyim kimi, bizə aid olan bir rəsmi səhifə var”.

“Virtual söhbətə din hansı qadağaları müəyyən edib?”

“Canlı ünsiyyətdəki qadağalar birbaşa virtual ünsiyyətə də aiddir. Yəni, canlı ünsiyyətdə gözlənilən ədəb-ərkan virtual söhbətdə də olmalıdır”.

“Bəzən görürsən ki, hicablı qadınların fotolarını paylaşırlar, müzakirəyə çıxarırlar. Buna münasibətiniz necədir?”

“Şəxsi həyatla bağlı məqamlarda diqqətli olmaq lazımdır. Bu məsələlərin ictimailəşdirilməsi çox təhlükəlidir. Kiminsə şəxsi həyatını təhqir etmək, hər hansısa bir insanı alçaldmaq olmaz. Məncə, bunun tək həll yolu, bayaq dediyim kimi, mənəviyyat, əxlaq məsələsidir. İnsanda gərək əxlaq ön planda olsun”.

“Sosial şəbəkələri atoma bənzətmək olar. Məsələn, Fransanın  böyük hissəsini Atom Elektrik Stansiyaları enerji ilə təmin edir. Amma atomu silaha çevirəndə, böyük təhlükə olur”.

“Fikirlərinizlə tam razıyam. Buna görə, sosial şəbəkələrdən məqsədyünlü istifadəyə xüsusi diqqət yetirmək lazımdır”.

“Sosial şəbəkələrdə müqəddəs adların profillərə verilməsinə münasibətiniz necədir?”

“İlk növbədə, insan həqiqi kimliyini ortaya qoymalıdır. Öz adı ilə özünü virtual aləmdə təqdim etməlidir. Qeyri-adi adların profillərdə istifadə edilməsinə yaxşı baxmıram. Xüsusilə, müqəddəs adların sosial şəbəkə profillərində istifadəsi arzuolunan hal deyil. Bu, təkcə sosial şəbəkə profillərinə aid deyil. Ümumiyyətlə, müqəddəs adlar dükanlara ad vermək, və ya başqa bu kimi məqsədlər üçün istifadə edilməməlidir”.

“Mən dostlarımda maraqlı bir tendensiya müşahidə etmişəm, Həcc ziyarətinə gedib qayıtdıqdan sonra profillərini bağlayırlar. Sizcə, buna səbəb nədir?”

“Bilmirəm. Bu haqda nəsə demək çətindir. Yəni, dində konkret olaraq sosial şəbəkədən istifadə haqqında heç nə yoxdur. Yəqin, özləri üçün ziyanlarını görüblər. Ümumiyyətlə, sosial şəbəkələrdən zərurət olduğu halda istifadə etmək lazımdır”.

“İstifadəçilərin tez-tez öz şəkillərini paylaşmalarını necə qiymətləndirirsiniz?”

“Bu, şəxsi məsələdir. Mənim fikrimə qalsa, şəkillərin tez-tez dəyişməsinə tərəfdar deyiləm”.

“Bəs, “Quran”ın telefondan oxunmasına necə baxırsınız?”

“Mənfi baxmıram. “Quran”ın hardan oxunmasının, necə oxunmasının fərqi yoxdur”.

“Bu yaxınlarda millət vəkili Oqtay Əsədov dedi ki, “Quran” Azərbaycan dilində oxunmalıdır. Buna münasibətiniz necədir?”

“Düşünürəm, “Quran”ın ərəbcə oxunması daha yaxşıdır. Ərəbcədə onun bir çox şəfa yönləri üzə çıxır. Çünki ərəbcə nazil olub. Ancaq “Quran”ı kor-koranə də oxumaq olmaz. Buna görə, millət vəkili ilə razıyam. Ərəbcə oxunmalı, Azərbaycan dilində mənası başa salınmalıdır”.

“Mənə həmişə bir sual maraqlı olub, namazı niyə ərəbcə qılırıq?”

“Namazda, əsasən, “Quran” surələri oxunur.  Elə sözlər var ki, onu ancaq ərəbcə ifadə etmək mümkündür. Fikrimcə, ərəb dili olmasaydı, “Quran”ı insanlara belə mükəmməl çatdırmaq mümkün olmazdı”.

“Bəzi ziyalılar sosial şəbəkələrdə özlərini “ağıllı” göstərmək üçün İslam dinini alçaldan statuslar yazırlar. Bu haqda nə deyə bilərsiniz?”

“Onların əksəriyyəti təfəkkürü Sovet dövründə formalaşan insanlardır. Yəni, o təfəkkürün təsirindəndir. Burada mən də daxil olmaqla, dindarların böyük günahı var. Dini insanlara düzgün təqdim etmək lazımdır. Düşünürəm, insan namaz qılmasa belə onu dindar hesab etmək olar. Təki, Allahı tanısın, dinə hörmət etsin. İndiki gənclərə dini düzgün təbliğ etmək lazımdır. İslam qorxulu bir din deyil. Din həyat tərzi deyil, dünyagörüşüdür. Bunu bu cür təbliğ etmək lazımdır. Elm və din birləşməlidir. Hələ ki, bu, mümkün olmayıb. Ya, din elmi üstələyir, ya da elm dini. Bu iki məvhum birləşməsə, səadət mümkün deyil.

Məni narahat edən digər bir məqam isə cəmiyyətdə qütbləşmə meyllərinin dərinləşməsidir. Burada da texnoloji inkişafın təsirləri böyükdür. Sosial şəbəkələr qütbləşmənin dərinləşməsinə şərait yaradır. Buna imkan vermək olmaz. Həmçinin sosial şəbəkələrdə insanların fikirləri səhv yönləndirilir. Mən özüm haqqında bir çox mənfi yazılara rast gəlmişəm. Məni şəxsən tanımayan biri bu yazını görsə, istər-istəməz, onda mənə qarşı mənfi münasibət yaranacaq. Belələri məni görmədən mənə düşmən olurlar. Buna görə, virtual ünsiyyətə aludə olmaq olmaz. Canlı ünsiyyət vacibdir”.

“Qütbləşmədən danışdınız, müasir dövrdə əksər ailələrin hər otağında bir televizor var. Uşaq başqa verilişə baxır, ata başqa, ana başqa… Məncə, bu tendensiya da parçalanmaya gətirib çırarır”.

“Razıyam. Təəssüflə qeyd etmək istəyirəm ki, ailə dəyərlərimizi tədricən itiririk. Gələcəyə doğru gedirik. Amma bu, o demək deyil ki, keçmişdən hər şeyi inkar etməliyik. Yaxşıları qoruyub saxlamalıyıq, gələcəyin də yaxşılarını götürməliyik, pislərini yox. Bizim gözəl ailə dəyərlərimiz var. Bunları qorumaq lazımdır. Amma müasir dövrdə bu, olduqca qəlizdir. Mən özüm axırıncı dəfə bütün ailə üzvləri ilə nə vaxt yığışıb nahar etmişəm, xatırlamıram. Gərək, belə olmasın”.

“Bəlkə, ailədəki bu bölünmələr firqə anlayışıdır?”

“Məzhəblərin varlığı reallıqdır. Qrup camaatının sayının artması arzuolunan deyil. Buna görə, vahid ideya ətrafında birləşmək lazımdır. İdeya dedikdə, şəxsləri nəzərdə tutmuram. Bəzən, bir şəxsin ətrafında kütlə toplaşır. Bu, şəxsiyyətpərəstliyə səbəb olur. Şəxsiyyətə yox, onun ideyasına pərəstiş etmək lazımdır. Kor-koranə kiminsə arxasınca getmək olmaz”.

“Bayaq elmin inkişafından danışdınız, mənim üçün həmişə bir şey maraqlı olub, İslamın təzə yarandığı dövrdə şərqdə elm sürətlə inkişaf etməyə başladı. Bir çox nailiyyətlər əldə olundu. Şərq qərbi xeyli üstələdi. Ancaq bir az sonra şərqdə inkişaf dayandı və qərb sürətli inkişaf mərhələsinə qədəm qoydu. Bunun səbəbi nə idi?”

“Bu geniş bir mövzudur. Bu haqda danışmağa başlasaq, çox vaxt tələb olunacaq. Qısaca cavablandırmağa çalışım: bu haqda müxtəlif fikirlər səslənir. Xüsusilə, bəzi alimlər deyirlər ki, İslam dini müasir dövr üçün köhnədir. Yəni, İslamın bir dövrü var idi. O, həmin dövrdə meydana gəldi və missiyasını başa vurdu. Bununla razılaşmaq olarmı? Bax, bu, müzakirə mövzusudur”.

“Suriyaya gedən azərbaycanlılara münasibətiniz necədir? Onlar əsl dinlə, radikal dini ayıra bilmirlər?”

“Burda da bayaq dediyim məqam özünü göstərir. Dini düzgün təqdim etmirik, bu da cəmiyyətdə müəyyən boşluqların yaranmasına səbəb olur. Bu boşluqlardansa müxtəlif qruplar öz maraqları üçün istifadə edirlər. Gənclərin Suriyaya cihad arxasınca getmələrinin səbəbi də budur. Çalışmaq lazımdır ki, gənclərimiz savadlansın, mövhumata qapılmasın. Savadlı gənc vəhabi ola bilməz!”

“Fikrinizcə, vəhabilik nədir?”

“Vəhabilik dinə qarşı qlobal siyasətdir. Qərb dövlətləri tərəfindən maliyyələşdirilir. Əsas məqsəd din haqqında qorxunc təfəkkürün yaradılmasıdır”.

“Bəs insanlar din haqqında qorxunc fikirlərin yaradılmasına niyə imkan verirlər?”

“Yadda saxlamaq lazımdır ki, Allah bizi nələrdənsə məhrum edibsə, bizi çox istədiyindən edib. Bu, Allahın bizə sevgisinin göstəricisidir və Allah məhrum etdiklərindən qat-qat ləzzətlilərini bizə bəxş edəcək. Bu gün din qədər aktual mövzu yoxdur. Prosesi düzgün istiqamətləndirməliyik. Dini kimlərinsə inhisarından çıxarmaq lazımdır.

Sonda, görüşün təşkilinə görə Simsar.az-a və “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinə təşəkkürümü bildirirəm. Gənclərimizə böyük hörmətim var. Onlarla ünsiyyət mənə zövq verir. Hər şey yaxşı olacaq. Gələcəyimizi işıqlı görürəm. Təşəkkürlər!”

Vüsal Məmmədzadə

 

 

 

 






18 Fevral, 2014  15:41 Baxılıb: 3990 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner