Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Süleyman Abdullayev: “Azadlıq soyunub efirə çıxmaq deyil” – MÜSAHİBƏ – FOTOLAR

“Heydər Əliyev yoxlamalardan sonra dedi ki, aşağıdakılar vicdansızdır”.

Əsl sənətkarları xalq seçir. Ömrünün yarıdan çoxunu muğama həsr edən, el arasında Dədə ləqəbi ilə tanınınan Əməkdar artist Süleyman Abdullayevi də xalq sevib, seçib. “Ömrüm boyu heç kimin qapısını döymədən yaşadım” deyən ustad sənətkar bu günlərdə  75 yaşını tamamladı. Onun ifasında   bir çox xalq mahnıları, təsniflər və muğamlar yeni nəfəs qazanıb. Ömrünün 75 ilini  geridə qoyan Dədə Süleyman muğam ustası olmaqla bərabər, xoş və ağır günlərində el-obasının yanında olan, xalqının ağır məsuliyyətini çiyinlərində daşıyan sənətkarlardandır. Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” ifadəsini sanıram hər birimiz  tez-tez xatırlamalı və dəyərli insanların dəyərini hələ həyatda ikən verməyi bacarmalıyıq.

- Süleyman müəllim əvvəlcə sizi yubiley münasibəti ilə təbrik edirik. 80-ə beş gediş qalır. Özünüzü necə hiss edirsiz?

- Çox sağ olun, Allaha şükür, özümü yaxşı hiss edirəm. Evim-eşiyim, uşaqlarım nəvələrim... Xalqımızın da mənə olan sevgisini, hörmətini  heç vaxt yaddan çıxartmaram. Sağ olsun Azərbaycan televiziyasının rəhbərliyi bu günlərdə haqqımda veriliş hazırlayıblar, sənət dostlarım  haqqımda çox gözəl sözlər deyiblər.

- Dədə Süleyman  “ömür keçir, gün keçir cavan olmam bir də mən” deyirmi?

- Əlbəttə. Düzdür yaşıma görə qıvrağam, əldən düşməmişəm. Amma  cavanlıq şəkillərimə baxanda hərdən özüm də özümü tanıya bilmirəm.

- Süleyman Abdullayevin səsi ilə səhnələri tir-tir titrədən vaxtları olub.

- O vaxtlar Filarmoniyanın səhnəsində bizim – İslam Rzayevin, Arif Babayevin, Ağaxan Abdullayevin, Sabir Mirzəyevin – yaxşı konsertlərimiz olub.  Amma təvazökarlıqdan uzaq olsa da, Sabir Mirzəyevlə mənim konsertlərimiz daha möhtəşəm olub. Elə vaxtlar olub ki, camaat kassada bilet tapa bilməyib, əldən bilet alıblar. Türkiyə ilə sərhədlərin indiki kimi açıq olmadığı vaxtlarda Türkiyəyə Zeynəb Xanlarovadan sonra gedən ikinci xanəndə mən olmuşam. 1969-cu ildə Türkiyədə Beynəlxalq Musiqi Festivalı keçirilirdi. Böyük bir stadionda təşkil olunan həmin festivala qatıldım.  Festivalda Ukraynadan və Rusiyadan gələn uşaqların rəqslərinə əsas yer verildiyi üçün ifaçılara hər çıxış üçün 5 dəqiqə vaxt vermişdilər. Ona görə də bizə rəhbərlik edən rus  mənə dedi ki,  muğam oxuma, rəqsarası fasilə zamanı mahnı oxuyub tamaşaçıların başını qatarsan. Nəhayət, adımı elan etdilər və səhnəyə çıxıb təxminən 5 dəqiqə oxudum. Stadionda əyləşənlər məni gurultu ilə alqışladılar. Vəziyyəti görəndə muğamı oxumağa razılıq verməyən rus fikrini dəyişdi və dedi ki, muğam da oxu. Beləliklə, 5 dəqiqənin əvəzinə 30 dəqiqə dayanmadan canlı mahnı və muğamlarımızı ifa etdim. 12 gün davam edən festivalın sonunda yenə də qalib oldum. O vaxt Türkiyənin  “İstanbul axşamı” qəzetində mənim haqqımda  belə başlıqla yazı çıxdı:  “Dün gecənin qalibi yenə Süleyman oldu. O bir daha erkəkliyini sübut edib birinciliyi seçdi”.

- Sizin dövrün xanəndələri ilə bu dövrün xanəndələri arasında fərq çoxdurmu?

- Hardasa fərq var. Amma onu deyim ki, o dövrlə, bu dövrün də fərqi çox idi. Bizim vaxtımızın ustad xanəndələri Xan əmi idi, Seyid Şuşinski idi. Biz onları görmüşdük. Seyidin yetirdiyi tələbələrin hamısı adlı-sanlı olub. Mən, İslam Rzayev, Zeynəb Xanlarova, Əlibaba Məmmədov. Biz  sonra Seyidin yolunu davam etdirdik.  İndi də  adlı-sanlı xanəndələrimiz var. Alim Qasımov, Mənsum İbrahimov dünya şöhrətli xanəndələrimizdir. Bu xanəndələrin səsləri ilə bərabər xarakterləri də gözəldir. Bu da sənətkar üçün çox əhəmiyyətli bir amildir.

- İllərini bu sənətə vermiş Süleyman Abdullayev bu gün  gənclərdən razdırmı?

- 1992-93-cü illərdə ara qarışandan sonra  muğam bir qədər  gözdən düşmüşdü. Sağ olsun hörmətli  Mehriban xanım muğamı yenidən diriltdi.  Artıq altı ildir ki, Muğam müsabiqələri keçirilir, səslər seçilir,  xalqa təqdim olunur. Çox istedadlı gənclərimiz var.   Məsələn, Qoçaq Əsgərov cavan olsa da 38-40 ölkədə  muğamımızı təbliğ edib. Mən onunla fəxr edirəm. Bu gənclər  bizim muğamlarımızı yaşadırlar. Bu gün Opera Balet Teatrının səhnəsində də çox gözəl səsi olan gənclərimiz var. Hamısının ifasını bəyənirəm, razıyam. Mən başqaları kimi gəncləri tənqid etməyi xoşlamıram. Onların hamısı ilə fəxr edirəm. Gəncdirlər, qüsurları da ola bilər. Zamanla  o qüsurları da aradan qaldıracaqlar . Gənclərə yol açmaq,  şərait yaratmaq, onları ruhlandırmaq lazımdır.

- Elə söhbət müsabiqədən düşmüşkən. İllərin ustad sənətkarı Dədə Süleymanı niyə müğam müsabiqələrində münsif kürsüsündə görmürük?

- Muğam müsabiqəsində münsif kürsüsündə bizim çox dəyərli sənətkarlarımız əyləşiblər.  Onlar da düzgün seçimlər edirlər. Ola bilsin ki, gələcəkdə dəyişiklik olar, məni də dəvət edərlər, məmnuniyyətlə iştirak edərəm. Ancaq seçimə qalanda, onu deyim ki, mən  də yerimdə seçim edirəm. Çox vaxt mənim seçdiyim, qiymət verdiyim iştirakçıyla münsif kürsüsündə əyləşən sənətkarların verdiyi qiymət üst-üstdə düşür.

- Hər bir xanəndənin ustadından öyrəndiklərindən başqa, həm də öz dəst-xətti olmalıdır. Ancaq çox vaxt xanəndələr öz dəst-xətlərini seçməyə deyil, kimləri isə yamısılamağa üstünlük verirlər. Buna münasibətiniz necədir?

- Muğam oxuyanların hərəsinin öz zövqü var.  Müsabiqələrin birində Rəhmətlik Qədir Rüstəmovu yamısılayan oğlan o vaxt onluğa  düşmədi. Bunu çox sərt qarşılmağın əleyhinəyəm. Belə xanəndələr bizim dövrün xanəndələri arasında da olub. Məsələn Teymur Mustafayev oxumağa başlayanda rəhmətlik  Ağabala Abdullayevi yamısıladı və onunla da tanındı, sevildi. Həm Teymur sevildi, həm də o oxuyanda Ağabala yada düşdü. Rəhmətlik Hacıbabanı da Tələt Qasımov yada salır. O da onun yolu ilə oxuyur. Burda pis nə var ki?

- Ancaq hər halda xanəndənin öz yolu da olmalıdır.

- O da var. Amma yamısılamağın özünün də bu sənətə bir xidməti var. Yamsılanan xanəndəni unudulmağa qoymur, onu yada salır.

- Bilirəm ki, Tükəzban və Rübabə xanımla çox  duetləriniz olub. Sizin üçün ən yadda qalan duet hansı olub?

-  Bir dəfə Filarmoniyanın səhnəsində Tükəzban xanımla duet oxuyurduq.  Bizi Həbib müşaiyət edirdi. Mən bir az onlardan gənc idim.  Tükəzban xanım mahnının özünə aid bəndini oxuyandan sonra mən də oxudum ki:

Ay qız, ay qız işin nədir?

Qızıldandır dişin nədir?

Sənin Həbib kimi yoldaşın var

Mən Süleymanla işin nədir?

Elə bu bəndi deyəndə zalı gurultu, gülüş götürdü, tamaşaçılar  ayaq üstdə alqışladı bizi.

- Heç olubmu ki, səhnədə, efirdə mahnının sözlərini unutmusuz?

-  Bu, bütün xanəndələrdə olub. Həmçinin məndə də.  Onu ötüşdürmək üçün ustalıq lazımdır. Hətta bir dəfə  Rübabə Muradova ilə radioda canlı oxuyurduq. Rübabə xanım İslam Rzayevin “Dağlar başı” mahnısını oxuyurdu. Rübabə xanım oxumalı idi:

Dağlar başı duman olar

Yar həsrəti yaman olar

Ağırdır hicran

birdən sonuncu misra yadından çıxdı və özünü itirmədi belə oxudu

Dağlar başı duman olar

Yar həsrəti yaman olar

Lalay- lalay- lalay-lalay.

Heç kim  mahnıda o bəndin deyilmədiyini hiss etmədi.

-Sovet vaxtı sənətçilər də bəzi qadağalardan öz nəsibini alırdı. Sizə o dövrdə belə bir qadağa qoyulubmu?

- Bir dəfə Rübabə xanımla  konsertdə çıxış ediridik.  Bilmədən belə  bir qəzəl  oxudum:

Dil açandan anamın, hər sözünə can demişəm

Bu gözəl yurduma Azərbaycan demişəm

Kim bölüb Azəri yurdun, Şimal ilə Cənuba

Götürülsün yer üzündən, belə hicran demişəm

Nə ola, Arazım axaydı Kür kimi doğma əbədi

Olaydım bir gün, Təbrizə mehman demişəm

Mayadan dırnağı təcrid eləmək müşkül isə

Məni ölkəmdən ayırmaq, deyil asan demişəm

Oxuyub səhnədən çıxandan sonra, bizi çağırıb dedilər ki,  altı ay oxumayacaqsız. Filarmoniyadan bikef çıxıb evə gəldim. Üç gün sonra dedilər ki, Xan əmi səni axtarır. Xan əmiylə görüşdüm mənə dedi ki, Ali Sovetin sədri səni çağırır. Getdik, sədr  bizi qəbul elədi. Dedi: “Mən o gün konsertdə bu oğlana qulaq asdım çox xoşuma gəldi. İstəyirəm bunu Operaya göndərim, bundan yaxşı Məcnun olar. Xan əmi sən nə deyirsən?” Xan əmi  də təsdiqlədi: “Vallah Məcnun da qara olub elə, bu da qaradı. Səsi də ki, yarayır”.  Elə bil Allah məni dilləndirdi. Dedim ki, bəs  yoldaş  sədr mən daha oxumayacam axı. Dedi niyə. Dedim bəs o gün oxuduğum qəzələ görə, cərimələyiblər. Mənə altı ay oxumaq olmaz. Tez götürüb telefonu zəng etdi, tapşırdı üstümdən o cəzanı qaldırdılar. Mənə də tapşırdılar ki, bir də o qəzəli oxuma.

-Məcnun ola bildiniz?

- Opera Balet Teatrına getdim. Mənə kitab verdilər məşq elədik. Bizi Rəhmətlik Bəhram Mansurov hazırlaşdırırdı. Ancaq qəfildən aralıq qarışdı məşqlərimizi dayandırmalı olduq. Ondan sonra elə qaldım Filarmoniyada. Məcnun ola bilmədim, amma ürəyimdə qaldı. Mən əmin idim ki, Məcnun ola bilərəm.

- Bu gün sənət aləminə kənardan baxanda hansı hissləri keçirirsiz?

- Bu gün estrada ifaçılarımızda çox böyük qüsurlar var. Axşama kimi efirlərdə  bir-birilərini qırırlar. Mənim onlara acığım tutur. Gündə çıxıb efirdə - “mən belə ərə getdim,  belə ev aldım, belə boşandım” danışırlar, ayıb-ayıb şeylərlə sənətdə qalmağa çalışırlar. Azadlıq bu demək deyil. Azadlıq ölkənin azadlığıdır ki, şülkür  onu da əldə etmişik. Daha azadlıq soyunub efirə çıxmaq, ağzına gələni danışmaq demək deyil. Bu Azərbaycan xalqına təhqidir.

-Hər bir sənətkar haqqında danışanda ilk növbədə onun qoyduğu məktəbdən  söhbət açılır. Bəs Süleyman Abdullayev yolunun davamçıları var?

- Pedaqoji fəaliyyətim olmayıb, amma fərdi olaraq bir çox gənc mənim yanıma gəlir, məsləhət alır. Onlara hansısa muğamın şöbəsini öyrədirəm. Bildiklərimi gənclərdən əsirgəmirəm. Onların əksəriyyəti mənim etdiyim yaxşı boğazları, keçidləri edirlər. Buna görə də  hesab edirəm ki, mənim davamçılarım var. Bir neçə dəfə  müəllim kimi Konservatoriyaya, Asəf Zeynallıya dəvət etdilər. Ancaq işlərimlə, ailəmlə bağlı çatdıra bilmədim. İndi də vaxtım var, ancaq yaşım o yaş deyil. Həm də həvəsim, səbrim yoxdur.

- Belə bir söz-söhbət gəzirdi ki, güya Dədə Süleyman “Cəbhə”çi olub.

- Elə mənə fəxri ad verilməməyin səbəbi də ordan qaynaqlanır. Ancaq mən açıq deyirəm ki, heç vaxt “Cəbhə”çi olmamışam. “Cəbhə”çi olsaydım Ulu öndər Heydər Əliyev 1992- ci ildə heç bir fəxri adım olmadan  birinci prezident təqaüdünü mənə verərdimi?  Əbülfəz Elçibəylə ömrümdə bircə dəfə görüşmüşəm, o da toyda oxuyanda. Mənə Şəhriyardan qəzəl oxumağımı sifariş elədi. Elçibəy prezident olanda  hamıya ad verdi, mənə vermədi.  “Cəbhə”çi olsaydım, Elçibəy mənə də ad verərdi.

- Bəs bu şaiyələri kimlər, niyə yaymışdılar?

- İndi də deyirlər ki, güya mən “Müsavat”çıyam. Mən xanəndəyəm məclisə çağırırlar gedib oxuyuram. Mən hardan bilim ki, bu məclisdə “Müsavat”çı var, ya “Cəbhə”çi var. Məni istəməyənlərin işidir.  O vaxt mənə təqaüd verəndə xeyli yoxladılar məni.  Heydər Əliyev dedi ki, otur  ərizə yaz hansı partiyanın üzvüsən onu  da qeyd elə.  Mən də  yazdım ki, bizim nəsildə partiyaya üzvü olan yoxdu, mən də partiyaçı deyiləm. Heç Sovet dövründə də partiyaçı olmamışam.  Heydər Əliyev yoxlamalardan sonra dedi ki, “Aşağıdakılar vicdansızdır”.

- Əməkdar artist adını da çox gec aldınız...

- Sentyabrda almışam. Onu da Zeynəb Xanlarovanın təşəbbüsü ilə. Çıxdı efirdə dedi ki, uşaq- muşağa xalq artisti adı verirlər, amma Süleyman Abdullayevin hələ adı yoxdur. Ondan sonra mənə əməkdar artist adı verdilər . Yalan-yalan şaiyələrlə məni yıxmağa çalışdılar , amma yıxılmadım. Seyran Səxavət mənim haqqımda roman yazıb. Xanəndələrin içində haqqında  roman yazılan  ilk xanəndə Dədə Süleymandır. Bəlkə də, ona görə deyirlər mən “Cəbhəçi”yəm (gülür).

- Cəbhə bölgələrində ən çox  könüllü konsert verən sənətkarlardansız...

- Qarabağ alınandan mən cəbhə bölgələrində  konsertlər vermişəm. Ağdamda cəbhə bölgəsində erməni ilə yüz metr məsafədə konsert vermişəm. Mən o cəbhənin adamı idim.  Haqq gec-tez yerini tutacaq.  Dədə adını niyə veriblər  mənə?! Adama elə-belə dədə adı vermirlər. 300 dən çox məcburi köçkün toyunda təmənnasız oxumuşam. Ömrü boyu qazandığımdan yetim-yesirə də  pay vermişəm.

- Eşitdiyimə görə siz əsgər getməmisiz. Bu necə olub?

- 1964 cü il idi mənə “paveska” (çağırış vərəqi) gəldi. Onda texnikumda oxuyurdum. Gəlib Seyid Şuşinskiyə dedim ki, Ağa məni əsgərliyə aparırlar. O vaxt Hərbi Komissarlıq düz bizim məktəbin yanında idi. Rəhmətlik dərsin axırında durdu məni də götürüb Hərbi Komissarlığa apardı. Seyid  Mayor Əli Əliyevə dedi ki, bu mənim axırıncı tələbəmdir. Mən bilirəm ki, bu çox yaxşı xanəndə olacaq. Amma əsgər getsə, bunun səsi batar. Mayor dedi Ağa belə edək, Ramanada mənim bacımın toyu olacaq. Maşın göndərəcəm, Süleymanı da götürüb gələrsən toya. Yaxşı oxusa, əsgərlikdən saxlayacam. Getdik toya. Ağa oxudu. Sonra mənə işarə etdi ki, mən oxuyum. Mən də oxudum. Toy bitdi, biz  maşına minib getdik. Yolda Ağa mənə dedi: “Sülüyman, bilirsən, əsgərlikdən qaldın”. Dedim Ağa, necə yəni qaldım?! Dedi: “Əliyevin anası gəldi dedi ki, sən bu uşağı əsgərə aparsan südümü sənə haram edərəm”.

- Deyəsən əsgərliyə getmədiyiniz üçün peşmansız?

- Hə, sonra əsgərə getmədiyim üçün çox pis oldum. Çünki o vaxt əsgərə getməyən oğlanlara pis baxırdılar. İndi əsgərlərin içində ona görə  tez- tez  oluram ki, o peşmanlığımı ört-basdır edim. Əsgərlərə həmişə həsrətlə baxmışam.

- Sahibə xanımla evlənəndə  əsgərə getməməyiniz sizə əngəl törətmədi?

- O qədər də yox. Sevib ailə qurmuşuq. Amma əsas mən sevmişəm. Filarmoniyaya dayısı ilə konsertimə gəlmişdilər. Orda görüb, bəyənmişdim. Sonra gedib evlərini tapdım. Bir az naz elədi, amma sonra gördü ki, yaxşı oğlanam. Mən ona hər şeyi düz demişəm. Ömrümdə ona yalan danışmamışam.

- Xanəndənin həyat yoldaşı olmaq çətindir?

- Onu həyat yoldaşımdan soruşun.

Sahibə xanım: Xanəndənin həyat yoldaşı olmaq çox çətindir. Gərək onun hər nazına dözəsən. Yuxusuzluğunu, yorğunluğunu gərək başa düşəsən. Ola bilsin  ki, mən həkim olduğum üçün bu məsuliyyəti  dərk edə bilmişəm. Onu  həmişə uşaq kimi qorumuşam. Qısqanclıq da olub, ancaq üzə vurub, evə dava salmamışam. 43 ildir ailəliyik, məni həyat yoldaşı kimi heç vaxt incitməyib.

-Geriyə çevrilib baxanda ən çox nəyə peşman olursuz?

- Çox peşmanlıqlarım var... Amma məni ən çox yandıran odur ki, konsertlərdə, toylarda oxuduğum əksər muğamları lentə aldırmadım.

- Bu yaşınızda özünüzə nə arzu edirsiz?

- Arzularım olub pis-yaxşı yerinə yetib. Amma ən möhtəşəm arzum Qarabağımızın qansız-qadasız qaytarılmasıdır. Ancaq və ancaq Qarabağı düşünürəm. Həftədə bir dəfə Qoçəhmədli kəndini yuxumda görürəm. Allah bir az da ömür versin, gedim  o torpaqlardakı bulaqdan bir içim su içim. Orda ölüm, məni o torpaqda dəfn etsinlər.

Günel Musa






15 Fevral, 2014  13:56 Baxılıb: 3543 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner