Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalq artisti Tariyel Qasımov: “Təslim olmağı qəbul etmirəm” – YENİ LAYİHƏ

Millət vəkili Qənirə Paşayevanın “Qanımızın səsi” adlı kitab haqqında yazdığı məqalələri oxuyandan sonra məlum oldu ki, Tanrı insanları 4 qan qrupu üzrə yaratmaqla onları təkcə bioloji cəhətdən bir-birindən fərqləndirməyib. Həm də insanların xarakterlərini bu qruplarda kodlaşdırıb. Kitabın müəllifi  Sevinc Tahirli qeyd edib ki, dünyanın ən inkişaf etmiş xalqı olan yaponlar artıq neçə illərdir ki, bu sahədə araşdırmalar aparır və alınan nəticələrdən bəhrələnirlər.

Gəlin özümüzü və ətrafımızdakı insanları daha yaxşı tanımaq üçün biz də bu yazıları oxumağa cəhd edək. Bəlkə elə Tanrının insana verdiyi alın yazısı qanın yaddaşında gizlənib? Və bu yazıları oxuduqca hər kəs öz taleyinin izinə düşə biləcək, uğur qazanmaqda ona mane olan qüsurları ilə ciddi mübarizə aparacaq. Yəqin, müdriklər əbəs yerə deməyiblər ki, xasiyyət insanın taleyidi. Odur ki, “Özünü tanıt” rubrikasının qonaqlarımızla onların qan qrupuna görə xaraktlərlərinin həyat yollarına nə dərəcədə təsir göstərdiyini izləməyə çalışacağıq.

Beləliklə “Özünü tanıt” rubrikasında ilk qonağımız Azərbaycan Respublikasının Xalq artisti, Prezident  təqaüdşüsü Tariyel Qasımovdu.

“I qan qrupu ən qədim qan qrupu hesab edilir. Onun daşıyıcılarını məşğuliyyətlərinə görə “ovçular” adlandırırlar. “Ovçular” ovdan  əldə etdikləri kobud qidalarla, yabanı bitkilərlə  qidalanmışlar. Təbiətin verdiyi neməti yeyib-dolanarkən də gələcək üçün heç nə planlaşdırmayıblar. Ovçular təhlükəsizliklərini və qastronomik maraqlarını güdərkən, qarşıya çıxan maneələri  məhv etməyə qadir olublar.

Beləliklə I qan qrupuna aid edilən əsas xarakterik xüsusiyyətlər:

1) Güclü xarakterə malikdirlər   2) Özlərinə inamlı və qərarlıdırlar.  3) Onların devizi – “Axtarmaq, tapmaq, mübarizə etmək, təslim olmamaq”dır.  4) Hərəkətdə olmağı çox sevirlər.   5) Tez əsəbiləşən, özündən çıxan və eləcə də səbirsizdirlər. 6) Tənqidi heç bir formada sevməzlər. 7) Fikir və tapşırıqlarının hər kəs tərəfindən dəqiq başa düşülməsini və dərhal da icra olunmasını gözləyirlər.    8) Dözümlü  və  iradəlidilər.  9) Şöhrətpərəstdirlər.  10) Diplomatiyada yol verdikləri yanlışlıqlar ona düşmən qazandıra bilər. 11) Təriflənməkdən xoşlansalar da, tərifləməyi və güzəştə getməyi sevməzlər  12) Yardım üçün ona müraciət edənləri ümidsiz geri qaytarmazlar və s.

- Tariyel müəllim, insanın xasiyyəti qan qrupunda gizlənib, bilirsiz?

-  Mən iki dəfə infark keçirmişəm, üzərimdə əməliyyat olunub, iki ürək damarımı dəyişiblər. Onu bilirəm ki, mənin qan qrupum  birincidi, - deyə ancaq bu qrupdan olan qan tapmaq lazım gəlirdi.  Amma  bunun xasiyyətlə əlaqəsi olduğunu bilmirəm.

- Gəlin elə sizin keçdiyiniz həyat yoluna “qanın gözü ilə” baxaq, görək bu həyatı sizə yaşadan doğrudanmı öz xasiyyətiniz olub. Necə fikirləşirsız, xaraktercə güclü insansız...

- Güclüyəm ki, gəlib bu dərəcəyə çatmışam. Mən tələbə vaxtımdan  o qədər əziyyətlər çəkmişəm ki! İstəyimə nail olana, bu sənəti özümünküləşdirənəcən çox keçdi. Atam kolxoz sədri idi,  aktyor olmağıma etiraz edirdi, məni başqa peşədə görmək istəyirdi. Odur ki, tələbə vaxtı mənə pul göndərmirdi. Elə gün olurdu ki, cibimdə bir manatım olmurdu, amma bunu heç kəsə bildirmirdim.

- Axı I qan qruplarının devizi “axtarmaq, tapmaq, mübarizə etmək və təslim olmamaqdı”...

- Mənin ən böyük tapıntım sevdiyim sənətə qovuşmağımdı. Yaşadığım  bütün çətinliklərə baxmayaraq yolumdan dönmədim, bu qədər uğur qazandım. Təslim olmağı isə, doğrudan da qəbul etmirəm. Mən həm də güləşçi olmuşam, Bədən Tərbiyəsi İnstitutunda oxuyurdum.  1958-ci ildə Dinamo Cəmiyyətində Respublika Birinciliyi uğrunda güləş yarışında mən də iştirak edirdim. Bax onda 2 dəfə məni yıxdılar deyə,  idmanı həyatımdan birdəfəlik sildim. 3-cu kursdan institutdan çıxıb incəsənətə getdim.

- Tez əsəbiləşən, səbirsiz adamsız?

- Qəzəblənəndə gözümə heç nə görünmür, müəyyən vaxt keçməlidi ki, özümə gəlim. Bəlkə də, ziyalı olduğum üçün həmişə özümə  nəzarət  edə bilirəm və heç vaxt artıq hərəkətə yol vermirəm.

-  Hər işi təkbaşına, özünüz etmək istəyirsiz, ya köməkçilərlə?

- Yox, şərikli işi  sevmirəm.  Elə bilirəm ki, öhdəmə düşən işə kimsə qarışsa, mən istədiyim kimi alınmayacaq. Amma özüm etsəm ürəyim istədiyi kimi başa gətirəcəm.

- Tənqidlə aranız necədir?

- Tənqidi sevirəm, əgər ədalətli, düzgün olsa. Demək məni istəyib deyirlər. Böhtanı, yalanı isə sevmirəm.

- Fikir və tapşırıqlarınızın başa düşülməsini və dərhal da icra olunmasını gözləyirsiz?

- Ancaq doğru, ədalətli, əmin olduğum və vacib bildiyimi deyirəm.

-Şöhrətpərəstsiz?

-Şöhrəti sevirəm, axı məni həmişə anacaqlar, demək mən xoşbəxtəm.

- Paxıllıq hissi sizdə var?

-Allah eləməsin. Başqasının sevincinə sevinən adamam, amma yaxşı mənada qibtə edə bilərəm. Əlimdən ancaq yaxşılıq gəlir, təmənnasız o qədər insanlara kömək edib işə düzəltmişəm ki. Qazaxda teatrda işləyirdim, icra başçısı mənə 2 otaqlı ev vermişdi. Teatrın quruluşçu rəssamının da evi yox idi, məktəbdə qalırdı. Mən evin açarlarını ona verdim, baxmayaraq ki, özümün də ehtiyacım var idi.

- İnsanlarla ünsiyyət qurmağı yaxşı bacarırsız?

- O qədər də yox. Ünsiyyətə birinci mən təşəbbüs etmirəm, odu ki soyuq xasiyyətli insan kimi  görsənirəm. Amma hamıya inanıram və normal insani münasibətləri saxlayıram.

- İnsanlarla qadşılıqlı münasibətlərə diplomatik bacarıqla yanaşa bilirsiz, ya bunu bacarmadığınızdan özünüzə düşmən qazanırsız.

- Doğrudan da,  çox zaman düz başa düşülmürəm. Elə bu səbəbdən mənimlə düşməncilik edənlər olub. Amma vaxt gəlib ki, həqiqət məlum olanda gəlib üzr istəyiblər, dost olublar. Onu da deyim ki, adamların pisliyini  də tez unuduram, kinli deyiləm. Ürək əməliyyatından təzə çıxdığım vaxt bir aktyor yoldaşıma dedim ki, bankdan kredit götürub maşın almaq istəyirəm. Zəmanət vermək üçün mənimlə banka gedək.  Mənə dedi ki, gedə bilmərəm, birdən sən öldün, onda  borc mənim öhdəmdə qalar. İnanmayacaqsız, bir müddətdən sonra mən maşın aldım, ona birinci oturan elə həmin adam idi. Aktyor dostlarım təəccüblə onun sözlərini xatırlatmasaydılar, mənim yadıma düşməzdi, unutmuşdum. O da qəribədi ki, 5-6 il sonra o, özü rəhmətə getdi.

- Yardım üçün sizə müraciət edənlərə köməklik göstərirsiz?

-  Kiməsə kömək edəndə özümü xöşbəxt sayıram. Amma qəribədi ki, kömək etdiyim adamlardan həmişə pislik görmüşəm. Bir dəfə televiziya çıxışımda demişdim ki, mədəniyyət nazirliyi məni Dağıstana göndərir. Səhəri bir nəfər mənə zəng edib görüşmək istədi, getdim. Akademik Milli Dram Teatrında işləyirdi. Dedi mən də sizinlə getmək istəyirəm,  mənə burda rol vermirlər. Özümlə apardım, teatrda ona iki iş verdim. Hec üç ay keçməmiş gördüm kollektivin ərizəsin mənə verdilər ki, sizinlə işləmək istəmirik. Kollektivlə söhbət etdim, aydınlaşdırdım. Məlum oldu ki, işin təşkilatçısı həmin adam imiş. İşçiləri öyrədirmiş ki, Tariyel xalq artistidi deyə bizi bəyənmir. Halbuki, qürrələnmək, kimisə aşağılamaq mənim xasiyyətimə qətiyyən uyğun deyil, hətta başqalarında da bu xüsusiyyəti qəbul etmirəm.

- I qan qrupu sahibləri çox dözümlüdülər. Siz necə?

- 2007-ci ildə Neftçilər xəstəxanasında Pəşad həkim  məni müayinə edəndə 2 dəfə infark keçirdiyimi bilib elə heyrətlənmişdi ki.  Amma bu xasiyyəti-dözümü  mənə verən Allahdı, ona şükr edirəm, həm də deyirəm ki:

Məni paxıllardan qoru sən, Allah,

Səhnədə yaradım mən şah rolumu.

Aylar məni yorub keçəcək sabah

Ürəkdə çırpınan arzu yolumu.


Dediyim bu sözlər şikayət deyil,

Qismətin verdiyi bəs edir mənə.

Deyirlər bu mənim günahım deyil,

Acizlər paxıllıq edirlər sənə.

 

Ey sənət həmkarım deyim biləsən,

Məndən nə ömrümü, nə günümü al.

Biryolluq canımı almaq istəsən,

Xalqın mənə olan sevgisini al.

 

- Tariyel müəllim, çəkildiyiniz filmlərdən biri “Həyat sən kiminsən?” adlanır. Özünüz bu suala necə cavab verirsiz?

- O, həyatın qədrini bilənlərin və gözəl işlər görənlərindi.

P.S. Yaxın günlərdə xalq artisti Tariyel Qasımovun 75 illik yubileyi keçiriləcək. Bu münasibətlə onu təbrik edir, uğurlar arzulayırıq.

İsmət Ələkbərqızı

 







13 Fevral, 2014  17:45 Baxılıb: 3657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner