Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tərlan Nur Yaşar: “Onsuz da hara getsən, it hürür” – MÜSAHİBƏ

Müstəqil Azərbaycanın azad jurnalistləri olaraq ölkə vətəndaşlarına vicdanla xidmət etmək üçün əlimizdən gələni əsirgəmirik. Elə bu məqsədlə də Simsar.az-ın səyyar mikrofon və diktafonları studiyamızda quraşdırılıb.“Dodaqqaçdı” rubrikasında, insan qəlbinin sarı siminə toxunan sualları bu dəfə bir çoxlarının Tərlan Nur Yaşar kimi tanıdığı Tərlan Fərzullayev cavablandırır.

Sual 1. Deyirlər, həyat bir pəncərədir. O pəncərədən baxanda dumanlı, yoxsa günəşli mənzərə ilə qarşılaşırsınız?

- Baxır o pəncərəyə çöldən baxırsan, ya içəridən? Bəlkə hansısa evin içərisinə baxırsan. Amma belə baxanda həmişə aydın görürəm. Gözlərim bir az yaxşı görür.

Sual 2. İnsanlardan usanıb hər şeyə yox deyərkən içinizdəki “mən”lə söhbət edirsinizmi? O “mən” sizə nə deyir?

-Lətifə danışır mənə. Həmin lətifələri sonradan ssenariyə çeviririk. Obrazlarımızda tətbiq edirik.

Sual 3. Başqa bir deyim də var: həyat bir mübarizədir. Həyatın enişli-yoxuşlu yollarında daim qalib gəlmisiniz, yoxsa büdrədiyiniz vaxtlar da olmuşdur?

- O maşının motorundan asılıdır. Enişli yoxuşlu yollara adətən maşınımızla gedirik. Məndə də maşının motoru kiçikdir. Ona görə, bir az çətin olur bu cür yollarda getmək.

Sual 4. Xoşbəxtsiniz deyilmi?

- Deyilmi?!(gülür) Xoşbəxtəm, hə. Başqa vaxt olsaydı bu suala ağlamalı şeylər də danışmaq olardı, amma xoşbəxtəm. Hər şey əladı. Gün dəyişdikcə yaxşı şeylər olur. Pis şeylərə də fikir vermirik.

Sual 5. İtin hürdüyü, karvanın keçdiyi bir zamanda, it hürən tərəfə gedərdiniz, yoxsa işıq gələn tərəfə?

- İkisi də qəribədir. Bu dəqiqə ən lazımsız şeyləri işıqla reklam eləyirlər. Qaldı, it hürən tərəfə, onsuz da hara getsən, it hürür. Bir sözlə ikisinə də getməmək lazımdır. Sadəcə addımlamaq lazımdır. Onsuz da bir yol tapılacaq.

Sual 6. Gözlərinizdə kədər görürəm. O kədər eşqdən olmasın?

- Eşqdən kədər olması düzgün deyil. O dahilərdə ola bilər. Bunu da, guya əsl sevgiyə yozurlar. Ancaq bu da dünyəvi sevgi yox, ilahi sevgidir. İnsan aşiq olan kimi, “mən də Məcnundan füzun aşiqlik istedadı var”-deyir. Özünü Məcnuna tay tutur. Amma bilmir ki, əslində Məcnun özü kimə aşiq olub.

Sual 7. Sevincinizə kədərlənənlər çox olub, ya kədərinizə sevinənlər?

- Eynşteyn deyir ki, atomu parçalasam da insanlardakı ön yarğını parçalaya bilmədim. Kənar adamların fikri mənə maraqlı deyil. Nə sevinəndə, nə də kədərlənəndə ətrafıma baxıram. İnsan sevinəndə və ya kədərlənəndə ətrafına baxsa fərqli mimikalardan fərqli düşüncələr çıxarırlar. Bu o demək deyil ki, kimsə kədərinə sevinir və ya sevincinə kədərlənir. Yas mərasimlərində hətta ölünün öz qohumları da gülürsə, həmin şəxsin ölümünə sevinir? Əlbəttə ki, yox. Ona görə ətrafa baxmamaq lazımdır.

Sual 8. Deyim var: yağışı mənə anlatma, yağ. Həyatınızda yağışı anladanlar çox olub, yoxsa yağanlar?

-Sual şairanə sualdır. Mən də şairanə adam deyiləm. Heç inanırsız sualın məğzini tuta bilmirəm. Həmişə fikirləşirdim ki, bu sualları mənə versələr nə deyərəm? Vermisinizsə deyim də: qoy yağsın da yağışdır?

Sual 9. Deyirlər, musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat insan təfəkkürünün musiqisidir. Hisslərinizdə və təfəkkürünüzdə riyaziyyatın hansı yeri var?

- İtirdim ey sualı. Ona görə sualın əvvəlini qoyuram bir kənara amma musiqi mənim üçün böyük əhəmiyyət daşıyır. Sözü yadımda qalmayan musiqini bəyənmirəm. Musiqiyə söz yazmaq asandır. Amma sözə musiqi yazmaq hər bəstəkarın işi deyil.

Sual 10. Axar suya bənzədilən gəncliyiniz öz çuxurunu tapmışdır?

-Axar su hələ də axır. Bəzi şeylər də çuxurunu tapıb. Ancaq bəzilərinin hələ də çuxurunu tapdığını düşünmürəm. Daha dərin çuxur axtarıram.

Sual 11. Təkamül nəzəriyyəsini bir zəncirə bənzədən, Darvin sizcə, zəncirin əvvəlini yaddan çıxartmamışdır ki?

- Mən belə düşünürəm ki, Darvin yazanda öz zəncirini yazırdı. Ola bilər k,i onun zəncirində qüsur olub. Ancaq o özü bu nəzəriyyəni yazanda sonda bildirib ki, əgər mənim bu iddialarım 1 hüceyrədə öz təsdiqini tapsa, deməli haqlıyam. Sağ olsa deyərdi ki, nəzəriyyəm bu günə kimi təsdiqini tapmayıbsa “znaçit” səhvdir. Darvin bəlkə də çox bilikli alim idi. Ancaq biliyini düzgün tərəfə istiqamətləndirmədi.

Sual 12. Sübhün şəfəqi ilə nura boyanan günlərinizdən razısınızmı?

- Mən həmin vaxt yatıram. Ona görə o romantika mənlik deyil. Gecə çıxan ulduzlar barədə soruşsanız dəqiq deyərəm hansı ulduz, hara baxır.

Sual 13. Gələcək necə gələcək?

- Gələcək öz xoşu ilə gələcək. Onu heç kəs məcbur etməyəcək. Eləcə gələcək, gələcək.

Sual 14. Dünyanı gözəllik xilas edəcək deyənlər, sizcə şişirdilmiş boyalı dodaqları, saralmış saçları, yoxsa gödəlmiş ətəkləri nəzərdə tuturdular?

- Bunu özünü gözəl hesab edənlər deyiblər. Burun, dodaq əməliyyatı keçirir sonra deyir gözəllik dünyanı xilas edəcək. Get xilas et görüm, dəyişilmiş burnunla dünyanı necə xilas edəcəksən?!

Sual 15. Şirin-şirin günlərin acı-acı həsrətini çəkmisiz?

- Yox, mən ümumiyyətlə şirniyyatı sevənəm. Ona görə acını yada  salmaq istəmirəm.

Sual 16. Əsrə bərabər gününüz olmuşdur? O gün hansı xüsusiyyəti ilə əsrə bərabərləşmişdir?

- Dəqiqəyə bərabər günüm olmayıb, nəinki, əsrə. Belə deyənlər onu bir az şişirdirlər. Mən hələ elə bir şey eləməmişəm ki, sutka sutkaya bərabər olsun. O tamam başqa amallarda olur.

Sual 17. Sonun başlanğıcına inanırsız?

- Heç o tele-seriala baxmamışam. Ancaq sonun başlanğıcının nə vaxt olacağını Allah bilir.

Sual 18. Dənizə düşən damlanın dənizəm deməyə haqqı var. Bəs sizin nə deməyə haqqınız var?

- Dənizin də yağışam deməyə haqqı var. Çünki yağış da dənizdən buxarlanan sudan əmələ gəlir. Biz elə hamımız həm dənizik, həm yağışıq. Bəzən buxarlanıb yağışa çevrilmək, bəzən isə yağıb dənizə çevrilmək lazımdır.

Sual 19. Suallarımız sizi sıxmadı?

- Maraqlı suallardır. İnanırsız, əvvəlcə başım çox qarışdı. Bir az fəlsəfəsinə getməyə çalışdım. Sonra başa düşdüm ki, birinci ağlına nə gəlirsə onu demək lazımdır. Belə olduqda olursan Tərlan Nur Yaşar.  Fikirləşəndə, hər şey qarışır bir-birinə (gülür).

Ülviyyə Cövdətqızı







10 Fevral, 2014  13:42 Baxılıb: 2935 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner