Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yeni layihə: Məşhurlar Facebook dostları ilə görüşür

Simsar.az yeni layihəyə start verdi. Layihə çərçivəsində müxtəlif sahələrdən məşhur şəxslərin, ictimai-siyasi, mədəni xadimlərin onların sosial şəbəkələrdə dostluq etdiyi insanlarla görüşləri planlaşdırılıb. İlk qonağımız isə millət vəkili Qənirə Paşayeva oldu. Qənirə xanımla layihə haqqında danışanda maraqla qarşıladı və təklifimizi məmnuniyyətlə qəbul etdi. Biz də Facebook vasitəsilə millət vəkilini yaxından izləyən bir neçə nəfəri seçib görüş haqqında məlumatlandırdıq. Millət vəkilinin aktiv Facebook izləyiciləri olan Vidadi Ordahallı, Rasim Musayev, Şahin Cavadsoy, Rövşən İlknuri kimi jurnalistlərin iştirakı ilə aparılan müzakirələr isə tədbiri daha da maraqlı etdi. “İpək yolu” Sahibkarlığın İnkişafına dəstək İctimai Birliyinin ofisində baş tutan görüş xoş xatirələrlə yadda qaldı.

“Hazırda əksər gənclərimizin sosial mediadan istifadə məqsədləri ürəkaçan deyil. Sosial şəbəkələrdən səmərəli istifadə etmək lazımdır. Məsələn, mən Facebook-dan çox maraqlı məlumatlar oxuyuram. İnformasiyamı artırıram”

Tədbir millət vəkili Qənirə Paşayevanın görüş iştirakçılarıyla tanışlığı ilə başladı. Gənclərimizin təhsilləri, işləri, yaşayışları ilə maraqlanan dövlət rəsmisi söhbəti elə sosial şəbəkələr üzərində qurdu. Müasir dünyada sosial medianın çox güclü vasitə olduğunu deyən Qənirə xanım, gənclərimizi bu vasitədən səmərəli yararlanmağa dəvət etdi. “Acınacaqlı haldır ki, əksər gənclərimiz sosial şəbəkədən yalnız əyləncə və tanışlıq üçün istifadə edirlər. Halbuki, bir az başqa istiqamətə yönəlib xalqımıza xeyir vermək də mümkündür”. Millət vəkili, - “Çox istərdim, sosial şəbəkələrdə Azərbaycan həqiqətlərini, tariximizə aid faktları yayaq”, - deyə sözlərinə əlavə etdi. “Mən Azərbaycana aid xüsusi günlərdə həmin günə aid hansısa yazını, materialı paylaşmağı özümə borc bilirəm. Eləcə də, qruplarda, səhifəmdə dostluq etdiklərimin həmin günə münasibətlərini maraqla izləyirəm. Təbii ki, 20 Yanvar və digər belə günlərə dostlarımın biganə qalmasını ürək ağrısı ilə qarşılayıram” – deyərək qonağımız dostluğunda olan bu cür etinasız insanları çıxaracağını bildirdi.

Sosial mediada dostluq etdiyi şəxslərdən maraqlı söhbətləri də görüş iştirakçılarıyla bölüşən millət vəkili sözün çox əhəmiyyətli bir məhfum olduğunu dilə gətirdi. “Yazdıqlarınızda diqqətli olun. Hər sözün əhəmiyyəti var. Söz böyük məfhumdur”, - deyən Qənirə xanım başına tez-tez gələn maraqlı bir əhvalatı danışdı: “Bir də görürsən, kimsə mənə Facebook-da yazır, “Salam, necəsiz?”. Yarım saat keçməmiş daha bir mesaj göndərir ki, “Mənim mesajıma niyə cavab vermirsiz?” Belələri elə hesab edir ki, mən boş-bekaram və işim Facebook-da mesajlara cavab yazmaqdır. Mən həmin insanları başa düşə bilmirəm. Düşünürəm, onlar çox boş insanlardır. Əslində, belə insanlar təkcə Facebook-da yox, elə həyatda da boşu-boşuna çox vaxt itirənlərdir. Məsələn, götürək toyları. Toya 1 saat vaxt ayırmaq yetərlidir. Onsuz da, səs-küydən qohum-əqraba ilə söhbətləşə bilmirsən, və ya başqa nəsə edə bilmirsən. Toyda bir yemək yemək var, bir də oynamaq. Yemək yeməyə 20 dəqiqə vaxt kifayətdir. Toy boyu oynayanları da anlamıram. Ortalıqdan çıxmayan qadınlar kənardan heç də yaxşı görünmür. Sözüm ondadır ki, vaxtın dəyəri başa düşmək lazımdır”.

Bu vaxt Qənirə xanımın fikirlərinə əlavə olaraq “İpək yolu” Sahibkarlığın İnkişafına dəstək İctimai Birliyinin baş katibi Sərraf Nəzərov gənclərin zaman məsələsində daha diqqətli olmalarını tövsiyyə etdi: “Gənclərimiz deyir ki, kitab oxumağa vaxt yoxdur. Əslində, insan günün planlaşdırmalıdır. Hər şey plan üzrə gedəndə kitab oxumağa da vaxt qalır. Məsələn, mən özümlə kitab götürürəm. Fikiləşirəm ki, bu gün 50 səhifə oxumalıyam. Birdən tıxacda qalanda başlayıb kitabı oxuyuram. Deyirəm, heç olmasa, 20 səhifəsini tıxacda oxuyum. Yəni, əslində, hər şeyə vaxt tapmaq mümkündür. Sosial şəbəkələrdən də istifadə edin. Ancaq vaxtınızı hədər sərf etməyin”.

Son vaxtlar baş verən intihar halları haqqında da danışan Qənirə Paşayeva sosial şəbəkələrdə yazılan “Vida məktub”larına münasibət bildirdi:  “Bəlkə də bunlar, bizim diqqətsizliyimizə görə baş verir?” - sualını tədbir iştirakçılarına ünvanlayan millət vəkili, - “Bəziləri artıq virtual məkanda yaşayırlar. Bu məsələdə ətrafdakı insanların, eləcə də, bizim günahımız böyükdür”, - dedi.

Qənirə xanımın sözünə dəstək olan Simsar.az-ın baş redaktoru İradə Nürəddinqızı: “Hazırda insanlar o qədər virtuallaşıb ki, atasının ölüm xəbərini də sosial şəbəkədə paylaşır. Burda diqqətimi çəkən və məni güldürən bir məqamı vurğulamaq istərdim: Facebook istifadəçisinin atasının ölüm xəbəri ilə bağlı statusu dostlarının bəyənməsi qəribədir. Bu hal, sanki, - “yaxşı oldu, öldü” mənasına gəlir”.

Sosial şəbəkələrin müsbət tərəflərindən danışan Qənirə Paşayeva Facebook-un dostların doğum gününü xatırlatmasını çox bəyəndiyini bildirdi: “Xüsusi günlərdə yazılan təbrik həmin şəxsi sevindirir, ona hörmətini bildirir. Bu mənada, çox diqqətliyəm. Facebook-da dostlarımın ad gününü görəndə bir-iki xoş sözlə onları təbrik edirəm. Gərgin iş rejimində belə günləri unutmaq mümkündür. Facebook-un dostlarımızın doğum günlərini xatırlatması çox gözəldir”.

Daha sonra sözü tədbir iştirakçılarına verən millət vəkili sualları cavablandırdı, təkliflərə qulaq asdı.

Məltəm Nəsibova bu görüşün onun üçün göydəndüşmə olduğunu dedi: “Sizin kitab təqdimatınıza gəlmək istəmişdim, gec xəbərim olmuşdu. Simsar.az saytı, belə bir fürsət yaratdığı üçün sevindim. Sizinlə bu cür ünsiyyət qura biləcəyimi düşünmürdüm”.

Mələk Abbaszadə Qənirə Paşayevanın qan qrupları ilə bağlı yazılarını oxuduğunu bildirdi. “Yazılarınız çox maraqlı idi. Sizin yazılarınızla tibbə aid lazımi informasiları əldə etmək olur”.

“Mən o yazıları öz beynimdən yazmıram. Burada da sosial şəbəkələrin  gücündən danışmaq istəyirəm. İnformasiyaları sosial şəbəkələrdən alıram. Maraqlı yazıları oxuyuram və birdən elə yazılar olur ki, onu araşdırıb xalqımıza təqdim etmək istəyirəm. Tibbə aid yazılarım da belədir”, - millət vəkili dedi.

Rövşən İlknuri isə maraqlı təklif  irəli sürdü: “Qənirə xanım, icazənizlə, şeirlərinizə mahnı yazmaq istəyirəm”, - deyən Rövşən İlknuri, mahnıları Azəriqızı Günelin oxuyacağını bildirdi. Təklifi xoş qarşılayan  millət vəkili: “İnanıram ki, dəyərli qardaşımızsınız. Mənim şeir kitabımdan bəyəndiyiniz yazıları seçib mahnı yaza bilərsiniz.  Ümumiyyətlə, mən bu məsələlərə musiqiçi dostlarımdan kənarda pozitiv baxmıram. Onlara bu işdə  çox etibar edirəm. Ona görə, mən heç təklif eləmirəm ki, bu şeirimə mahnı yaz. Çünki mən bilirəm ki, kimsə mənim xətrimə mahnı yazsa, bunu heç kim dinləməyəcək. Musiqiyə qulaq asan üçün kiminsə xatirinə yazılmış mahnı lazım deyil. Musiqi dinləyicinin zövqünü oxşamalıdır. Ona görə, sənətçi dostlarım bunu daha yaxşı bilirlər, deyə düşünürəm”.

Görüşün ən yaddaqalan məqamı isə İmran Lalayevlə bağlı oldu. Ötən il başına gələn qəza nəticəsində ayaqlarını itirən gənc də sosial mediada Qənirə Paşayevanı izləyir. Onunla  tanışlığından məmnun olan Qənirə Paşayeva  ehtiyacları haqqında maraqlandı. Universitetə hazırlaşdığını deyən İmrana uğurlar arzulayan millət vəkili ondan tələbə olmağı ilə bağlı xəbər gözlədiyini də dilə gətirdi. İmran isə əvvəllər oxumadığı üçün peşman olduğunu və buna görə, mütləq universitetə qəbul olacağını qeyd etdi.

Görüşün sonunda Facebook dostları ilə tanışlığından məmnunluğunu qeyd edən Qənirə xanım onlarla xatirə şəkilləri çəkdirdi və hər bir iştirakçıya imzalı kitabını hədiyyə edəcəyini bildirdi.

Vüsal Məmmədzadə






4 Fevral, 2014  14:42 Baxılıb: 2416 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner