Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Emma Məlikova: “Ürəyimi açıb sirrimi deyən deyiləm” – MÜSAHİBƏ – FOTOSESSİYA

Müsahibimiz yanvarın 30-da  ad gününü qeyd edəcək. Tamaşaçıların “Qaynana” teleserialından yaxşı tanıdığı Gülcahan rolunun ifaçısı -  Musiqili komediya teatrının aktrisası Emma xanım Məlikova1949-cu ilin bugünkü günündə İmişli rayonunda doğulub. Tələbəlik illərindən Musiqili Komediya Teatrında  xorun üzvü olub, 1976-cı ildən isə ailə qurduğu səbəbindən bir necə il fasilə versə də bu günə kimi teatrda aktrisa kimi çalışır. Bu illər ərzində “Özümüz bilərik", "Qızıl toy", "50 yaşında cavan", "Hələlik", "Talelər qovuşanda", "Subaylarınızdan görəsiniz", "Məhəbbət oyunu", "Qızıl toy", "Bir saatlıq xəlifə", "Gözün aydın", "Lənət şeytana", "Volqalı canan", "Beş manatlıq gəlin"  "Şəhərdə manyak var" tamaşalarında yaddaqalan obrazlar yaradıb. Biz də ad günü ərəfəsində Emma xanım Məlikova ilə görüşüb ondan Smsar.az üçün müsahibə aldıq.

- Ema xanım, necə oldu səhnəyə gəldiz?

- Atam dövlət işçisi olsa da, saz həvəskarı idi deyə evimizdə həmişə mahnı  səsi eşitmişəm.  Musiqini sevməyim bir yana, özümün də yaxşı səsim vardı, – deyə məktəb tədbirlərində oxuyurdum. Yəni hələ orta məktəbdən mən səhnələrdəyəm.

- İlk dəfə səhnədə hansı mahnını oxumusuz?

-  Səməd Vurğunun sözlərinə yazılmış  “Azərbaycan” mahnısını. O qədər gözəl oxuyurdum ki, zalda nə qədər alqışlar olurdu.

- Bəs ilk rolunuz hansı tamaşada olub?

- İlk dəfə “lənət şeytana” tamaşasında rəhmətlik Hacıbaba Bağırovun “4-cü arvadını” , “Gözün aydın” tamaşasında cəbhəçi Nargiləni oynamışam. Yaxşı qarşılandı, sevildim o tamaşalarda. Bu illər ərzində çox tamaşalarda oynamışam, hamısında da baş rollarda. “50 yaşında cavan”da Kələyi, “Subaylarınızdan görəsiniz”də Səmənini, “Hələlik”də Jaləni, “5 manatlıq gəlin”də Səlbini, “Özümüz bilərik”də Nabatı oynamışam.

-  Korifey sənətkarımız Nəsibə xanımdan  sonra onun rollarını da sizə həvalə edirlər...

- Mənim teatra, xüsusilə də Musiqili Komediya Teatrına gəlişimdə rəhmətlik Nəsibə Zeynalovanın böyük rolu olub.  Mən o aktrisanı sevib səhnəyə gəlmişəm.  Nəsibə xanım gözəl aktrisa,  gözəl  ana, gözəl insan idi. Azərbaycanımızın elə bir rayonu, bölgəsi yoxdur ki, orda Nəsibə xanımla birgə səhnəyə çıxmayım. Mən elə böyük bir aktrisadan sənətin sirlərini öyrənmişdim. O dünyasını dəyişəndən neçə il sonra  biz  Naxçıvanda olarkən "Hicran" tamaşasında – Qızbacı rolunda Siyavuş Aslanla birgə səhnəyə çıxmışam. Nəsibə Zeynalovadan sonra hər aktrisa cəsarət nümayiş etdirib Qızbacını oynamazdı. Mən bunu etdim və uğur qazandım... çox adamlar məni ona oxşadırlar. O özü də həmişə mənə deyərdi ki, Emma, sən mənim qızımsan, mənə oxşayırsan. Oxşaya bilərəm ancaq onun kimi heç vaxr ola bilmərəm...

- İndi bu saat hansı tamaşada oynayırsız?

- İndi “Qızıl toy” tamaşasının məşqləri gedir. O tamaşanı mən 10 il bundan qabaq oynamışam. O  vaxtı  tamaşa yaxşı qarşılanmışdı, baş rolu – Ballını  yenə mənə veriblər. Tamaşanı hörmətli rejissorumuz Yüsif  Əkbərov hazırlayır.  “Talelər qovuşanda” tamaşasında isə Kərbəlayev Qubadın arvadını oynayıram.

- Teatra maraq necədi, tamaşaçı varmı?

- Hazırda “O olmasın, bu olsun”da yengəni oynayıram. Tamaşalara həmişə adam çox gəlir, maşallah olsun. Bu gunumüzə də şükür. Bir il “Qaynana” teleserialına çəkilmişəm. Tamaşaçılar ən çox o rolda məni sevdilər.

- Bəs özünüz hansı rolunuzu daha çox sevirsiz?

- Rollarımın hamısını sevirəm.

- Emma xanım, gəlin, bu qədər xarakterik obrazlar yaradan aktrisanın öz xarakterini də oxuculara tanıdaq. Belə görürəm ki, siz çox səbirli insansız?

- Dözümlü,  səbirli insanam. 65 yaşım var, 40 ildi sənətdəyəm, amma hələ mənə ad verməyiblər. Gözləyirəm, fikirləşirəm ki, Allah can sağlığı versin adımı da, ömürlük təqaüdümü də alacam,  inşallah. Yəqin, hər şeyin vaxtı var.

- Siz hamı ilə yola gedən adamsız?

- Bir insan mənimlə necə davranırsa, çalışıram onunla elə rəftar edim ki, mənə qarşı kinli, ədəbsiz olmasın. Hörmət qarşılıqlıdı, nə görərsən, nə eşidərsən onun da cavabını alarsan. Çalışıram ki,  mənə qarşı  kinli olanla, xoş danışım. Sirkə nə qədər tünd olsa, öz qabını çatladar. İnsan mehriban olmalıdı ki, özünə hörmət qazansın.

- İnsanlarla tez qaynıyıb qarışırsız?

- Məncə bütün insanlarla qaynayıb-qarışmaq lazımdı. Qurban olum Aallaha, bu xasiyyəti mənə verib. Adam var kinlidi, mənimlə danışmır. Elə danışram ki, o adam peşman olub sonra məndən üzr istəyir.

- İşə məsuliyyətlisiz?

- Bəli, 7 il flarmoniya səhnəsində, 40 ildi də  burda işləyirəm, həmişə səhnəyə qayda-qanunla yanaşmışam. Tamaşa başlamamışdan 2 saat əvvəl mən qrim otağında olmuşam. Heç vaxt gecikməmişəm.

- Ətrafdakı adamların sizi dəyərləndirməsinə ehtiyac duyursuz?

- Mən həmişə istəmişəm ki, öz zəhmətimlə alqış qazanım. Şükür ki, öz əziyyətimlə buna nail olmuşam. İnsanlar məni sevirlər, yolda məni tanıyan üzümə gülümsəyir, qucaqlayıb-öpür. Elə vaxt olub, məni saxlayıb şəkil çəkdiriblər.

- Ən xırda detallara da fikir verənsiz?

- Sənət adamları,  aktirisalar kövrək, hər şeydən inciyən olurlar, qəlbləri tez sınır. Amma mən nə qədər incisəm də büruzə verməmişəm, çalışmışam ki, hər şey yaxşı olsun.

- İşlərinizdə kimsə sizə mane olduqda bu sizi qəzəbləndirir?

- Hə, elədi. Amma nə qədər hirslənsəm də əsəblərimi sakitləşdirirəm.

-  Məsləhət üçün sizə müraciət ediləndə bu, sizə xoş olur?

- Əlbəttə xoş olur, oğlum da, qızım da bir şey üçün mənə məsləhət edirlər, fikirləşib yoluna qoyuram. Məsləhətləşmək vacibdi, çünki Allaha xoş gedən əməldi, nəticəsi də yaxşı olur.

- Güclü stress altında da işləyə bilirsiz?

- Nə qədər əsəbi, lap xəstə olsam da səhnəyə çıxıb rolumu oynamışam, özümü elə göstərmişəm ki, heç kəs bunu bilməyib.

- Harmoniya tərəfdarısız, hər şeydə bir tarazlıq gözləməyə çalışırsız...

- Düzdü,  insan hər şeyin yerini bilməlidi. Həddini aşmaq lazım deyil. İnsanda hər şeydən əvvəl etika, estetika olmalıdı.

- Xeyirxahsız?

- Zəhlətökən, pis adam olsam, nəyə lazımam ki?! Yaşayıramsa xalqıma xeyir verməliyəm, insanları sevindirməliyəm, şənləndirməliyəm. Mən aktrisayam axı, xalqıma sevgi bəxş etməliyəm, xeyirxahlıq budu. Ümumiyyətlə istər işdə, istər evdə hər kəs xeyirxah olmalıdı.

- Amma xarakterinizdə utancaqlıq da var...

- Utancaqlıq, abır- həya  hər insanda olmalıdı. Mən özümdən böyük adamları gördükdə iki qat əyilirəm. O hörmət məndə yoxdusa, mən nəyə lazımam?! Elə o xasiyyətimə görə hamıdan hörmət qazanmışam. Qazandığını da başqalarına – çavanlara verməliyəm ki, onlar da  gələcəkdə mənim kimi hörmət gözləsinlər, hörmət qazansınlar.

- Sözünüzün üstündə durub arxasınca sonacan gedirsiz?

- Hə, elədi, inadcılam, istəyirəm arzularım yerinə yetsin. Neçə illərdi ki, mən  evlərimizin sökülməyini arzulayıram. Şükür, fevral ayında yəqin ki, sökülər. Qismət olsa, təzə  ev də alacam, inşallah.

- Emma xanım, əsəbləşdikdə geç toparlanırsız?

- Bir az keçdikdən sonra özümə gəlirəm. Ümumiyyətlə, kin saxlayan adam deyiləm. Amma elə yaşantı var ki,  ürəyimdə qalır. Hərdən  yadıma düşdükcə daha da kinim artır, qəzəblənirəm. İstəyərəm ki, ürəyimdən çıxsın, ancaq mümkün olmur. Hər halda buna çalışıram.

- Ürək dostunuz var?

- Ürəyimi açıb sirrimi hamıya deyən adam deyiləm. Amma ürək dostum qızımdı, oğlumdu. Onlarla  oturub dərdləşirəm, onlar da dərdlərini, sirlərini mənə deyirlər.

- Ən çox sevdiyiniz musiqi hansıdı?

- Səid Rüstəmovun  “Getmə” mahısını hərdən züm- zümə edirəm, şur təsnifini, segah təsnifini oxuyuram. Mən muğamat oxuyanda qızım deyirki, ay mama o qədər yanğılı oxuyursan ki, adam istəyir ağlasın.

- Emma xanım, yubileyinizlə bağlı maraqlanan olubmu?

- Teatrda İlham Namiq Kamalla birlikdə mənim də ad günümü keçirdilər. Sağ olsun müdriyyət, mədəniyyət qazetində şəkillərim çıxdı... Qurban olum Allaha, az-çox xalqın sevgisini qazanmışam. Məni alqışlayırlar, sevirlər. Doğrudur, mənə ad verməyiblər, amma bu günümə də şükür. İnşallah ad da verərlər, hər şey yaxşı olar...

- Emma xanın, yubileyiniz münasibətilə sizi təbrik edirik. Sizə yeni-yeni uğurlar arzu edirik.

İsmət Ələkbərqızı

 






29 Yanvar, 2014  17:25 Baxılıb: 3328 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner