Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

5 güllə yarası alan 20 Yanvar veteranı: “Ayıldım ki, qanın içindəyəm” – MÜSAHİBƏ

“Maşınıma 52 güllə vurulmuşdu”

Asif İbrahimov da həmin gün küçələrdə idi. Yoldaşları ilə yararlılara kömək edirdi. Sovet əsgərləri tərəfindən açılan güllələrdən 5-i onun bədəninə tuş gəlmişdi. Qəhrəmanım acılı günlərdən xatırladıqlarını bizimlə bölüşdü. Danışarkən həyəcanını gizlədə bilməyən Asif müəllim başına gələnləri dəqiqliyi ilə təsvir etməyi bacarırdı.

- Gecə vaxtı Bakıda qırğın-qiyamət qopur... Siz də bir anda Bakının küçələrindən birində peyda olursuz... Həmin hadisəni təsvir edə bilərsiz?

- O vaxtı ağrıyırdım, nasaz idim bir az. Buzovnada sanatoriyaya gedib-gəlirdim. O vaxt, həm də xalq hərəkatının iştirakçısı idim. Həmin hadisələr olan gün iki yoldaşım da mənim yanımda idi. Qızılqum sanatoriyasında müalicə alırdılar. Onlardan biri Lənkəran rayonunun Vilvan kəndindən Ulduz Gənciyev, o birisi isə Ağcabədi rayonu Kəbirli kəndindən Bəxtiyar Azadov idi. Xalq hərəkatında bir yerdə iştirak edirdik. Hər gün mənim maşınımla şəhərə gəlirdik, axşam da qayıdırdıq sanatoriyaya. Həmin gün axşam saat 11-ə kimi şəhərdə olduq, 12-yə işləmiş sanatoriyaya yola düşdük. Yoldaşlarımı Qızılquma düşürüb Buzovnaya gedəsiydim.

Gecə eşitdik ki, Sovet qoşunu şəhərə girib. Biz də tez qayıtdıq. Gəldik, gördük ki, qan su yerinə axır. Küçələrdə camaatı qırırlar. Baxdıq, heç nəyə gücümüz çatmayacaq, qərar verdik, yaralıları xəstəxanalara daşıyaq. Səhərə kimi bu cür davam etdi...

- Səhəri artıq küçələrdə yaralılar var idi? Bəs siz necə oldu yaralandınız?

- Səhəri gün artıq elə bir vəziyyət yaranmışdı ki, hərbçilər şəhərin hər yerini tutmuşdular. Binaların damlarında dayanıb yaylım atəşləri açırdılar. Gəldik köhnə avtovağzal olan əraziyə. Gördük ki, yolu bağlayıblar. Ona görə, qərar verdik ki, avtovağzalın həyətindən keçək. Sonra köhnə Naxçıvan mehmanxanasına tərəf irəlilədik. Həmin ərazidə VAZ 2106 markalı maşın dayanmışdı. Qapısı açıq idi, kimsə yaralanıb, yerə yıxılmışdı, çabalayırdı. Yoldaşlarıma dedim ki, mən maşını saxlayacam, siz tez yaralını maşına çəkin, gedək. Maşını təzəcə saxlamışdım ki, güllələr açıldı. Bir onu dedim ki, maşından çıxıb yerə uzanın. Özüm də maşının ön oturacaqlarının üstünə sərildim. Maşını güllələməyə başladılar. Şüşələr hamısı qırılıb töküldü. Mühərrik dayandı. Amma mənə güllə dəymədi. Fikirləşirdim, maşından necə çıxım?!  Bir müddət sonra hərbçilər gördülər ki, hərəkət yoxdur, atmadılar. Sonra qərar verdim, maşından çıxıb, gizlənim. Maşının qapısını açanda qapının işıqları yandı, elə bu anda yenidən atmağa başladılar. Bu vaxt elə bil məni arxadan ağır bir şeylə vurdular. Yıxıldım yerə.

- Güllə başınızdan dəymişdi?

- Hə, bir anlığa huşumu itirdim. Bir də ayıldım ki, paltarımın içi qanla dolub. Hava soyuq idi deyə, qan laxtalanmışdı. Çox qan itirmişdim. Bu vaxt istədim ki, maşından çıxım, yenə atmağa başladılar. Məni qolumdan, ayağımdan vurdular. Yıxıldım bayaq haqqında danışdığım VAZ 2106 markalı maşının yanına. İstədim girim maşının altına, təkərləri partlamışdı deyə, yerləşmədim. Bir az sonra QAZ 24 markalı bir taksi yanımızdan gəlib keçdi. Bizi gördü. Ancaq saxlamadı. İçərisində iki nəfər oturmuşdu. Eyni geyimdə idilər. Görünür, təhlükəsizlik komitəsinin əməkdaşları idilər, seçilmək üçün belə geyinmişdilər. Taksi Avtovağzalın binasının yanında dayanmışdı. Fikirləşdim ki, pul verərəm, məni xəstəxanaya aparar. Bu vaxt yoldaşlarıma dedim ki, durun qaçaq. Bəxtiyar Azadov dedi ki, qaça bilmərik. Vurarlar, öldürərlər bizi. Dedim, mən qaçıram, onsuz da ölürəm. Dedilər, qaça bilirsən, qaç. Durdum divarın dibiylə qaçmağa başladım. Divardan aralanan kimi məni çiynimdən vurdular.

Birtəhər taksiyə çatdım. Sürücüyə dedim ki, yaralıyam, məni xəstəxanaya apar. Dedi ki, “get burdan, get, bizi zibilə salma!”. Dedim, nə qədər istəsən, pul verərəm. Amma razı olmadı. Götürmədi məni...

- Bu vəziyyətdə köməyinizə çatan olmadı?

- Spartak stadionuna tərəf getdim. Halım yox idi. Gördüm yıxılacam, dedim elə özüm uzanım yerə. Yoldan bir maşın keçmirdi ki, kömək istəyəsən. Bir müddət sonra bir maşın yolu qayıdıb mənə tərəf gəldi. Yəqin, yaralandığımı görmüşdülər. Yaxınlaşanda gördüm ki, təcili yardım maşınıdır. Maşından bir qadınla bir kişi düşdü. Qadın yaxınlaşıb nəbzimi yoxladı, danışmağa halım yox idi. Bir də eşitdim ki, qadın deyir: “tez ol, kömək elə, o hələ sağdır”. Maşının içərisində oturtdular. Qoymadılar uzanım. Dedim, yoldaşlarım da yaralıdır. Dedilər, ora təhlükəli ərazidir. Səni çatdıraq, mümkün olsa, qayıdarıq. Üzümə vura-vura məni  4 nömrəli xəstəxanaya apardılar. Ünvanımı soruşdular. Əməliyyat stoluna uzanan kimi özümdən getdim. Bir də ayıldım ki, ətrafım insanlarla doludur. Artıq əməliyyat qurtarmışdı...

- Həmin vaxt xəstəxanalar yaralılarla dolu idi. Vəziyyət də ürəkaçan deyildi. Əməliyyatdan sonra əksər yaralıları evə buraxırdılar...

- Əsas hadisələr elə əməliyyat olunmağımdan sonra başladı. Şayiələr gəzirdi ki, Sovet əsgərləri xəstəxanalardan xəstələri aparıb öldürürlər. Həmin vaxt küçələrdə itkin düşənlər də az deyildi. Buna görə hamı qorxurdu. Xəstələr xəstəxanada qalmağa çəkinirdilər. Ayağı tutan xəstə qaçdı. Fikirləşirdim, ayağım tutmur, halım yox, başım yaralı... Əsgərlər gəlsə, mən neyləyəcəm?  Bir az özümə gələndən sonra baş həkimə dedim ki, məni evə buraxsın, burda qalmaq istəmirəm. Dedi, səni buraxsaq, ölərsən. Nə isə... Bir neçə gün bunun başını xarab eliyəndən sonra axırda bezdi. Dedi, buraxın evə, ölsün. Beləcə, məni evə yazdılar.

Ancaq evdə çox qala bilmədim. Qəfildən temperaturum qalxdı. Başımdakı yara irinlədi. Qardaşım təcili yardıma zəng vurdu. Mən dedim, getmək istəmirəm xəstəxanaya. Ancaq məcbur apardılar. Musa Nağıyev adına xəstəxanaya gətirdilər. Çatan kimi ikinci dəfə başımdan əməliyyat elədilər. Bir neçə ay xəstəxanada yatdım. Ayıladan sonra bir müddət yaddaşım özünə gəlmədi. Gözüm görmədi. Bir xeyli vaxtdan sonra görmə qabiliyyətim nisbətən yaxşılaşdı.

- Həmin müddətdə ailənizlə görüşə bilirdiz?

- Yox. Evdən çıxmaq mümkün deyildi. Ona görə, xəstəxanada olduğum müddətdə ailəmlə görüşə bilmədim. Ay yarım ailəmdən ayrı qaldım.

- Bəs yoldaşlarınızdan necə, xəbər tuta bildiz?

- Sonradan bildim ki, onlar yaxınlıqda kirayədə yaşayan birinin evinə sığınıblar. Qonşuluqdakı sürücü onları xəstəxanaya aparıb. Ulduz Gənciyevin vəziyyəti lap ağır idi. Xəstəxanadan çıxandan sonra onun ziyarətinə getmişdim. Bir təhər sağaldı. Sonradan yol qəzasında həyatını itirdi.

- Allah rəhmət eləsin! Bəs siz kömək etmək üçün dayandığınız adam necə?

- Təsadüfən o da 4 nömrəli xəstəxanada idi. Onunla söhbət vaxtı bildim ki, həmin adam imiş. Tez sağaldı.

- Maşınınızın vəziyyəti necə oldu?

- İstintaq gəlib şəkillərini çəkdi. Maşınıma 52 güllə vurulmuşdu.

- Şəhərdə həmin abu-hava nə vaxt soyumağa başladı?

- Deməzdim ki, soyudu. Bir müddət bu cür davam etdi. Evdən çıxmağa qorxurdular ki, öldürəcəklər. Həmin vaxt çox insan itkin düşdü, öldürüldü... Maraqlı bir fakt da danışım sizə, bu yaxınlarda Krasnodarda oldum. Təsadüfən Ramiz adlı bir oğlanla söhbətləşdim. O, bu hadisələrlə bağlı maraqlı faktlar danışdı. Dedi, 20 Yanvardan əvvəl məni hərbi komissralığa çağırmışdılar. Bir müddət anqarda saxladılar. Mənimlə çağırılanların hamısı ermənilər idi. Bir müddət sonra bizi qeydiyyata alanda mənim azərbaycanlı olduğum məlum oldu. Məni buraxdılar. Deyir, sonradan bu hadisələr olanda mənə çatdı ki, tədbirlər nə üçün imiş.

- Maraqlıdır, belə çıxır ki, 20 Yanvarda xalqı güllə-barana tutanlar ermənilərmiş...

Həmin vaxt şəhərdə günahsız insanları qıranlar da ermənilər idi. Əllərinə silahları vermişdilər. Onlar da ürəkləri istəyəni vurub öldürürdülər. Biz belə bir vəhşilik gözləmirdik. Ona görə, hamı yolları kəsmişdi. Deyirdik, bununla Sovet ordusunun qarşısını kəsə bilərik. Fikirləşmirdik, tanklar əliyalın insanları tapdayar. Mən özüm Nurmanskda Sovet ordusunda qulluq etmişəm. Onda vətənpərvərlik güclü idi və biz heç vaxt əliyalın, köməyə möhtac insanlara güllə atmamışdıq. Vəhşilik etməmişdik. Ona görə fikirləşirdik, Sovet əsgəri bizi görüb dayanacaq.

- Təəssüf ki, dayanmadı...

Hə, dayanmadı. Biz belə fikirləşsək də, ancaq belə olmadı...

- Bir az da bu günümüzdən danışaq. 20 Yanvar veteranlarına göstərilən qayğıdan razısız?

- Sağ olsun dövlət, müəyyən mənada qayğı var, diqqət var. Prezident təqaüdü alırıq. Hərə bir təhər özünü saxlayır. Təkcə bir şeydən narazıyam ki, 20 Yanvar hadisələrinə siyasi status verilməyib. Maraqlıdır, niyə?! Hər halda, biz də dövlətin müstəqilliyi, azadlığı uğrunda mübarizə aparmışıq. Qarabağ veteranlarına siyasi status verilib. Biz də çox müraciətlər etmişik. Ancaq ayrı-seçkiliyi başa düşə bilmirik.

 

Vüsal Məmmədzadə

 






19 Yanvar, 2014  09:35 Baxılıb: 1753 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner