Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Atası Günayın ölümündəki açılmayan sirlərdən danışır – VİDEOMÜSAHİBƏ

Bakı Metropolitenin mərhum əməkdaşı Günay Məmmədovanın müəmmalı ölümündən bir neçə ay keçsə də, hələ də məhkəmə işi yekunlaşmır. Mərhumun atası Hüseyn Məmmədov isə Simsar.az-a indiyədək açmadığı sirləri açır.


Bir qızım var, bir oğlum, qızım 6-cı sinifdə oxuyur, oğlumsa 22 yaşındadı. Günay böyük uşağımız idi. Çox ərköyün idi. Amma kişi kimi bir qız idi...

Ölümündən 2-3 gün əvvəl idi...

Ölümündən iki-üç gün əvvəlin söhbəti idi. Gördüm uşaq dilxordu, fikirlidi. Öz aralarında söhbət olmuşdu. Atası tərəfdən yox, qardaşı, anası tərəfdən. Qızımın dediyinə görə, Rabilin anası onun Günayla evlənməsini istəmirdi. Buna görə, dilxor idilər. Hətta bir dəfə maşınını əlindən alıb qovmuşdular. Gecə “smeni” idim, gəldim ki, acıq edib bizə gəlib. Oğlumla bir otaqda yatıblar. Dedim, bu nə məsələdi? Qızım dedi ki, ata, bir söz demə, evdən qovublar! Ayaqlarının “şəpidi”ylə gəlmişdi. Evdə demişdilər ki, o qızı alsan, burada yaşamıyacaqsan. 

Nə oldusa, o vaxt oldu. 30 dəqiqənin içində onu evdən çıxarıb apardı. Yolda nə söhbətləri oldu, bilmirəm.
Günay ölümdən qorxan qız idi, ölmək istəmirdi. O heç vaxt özünü maşından atmazdı. Heç vaxt belə etməzdi. Özü “şofer” idi, maşını var idi, hətta yol gedib-gəldikdə yolu keçənlər haqqında deyirdi: “Yol keçənlər adamı qorxudurlar, özlərini maşının altına ata bilərlər”
Onun xəyalları o qədər idi ki... işi yaxşı olsun, gələcəyi parlaq olsun, yaxşı yerlərə getsin...

İlk evliliyi uğursuz oldu

İlk evliliyi uğursuz oldu. 11-ci sinfi təzə qutarmışdı, uşaq idi. Eşitdik bunu qaçırıblar. Sonradan öyrəndik ki, bu, qaçıran oğlanın dördüncü ailəsidi. Kimi alır, bir ay saxlayıb, atır. Bir az ordan, bir az burdan eşitdim. Mən də qızım kimi ayrılmalarını istəyirdim. Qız özü evdən video kassetlər, CD-lər, şəkillər tapmışdı. Pis sözlər eşitmişdi... Qızım deyirdi ki, ata, ərim evə başqa oğlanla gəlir. Özüm götürüb gəldim. O qədər istəyənlər var idi... getmədi. Rayondan öz dostumun oğlu gəlmişdi, istəyirdi, getmədi... Yaxın dostlarımın uşaqları, qohumlar istədilər, razı olmadı. Deyirdim ki, qızım, ərə getməyi nə edirsən? Özün uşağa oxşayırsan da. İşə düzəltdim, neçə dəfə müğənniliyə getməsini istədilər, qoymadım. Yaxınlarım dedi, yanımızda oxusun, qoymadım. Çox yerdə onun işləməyini istədilər, amma mən icazə vermədim. Dedim, uşaqsan. Metroda düzəltmişdim işləsin.

Rabillə tanış olduqdan sonra rəfiqələri ilə dostluğa son qoydu

Deyirdi ki, mən xoşbəxtəm, indi həyat gözəldi, hər şey yaxşıdı. Mən Rabili sevirəm, o da məni sevir. Amma son günlər fikirli idi. Bunu büruzə vermirdi. Çox vaxt soruşurduq nə olub, deyirdi heç nə olmayıb. Əvvəllər rəfiqələri var idi. Amma Rabillə tanış olduqdan sonra 8 ay ərzində bütün rəfiqələri ilə dostluğa son verdi. Qorxurdu ki, aralarını vurarlar. Heç kimlə yaxınlıq etmirdi. O, özünü Rabilsiz təsəvvür etmirdi. Mirmövsüm ağaya gediblər, orada şəkil çəkdiriblər. Hər yerdə onların şəkilləri var. Şəkillər telefonda idi. O qədər çox istəyirdilər bir-birlərini. Rabil çox sakit, mehriban, siqaret çəkməyən, araq içməyən oğlan idi. O, mənim balam idi, oğlumdan ayırmamışdım onu. Özü bilirdi qızım iki ayın gəlini olub. Evdə oturub onun toy kasetinə baxıb.

Rabilin anası narazı idi...

O qədər bir-birlərini istəyirdilər, ayrıla bilmirdilər. Rabilin qardaşı razı deyildi bunlar evlənsin. Bir-iki dəfə gedib hədələmişdi qızımı ki, mənim qardaşımdan əl çək. Eşitdiyimə görə, Rabil qardaşıyla dalaşmışdı. Qapımıza iki qadın, iki kişi göndərmişdi elçiliyə. Dedi əmim oğludu, əmimdi, iki dənə də qadın idi. Dedi atam ağır xəstədi, ürəyi ağrayır, pis xəstədi yaşlı kişidi. Anam da evdən çıxa bilmir. Ona görə də qohumlarımız gəlib. Bir-iki dəfə də Günay dedi atası xəstədi, vəziyyəti pisdi qorxub gedib deməyə, amma deyib. Nənəsi demişdi, o da gedib atasına demişdi. Eşitdiyimizə görə, qohumları da bura gələndə atasının razı olduğunu dedilər. Bircə anası tərəfdən narazılıq olub. Biz hamımız bilirdik, atası da bilirdi ki, bircə anası narazı idi.

Evdən 5 dəqiqəliyə çıxmışdılar...

İşdən çıxıb evə gəldikdə evimizin arxasında avtobus vardı, yanında dayanmışdı. Avtobusdan düşəndə gördüm ki, nişanlısı Rabil maşınıyla orada dayanıb. Görüşdük, dedim burada niyə dayanmısan? Dedi ki, Günayı gözləyirəm. Dedim ayıb deyil, sən nişanlını qapının ağzında, gəlib-getdiyin, qaldığın evdə gözləmirsən, qıraqda gözləyirsən? Baxdım ki, qızım gəlir. Dedim hara gedirsiz, dedi, ata, 5 dəqiqəyə gəlirik. Dedim yox, qucaqladım qızımı. Söhbət edə-edə gəldik həyətin qapısının ağzında dayandıq. Dedim bala, otur çay içək. Dedi ata, gedim, beş dəqiqəyə gəlirəm, içərik... Evdən uşağımı mindirmişəm maşına, beş dəqiqə adıyla ikisi birlikdə gedib. Axırıncı sözü bu oldu qızımın – beş dəqiqəyə qayıdıb gəlirəm...

Naməlum zəng

Bizə naməlum şəxs tərəfindən saat 20:49-da zəng gəldi. Soruşdu ki, Günay adında qızınız var? Dedim bəli, nə olub? Dedi aeroport yolunda vurulub, amma narahat olmayın, ölməyib. Təcili yardım gəlib. Çatdırın özünüzü bura. Axırıncı dəfə bizə Rabil zəng etməyib. Oğlumu götürüncə, yoldaşımı, uşaqlarımı maşına mindirib gedincə... 3 dəfə zəng etdim...
Hələ də həmin nömrəni saxlamışam. Biz ora çatdıq. Mən şəhərə tərəf gedirdim. Gördüm ki, millət yığılıb. Maşını yolun ortasında saxlayıb, düşüb dəmirlərin üstündən keçdim o biri tərəfə. Həqiqətən də, inanmadım. Sonra üzünü açıb baxanda bildim ki, qızımdı. Sonra qızım, yoldaşım gəldi. Qız pis vəziyyətdə idi. Bir tərəfi əzilib bütün yapışmışdı asfalta, ciynində bir şey yox idi, başının ortası partlayıb, içindən əti çıxmışdı bayıra. Orada müstəntiqlər də, polislər də var idi...

Rabil orda yox idi

Mən ora getdikdə Rabil orada yox idi. Bəlkə də, qırağa çəkilmişdi. Amma fakt mən televizorda gördüm onu. Kamerada da göstərdilər ki, qızım 20:27-də vurulub, 20:30-da da o maşın orada dayanıb. Mənə də 20:49-da zəng gəlib. Mən ora çatana kimi bəlkə, o qıraqda olub, o tərəfdən baxıb bizə, amma mən gələndə orada yox idi. Elə bizə də təəccüblü gələn bu oldu. Bunu niyə etdin?! İndiyə kimi bir gizli nömrəylə zəng edə, bizə məlumat verə ki, dayı belə olub, nəyəsə görə olub... Bir sözü yoxdu...

“BMW X5”-dən 3 nəfər düşür...

Kamerada özüm baxdım. İndi həmin o kameranı müstəntiq saxlayıb. Məhkəmə olacaq, həmin o kameradakına məhkəmədə vəkillə baxılacaq. Hadisə kameraya bir az bulanlıq düşüb. Gecə vaxtı idi. Maşının işıqları yanırdı. Kamerada görünür ki, o maşın girir “astanovkaya” yavaş-yavaş gəlir. Orada ehtiyat yol var. Oradan da 80 km-liyə çıxmamış bu hadisə baş verib. Orada baxırıq maşın görünmür. Amma “BMW X5” gəlir. Düz kameranın altında dayanır. “BMW X5”-dən 3 nəfər düşür. Onlar açıq aydın görsənir. Aydın görünür ki, maşında kim olub. 3 nəfərin maşından necə düşməsi bir balaca torlu görsənir. Toru ancaq hüquqi yolla nazirlikdə sildirə bilərlər. Deyirlər ki, “BMW X5” Günayı 120 km-lik yolda vurub. Amma o yolda olmayıb. Çünki biz ora yoldaşımla getdikdə 80 və 100 km-liyin ortasında idi. Amma “BMW X5”-in sürücüsü deyir ki, mən 120 km-lik birinci palasada vurmuşam. Əgər birinci palasada, sağ tərəflə vurubsa bu uşağı heç olmasa qarşı tərəfdəki 120-km-liyə tulluya bilərdi. Uşağın başı çölə tərəf olardı. Amma onun başı əks istiqamətə idi, aeraporta yox. Əzizbəyova tərəfədi başı. Mən ekspertə də dedim ki, hadisənin necə olduğunu araşdırın. Maşın necə vurub, necə qaçıb, harada dayanıb.

Deyirlər biz ora çatdıqda “BMW X5” vurub, ikinci maşın da üstündən keçib. İkinci maşın indiyə kimi ortaya çıxmayıb. Bir dəfə orada dedilər narahat olma, ikinci maşın da qaçmayıb şokdadılar, amma narahat olmayın. İndiyə kimi ikinci maşının adı açıqlanmayıb, üzə çıxmayıb. “BMW X5” vurub onu, güzgüsü də qırılıb. Güzgüsündə qızımın köynəyi var idi. Köynəyinin yarısı orada qalmışdı. Onu sürüyüb, sonra arxa təkərin altına düşüb. Biz bunu çox araşdırdıq. “BMW X5” saxlamayıb. Kamerada görünür ki, möhkəm gedirdi. Zorla kameranın düz altında saxlayıb. 150 metr çox sürətli gedib, qabaqda saxlayıb bunu da kameraya baxsalar biləcəklər.

Əgər kişilik etsəydi, qızımın iyini ondan alardım...

Birinci həyatından xoşbəxt olmamışdı, ikinci həyatından o qədər sevinirdi. İstəyirdilər bir-birlərini. Bəlkə də, bir söz deyib dalaşıblar, dilləşiblər orada. Yəqin elə söz deyiblər ki, uşaq həyatından bezib, nə olubsa özünü atıb. Nə olubsa, bu dəqiqliklə deyilməlidi. Özü mənə zəng edərdi, bilərdim ki, qızımın başı dizlərimin üstündədi. Oturub indi orada ağlayır. Vallah mən qızımın iyini ondan alardım, bilərdim ki, yanında olub, qaçmayıb. Öz nişanlısıdı, nikah da kəsilib, zaks kağızları da evdədi. Ayın 21-də zakslarını alacaqdılar. Bu qədər insafsızlıq olar?! Heç mənim qızım deyil, sənin nişanlındı. Lüt bədənlə qalıb yerdə. Kişilik edib, köyəyini çıxarıb, onun üstünə atmamısan. Cavan qız uşağının bədəni bayırda, çılpaq qalmışdı. Heç nişanlın da deyil, yoldan keçən bir xanımdı: vurulub köynəyini çıxart at üstünə. Kişi lüt qalsa eybi yoxdu, amma qadına olmaz axı. Bu Allaha da xoş getməz. İndiyə kimi demədin, dayı, qadan alım, belə olub. Tonlarla çörək yemişik, qaçırsan. İndi də bilirəm haradasan, sadəcə buraxmışam qanuna.

Ona güləyən qız deyirdilər

Qızım əsəbi olsaydı, stress keçirsəydi... Möhtərəm prezidentimizlə, Tağı müəllimlə şəkilləri var. Səyyad Əlizadəylə klipi var. Ona çox yerlərdən təkliflər gəlirdi ki, bizim verlişdə oxu, mən qoymurdum getsin. Deyirdim metro bəsindi. Pis çıxmasın, metroda hər gün stolunun üstündə gül qoyurdular. Ona hər dəfə güləyən qız deyirdilər. “Zaks”ın müdiri var, gedib ölüm kağızını aldıqda, heç məni tanımırdı. 35-40 yaşında qadın idi. O şəkli gördükdə mənə dedi ki, sizin qızınızla mən bir həftə əvvəl görüşmüşəm. Ona sualım bu oldu ki, “sənin kimi gözəl qız niyə metroda, hava çatışmayan yerdə işləyir?” Şəklini görüb o qədər ağladı ki, yəni bu gözəllikdə qızın getməyi nəinki bizi, bütün camaatı ağlatdı.

Şokda olan adam necə gedib metrostansiyada işləyir?!

Yasının ikinci günü dörd kişi gəlmişdi. Onlar elə “palatkada” söhbət edirdilər. Biz də pis qarşılamadıq ki, yas yerinə gəliblər. Sonradan bilmişəm ki, qohumlarıdı. Söhbət etdilər ki, Rabil şokdadı, pis vəziyyətdədi, sistem köçürürlər. Heç danışa bilmir, qalıb pasteldə. 3 gündən sonra eşitdik ki, Rabil metrostansiyada işə çıxır. Şokda olan adam necə gedib metrostansiyada işləyir?! Özüm demişəm xalasının ərinə ki, Rabili götür, gəl, evdə oturaq dördümüz söhbət edək. Qoy mənə açıqlamalar verilsin ki, hadisə necə olub. Xalasının ərinin özü də deyib ki, səninlə görüşmək istəyir, sənə deyəcək sözləri var. Söz vermişəm, bir şey olmayacaq. Bir şey etmək istəsəydim, indiyə kimi edərdim. Onu tapmağa nə var, bütün günü metrodadı. Etməmişəm, qanuna baxmışam. Rabil, indiyə kimi çıxardın üzə. Artıq gecdi, bunu ya həmin günü, ya da üstündən 5-10 gün keçmiş edərdin. Bir zəng edərdin. Mən neçə dəfə qohumlarına dedim gəlsin. Mənə düzünü deyərdin ki, necə olub. Mənə bir məlumat vermirlər. Yuxarılara yazmışam. Mehriban xanıma da məktub gedib. Amma başlı başına qoymayacam qalsın bunu.

Metrodakı qızlardan biri onu tanımışdı

Videoya diqqətlə baxsaz görərsiniz. Başının üstündə duran vardı. O, Rabilin dostudu. Bizə yenidən bu məlumat gəldi. Metrodakı qızlardan biri onu tanımışdı. Dedilər ki, başının üstündə duran onun dostudu. Ölüm olandan iki dəqiqə sonra dostu gəlib. Dost, sən hardan gəldin çatdın?! Maşın vurub, uşaq yerdədi 3 nəfərdən başqa adam yoxdu. Belə fikirləşək ki, 3 nəfər kim ola bilər?! Biri Rabildi, əlində telefon, danışır. Kadırlara baxdıqda mən gördüm Rabil idi, dedilər əlində telefon rahat şəkildə, gəzə-gəzə telefonla danışır. Faciənin şahidi olan insan onun yaxını olmasa belə, heyrət içində, bir təlaş içində olar. Amma Zaurun verlişində Rabilin xalasının əri Muraz həmişə deyirdi ki, maşın vuran yerdə Rabil qızı qaldırıb dizinin üstünə, 10 dəqiqə qışqırıb adamları çağırıb, səs-küy edib, ağlayıb. Amma son yayılan videoda baxmısız, belə bir şey olub?! Əgər olsaydı, ən azından Rabilin üstündə qan olardı, ancaq heç bir şey yoxdu. 20:27-də maşın vurub, 20:30-da maşın çəkib onu, 20:49-da mənə zəng gəlib. Mən gedib ora çatmışam, qızım necə üzü üstə vurulub düşüb, eləcə də qalmışdı.

102 zəngimizi qəbul etmədi

Hələ ekspertiza gedir, dəqiq məlumat demirlər ki, nə vaxt tamam olacaq. Telefonu da tapılmır. Amma nömrələri çıxarıblar. Kağızda göstərir ki, 3-4 gün qabaq danışıqları kimlə olub. Bundan kimə zənglər gedib və hansı zənglər gəlib. Hamısını çıxarmışıq. Telefon kamerada ağ xəttin üstündə idi. Biz ora çatdıqda qızın qolbağı, boyunbağısı, saatı hamısı qırılmışdı. Başının üstünə yığmışdılar, bircə telefonunu götürüb aparıblar. Hər şeyini – qızıllarına kimi bizə təhvil verdilər. Şübhələnirdik ki, telefon oğlanın maşınında qalıb. Ancaq kameraya baxdıqda xəttin üstündə telefon gördük. Yəqin kimsə götürüb. İki gün telefonuna zəng çatdı. Fikirləşdik ki, ola bilər ölüm baş verən yerdə otluğun içinə atıblar, ya düşüb. Ora getdik, 10 nəfərlə zəng edə-edə, axtardıq. Həmin günü 102-yə də müraciət etdik. 102 heç bizim zəngimizi qəbul etmədi. 50 dəfə 102-yə zəng etdik. Amma nə mənası. 102-nin nəyini reklam edirlər bilmirik.

Rabili sıxmayın, mən burda narahatam...

Rabil Zaurun verilişində dedi ki, Hüseyn dayını görmək istəyir. Biz də razılaşdıq. Dedik onu da eşidək. Bəlkə nəsə bilir. Gəldi, heç girmədi içəri. Necə oldu, mən icazə verdim gəlməyinə?! Podpolkovnik dostum var, ailəvi dostuq. Əsgərlikdə oğlumun komandiri olub. Özü də namaz qılan, dindar adamdır. O qızımın ölümündən 10 gün sonra mənə zəng etdi ki, deməyə dilim gəlmir. Yuxuda qızını görmüşəm. Deyir Əbülfəz dayı, atam yanında? Dedim yox, ora gedirəm. Yanında olanda, xahiş edirəm, ona denən ki, mən burda narahatam. Rabili çox narahat etməsin. Rabili sıxmayın. Mən də bunu yoldaşıma dedim. O da dedi ki, bəs belədi, bəlkə çağırasan, oturub söhbət edək onunla. Rabilə zəng etdim, dedim ki, heç kim olmayacaq. Nə çəkiliş, nə də başqa bir şey. Yoldaşımı götürüm, hara deyirsiz, ora gəlim dördümüz oturaq, söhbət edək. Mənə hadisələrin dəqiqliyini de. Gəl, mənim üzümə kişi kimi and iç, təmizini de, vallah mən keçəçəm üstündən. 3-4 gün keçdi, dedim niyə gəlmədin, deyir işdən içazə ala bilmədim...

Şahidlər qorxur

Şahidlər qorxurlar. Hadisəni görənlər var, amma bir şahid rəyi, fikri yoxdu. Adamı o qədər get-gələ salırlar, yazıqlar qorxur. Bir qadın idi Zaurun verilişində. Gəlmişdi ki, necə olmuşdu mən görmüşəm. O qadını o qədər incitdilər ki... Şəfiqə xanım dedi ki, yalan danışsan sən tutula bilərsən. Qadın da üzə çıxmadı, gizli səslə danışdı. Özü də kənddən gələn qadın idi, harasa gedirmiş. “Astanovkada” dayanıbmış, görüb ki, maşının içində söz söhbət gedir. Pəncərə də açıqdı, qışqır-bağır gedir. “Pəncərələri açıq idi. Mən də eşitdim. Bir-birlərinə təhqiredici sözlər deyir, söyüş söyürdülər”. Dedi ki, mən bir az arxaya çəkildim. Rayondan gəlmişdim, yolumu səhv salmışdım, tanımırdım. Mənə dedilər keç buradan, düş yola, oradan minəcəksən avtobusa, yenidən əks istiqamətdə Əzizbəyova qayıdacaqsan. Evdən zəng edib Zaura dedim ki, ona bir sual verin: mən kameranı görmüşəm. Maşın hansı istiqamətdə dayanmışdı, şəhər yoxsa, aeraport istiqamətində? Buna sual verdilər, dedi ki aeraport istiqamətində dayanmışdı, üzü aeroport tərəfə idi. Bir-birlərilə “spor” edirdilər, sonra gördüm ki, tappıltı səs gəldi, maşın tormuzladı, dönüb baxa bilməzdim artıq. Zaur dedi ki, qadın deyir aeroport istiqamətində. Dayanmışdı. Mən aeroport istiqamətində görmüşəm maşını qızım da orada vurulub. Bu qadın sadəcə kənddən gəlmişdi. Kənd qadınına bir az söz dedikdə, çox üstünə getdikdə qorxur. İndi şəhər adamı olsaydı, o açıb hər şeyi deyərdi. Diribaş olardı, deyərdi nə edirsiz edin, mən gördüyüm şeyi deyirəm.

Maşını “ştrafnoy”dan götürüblər

Başım çıxmadığı üçün vəkilimlə tibbi ekspertiziyaya getmişdik. Dedilər sənədləri ekspertizaya göndərmişik. Orada öyrəndim ki, maşın ekspertizaya göndərilməlidi. Dedim nəyə görə?! Dedilər maşın ekspertizadan keçməlidi. Maşın kameraya düşüb və onun qəza törətdiyi aydındı. Maşını ekspertiza etmişik, indiyə kimi “ştrafnoy”daydı deyirdilər. 4-5 gündü öyrənmişik ki, maşını “ştrafnoy”dan götürüblər. Zəng etdim müstəntiqə ki, mənim icazəm olmadan, məndən icazəsiz niyə maşını götürürsən? Dedi ki, maşın bizə o qədər vacib deyil, biz onu artıq ekspertizaya göndərmişik. Maşını götürmüşük, indi əsas öz dərdimizdi, bütün sənədləri çıxartmışdılar. Sənədlərin yoxlanılması üçün ekspertiziya verirlər.

Tağı Əhmədov işçisinin yasına gəlmədi...

5 il “Metropoliten” üçün canını verdi. Heç nə görmədim, üzlərinə dedim, ayıb olsun. Mənim qızım 5 il zəhərin içində işlədi. O hər gün evə köynəyi qapqara gəldi. Yuyurdu, geyirdi. 5 il uşaq orada canını verdi, bircə nəfər mənim evimə gələn olmadı, ordan. Düzdü, birinci gün qızlar iş yoldaşları gəldi yasa. Yuxarı vəzifəlilərin biri də saymadı. Heç biri gəlmədi, heç biri qapımı açmadı. Başsağlığı belə verən olmadı. Bütün maşinistlər ağlayırdı. Bura gəlmişdilər ki, o stansiyadan keçdikdə, ora baxa bilmirik, divara baxıb keçirik deyirdilər. O qədər hörmət qazanmışdı, amma müdriyyət tərəfdən biri mənim qapımı açmadı. Tağı məllimin özü hər yerə getdikdə o uşağı aparırdı ki, o, ən gözəl qızdı. Şəhidlər xiyabanına getdikdə öndə bunu aparırdı. Sənin işçin idi də... Açmadılar qapımızı... Müavini gələrdi, ya biri qapını açardı, açmadılar. “Azəristar” verlişində 3-cü yerə çıxmışdı. Mahnı oxumuşdu, qəşəng səsi var idi. Mübariz Tağıyevin özü deyirdi ki, uşağı ver, bizim yanımızda oxusun, qoymadım . Hələ də biz onun ölümünə inanmırıq, elə bilirik ki, işdədi, harda olsa gələcək... Günay öləndə Səyyad özü xaricdə idi. Sonra o da gəlmişdi... Deyir, Günaya görə, klipə baxa bilmirəm.

Mənə bir neçə dəfə pul təklif etdilər...

Qəbri Qaracuxur qəbirsanlığındadır. Atam, anam, bacım da elə orada dəfn olunub...Lənkərandan, Şəkidən, Rusiyadan, Türkiyədən gəlib çəkdilər... hələ məsələ bu qədər şişirdilib, bu qədər gizlin qalıb. O gün prokroturadayam, oturub gözləyirdim, yuxarı qalxacaqdım. 10, 15 nəfər arvad gəlib şikayətə. Məni televizorda gördükləri üçün hamı başsağlığı verirdi. Deyirlər ki, yaxşı elədin... Sənin bu işin televiziyada getdi... yoxsa sənin də işinə baxmayacaqdılar. Biri 1 ildi, biri 5 aydı, biri 4 aydı gəlib-getdiyini deyir. “Amma işimizə baxan yoxdu. Sənin bəxtin orada gətirdi ki, televiziyalar gəldi, çəkdi” – deyirlər.
Günayı vuran oğlanın iki dostu bir-iki dəfə gəlib-getdi, sonra heç gəlmədilər. Belə baxdıqda lap qəzadı, vurmusansa, gəlib insanlıq borcunu yerinə yetirməlisən. Nə olardı gəlib başsağlığı verərdin...
Rabilin əmisi, dayısı, bibisi burda oturdular gəldilər mənə pul təklif etdilər, dedim ölün də... Gör nə qədər axmaq insansız ki, mənim qızımın qırxı çıxıb, siz mənə pul təklif edirsiz. Heç utanmırsız? Nə qədər istəyirsiz, mən sizə pul verim. Yüz min verim, qızımı geri qaytar. Utanmırlar dedikləri sözə bax. Şikayət etməyin. Yəni Muraz televiziyada danışır ki, indi bu qız ölüb, allah rəhmət etsin, şikayət etməyin. Yoxsa, bəs Rabil polisdə işləyir, işdən çıxararlar. Görün bunlar utanmadan, ölmədən nələr danışırlar?! Əmisinə, ağsaqqallarına, nənəsinə dedim ki, qızım ölən günü, qızımı maşın vuran günü mən gecə palatkanı həyətdə quran günü, gəlib nəsillikcə palatkanın bir yanında siz durardız, birində də mən durardım. And olsun Allaha ki, keçərdim hər şeydən. Oğlun qızımı atsaydı da maşının altına, keçərdim. Qızımın iyini ondan alacaqdım. 40 gün mənim yanımda durardı. Amma bütün məclisi də yola vermişəm, hər işim bitib, mənə deyir sən 6 minə niyə baş daşı götürmüsən? Deyirəm o mənim balam idi, ona mən on minlik də daş qoyardım. Dedim mən səndən pul istəyirəm, səndən nəysə birşey istəyirəm?! Mənə bir neçə dəfə pul təklif etdilər, dedim gedin qızımı qaytarın, götürüm.

Qızım yuyulmamış dəfn edildi

Mənim qızım yuyulmamış getdi. Qızımı müşəmbənin içində apardıq. Müşəmbəyə büküb, üstündəndə ağ kəfən...məsciddə pambıqla sildilər üzünü... Onu müşəmbəyə bükülü basdırdıq. Səhər idi, evdə baxdıq ki, uşaq şişib...bütün ət dağılmışdı, hamısı bayırda idi, partlamışdı. Gördük şişir, artıq başı şişmişdi, onu təcili götürdük 11-12-nin yarısı idi... götürdük, apardıq....artıq nədən danışım?! O boyda ölüm, o boyda ölüm... Qana-qan demişəm... Əgər Rabil tutulmasa qana-qan olmalıdı... Bunu prokurorluğun da yanında demişəm, müstəntiqin də...

Valideynlərin müraciəti:

Haqq, ədalət öz yerini tapacaq, biz sahibsiz ölkədə yaşamırıq. Mən xahiş edirəm Möhtərəm prezidentimiz İlham Əliyevdən və Mehriban xanımdan, Azərbaycanın Daxili İşlər naziri Ramil Usubov, Baş Prokuror Zakir Qaralovdan ki, mənim balamın qanı yerdə qalmasın. Hüquqla, qanunla cinayətkar tapılsın, istintaq öz işini yerinə yetirsin.

Mən Mehriban xanıma müraciət edirəm, siz də anasız məni yaxşı başa düşərsiz, bala nə qədər şirindi. Bir onu bilirəm ki, balamın qatili havada gəzir, oturub işini işləyir. Ancaq mənim balam torpaq altında yatıb. Oyanmayan bir yerə gedib. Çox xahiş edirəm, qatili tapsınlar, cəzasını versinlər.


Elmar Hüseynov

 






14 Yanvar, 2014  11:16 Baxılıb: 63933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner