Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Lətifə Soyuöz: “Mən də istəyərəm əsər yazım, kitabım olsun...”

Kitabxana rubrikamızın budəfəki qonağı  vokal ifaçısı Lətifə Soyuöz idi. Onun kitab həvəskarı olması və ədəbiyyatı sevməsi söhbətimizin daha maraqlı etdi. Simsar.az gənc sənətçi ilə müsahibəni təqdim edir:

- Kitab oxumağa vaxt tapırsız?

- İşimlə əlaqədar boş vaxtım çox az olur, ancaq kitab oxumağa vaxt tapıram. Onu deyim ki, hazırda Elif Şafakın kitabını oxuyuram.

- Elif Şafak? Müasir türk ədəbiyyatı ilə maraqlanırsız?

- Düzünü desəm, Elif Şafak ilk türk müəllifidir ki, onu oxuyuram.

- Orxan Pamuku tanıyırsız?

- Tanıyıram, bilirəm ki, dünyada məşhurdur, “Nobel” mükafatı laureatıdır. Əslində, Elif Şafakın kitabını alanda Orhan Pamukun da kitabı var idi. Ancaq, nədənsə, Elif Şafakı seçdim.

- Ən sevimli yazıçılarınız kimlərdir?

- Sesiliya Aherni xüsusi qiymətləndirərdim. Onun bütün kitablarını oxumuşam. Bundan əlavə, Duqlas Kennedi, Dostoyevski, Xalid Hüseyni, Mark Levi sevdiyim yazıçılardır. Ümumiyyətlə, bu siyahını uzatmaq olar, ancaq adlarını çəkdiklərim mənim üçün xüsusi olanlardır. Duqlas Kennedi və Sesiliya Ahern, bir növ, məni həvəsləndirir, ilhamlandırır...

- Bəs sizi ən çox təsirləndirən əsərlər hansılar olub?

- Duqlas Kennedinin “Xoşbəxtlik arxasınca qaçan adam”, Xalid Hüseyninin “Çərpələng uçuran”, “Min möhtəşəm günəş” əsərləri mənə çox təsir edib...

- Bəziləri düşünür ki, Xalid Hüseyni Amerika təfəkkürlü yazıçıdır. Ona görə, onun əsərlərini qəbul etmirlər. Siz hansı fikirdəsiz?

- Mən belə deməzdim. Bunu deyənlər Əfqanıstanın bu günü ilə yaşayanlardır. Halbuki, bu ölkə həmişə belə olmayıb. Xalid Hüseyninin əsərləri ilə biz Əfqanıstanın tarixini, mədəniyyətini, məişətini öyrənə bilirik. Onun əsərləri ilə biz köhnə Əfqanıstanı tanıya bilirik, hansı ki, həmin Əfqanıstanda insanlar gözəl yaşayırdılar, gözəl geyinirdilər, ziyalı insanlar var idi. Ancaq son dövrlərin siyasi hadisələri nəticəsində bu ölkənin adı eşidiləndə ağla terror gəlir... Əfqanlar belə bir yazıçıları olduğu üçün fəxr etməlidirlər.

- “Min möhtəşəm günəş” əsərində Məryəmin əzablarına səbəb kimi anasının səhvlərini göstərmək olar?

- Əslində, onun əzablarında təkcə anası günahkar deyildi. Mən deyərdim, atasının səhvləri daha böyük idi. Anası öləndən sonra o, Məryəmi digər qızlarından fərqləndirməməli, qarşısına çıxan ilk adama ərə verməməli idi. Düzdür, sonda o, qızından üzr istədi. Ancaq nə fayda...

- Üstünlük verdiyiniz janr var, yoxsa bunun sizin üçün əhəmiyyəti yoxdur?

- Romantik janra üstünlük verirəm. Bununla yanaşı, məişət və həyati mövzularda oxumağı sevirəm. Dram janrı da üstünlük veridiyim janrlardandır.

- Romantik janrı sevirsiniz. Bəs Paolo Koelyonu tanıyırsız?

- Tanıyıram. Ancaq əsərləri ilə tanış deyiləm.

- Bu onun əsərlərindən biridir (“Rio-Pyedranın sahilində oturdum və ağladım” kitabını Lətifə xanıma təqdim edirik).

- Mütləq alıb oxuyacağam.

- Kitab seçərkən kimlərdən məsləhət alırsız?

- Ümumiyyətlə, mən kitab almaq istəyəndə əvvəlcə kitab mağazalarının internet saytlarına  daxil oluram. Orda kitablar haqqında qısaca yazılır. Bəyəndiklərimi özüm üçün qeyd edirəm. Sonra mağazadan gedib həmin kitabları tapıram. Onu deyim ki, mən elektron variantda kitab oxumağı sevmirəm. Gərək, kitabı hiss edəm. Ona görə, kitabın üz qabığı da mənim üçün çox əhəmiyyətlidir. Üz qabığı diqqətimi çəkməlidir. Ümumilikdə, nəşr baxımından kitab keyfiyyətli olmalıdır.

- Azərbaycan ədəbiyyatı ilə aranız necədir?

- Düzünü desəm, dünya ədəbiyyatına daha çox üstünlük verirəm.

- Kamal Abdullanı tanıyırsız?

- Yox.

- Bu yaxınlarda onun “Sehrbazlar dərəsi” romanı yapon dilinə tərcümə olundu. Dünyada kifayət qədər məşhurdur.

- Növbəti dəfə kitab almağa gedəndə mütləq Kamal Abdullanın da kitablarını alacağam.

- Bəs Çingiz Abdullayevi necə?

- Tanıyıram. Bilirəm ki, kitabları dünyada böyük tirajlarla dərc olunur. Ancaq dedektiv ədəbiyyatla aram yoxdur.

- Məktəb dövründə oxuduqlarınızdan nələr yadınızda qalıb?

- Krılovun təmsillərini xatırlayıram. Amma, ümumilikdə, həmin vaxt oxuduqlarım yaxşı yadımda deyil. Çox vaxt keçib...

- Bəs “Xoruz” şeiri necə, onun müəllifini xatırlayırsız?

- Yox, bilmirəm.

- Abdulla Şaiq. Nədənsə, çoxları bu şeiri bilir, ancaq müəllifini tanımırlar. Ancaq ümumilikdə ədəbiyyata marağınız sevindiricidir.

- Çox sağ olun.

- Heç yazı-pozu ilə məşğul olmusuz?

- Yox. Ancaq yaxşı ssenari yaza bilərəm (gülür). Özümü yazmaq sahəsində sınamamışam. Amma çox istəyərəm... Kitabları oxuyanda adam həvəslənir. Mən də istəyərəm  bir əsər yazım, kitabım olsun...

- Gündəlik necə, yazmısız?

- Çox yazmışam. Amma hamısı yarımçıq qalıb (gülür). Uşaq vaxtı yazırdım. Bir az yazandan sonra da yorulub saxlayırdım. Ona görə, hamısı yarımçıq qaldı. Sonra da onları itirdim. Hazırda yazmıram. Düzünü desəm, vaxt da tapmıram.

- Ədəbiyyatımızdakı yeni istiqamətləri necə qiymətləndirirsiz?

- Gənc müəlliflərin sayı çoxalıb. Bu, sevindirici haldır. Müasir əsərlər nəticə etibarilə Azərbaycan ədəbiyyatının inkişafına müəyyən tövhələr verir. Gənclər müasir həyati prosesləri yaxşı izləyib, öz əsərlərində təhlil və təqdim etməyə çalışmalıdırlar. Bir neçə gənc yazarın uğurları haqda da eşitmişəm.

- Kimlərin?

- Elçin Səfərlini mənə daha çox tərifləyiblər. Onun haqda çox eşitmişəm. Ancaq hələ fürsət olmayıb onun əsərləri ilə tanış olum. Güman ki, tezliklə oxuyacağam.

- Bəlkə, başqa nəsə demək istəyirsiz?

- Hər kəsi kitab oxumağa çağırıram. Kitab insanı tərbiyə edir, yetişdirir... Düşünürəm ki, kitab insanın tələbatlarından biridir. Buna görə, gərək, hamı tələbatını ödəsin.

Vüsal Məmmədzadə

 






2 Yanvar, 2014  11:10 Baxılıb: 2551 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner