Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gülüşü ilə düşündürən – “MOZALAN” – ARAŞDIRMA

1970-1980-ci illərdə televiziya ekranlarında böyük maraqla izlənən “Mozalan” adlı satirik bir kinojurnal var idi. Cəmiyyətdəki qüsurları, çatışmazlıqları tənqid edən jurnalı xalqa sevdirən təkcə onun haqq-ədaləti müdafiə etməsi deyildi. Jurnala bu uğuru qazandıran həm də onun möhtəşəmliyi idi. Vızıltı ilə uzaqdan “uçub ekranda dayanan” mozalan yayı çəkib oxu atır, hədəfin ünvanını isə bizə süjetin adı çatdırır. Giriş hissənin təqdimatı, o cümlədən süjetin adı, mətnin səsləndirilməsində intonasiya və ifadə tərzi, eyni zamanda qısa vaxt ərzində böyük bir problemin mahiyyətini və onun yaranma səbəbini ustalıqla çatdıran  aktyor oyunu  orijinal və maraqlı idi.

“Mozalan”satirik kinojurnalı necə yarandı?

“Mozalan” satirik kinojurnalı kecmiş Sovetlər dönəmində – 1970-ci ildə kinostudiyanın nəznində yaradıldı. İlk redaktoru Əkrəm Əylisli təyin edildi və onun dövründə – 1971-ci ildə jurnalın yalnız bir nömrəsi dərc olundu. İlk yaradıcı heyətə Oqtay Mirqasımov, Seyfulla Bədəlov, Rasim Ocaqov, Rafiq Tağızadə, Arif Babayev, İsi Məlikzadə və başqaları daxil idilər.

İlk nömrədə üc sujet var idi: “Hörmətli alim yoldaşlar” sujetində yeni yaranan “Mozalan” satirik kinojurnalının mənşəyi və məramı bəyan olunurdu. “Yüz vəd bir  borcu ödəməz” adlı 2-ci sujetdə isə Salyan rayon Nəvahi kəndinin məktəb binasındakı tikinti işlərinin ləngiməsindən danışılırdı.

3-cü süjetdə – “Çay daşının göz yaşı”nda isə yeni tikintilər zamanı şəhərimizin qədim memarlıq və incəsənət abidələrinin ümumi ansamblının  nəzərə  alınmaması tənqid olunurdu.

Tezliklə Eyvaz Borçalı jurnala redaktor təyin edilir. Bununla da işin ümumi gedişatında böyük dəyışikliklər edilir. Oqtay Mirqasımobv sonra isə Ziyafət Abbasov bəddi rəhbər kimi, Mirzə İbrahimov, Abbas Abdulla, Fərman Kərimli, Anar, Vaqif Mustafayev, Ceyhun Mirzəyev isə müəlliflər kimi  işə cəlb olunurlar. Bununla da Azərbaycanın ən böyük satirik jurnalında böyük bir yaradıcı ordu yaranır. Artıq  “Mozalan”ın ildə 4 nömrəsi hazırlanırdı.

Eyvaz Borçalı: “Nə qədər kəskin tənqid edirsən et, ürəyin yanmalıdı”

“Mən jurnala gələndə artıq 2-ci nömrənin çəkilişləri başlamışdı, - deyə bu nömrənin sonunda Əylislinin imzasını verdik. Mənim 13 illik redaktorluq dövrümdə jurnal bir yaradıcı idarə, lobarotoriya idi. Burda yeni jurnalist, operator, montajçı yetişirdi – kadr hazırlığı vardı”. Bu sözlər uzun müddət “Mozalan”a rəhbərlik etmiş Eyvaz Borçalıya məxsusdur. Redaktor jurnalın hər bir işçisinin yaradıcılıq həvəsində olduğunu və “Mozalan”ın “Molla Nəsrəddin”in ekran variantı səviyyəsinə qaldırmağa çalışdıqlarını deyir.   “İndi çox məşhur insanlar var ki, bu jurnalda püxtələşiblər. Ramiz Ocaqov operator idi deyə, relissor işini ona vermirdilər. “Mozalan”da sujetlər çəkdi və müəyyən vaxtdan sonra rejissor kimi işləməyə başladı. Yəni jurnalın hər bir işçisində yaradıcılıq həvəsi və işgüzarlıq var idi. Biz Mirzə Cəlili, Sabiri oxuyurduq. Və calışırdıq ki, “Mozalan” “Molla Nəsrəddin”in ekran  variantı  səviyyəsinqdə olsun. Tezliklə biz 4 nömrənin puluna 5-ni, sonra 8-ni, sonra 12-ni çəkdik. Bizim geniş əlaqələrimiz vardı və hər bir  işçimiz sanki müstəntiq işi görürdü. Amma buna baxmayaraq devizimiz belə idi: Nə qədər kəskin tənqid edirsən et, sənin ürəyin yanmalıdı, bu ağrı, bu yangı isə hiss olunmalıdı”.

Heydər Əliyev “Mozalan”ı tərifləmişdi

“Biz ildə 4 nömrə hazırlayanda təəccüblənmişdilər. Cavan idik, gecə də qalıb çəkilişləri davam edirdik. Elə oldu ki, bizə verilən 8 sujetdə dəyişiklik edib, 12 sujetə  çevirdik. Bu, həm maddi cəhətdən bizə kömək oldu, həm də ittifaq miqyasında birincilik qazandıq”. “Mozalan”da daimi rol alan əməkdar artist Şamil Süleymanov o günlər haqqında belə deyir. O, kinojurnalın uğurlarından birini də böyük şəxsiyyətlərlə bağlayır. “Mozalan”a şöhrət gətirən həm də sujetlərdə nəhəng aktyorların – İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Səməndər Rzayev, Hacıməmməd Qafqazlınin iştirakı idi. O cümlədən xalq yazıçısı Anar, Elçin, Məmməd Araz, Sabir Röüstəmxanlı,  Ramiz Rövşən, Fikrət Qoca – böyük bir ordu  kiojurnal üçün  çalışırdı. Bu insanlarla bir yerdə işləmək və çəkilmək çox maraqlı idi. Həmişə epizodik rollarda, çox zaman da kütləvi səhnələrdə iştirak edirdim. Hətta məni çəkilişdə görən kimi hamı başlayırdı gülməyə. Bəzən Ceyhun mənə acıqlanırdı ki, hansı aktyor  yoxdusa, Şamil onun yerindədi. Gənc idim və “Mozalan” mənim yaradıcılığımda bir eksperiment idi.  Bu jurnalı həm də bir arxiv hesab etmək olar. Məsələn, Telman Adıgözəlov ilk addımını burada atıb.  Fazil Salayev – Əliağa Ağayev dueti var burada. Böyük sənətkarlar Həsən Turabov, Hamlet Xanızadə “Mozalan”a özlərini kəşf etməyə gəlirdilər. Yadımdadı, bir dəfə ölkə başçısı Heydər Əliyev çıxışlarının birində “Mozalan”ı tərifləmişdi. Bu qiymət, hamımızı sevindirmişdi. Buna görə, Eyvaz Borçalı bütün kollektivə qonaqlıq verdi. Ümumiyyətlə, kollektivdə “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipi var idi. Bu birlik isə Eyvaz Borçalınin sayəsində yaranmışdı və o qədər möhtəşəm idi ki... Belə bir kollektivin ərsəyə gətirdiyi  “Mozalan”ı  Eyvaz Borçalının sənət əsəri də hesab etmək olar”.

10 ilə 60 nömrə və  Fəxri Fərman

Qüsurlara qarşı kəskin publisistik çıxışlar edən jurnal cox qısa müddətdə öz operativliyi, mövzu seçimi və  bunları xüsusi baçarıqla  çatdırması nəticəsində xalq arasında şöhrətlənir və sevilir. Eyni zamanda, idarə və təşkilatlar jurnalın tənqidi çıxışlarını öz  iclaslarında  müzakirə  edir, əməli tədbirlər görürdülər.

1974-cü ildə jurnal “Dəyirman bildiyini eləyir” və “Keyfiyyət nişanı” sənədli sujetlərində Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsullarını kəskin təndid edir. Bundan sonra  karamel fabrikinin üç növ məhsulu keyfiyyət nişanından məhrum edilir. 1978-ci ildə – jurnalın tənqidi çıxışından sonra Qobustanda daş karxanası bağlanır. Elə həmin il çəkilən daha bir tənqidi sujet isə Bakı Şəhər İcraiyyə Komitəsinin sifarişi əsasında 7 il əvvəl tikilməyə başlayan doqquzmərtəbəli binanın  hələ də yarımçıq qalması və artıq zibilxanaya dönməsi haqqında olur. “Medalın o biri üzü”, “Şişirdilmiş beşlər” adlı kəskin sənədli sujetlərdə ümumtəhsil məktəbləri məzunlarının attestat qiymətlərinin şişirdilməsindən, layiq olmayanlara qızıl medal verilməsindən bəhs edilirdi.

Jurnalən 50-ci nömrəsində “Düzələr”, “İpək də parçadır” və “Mozalan”ın qonağı” adlı üç sujet çəkilir. Sonuncu sujetdə bəzi idarələrdə kadrların düzgün yerləşdirilməməsi tənqid edilir. Nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi jurnalın işini yüksək qiymətləndirir. 1979-cu ildə  qərar verir ki, “Mozalan” satirik kinojurnalınin redaksiyası C.Cabbarlı adına “Azərbaycanfilm kinostudiyasının tərkibindən ayrılıb, Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsinin orqanına – “Mozalan” respublika satirik kinojurnalının təsərrüfat hesablı müstəqil baş redaksiyasına çevrilsin. Respublika Teleradio Verilişləri Komitəsinə təklif edilir ki, “Mozalan” televiziya ilə müntəzəm olaraq göstərilsin. Eyni zamanda respublika qəzetlərinin redaksiyalarına tapşırılır ki, vaxtaşırı jurnalın aktual məsələlərə dair ayrı-ayrı sujetlərinin və tematik çıxışlarının xülasəsini dərc etsinlər.

1981-ci ildə isə “Mozalan” satirik  kinojurnalı zəhmətkeşlərin kommunist tərbiyəsi sahəsində səmərəli işinə və birinci nömrəsinin ekrana buraxılmasınin 10-cu ildönümü ilə əlaqədar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin  Fəxri  Fərmanı ilə təltif edilir.

İkinci 10 illik və 151-ci nömrə

“Mozalan”ı xalqa sevdirən onun həm də maarıfləndirici xarakterli ibrətamiz çıxışları idi. Jurnalın 96-cı sayı sərxoşluq və tufeyliliyin insanı cinayətkarlıq girdabına sürükləməsinə həsr olunur. “Cinayətin astanası”,  “Cazibə qüvvəsi” adlı sənədli süjetlər içki və siqaret düşkününün acınacaqlı aqibətindən bəhs edir. “Nəvəmin nəvəsinin nəvəsi”  bədii sujet isə gənclərə bir ibrət dərsi idi.

1982-ci ildə jurnalın 10 illiyi elə yüksək səviyyədə qeyd olunmuşdu ki...“Sovetskaya kultura” qəzeti bu haqda böyük bir məqalə dərc etmişdi.

1985-ci ildə “Bədii sujetlərdən ibarət bir hissəli satirik komediya” ilə “Mozalan”ın 100-cü nömrəsi ekranlara çıxır.

“Bakinski raboçi” qəzeti 29 sentyabr 1985-ci il tarixli sayında yazırdı “Mozalan” cəmiyyətimizdə yüksək tələblərlə yaşamaq istəməyənləri, tüfeyliliyə və təsərrüfatsızlığa imkan yaradanları, kommunist əxlaq prinsiplərini pozanları ox atəşinə tutur”

Sonrakı 5 ildə daha 51 nömrə çəkməklə ikinci onillikdəki nömrələrin sayı 91-ə çatdırılır. Beləliklə  “Mozalan”  20 illik fəaliyyətini  151  nömrə ilə başa vurur.

“Mozalan”dakı redaktorluqdan, kinostudiyaya direktor

“Mozalan”in redaktoru Eyvaz Borçalı 1974-cü ildə Azərbaycanda ilk dəfə “qızıl qələm” mükafatəna layiq görülür. 1981-ci ildə isə ona Azərbaycan kinosunda satirik kinopuplisistikanin əsasını qoyduğuna görə, əməkdar incəsənət xadimi adı verilir. E.Borçalı daha sonra Şərəf Nişanı Ordeni və Əmək Rəşadətinə görə ordenləri ilə,  2 dəfə Ali Sovetin  Fəxri Fərmanı ilə təltif olunur. 1986-cı ildə Mərkəzi Komitənin qərarı iıə onun vəzifəsi böyüdülür və kinostudiyaya direktor təyin edilır. Bir müddət sonra isə “Kirpi” jurnalına baş redaktor  göndərilir.

3-cü 10 illik – “Mozalan”ın fəaliyyətində problemlər

Eyvaz Borçalıdan sonra jurnala rəhbərlik edən Ziyafət Abbasovun redaktorluğu ilə 1991-1992-ci illərdə-iki il ərzində daha 12 nömrə çəkilir. Və “Mozalan” 163-cü sayında dayanır.  Beləliklə,  jurnal  3-cü 10 illiyi 12 nömrə ilə başa vurur.

4-cü 10 illik-2000-2010-cu illərdə jurnalı yenidən canlandırmaq cəhdləri onunla nəticələnir ki, 2007-ci ildə Orxan Fikrətoğlunun redaktorluğu ilə “Mozalan” uzun fasilədən sonra bir nömrə ilə yenidən ekranlarda görünür. Nömrədə 3 sujet var idi -“Məna” və “Vətənpərvər” adlı  iki qısametrajlı bədii sujetlər. Üçüncü sujet isə “Əjdaha” cizgi filmi idi. Eyni zamanda jurnalın televiziya versiyası hazırlanır və bugünə qədər çəkilən bütün nömrələr bura daxil edilir. 2009-ci ildə isə “Mozalan” İspaniyanın  “Aktualidad” jurnalının təsis etdiyi keyfiyyət və nüfuz  lideri”  beynəlxalq mükafatına layiq görülür.  Müasir “Mozalan”da  yaşlı nəslin nümayəndələri ilə birgə gənclər də çalışır. Ramiz Əzizbəyli, Ənvər Əbluç Nicat Feyzullayev, Ələkbər Muradov, Fikrət Əliyev və başqaları. Rejissor Emin Mirabdullayev isə kinojurnalın həm rok, həm də muğam janrında musiqili versiyasını hazırlayır.

“Mozalan”ın bugünkü vəziyyəti və gördüyü işlər haqqında məlumat əldə etmək üçün Orxan Fikrətoğlu ilə telefon bağlantısı yaratmağa  çalışsaq da cəhdimiz nəticəsiz qaldı.

Susmağı ilə möhtəşəmliyini qoruyan “Mozalan”

İndi cəmiyyətdə baş verən qüsurlar “görünməz” olub. Yəni səhvlə düzü seçmək sovetlər dövründəki kimi asan deyil. Bu gün biz nəyə və necə gülürük? Və yenidən uçmağa hazırlaşan “Mozalan” bu “qaranlıqda” öz yerini və hədəfini tapıb, 30 il əvvəlki adını doğrulda biləcəkmi? Eyvaz Borçalının bu barədə düşüncələri çox ibrətamizdi: “İndi cəmiyyətimizin tənqidi fikrə daha böyük ehtiyacı var. Amma tənqid üçün yumoristik yaradıcılıq, daha böyük ustalıq, sənətkarlıq lazımdı. Bir də canıyananlıq, insanın düz yoldan sapmasına acımaq, ağrımaq gərəkdi. İndi yumor göstərən çox olsa da, onlar məhz sənətkarlıq baxımından  bayağıdı - adamı qıdıqlayıb güldürmək kimidi”.

Şamil  məüəllim isə “Gülüş 380 voltluq gərginliyə bənzəyir, başqasının eybinə gülmək asan deyil. Odur ki, satiranı ezop dilində demək lazımdı. Ümumiyyətlə söz deyəndə ehtiyatlı olmaq gərəkdi, qəlbi sındıra bilərsən. Necə deyərlər, Məkkəyə getməsən, Allah səni bağışlayar, amma “insan qəlbindəki Allah evi”ni qırsan Allah bunu bağışlamaz” –deyir.

P.S. Hələ ki “Mozalan” susur. Bəlkə də, hər deyimində bir hikmət gizlənən və bu hikmətləri ilə xalqa xidmət göstərən “Mozalan” 20 ilə yaxın bir müddətdə süniləşən və sərtləşən, bütün dəyərləri adiləşən dünyamızda adamları “qıdıqlayıb” güldürməkdənsə, yaddaşlarda qalan möhtəşəmliyini  susmağıyla qoruyub-saxlamaq istəyir? Bunu zaman göstərəcək.

İsmət Ələkbərqızı






13 Dekabr, 2013  15:49 Baxılıb: 4294 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner