Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bəhram Nəsibovun qızı: “Atam zəmanə adamı deyildi” – MÜSAHİBƏ

Güldəstə Nəsibova: “Mahnıları ifa olunanda ya təsnif, ya qa xalq mahnısı kimi təqdim edilirdi, müəllif kimi onun adı çəkilmirdi”

Təxminən 15 - 20 il əvvələ qədər məşhur müğənnilərin ifasında  xalqın sevə-sevə dinlədiyi və az qala hamının əzbər bildiyi bir neçə mahnı var idi – “Sən də həmdəm, mən də həmdəm”, “Bağışla”, “Qarabağ”, “Var gülüşündə”, “Eşqimin baharı”, “Sahildə”, “Sən güləndə”, “Xatırla məni”, “Qoca qartal”, “Qal, sənə qurban”, “Xatirəsən”, “Dağ qartala yaraşır”  və s. Amma onlar xalq mahnısı kimi tanınırdı, çünki təqdimatda belə deyilirdi. Sonradan məlum oldu ki, ayrı-ayrı müğənnilər tərəfindən sevilə-sevilə oxunan 200-dən artıq bu tip lirik mahnılar var ki, onlar nə təsnif, nə də xalq mahnısı deyil. Bu mahnıların və onların böyük əksəriyyətinin sözlərinin də müəllifi Bəhram Nəsibovdu. Bəs görəsən müəllif kimi niyə onun adı hec vaxt çəkilməyib? Arayıb-axtardıq və suallarımızı cavablandırmaq üçün Güldəstə xanımla – Bəhram Nəsibovun qızı ilə görüşdük.

-Güldəstə xanım, ilk olaraq bir az atanız haqqında danışardız...

- Atam Füzuli rayonunda anadan olub. Nənəm danışırdı ki, müharibə başlanan gün elə evdə doğulub. Odu ki, atamın doğum şəhadətnaməsi olmayıb. Sonralar  özünə  şəxsiyyət vəsiqəsi alanda nədənsə 1942-ci il yazıblar. Orta  məktəbi bitirəndən sonra  Bakıya gəlib. İncəsənət Universitetinin musiqili komediya  şöbəsinə daxil olub. Ədil İsgəndərovdan, Sultan Dadaşovdan dərs alıb. Amma atamın aktyorluğa yox, musiqiyə böyük həvəsi olduğundan, uşaqlıqdan özü tarda ifa etməyi öyrənmişdi. Əmisi Bayram xanəndə, atası – Paşa babam da  tar ifaçısı idi.  Atam da onlarla birlikdə el şənliklərinə gedirmiş. Universitetdə oxuduğu illərdə tələbələrin kurs imtahanı üçün  hazırladıqları tamaşalara musiqi yazırmış. Sonralar Seyid Şuşunskinin səsyazma studiyasında işləyir, həm ansamblda, həm də el şənliklərində onu tarda müşaiyət edirmiş.

-İlk mahnısı hansı olub, kim ifa edib?

-İlk mahnısı “Qarabağ” idi, mahnının sözlərini də özü yazmışdı. Mahnını xalq artisti Arif Babayev ifa edirdi. Ümumiyyətlə onun mahnılarını respublikamızın məşhur xanəndələri Rübabə Muradova, Teymur Müstafayev, Tələt Qasımov, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Nəzakət Məmmədova, Elmira Rəhimova, Arif Babayev, İslam Rzayev, Səkinə İsmayılova və müasir müğənnilərin, demək olar ki, əksəriyyəti ifa edirdi. Onu deyim ki, əksər mahnılarının sözlərini də atam özü yazırdı. Amma  mahnıları ifa olunanda ya təsnif, ya qa xalq mahnısı kimi təqdim edilirdi, müəllif kimi onun adı şəkilmirdi.

-Niyə atanız öz haqqını tələb etmirdi,  yoxsa tələb edirdi, onun haqqını vermirdilər?

-Cəhd edirdi, hərdən haqqını tələb edirdi. Hətta  1975-ci ildə 5  mahnısını qeydiyyatdan da keçirmişdi.  Amma o dövrdə rejimin öz tələbləri var idi – müəllifliyini təsdiq etmək üçün mütləq musiqi təhsilin olmalı idi. Həm də bilirsiz, atam çox abırlı insan idi. Üz tutduğu yerdən bir dəfə etinasızlıq görəndə ikinci dəfə o qapını döyməzdi. Zəmanə adamı deyildi.

- Daha çox nədən təsirlənirdi, onu danışdıran nə idi – sevinc, kədər, ədalətsizlik, yoxsa...

- Əksər mahnılarında lirik motivlər güclü idi. Yəqin bu, xarakterindən irəli gəlirdi. Atam deyən-gülən, çox şən adam idi. Şerlərində isə hər iki çalar var idi – sevinc də, kədər də. Mənə elə gəlir ki, nisgili ancaq müəllif kimi tanınmaması idi. Çünki şəxsi həyatında kədərlənməyə elə bir əsası yox idi. Evimizdə həmişə bir harmoniya, anlaşma olub, anamla bir-birlərini başa düşüblər. Biz dörd uşaq olmuşuq, amma  ailəmizdə hansısa narazılıq, söz-söhbət olduğu yadıma gəlmir.  Doğrudur, o, 1989-cu ildə dünyasını dəyişəndə hələ heç birimiz ailə qurmamışdıq, amma atam övladlarına yaxşı təhsil vermişdi. Onun sağlığında mən BDU-nun jurnalistika fakultəsində, qardaşım İncəsənət Universitetinin rejissorluq kursunda oxuyurduq.  Atamdan sonra isə bacım Xarici dilləri, ikinci qardaşım isə İqtisad Universtitetini bitirdi.

- Xarakteri necə idi, ata kimi yadında necə qalıb?

-  Atamı evdə o qədər az görürdük ki... El arasında deyilən kimi “kon-kon qonağı” idi. Bəlkə də bizə elə gəlirdi,  istəyirdik ki, həmişə onun yanında olaq. Çünki  bizi çox istəyirdi, anam bizi tənbeh edəndə ona acıqlanırdı ki, uşaqları incitmə. Atam sərt, tələbkar adam deyildi. Yaradıcılığına qarşı münasibəti necə idisə, bizə qarşı da elə idi. Günün çoxunu toylarda, səsyazma  studiyalarında, məşqlərdə keçirsə də vaxtaşırı bizi gəzməyə aparırdı, ən çox da rayonlara. Özü də tarixi yerlərdə gəzərkən bizə maraqlı faktlar danışırdı.

- Ən çox hansı mahnısını və kimin ifasında eşitməyi xoşlayırdı?

-Hansısa mahnısına xüsusi diqqət verdiyini sezməmişəm, hamısını eyni səviyyədə sevirdi. Atam çox təvazökar adam idi. Bir dəfə Amerikada yaşayan,  çənubi Azərbayçandan olan bir nəfər Vətən Cəmiyyətinin xətti ilə gəlib bizi tapmışdı. Atamın əllərindən öpüb  deyirdi ki, “Xatırla məni” mahnısını bir ştatdan o birinə gedənə qədər yol boyu dönə-dənə oxuduram. Orada yaşayan  azərbaycanlılar bu mahnını bütün məclislərdə oxudurlar. Amma atam heç vaxt qürurlanmaz, məni dünyada tanıyırlar, deməzdi.

- İndi necə, onun mahnılarını toplayıb diskə yazdırmaq olmazmı?

- Artıq buna başlamışam, 287 mahnısı toplanıb iki qrup üzrə cəmləşdirilib – öz şerlərinə yazdığı va başqa müəlliflərin sözlərinə yazdığı mahnılar. Müəllif hüquqları agentliyindən qeydiyyatdan da  kecirmişik.

- Bu xəbər Bəhram Nəsibovun mahnılarını sevən hər kəsi sevindirəcək,  xüsusilə bu günü həsrətlə gözləyən dostlarını. Belə insanlar yəqin ki, çoxdu. Bəs sağlığında atanızın yaxın bildiyi sirdaşı, simsarı kim idi?

- Kamança ifaçsı  Abdulla Abdullayev ilə tələbəlik illərindən dost idilər, sonra ailəvi dost oldular. Tez-tez bizə gələrdi. Sirləri bir idi. Hərdən bir-birləri ilə işarə ilə, üstüörtülü danışırdılar. Biz bilməzdik söhbət nədən gedir. Atamdan 2 il sonra da o rəhmətə getdi.

- Atanızın sənətini övladlarından hansısa biri davam etdirir?

- Biz 4 uşağıq – 2 qardaş, 2 bacı. Hamımızın musiqi təhsilimiz var. Qardaşlarım tar sinfini, bacımla mən fortopiano sinfini bitirmişik. Buna baxmayaraq, hec birimiz musiqiçi olmadıq. Amma böyük oğlum Toğrulun 13 yaşı var. Hərdən “Buleyli” mahnısını oxuyur. Soruşur ki, səsim var, oxuya bilərəm? Hiss edirəm ki, musiqi alətində ifa etməyə də həvəsi çoxdu. Musiqi məktəbinə – tar sinfinə yazdıracam. Atamdan yadigar qalan tar, cürə sazı, gitara var. Qismət olsa, Toğrul onları xalqın qarşısında dilləndirib, babasının mahnılarını səsləndirər...

- Biz də Toğrula uğurlar diləyib, Bəhram Nəsibovun ruhu şad olsun deyirik.

 

İsmət Ələkbərqızı

 






9 Dekabr, 2013  09:53 Baxılıb: 3052 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner