Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Lalə Məmmədova: “Onu oxuyanda qadın olduğunu anlayırsan” - MÜSAHİBƏ - FOTOSESSİYA

“Kitabxana” rubrikasının budəfəki qonağı əməkdar artist Lalə Məmmədovadı. Müsahibim, nəinki Azərbaycan ədəbiyyatını, hətta xarici ədəbiyyatın ən tanınmış simalarını da oxuyur. Biz də qonağımıza iki kitab - Qabriel Qarsie Markesin “Yüzilin tənhalığı” və Orxan Pamukun “Qar” əsərlərini hədiyyə apardıq. Həmsöhbətimin məmnunluq qarışıq bir maraqla kitabları nəzərdən keçirdiyini görüb söhbətə elə bu haqda sualla başladım:

-Çox maraqlı kitablardı, oxumusuz?
- Nə yalan danışım, heç birini oxumamışam. Amma Qabriel Qarsia Markesin aforizmlərini çox sevirəm. Məsələn, onun bu ifadəsini həmişə işlətmişəm “Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə”. “Kimin nə vaxt və nə zaman sənə aşiq olacağını hesablaya bilməzsən”. Orxan Pamuka gəlincə isə məncə böyük yazıçıdır. Hadisələri çox mükəmməl təsvir etmək və insanların talelərini əks etdirmək baxımdan çox güclüdür. Amma onun Nobel mükafatı almaq üçün qondarma “erməni soyqırımı”nı qəbul etməsi fikri bütün əsərləri və şəxsiyyəti haqqında fikirlərimi alt üst etdi. Məncə, buna getmək lazım deyildi.
- Bəs axırıncı dəfə hansı kitabı oxumusuz?
- Bütün günü İş-gücün əlindən konkret olaraq kitab oxumağa vaxtım olmur. Amma ədəbiyyat saytlarını oxuyuram.. Gənc yazarların şeirləri, hekayələri dərc edilir. Bu, həqiqətən də xoşagələn haldı.
- Gənc yazarlardan kimləri tanıyırsınız?
- Sevnc Çılğın, Nigar Əfəndizadə və Nigar Rzayevanı.
-Aqşin Yenisey, Səlim Babullaoğlu, Aysel Əlizadə, Elxan Qaraqan, Günel Mövlüd bunları eşitmisiz?
- Hə, eşitmişəm. Saytlarda onların kiçik həcmli əsərlərini açıb oxumuşam.
-Bəs dünya ədəbiyyatından kimləri oxumusuz?
- Fransua Saqanın əsərlərini həddindən artıq çox sevirəm. Onun “Salam kədər”, “ Acı təbəssüm” “Siz Bramsı sevirsinizmi?” əsərləri yadımdadır. Fraunsua Saqanı oxuyandan sonra belə deyərdim ki, qadın olduğunu anlayırsan. “Acı təbəssüm” əsərini oxuyandan sonra tam fərqli bir auranın içindəydim. Həqiqətən də kitab elə bir şeydir ki, hiss edirsən, onunla yaşayırsan. Kitabın insan şüuruna təsiri radionun, televizyanın, hətta indi kütləvi hal alan internetin təsirindən də çoxdur. Bircə dəfə Fransua Saqanı oxumaqla insan özünü dərk edir. Amma təbii ki, hər kitabın hər insana fəqrli təsiri var. Naturalizm ədəbiyyatının nümayəndəsi Emil Zolyadan “Marsın sirləri”, “Ölənlərin vəziyyəti”, Molyerdən “Mizantrop komediyasını”, “Tartuf”u oxumuşam. Dedektiv janrını heç sevmirəm, amma Aqata Kristinin əsərlərini oxumuşam. Cek Londonun “Martin İden” əsərini isə həddindən artıq sevirəm. Bu əsəri 3 dəfə oxumuşam. Hər dəfə də mənə başqa şeylər verib. Ən sevdiyim səhnə isə Martin İdenin ölüm səhnəsidir. Sonra Antuan de Sent Ekzüperidən “ Balaca şahzadəni”, “Planetlərə səyahət”, Çarlz Dikkenzdən “ Devid Koprfild”, “Oliver Tvisitin macəraları”, Daniel Defonun, Frensis Bekonun əsərlərini, Alberto Kamyunun “Xoşbəxt ölüm” əsərini oxumuşam. Gənclikdə isə türk ədəbiyyatının vurğunu idim. Rəşad Nuri Güntəkinin “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Axşam Günəşi” əsərlərini sevirdim. Müəyyən dövr keçəndən sonra insanın maraqları və istəkləri, ən əsası isə dünyagörüşü dəyişir.
-Ən sevdiyiniz əsər hansı olub?
- Fridrixt Nitsşenin “Zərdüşt belə deyirdi” əsəri məncə mənim iç dünyamı, fikrimi tam əks etdirir. O, mənim düşəncəmin filosofudur. Dəfələrlə o kitaba qayıtmışam, yenə də oxuyaram. O elə əsərdi ki, hər dəfə açıb oxuyanda yoruldum demirsən. Hər yaşımda o əsərdən ayrı bir şey öyrənmişəm. Hətta elə olub, fikirləşmişəm ki, mən bu hissəni oxumamışam. Çox böyük düşüncəyə malik yazıçıdır. Alman ədəbiyyatının zirvəsi, xəzinədir. Yenə də oxumaq fikrim var.
- Bu əsərləri hansı dildə oxumusuz?
- Mən Xarici Dillər Universtetinin ingilis dili fakultəsini bitirmişəm. “Martin İden”i ingilis, rus və Azərbaycan dilində oxumuşam. Tərcümə nə qədər mükəmməl olsa da, əsərin keyfiyyətini tam əks etdirə bilməz. Amma Azərbaycan və rus dilindəki tərcümələrdə dağlar qədər fərq var. Bizim tərcüməçilər ya Azərbaycan dilindən düzgün istifadə edə bilmirlər, ya da həmin fikrin bizim dildə sözlə ifadəsini tapmaq olmur. Azərbaycan dili rus dili ilə müqayisədə cavan dildir. Bu da ən çox tərcümələrdə hiss olunur.
- Azərbaycan yazıçılarında kimləri oxumaq sizə zövq verir?
-Cəlil Məmmədquluzdənin “Anamın kiatbı”, “ Danabaş kəndinin əhvalatları” kiçik həcmli hekayələrini sevirəm. Azərbaycan ədəbiyyatının böyük yazıçıları, şairləri çoxdur. Məsələn, Hüseyn Cavidin əsərləri mükəmməldi. “İblis”, “Şeyx Sənan”, “İblisin intiqamı” əsərləri qiymətsiz xəzinədir. Klassiklərdən Nizami Gəncəvini, Füzulini oxumuşam.
- Nizaminin "Leyli və Məcnun"unu daha çox sevirsiz, yoxsa Füzulinin?
- Nizam Gəncəvinin yazdığı "Leyli və Məcnun"u heç bir sənətkar yaza bilməz. Füzulinin özü də əsərin sonunda qeyd edir ki, bu məhəbbət dastanını tam ifadə edə bilmədim. Əsərlər fərqli dildə yazılsa da, ikisi də böyük zirvədir. Nizaminin Leylisi bir az açıq-saçıq təqdim olunur. Amma Füzulinin Leylisi daha ismətlidir. Bu şairlərin hər ikisi ədəbiyyatımızı zənginləşdiriblər. Füzuli ədəbiyyatımızın zirvə nöqtəsinə çatdı. Ondan sonra hələ də bu zirvəni fəth eləyən şair olmayıb. Amma belə götürdükdə romantizmin nümayəndələri – Abbas Səhət, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, realizm nümayəndəsi Mirzə Ələkbər Sabirin yeri danılmazdı. Azərbaycan ədəbiyyatından da ən çox sevdiyim yazıçı Əli Vəliyev idi. Atamın kitabxanasında onun qalın kitabları var idi. Epitetdən gözəl istifadə edirdi. Onun qədər qadın taleyini mükəmməl təsvir edən bir yazıçı yoxdur. Anarın, Elçinin, İlyas Əfəndiyevin, Elçin Şıxlının əsərlərini oxumuşam. İsa Hüseynov o qədər əsərlərin müəlifidir, nacaq çox maraqlıdı ki, daha sonra yazdıqlarından imtina etdi. Həmin əsərləri yenidən qələmə aldı. Mən poeziya adamıyam Mikayıl Müşfiqin şeirlərinin vurğunuyam. Onun şeirinə bəstələnən mahnını oxuyarkən belə ruhunu hiss edirəm. İncə, nəcib düşüncəli şair olub. Onun yaradıcılığını oxumaqdan doymaram. Sonra Nəriman Həsənzadənin, Nüsrət Kəsəmənlinin şeirlərini də sevirəm. “Biri vardı, biri yox”, “Bir sevda ağlayır, içimdə mənim”, “Mən ki, sən deyiləm” şeirlərini, bir də yoldaşına yazdığı “Etiraf” şerini çox sevirəm, çox cəsarətli addım atıb...
- Kiməsə kitab bağışlamısız?
- Təbii. Xüsusən sovetlər dönəmində kitab bağışlamaq yaxşı bir adət idi. Kitab o zamanlar üçün yaxşı hədiyyə sayılıırdı. Amma son dövrlər kitab bağışlamaq o qədər dəbdə deyil.
-Qəzet, jurnal oxuyursuz?
- İndi yox. Amma əvvəl çox oxuyurdum. Bir neçə jurnala abunə idim. Hər səhər gətirib poçta qoyurdular. Səhər hamıdan tez gedib götürürdüm. Hətta səbrim çatmırdı, digər poçt qutularına da qoyulan jurnalları, qəzetləri oxuyub, səliqə ilə qatlayıb yerinə qoyurdum. O vaxt insanların biri-birinə etibarı var idi. Poçt qutularının açarları üzərində idi. Ən çox Elm və Həyat jurnalı, Azərbaycan müəllimi, Ədəbiyyat, Ulduz, Maarif və Mədəniyyət jurnallarını oxuyurdum. Bizdə qəzet, jurnal çox alınırdı. Atam və anam müəllim, bacılarım isə tələbəydilər. Buna görə də oxuyurdular. İndi intenet var, hər şeyi burdan tapmaq olur. İndi də evdəkilər deyir ki, bəsdi az otur intenetin qabağında... Nə qədər olar axı?! (gülür)

Aynur Bayramova






22 Noyabr, 2013  10:27 Baxılıb: 2971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner