Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Gənclərin maariflənməsi bəzi dindarlara sərf etmir” – HACI ŞAHİN

Dünya müsəlmanları Məhərrəm ayına qədəm qoyaraq, yeni təqvim ilinə daxil oldular. Müsəlman aləmində bu ay təqvimin ilk ayı olmasından başqa, Peyğəmbərimizin (s.a.v.) sevimli nəvəsi Hz. Hüseynin şəhid edilməsi hadisə ilə də əlamətdardır. Hətta deyərdim ki, ölkə müsəlmanlarının böyük əksəriyyəti Məhərrəmin müsəlman təqviminin ilk ayı olmasından xəbərdar olmasalar da, imamın şəhadətinin bu aya məxsus olmasını uşaqlar belə bilir. Bu ayın fəziləti və ümimiyyətlə, aydakı əməllər, mövcud yaşananlar, yaşanmalı olub, lakin yaşanmayanlar və s. haqqında ölkə möminləri arasında xüsusi çəkisi olan Məşədi Dadaş məscidinin imam camaatı və “Mənəvi Dünya” ictimai birliyinin sədri Hacı Şahin Həsənli ilə görüşdük. Müsahibənin 2-ci hissəsini sizə təqdim edirik:

Müsahibənin 1-ci hissəsini bu linqdən oxuya bilərsiz:

http://simsar.az/news/a-41646.html


- Məhərrəmliyin mahiyyəti yalnız ağlayıb qəm tutmaqdırmı?
- Sevincdən fərqli olaraq qəmdə daha çox özünü unutmaq var. Bu unutqanlıq eşqin təzahürüdür. Ona görə də bir xalqın qəmlənməsi yaxşı haldır. Ancaq məhərrəmlik səhərdən, axşamacan ağlamaq demək deyil. Əsas odur ki, insan nə etdiyini bilməlidir. Məhərrəmlik düşünməkdir. Bu günlərdə İmam Hüseyni təhlil edən elmi tədbirlər, seminarlar, konfranslar keçirilə bilər. Gənclərə bu barədə deyiləcək çox fikirlər var. İmam Hüseyni tanımaq çox önəmlidir. Onu həm Peyğəmbərin (s.a.s.) hədisləriylə, həm də özünün öz hərakatı haqqında dediyi sözlərlə tanımaq olar.

- Bu hüznün qollarda qara bağ, alınlarda müxtəlif yazılarda və s. atributlarda göstərilməsinə necə baxırsız?
- Ümumiyyətlə, qara rəng matəm əlamətidir. Məhərrəm ayının müəyyən günlərində mərasimlərində qara geyimlərin, ümumiyyətlə, hansısa işarələrin vurulmasının əleyhinə deyiləm. Kimin könlü istəyirsə, bunu edə bilər. Türkiyədə, İstanbulda bu mərasimlərin keçirilməsinə baxdım, doğrudan da qadınlarların alınında “Zeynəb” yazısının görünməsi mənə çox təsir etdi. Hər şeydə mənfi nəsə axtarmaq yalnışdır. Təbii ki, burada da həddi aşmamaq lazımdır. Mən bəzi kişilər görmüşəm ki, üzünü örtür. Belə qorxu yaradan şeylər qınanır. Məncə, burada diqqət olunası məqam dini gözdən salmamaq olmalıdır.

- Bəs, bu günlərdə qırmızı geyinmək, mahnı oxumaq, saç daramaq, sabun işlətmək və s. olmaz - deyənlərə sözünüz nədir?
- Saç daramamaq, sabun işlətməmək və s. kimi əməllərə hansısa qayda qanun müəyyən olunmamalıdır. Bunlar qaydalarla, qanunlarla deyil, mənəvi kodekslərlə tənzimlənməlidir. Aşura günüdə qırmızı geyinməyi təbii ki, din qadağan etmir ki, günahdır. Lakin insan özü düşünməlidir ki, belə günlə qırmızı rəng nə isə uzlaşmır. Bu şeylərdə sadəcə matəmə hörmət saxlanılmaılıdır.


“Bəziləri düşünür ki, bu yaralar incitmir, yaxud da tez sağalır”

- Əzadarlıq ənənəsinin xalqımıza farslardan ötürüldüyü fikri nə dərəcə doğrudur?
- Əslində, Cəfəri məzhəbini İranda təbliğ edən və yayılmasına rəvac verən əsas xalqlardan biri Azərbaycan xalqı olub. Azərbaycanda artıq əzadarlıq ənənəsi var. Biz dünyaya əzadarlıq nümunəsini göstərmişik. Əzadarlıq klassik ədəbiyyatımıza, adət ənənəmizə siraət edib. Dini mahiyyətini kənara qoysaq Aşura azərbaycanlıların milli kimliyinin tərkib hissəsidir. Xalqın xəmiri əzadarlıqla yoğrulub. Yeganə xalqdır ki, onun içində məzhəb fərqi olmadan bu mərasim keçirilir.

- Belə bir fikir də var ki, insanların ruh halları, həyat “ritm”ləri fərqlidir. Bəziləri sinəsini döyməklə o halı özündə təmin edirsə, bəzisi də zəncir vurmaqla, digər bir təbəqə isə hətta baş yarmaqla bunu edə bilər. Nə dərəcə doğru fikirdir?
- Xeyr, bu məsələlərdə insan nə istəyir edə bilməz. Din müəyyən bir çərçivə qoyur, insanın baş yarması, bütün bədənini qana boyaması düzgün deyil. Hətta bəziləri düşünür ki, bu yaralar incitmir, yaxud da tez sağalır. Bunların hamısı boş şeydir. Mən belə bir şey görməmişəm, heç bir elmi əsası da yoxdur.

- Ən çox verilən suallardan biri də budur ki, nə üçün Məhəmməd Peyğəmbərə (s.a.v.) yox, amma Hz. Hüseynə əza saxlanılır?
- Bir mənalı olaraq Peyğəmbər (s.a.v.) İmam Hüseyndən üstündür. Ancaq İmam Hüseynə 40 gün əza saxlamağımızı səbəbi odur ki, Adəm Peyğəmbər yaranandan bu günə qədər heç zaman haqq tam şəkildə öz gözəlliyi ilə bu qədər təzahür etməyib. Kərbəla haqq və nahaqqın kuliminasiya nöqtəsidir. Peyğəmbər üstün şəxsiyyətdir, amma yatağında dünyasını dəyişib. Həzrəti Əli üstün şəxsiyyətdir. Qılıncla vurulsa da böyük bir hadisə yaranmayıb. Əslində Aşura günü əza saxlamaqla insan İmam Hüseynin timsalında bütövlükdə haqq ardıcıllarının səsinə səs verir. Çünki Kərbəlada böyük bir hadisə baş verib.

- Bu faciə, özündən əvvəlki və sonrakı dövrlərdə baş vermiş daha böyük qırğınlara səbəb olan müsibətlərdən nə ilə fərqlənirdi ki, bütün qadağalara baxmayaraq hələ də unudulmayıb?
- Çünki bu mübarizədə zərrə qədər siyasi məqsəd, şəxsi mənafe olmayıb. Əgər İmam Hüseynin ürəyində şəxsi mənfəət olsa idi, bu da digər hadisələr kimi çoxdan unudulardı. Kərbəla müsibətinə əbədiyyət verən onun məhz təmənnasız, Allah rzası üçün həyata keçirilməsi olub.

- Tənəzzülə uğramış İslama Hz. Hüseyn üsyanı ilə yeni bir can verdi demək olarmı?
- Bəli, tamamilə doğrudur. O dövrdə İslam dini tam təhrif olunmaq təhlükəsi ilə üzləşmişdi. Müaviyyə oğlu Yezidi özündən sonra xəlifə təyin etmişdi. Bu insanlar özlərini Məhəmməd Peyğəmbərin (s.a.s) xəlifəsi kimi təqdim edir, hədisləri istədikləri kimi yozaraq Peyğəmbərin (s.a.s) davranışına tam zidd olan əməllər görürdülər. İmam Hüseyn buna qarşı çıxdı və xilafətin iç üzünü ortaya çıxardı. O, ölümcül halda olan cəmiyyətin damarlarına qan aşılamaqla sanki yenidən həyat verdi. Ona və tərəfdarlarına təslim olmaq təklif olunsa da onlar azadlığı haqqa qurban verdilər.


“Əzadarların çoxu imamın həyatından bir cümlə belə bilmir!”

- Düşünmürsüz ki, Hz. Hüseynin mübarizliyi, şücaəti, zülmə dirənci demək olar ki, təbliğ olunmur. Daha çox onun və ətrafındakıların əzilməsi, öldürülməsi qabardılır? Əslində bu, kütlənin əzmsiz, mübarizəsiz olmasını, onların yatmasını istəyən dövlətlərin işinə gəlir...
- Hadisənin həm qəhrəmanlıq, həm də faciəvi səhifəsi var. Doğrudur, heç bir əlaqəsi olmayan, Kərbəla şəhidlərinin hörmətini aşağı salan sözlər işlədilir. Hadisəni xurafat halına gətirib çıxarırlar. İmam Hüseyn seçim qarşısında idi, ixtiyari şəkildə bu yolu seçdi. Əslində şücaət dərsi verdi. Dediklərinizdə həqiqət var, ancaq düşünürəm ki, Azərbaycanda dövlət bu tipli mərsiyələrin oxunması mövzusuna qarışmır. Bu dəqiqə hansı bir din xadimi istəsə, bu mövzulardan danışa bilər, heç bir qadağa yoxdur...

- Hz. Həsənlə Hz. Hüseynin hadisələrə fərqli münasibəti çox vaxt müzakirə doğurur. Yəni, birinci daha səbrli, sakit mövqe tutmuşdusa, ikinci üsyan etdi. Bu ruh halı ilə bağlı bir şeydir, yoxsa zamanlar belə tələb edirdi?
- Əqidəmizə görə məsum insanlarda xasiyyət fərqi olmur. Onlar haqda çılğın insandır, yaxud sakit təbiətlidir və s. demək doğru deyil. Bu insanlar yalnız öz zamanlarının tələblərinə uyğun addımlar atırlar. İmam Hüseyn İmam Həsənin yerinə olsaydı, sülh müqaviləsi imzalayardı. İmam Həsən də İmam Hüseynin yerinə olsaydı bu mübarizəni başlaya bilərdi. Əslində, İmam Həsənlə Müaviyə arasında olan sülh Kərbəla hadisəsinə zəmin yaratdı. Yəni İmam Həsən onlara fürsət verdi ki, çirkablarını üzə çıxartsınlar. İkincisi də xilafətin sülalə hakimiyyətinə çevirilməsi prosesi İmam Hüseynin dövründə başlandı. 4 xəlifələrin içində atadan oğula ötürülən hakimiyyət yox idi. Bu məhz əməvilər dövründə başlandı. Və Yezidin tam olaraq əxlaqsızlıq etməsi, dinin heç bir hökmünə zahirdə də əməl etməməsi İman Hüseynin mübarizəsinə stimul verdi. Bir sözlə, fərqli reaksiyalar sırf dövrlə bağlı idi.

- Sonda, belə bir sual. Hz. Hüseynin son 10 gününü deyil, həyatının digər illərini anlayıb yaşamamağımızda bizə nə mane olur?
- Mən həmişə xüsusən də gəncləri mütaliə etməyə dəvət etmişəm. Kitab dəyərdən düşürsə, o xalqın gələcəyi qaranlıqdır. Din demir ki, yalnız dini elm öyrənin. Ümumiyyətlə dini, dünyəvi elm ayrlışı düzgün deyil. İnsanlara, cəmiyyətə fayda verə biləcək istənilən elmi öyrənmək vacibdir. Dərsdən qaçıb məsciddə oturmağın heç bir qiyməti yoxdur. Belə ibadət qəbul olunmaz. Əslində, Azərbaycanda mənim şəxsən tanıdığım bəlkə də, yüzlərlə gənc var. Bunlar sayını artırmaılıyıq. Din xadimlərinin bəzilərinin də ən mənfi cəhətləri budur ki, dünya gürüşləri zəngin deyil. Bəzilərinə də heç sərf etmir gənclərin maariflənməsi. Çünki özləri onlarla ayaqlaşa bilmirlər. Dediyiniz doğrudur, İmam Hüseynə əza saxlayan insanların çoxundan soruşsan, imamın həyatından bir cümlə belə deyə bilməz! Bu həqiqətləri anlayıb yaşamaq üçün isə mütləq kitab oxunmalı, mütaliə edilməlidir.

Aqşin İbrahimi

 






18 Noyabr, 2013  14:24 Baxılıb: 1967 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner