Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rafiq Əzimov: “Bizə “möhtəşəm yeddilik” deyirdilər” – MÜSAHİBƏ - FOTOLAR

“İstərdim bu gün teatrlarımızda retro tamaşalar göstərilsin”

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafiq Əzimov Azərbaycan səhnəsinin ən yaddaqalan 4-5 simasından biridir. “Yeddi oğul istərəm” filminin Şahsuvarı bu gün nə filmlərə, nə də seriallara çəkilir. Xalq artisti ilə müsahibəni təqdim edirik.

- 75 yaşınız var. Bu yaşda teatrda çalışmaq maddi istəkdən irəli gəlir, yoxsa...

- Yəqin ki, mənim teatra olan bağlılığım buna səbəbdir. Bu teatrın hər daşı, divarı mənə doğmadır. Burda Həsənağa Turabovun, İsmayıl Osmanlının xatirələri var. Onların yaratdığı obrazların ruhu var. 

- Davamlı olaraq 51 ildir teatrda çalışırsız, yorulmamısız?

- Aktyor nə vaxt ki yoruldu, o vaxt onun üçün teatr qurtarır. Hər dəfə yeni tamaşaya çıxanda elə bilirəm ki, ilk dəfədir səhnəyə çıxıram. Bu böyük bir məsuliyyətdi, çünki tamaşaçı səndən çox şey gözləyir. O, sənin yartadığın səhnəni yaşamalı, o hadisənin içində olmalıdır. İnsan o vaxt yorulur ki, artıq istirahətə gedir, yalnız öz istirahəti haqqında düşünür. Hələ mənim istirahətimə çox qalıb.

- Çox vaxt tamaşaçı səhnədəki rolu bəyənmir...

- Elə rollar olur ki, həmin obraz dərin olur. Deməli, aktyorlar müasirliklə üzləşməli, tamaşaçının zövqünü oxşamalıdı. Hər dəfə səhnəyə çıxanda, oynadığım rolun təbiəti başqa rolların təbiəti kimi olmur. İnsanın beş duyğusu var. Bu beş duyğunu aktyorda elə oyatmaq lazımdır, rolu canlı şəkildə elə təqdim etsin, çatdırsın ki, tamaşaçının duyğularına təsir etsin. Tamaşaçı obrazın yaratdığı abu-havanı duya bilsin. Yəqin ki, mənim də adlarını xatırlamadığım zəif rollarım olub.

- Adətən, yaşlı aktyorlar gəncləri istedadsızlıqda, rollarını zəif oynamaqda qınayır, gənclər isə onlara mane törədilməsindən şikayətlənirlər. Sizin gənc aktyorlara münasibətiniz necədir?

- Bəlkə, təvazökarlıqdan kənara çıxıram, amma həqiqəti deyirəm. Cavanlar xətrimi çox istəyirlər. On ilə yaxın İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişəm. Orada da, teatrda da həmişə gənclərə övladım kimi yanaşmışam. Onlara qarşı həmişə səmimi olmuşam, yeri gələndə dostluq, yoldaşlıq etmişəm. Başqa cür gənclərdə inam yarada bilməzsən. Onlara demək olmaz: bizim dövrümüz beləydi, siz fərqlisiz. İstedadlılar azdır, amma var. Bizim dövrümüzdə də az idi. Qrupumuzda iyirmi iki nəfər tələbə var idi. Onların arasından Murad Yegizarov, Həsən Məmmədov, Elmira Şabanova, Əliağa Ağayev, Eldəniz Zeynalov öz istedadlarını sübut edə bildi. Gənclik bizim gələcəyimizdi. İndi o gənclik bizdə çalışır. Bizim heç vaxt gəncliyə maneçilik törətmək ağlımıza gəlməz, əksinə əlimizdən gələn qədər çalışırıq ki, onları öyrədək, tövsiyə verək. Sənət aləmində cavan, orta, qoca nəsillər söhbəti yoxdur: istedadlı var, istedadsız var. Ola bilər gənc istedadsız olsun, yaxud əksinə, qoca da istedadsız ola bilər. Səhnədə tamaşaçı birinci növbədə qarşısına çıxan aktyoru, qarşısına çıxan obrazı təbii sürətdə qəbul edə bilirsə, ona inanırsa o, sənətkardı. Artıq orada nə qocalıq, nə cavanlıq, nə orta yaşlılıq hiss olunur. Bu gün on gənc aktyor varsa, onların içindən heç olmasa ikisi istedadlıdır.

- Teatrımızın gələcəyi haqqnda necə düşünürsüz?

- İnsan nikbin düşünməlidir. O yerdə ki, tənqid yoxdu, orda inkişaf ola bilməz. Doğru söz acı olur. Səni çox adam bəyənməyə bilər. Teatr bazamız yeni yaranmağa başlayır. Ələsgər Ələkbərov öləndə, dedilər artıq teatr qurtardı. Tofiq Kazımov öləndə Səməndər Rzayev mənə demişdi “Əzimov teatr qurtardı”. Tofiq Kazımovun ölümü ona o qədər təsir etmişdi ki, o bu cür reaksiya vermişdi. Amma yox, teatr ölmədi, ondan sonra böyük aktyorlar yetişdi. Kim bilərdi ki, məndən cavan olmasına baxmayaraq, Yaşar Nuri kimi aktyor peyda olacaq?!

-Bir az da fəxri adlarınızdan danışaq... Fəxri adları gec almadınız?

- Biz teatra gələndə nə vaxtsa əməkdar artist, xalq artisti olacağımızı düşünmürdük. Möhsün Sənani, Rza Əfqanlı, Ağasadıq Gəraybəyli və başqa sənətkarlar bizim gözlərimiz qarşısında bu adı daşıyırdılar. Mən həmişə deyirdim: “Aktyor Hamlet Qurbanovdan qabaq fəxri ad alsam, bu ad mənə nuş olmaz”. Elə yaxşı ki, o məndən qabaq fəxri ad aldı. Biz sənətə belə dəyər vermişik. İlk növbədə, sənət göstərmişik. Heç kimin alnına xalq artisti sözləri yazılmır. Gərək tamaşaçı səni tanısın və özünün sənətkarı hesab etsin. Bu baxımdan, mən xoşbəxt insan, xoşbəxt aktyoram. Tamaşaçılar məni həm kino, həm də teatr sənətində oynadığım rollara görə tanıyırlar. Bu uğurları asanlıqla əldə etməmişəm. 1982-ci ildə – on səkkiz il teatrda işləyəndən sonra əməkdar atrist, bundan iyirmi il sonra – 2000-ci ildə xalq artisti adını aldım. Onda qəzetdə yazdılar: “Rafiq Əzimov xalq artisti adını halallıqla aldı”. Qazandıqlarınla arxayınlaşmaq adamı inkişafdan qoyur. Bir də illərlə qazandığını bircə günün içində itirə bilərsən. Sənət onun yoluyla dönmədən, yorulmadan irəliləyənləri sevir. Buna görə də, ada ciddi münasibət olmalıdır.

- Teatrda ən çox hansı rolu oynamaq istəmisiz?


- Vaqif tamaşasında Vidadi rolunu oynamaq ən böyük istəyim olub... Sonralar mən bu rolu çox “Vaqiflə” oynamışam. İsmayıl Dağıstanlı, Həsənağa Salayev, Həsənağa Turabov, Səməndər Rzayev, rəhmətlik Əlabbas Qədirov və Nurəddin Mehdixanlı kimi sənətkarlarla oynamışam. Mən həmişə Vidadi rolunu oynayırdım, təəssüf ki, indi belə tamaşalarımız repertuarda yoxdu. 

-Belə tamaşaların repertuarda olmamasının səbəbi nədir?

- Yəqin ki, indiki dövrlə uyğun olmamalarından çəkinirlər. Tamaşaçılar bizə bu barədə tez-tez suallar verirlər. Mən istərdim ki, teatrımızda retro tamaşalarımız olsun. Həmin tamaşalara baxanda tamaşaçı keçmişə qayıtmaq istəyir. Heç olmasa həftədə bir dəfə, ayda iki dəfə retro tamaşalar göstərilsə, düşünürəm ki, teatra tamaşaçı axını daha çox olar. Belə tamaşaları hərdən tamaşaçıya xatırlatmaq lazımdır. Ola bilər ki, indiki dövrlə uyğunlaşmasın, amma vaxtilə belə tamaşalar çox olub.

- Artıq ölkəmizdə xeyli sayda yerli seriallar çəkilir. Sizcə bu seriallarda nələr çatışmır?

- “Məhkumlar”, “Pərvanələrin rəqsi”, “Qaynana” kimi seriallara baxmışam. Amma bu seriallarda hadisə yoxdur. Tamaşaçını hadisə cəlb edir. Filmi yaşadan hadisədir. Bu olmayanda nə tamaşaçı, nə də film olur. Ssenari öz sözünü deməli, təsir qüvvəsi güclü olmalıdır. Mən istərdim ki, filmlərimizdə, eləcə də seriallarda gözəl rejissor işi, aktyor oyunu olsun ki, sabah o seriallarda çəkilən aktyorlar yaratdığı rolların adı ilə yaddaşlarda qala bilsinlər. Rolu, obrazı yaddaqalan edən dramaturji materilalların, konkret hadisənin olmasıdır.

- Bütün bunları seriallara çəkilməməyinizin səbəbi kimi başa düşmək olar?

Hardasa (gülür)...

- Deməli, ssenaristimiz yoxdur...

- “Yeddi oğul istərəm” filmi Səməd Vurğunun “Komsomol” poemasının əsasında çəkilib. Filmin ssenarisini isə Vaqif Səmədoğlu yazıb. Hər halda bu filmlə bu gün çəkilən filmləri müqayisə etmək gülünc olar.

- Səhv etmirəmsə elə “Yeddi oğul istərəm” filmi ilə məşhurlaşdız?

- “Yeddi oğul istərəm” filmi bizi o dərəcədə məşurlaşdırdı ki, biz “Tarqovı” küçəsinə çıxanda görürdük ki, bizi tanıyırlar. Bizə “möhtəşəm yeddilik” deyirdilər. “Yeddi oğul istərəm”dən sonra demək olar ki, məni hər il filmə çəkdilər. 1970-ci ildə “Yeddi oğul istərəm”, 1971-ci ildə “Xatirələr sahili”, 1972-ci ildə “Yenə qızıl qaz”, 1973-də “Ömrün ilk saatı”, 1974-cü ildə “Min birinci qastrol” və.s filmlərdə rol almağa başladım. 

- Kimlər sizi səhnədə görmək istəmirdi?

- Atam mənim aktyor olmağımı istəmirdi. Ondan başqa qohumlarımız deyirdi ki, bizim nəsildən artist çıxmayıb. Buna görə, məni bu yoldan qaytarmaq istəyirdilər. Amma mən inad etdim...

Qohumlarınız sonralar rollarınıza baxıb fikirlərini dəyişdilər?

- Əslində, mən onları qınamıram. Bizim sənətimiz həqiqətən də çox çətindir. Bu sənət heç kimə güzəştə getmir. Neçələri gəlib, ələkdən keçiblər. Bu sənət aləmində belədir: zəifi var, istedadlısı var. Burda gərək orta sənətkar olmayasan. Tamaşaçı ortanı sevmir. Yadda qalmaq, iz qoymaq üçün iş görməlisən. Mənə sual verirlər: “Həyata yenidən gəlsəydiz, aktyor olardız?” – bəli, olardım. Niyə də olmayım?! O zaman peşmanlıq çəkərdim ki, görərdim bu sənətə boş yerə gəldim, heç nəyə nail olmadım.

- Sənət seçiminizdə heç kimlə hesablaşmadız. Bəs sevgidə?

- Sevgidə?! Müsəlman ailələrində, adətən, valideynlər istəyirlər ocağa yad qızını gəlin gətirməsinlər. Bizim evdə də bu cür fikirlər var idi. Amma mən bunun qəti əleyhinəydim. 1961-ci il idi. Üçüncü kursa keçmişdim. Həmin il institutumuzdakı mədəni-maarif fakültəsinə qəbul olunan bir qızı gördüm. Gözüm tutdu onu. Rus məktəbini bitirmişdi. Mən rus dilini onun qədər yaxşı bilmirdim. Azərbaycanca heç danışa bilmirdi (indi məndən yaxşı danışır). Bilmirəm necə oldu, birdən-birə ona bağlandım? Gənc Tamaşaçılar Teatrında tamaşa göstərəcəkdik. Qıza da dəvətnamə verdim, gəlib baxdı. Sonra təəssüratlarını öyrəndim. Daha yaxından tanış olduq. Evlənməyə tələsmədik. Bir-birimizi daha yaxından tanımaq istəyirdik. Bir də, düzü, anası, qohumları onun artistlə ailə qurmasını istəmirdilər. Gizlincə görüşürdük. Sonra yavaş-yavaş ayaqaçdı oldu. Nigarın ata-anası sonralar xətrimi çox istədilər, məni öz oğullarından ayırmadılar. 1963-cü ildə biz nişanlandıq. 1964-cü ildə Səadət Sarayında toyumuz oldu. Onda artıq iki il idi teatrda işləyirdim.

Aysel Kərimova

FOTO: Nurana Novruz

 






30 Oktyabr, 2013  11:52 Baxılıb: 3328 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner