Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azər Süleymanlı: “Mikrofonu götürüb, rəngli qələmləri yerə qoydum...”

/

Bu dəfə rubrikamızın qonağı, özünün dediyinə görə, kamera qarşısında heç vaxt həyəcanlanmayan, aparıcılığa lap məktəb illərindən başlayan, bir neçə musiqili verlişin aparıcısı Azər Süleymanlıdı. Müsahibə verməyin, almaqdan daha çətin olduğunu deyən aparıcı “Tele-aparıcı” rubrikasındadır.

- Efirdə ilk çıxışınız yadınızda necə qalıb?
- 7-ci sinifdə oxuyurdum, təsadüfən Dövlət Televiziyasında “Məhəbbət nəğmələri” verilişinin aparıcısı kimi fəaliyyətə başladım. Ondan sonra davamlı olaraq bir sıra layihələr oldu. Ancaq dövlət televiziyasında ilk efirim yaşımın az olmasına baxmayaraq, uğurlu alınmışdı.
- Kamera qarşısında heç həyəcanlanmadız?
-Bəlkə də absurd səslənəcək, ancaq həmişə kamera gördükdə deyirdim ki, bunlar mənim üçün doğmadı. Elə bilirəm ki, kamera qohumum, çox öyrəşdiyim bir dostumdu. Kamera kimlər üçünsə dəmir parçası kimi gəlir, amma düşünəndə ki, onlar tamaşaçıdı, bu iş daha maraqlı olur. İlk vaxtlardan belə məndə həyəcan olmayıb.
-Televiziya sizə nəyi öyrətdi?
-Televiziya dünyagörüşümdə müəyyən dəyişiklər edib. Ancaq daxilimi dəyişmədi. Televiziya mənə ədəbi dili, tamaşaçı ünsiyyətini öyrətdi.
-Nə vaxtsa aparıcı olacağınızı düşünmüşdüz?
-Mən uşaqlıqdan bu işdə olmuşam. Regional, Space televiziyalarında çalışmışam. Birinci kursda oxuyanda Space televiziyasına dəvət almışam. Təhsil aldığım müddətdə paralel olaraq, mahnı yarışmasının aparıcısı oldum. Mədəniyyət sahəsində əyləncəli-musiqili verlişlərin aparıcısıyam.
- Aparıcılıq üçün istedadlı olmaq vacibdir?
- Məsəl var ki, general olmaq istəməyən əsgər, yaxşı əsgər deyil. Hər insan özlüyündə dahidi, yetər ki, öz sahəsində çalışsın. Bu sənət 1 faiz istedad tələb edirsə, 99 faiz zəhmət çəkmək lazımdır. Düşünürəm ki, əvvəla müəyyən mənada vizual tələbləri ödəmək lazımdı. Tamaşaçı televiziyaya baxdıqda birinci görüntüyə, ondan sonra aparıcının nə danışmasına, nə dərəcədə maraqlı danışmasına baxır. Aparıcının danışığı səlis olmalıdı, musiqi kimi ürəyə yayılmalıdı.
- Sənətinizin pik nöqtəsinə çatmısız?
- İstənilən yaradıcı bir insan mənə gəlib o nöqtəni göstərsin. İstər aparıcı, istər musiqiçi, istər jurnalist olsun daim özünü inkişaf etdirməlidir. Hər şeyin bitdiyi bir pik nöqtə yoxdur. Həyat sonsuz bir xətt kimi inkişaf edir, zamanın tələbləri dəyişir.
- Efirdə ən çox nəyə görə mənsuliyyət daşıyırsız?
- Bu günə qədərki təcrübəmdən deyə bilərəm ki, kamera qarşısında süni daşırsansa, artıq tamaşaçını itirirsən. Efirdə məsuliyyətli oluram, çünki mən tamaşaçı üçün danışıram, ona xidmət edirəm.
- Necə oldu ki, İctimai Televiziyaya gəldiz?
- Dövlət televiziyasından sonra Space kanalında, daha sonra 2 il Mədəniyyət kanalında fəaliyyət göstərmişəm. Öz layihəm idi. Çalışırdım hər şey yüksək səviyyədə olsun. Veriliş gündəlik qaydada monotonlaşdığı, həm də başqa layihə daha maraqlı olduğu üçün keçid aldım ATV kanalına. Orada “Şərq Ulduzu” adlı verlişin aparıcı oldum. Məncə, hansı kanalda olmasında asılı olmayaraq, tamaşaçıya sima maraqlıdı. İstər Mədəniyyət kanalı olsun, istər ATV kanalı bunlar o qədər də önəmli deyil.
- Bəs Azər Süleymanlı aparıcı olmasaydı...
- Ola bilər bədii qiraətlə məşğul olardım, bir də rəssamlıq diplomlarım var. Bəlkə də, onlardan hansısa ola bilərdim. Mikrofonu əlimə götürdükdən sonra, rəngli qələmləri yerə qoydum. Çəkdiyim şəkillərdən arada sosial şəbəkələrdə də paylaşıram.Əsəbi olanda abstrak mövzuda şəkillər çəkirəm, mənfi enerjimi çıxardıram.
- Sizcə ailəni, yoxsa işi idarə etmək daha çətindi?
- Ailə daha mənsuliyyətlidi. İş nə qədər yaradıcı olur olsun, bəlli normativlər, qaydalar var. İş artıq insan üçün alqoritmə çevrilir. Ancaq ailə tamam başqa bir şeydi, həyatındı, özün idarə edirsən. Hər gün yeni bir şey çıxır, onu həll etməyə çalışırsan.
- Televiziya bir film olsaydı, özünüzü qəhrəman kimi görə bilərdiz?
- Niyə də, yox?! Hər kəsin içində müəyyən bir qəhrəman var. Ən azından fikirlərin bir qəhrəmanı və yaxud da beynində tutduğu o qəhrəmanı yaradır. Günbəgün, həftəbəhəftə, aybaay, ilbəil ona doğru addımlayır.
- Yaratdığınız qəhrəman obrazını yaşıya bilirsiz?
- Deməzdim ki, bütün günümü ona həsr edirəm. Ancaq həyatmın müəyyən anlarında onu yaşamağa çalışıram.
- Aparıcılıq həyatınızda ən yadda qalan anı danışardız..
- Həmişə canlı efirdə gözlənilməz hadisələrin baş verəcəyini gözləyirəm. Hətta necə olacaq, o işdən necə çıxaram deyə düşünürəm. O, qədər olub mikrofonun arxa hissəsi çıxıb, işıqlanma lampasının partlaması baş verib. Bu anlar həmişə yaddaqalan olur.
- Nəyə şükür edirsiz?
- Birinci əlimi görürəmsə, ona şükür edirəm. Düşünə, görə bildiyimə - Allahın verdiyi hər şeyə görə şükür edirəm. İnsan ayağı olmayan adamı görənə qədər, ayaqqabılarının olmamasından şikayət edir. Kimiləri ayaqqabıları yoxdu deyə şikayət edir, kimiləri də onları geyinmək üçün ayaq tapmır. Ona görə də hələ ki varıq, sağıq, yaşayırıq, şükür etməyi bacarmalıyıq.
- Nəhayət, sonuncu sualımız: müsahibə almaq çətindi, yoxsa vermək?
-Canlı verlişlərdə özümü rahat hiss edirəm. Kimləsə söhbət etmək, müzakirələr çox xoşuma gəlir. Bir dəfə canlı efirə qoşuldum. Rejissor - “artıq efirdəsiz hazır olun, bir neçə saniyədən sonra efirə qoşulacaqsız” - dedi. Həmin məqamda hiss etdim ki, həyəcandan danışa bilməyəcəm. Onu dərk elədim ki, qonaq nə qədər ciddi obraz olsa da, müsahibə vermək daha çətindi.

Turanə İbrahimi






21 Oktyabr, 2013  11:52 Baxılıb: 3580 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner