Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Müəllimə: “Onları incitsəm, özümdən inciyərəm” – REPORTAJ - FOTOLAR

.

Bu gün onların günüdür - Müəllimlər Günü. Ömrünü bizim gələcəyimizə - övladlarımızın təhsilinə, tərbiyəsinə həsr edən hər kəsin içində bir sevinc var bu gün...

Onlar şagirdlərin, valideynlərin, yaxınlarının, qohumlarının, öz ailələrinin təbriklərini qəbul edirlər...
Müəllimlərin bu gününü necə keçirdiklərini görmək üçün Sumqayıt şəhərindəki 1 saylı orta məktəbə yollandıq.
Məktəbin ibtidai siniflərindən birində dərs deyən əməkdar müəllim Xatirə xanım, bu günün onun üçün özəl gün olduğunu deyir. Müəllimə olmağı qərara alanda, işinin bu qədər çətin olacağını heç ağlına gətirməyib. Ancaq çətin olduğu qədər də, sənətini çox sevdiyini bildirir. 1978-1982-ci illərdə o vaxtkı APİ-də (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) təhsil alıb . İlk müəllimlik fəaliyyətinə 1982-ci ildən başlayıb. Elə o vaxtdan bu günə qədər də öz peşəsini sevə-sevə davam etdirib. Müəllimliyə başladığı ilk dərs günü evə qayıdarkən yıxılmağı ilə yadda qalıb. Bu yıxılmağın ona həyat yollarında büdrəməsinə təkan olacağını düşünüb. O gündən büdrəməməyə çalışdığını bildirib: “Müəllim üçün ən gözəl sevinc tələbələrinin gələcəyini görməkdir. Onların məni yada salması, unutmaması məni sevindirir. Sevinirəm ki, mənim belə bəhrələrim var. Şagirdlərimə öz övladım kimi yanaşmışam, özümün də 2 övladım var, hər ikisinin ibtidai təhsilini özüm vermişəm”. Bu sənətə sevərək gəldiyini deyən Xatirə xanım, heç yorulmaq barədə düşünmədiyini deyib: “Müəllimlik sənətini sevirdim, ancaq əvvəl fənn müəllimi olmaq istəmişəm. İbtidai sinif müəllimliyini atamın təkidi ilə seçdim. O körpələrlə işləməyin daha rahat olduğunu deyirdi. İndi düşünürəm ki, nə yaxşı atamın sözünə baxdım. Körpələrlə işləmək, böyüklərlə işləməkdən daha asandı. Böyüklərin xarakteri artıq formalaşmış olur, ancaq balacalarla xarakter formalaşmadığı üçün daha rahatdır. Uşaqları sevmək, onlara qayğı göstərmək içimi rahat edir. Bu uşaqlarda keçmişimi görürəm, onlarla uşaqlığıma qayıdıram. Elə uşaqlar da var ki, onlarda özümü tapıram, özümü görürəm”.

Uşaqlarla işləməyin də öz çətinlikləri olduğunu düşünən müəllimə onların düzgün formalaşması üçün sərbəstliyin verilməsinin önəmli olduğunu söyləyir: “Uşaqların hərəsi bir ailədən gəlir, onlar arasında birlik yaratmaq çətin olur. 4-cü sinfə qədər uşaqlara sərbəstlik verirəm. Onlar öz xasiyyətlərini tam göstərirlər, ondan sonra onların düzgün formalaşmasının üstündə dururam ki, artıq 5-ci, 6-cı sinifdə münasibətlərini özləri qura bilsinlər. Başqa-başqa müəllimlər olduqda, onlarda qorxu yaranır, sözlərini deyə bilmirlər. Ancaq mən onlara sərbəstlik verirəm ki, öz sözlərini deyə bilsinlər. Əvvəlki uşaqlarla indiki uşaqların arasında çox böyük fərq var. Onlar elə bilirdilər ki, müəllim çörək yemir, yatmır. Bir sözlə, müəllimi robot kimi təsəvvür edirdilər. Ancaq indi uşaqlar o qədər şey bilirlər ki, adam elə bilir böyük adamla söhbət edirsən. Bunun bir az internet, xarici amillərlə də əlaqəsi var. Bunlar elə bilirlər ki, artıq böyükdürlər”.
Özünü müəllimlikdən başqa peşədə görə bilməyən Xatirə xanım bu peşənin onun həyatının bir parçası olduğunu düşünür. “Uşaqlar arasında çox fərq qoyulmamalıdır. Onlar çox həssas olur, münasibətdə kiçik soyuqluğu belə hiss edirlər. Sonradan bu, onlarda özünəqapanma ilə nəticələnir. Müəllimlik çox məsuliyyətli peşədir. İnsan əvvəlcə bu məsuliyyəti özündə hiss etməlidir ki, sonra cəmiyyətin uşaqlarına nəsə öyrətməyi bacarsın. Hər gün onlara nəsə öyrədəndə, həvəsləndiklərini görüb sevinirəm. Düşünürəm ki, insana zorla heç nə öyrətmək olmaz. Mən onları incitsəm, özüm-özümdən inciyərəm”.

Xatirə müəllimə bizi öz dərsinə də dəvət etdi. Uşaqların hamısında dərsə maraq hiss olunurdu. Daha sonra müəllimədən etiraf eşitdik: “Mən bu uşaqlardan özümü özümdən gizlətməyi öyrənirəm. Onlar nəsə xoşa gəlməz iş gördükdə, çox vaxt gizlətməyə çalşırlar. Səbrli olmağı, təmkinli hərəkət etməyi öyrədirlər. Müəllimlər Günü hər bir müəllimin dəyərli olduğunu göstərir. Bu gündə keçmiş şagirdlərimə, valideynlərimə məni xatırladır. İndiki şagirdlərim hər gün dərsə gəldikləri üçün istər-istəməz təbrik edəcəklər. Əsas odu keçmiş şagirdlərimin yadında qalmışammı?! Onların təbriki, bir telefon zəngi, bir teleqram gələndə bütün günü sevincimə səbəb olur. Müəllimlər günündə xatırlanmaq istəyirəm, unudulmaq istəmərəm. Bu gün, səhər estafeti cavan müəllimlərə verəcəm. Ondan sonra məni xatırlamasalar, özümü pis müəllim sayaram. “Müəllimlər Günü” keçmiş şagirdlərimə məni xatırlaması üçün bir səbəb yaradır”.

Turanə İbrahimi

Foto Nuranə Novruzova

 

 

 

 






5 Oktyabr, 2013  09:35 Baxılıb: 2687 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner