Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kamran Yunis:

.

Çox fərqli, maraqlı, açıq sözlü insan - Kamran Yünislə müsahibə yox, daha çox söhbət etdik. Dəyərli sənət xadimimizlə teatr və kinomuzun hazırkı vəziyyəti barədə, çatışmazlıqlardan danışdıq. Mövqesində olması gərəkən və səhv düşən yerlərimizdən bəhs etdik.
Sənət dostlarının çoxundan tam fərqli düşünən, heç bir fəxri ad belə istəməyən, “adlardan naftalin qoxusu gəlir” - deyən aktyorumuzun müsahibəsini sizlərə təqdim edirik.


- Son vaxtlar teatırlardakı qalmaqallardan xəbəriniz var. İsrafil İsrafilov da dedi ki, bəzi yazıçıların tamaşalarına ancaq dostları, tanışları gəlir. Bir də yeni təhsil nazirinin məktəblərdə bilet satışına qadağa qoyması ilə bağlı nə deyərdiz?
- İlk növbədə deyim ki, mən Vaqif İbrahimoğlu tələbəsi olduğuma görə heç bir məsələyə bir mənalı yanaşmıram. İsrafil İsrafilova və qarşı tərəfə də haqq qazandırmaq mümkündür. Bu biletləri məcburi satmaq olmaz. Seriallara kefi istəyən baxır kefi istəməyən də baxmır. Teatrda da belədir. Bu zövq və düşüncə məsələsidir. Ancaq ustadım dünyadan köçəndə mən dedim ki, bizim teatrlarımızın rəngi getdi. Həqiqətən belə də oldu. İndi tamaşalara baxırsan sistem və düşüncə olaraq hamısı eynidir. Bir birindən fərqləndirən yeganə şey tamaşaların adlardır.

- Siz deyirsiz ki, müəlliminiz rəhmətə getdi və mənim üçün teatrın rəngi bitdi. Ancaq tamaşaçılar üçün teatrın rəngi çoxdan yox idi. Teatrı “rəngləmək” üçün nə etmək lazımdır?
- 5,10 manat verib bizim tamaşalara baxmaqdansa, intenetdən xarici bir filmə baxaram. Bu mənim üçün daha maraqlıdır. Çoxları üçün də belədir. Azərbaycan mədəniyyətində baxmalı tək-tük, aşağı-yuxarı bir-iki film, serial var. Ara-sıra təəssüf edirəm ki, mən bu mədəniyyətin nümayəndəsiyəm. Vaqif bəyin bir missiyası var idi. Azərbaycan mədəniyytətini qabağa çəkmək. İndi mən bu missiyanı üzərimə götürmüşəm. Bu nə qədər alınır, bilmirəm. Azərbaycanda nəyi isə dəyişirmək üçün birinci düşüncə dəyişməlidir. Mən universiteti bitirəndə çox yaradıcı gənclər var idi. Amma zamanla qırıldılar, aradan çıxdılar. Bu gün onları gətirmək istəsən də bu mümkün olmayacaq. Çünki kotan pas atıb. Pas atan kotan isə artıq dəyərsizdir. Heç kimi “Apokolipsis” kimi bir filmi qoyub “Billur saraya”, “Hökmdar və qızı”na baxmaz. Azərbaycan teatrından naftalin iyi gəlir.

Özümü Azərbaycan mədəniyyətində ağ qarğaya oxşadıram

- Azərbaycana hamı gəlir və deyir ki, düşüncə tərzi dəyiməlidi. Amma oturub gözləməli də deyilik ki, nə vaxt dəyişəcək...
- Yenə də deyirəm, bir çiçəklə bahar olmur. Mən bu dəqiqə özümü Azərbaycan mədəniyyətində ağ qarğaya oxşadıram. Dostlarım, tanışlarım var, ancaq hal-əhval tutanda gücənə-gücənə danışırlar. Təsəvvür edin ki, həmin insanlar evdə yoldaşları ilə də belə danışır. Artıq bu insanın özü yoxdur. Yalnız aktyor var. Evdə də, çöldə də, toyda da, çəkilişdə də üzür istəyirəm hamama gedir elə orda da aktoyordur. Özü ola bilmir! Bu Azərbaycan mədəniyyətinin bəlasıdır.

- Bu gün aktrisalarımız Hökümə Qurbanovun intonasiyasında danışırlar. Hələ də o intonasiyadan çıxa bilməyiblər. Bunun üçün də düşüncə dəyişməlidi?!
- Mışdır, müşdür, sınız, siniz hələdə aktyorların dilində qalıb. Yanıma gələn Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universtetinin tələbələrinə deyirdim ki, qurban olum adam kimi danışın. Facebook-a it, pişik şəklini qoyanda dalbadal like-lar gəlir. Hamı yazır qəşəngdir. Birdən 3 aktyor şəklini qoyuram və sual qoyuram ki, bunlar hansı sistemlə işləyir. Dostluğumda da kifayət qədər aktyorlar var. Likelar kəsildi, kommentlər kəsildi. Qınayım?! Qınamıram, çünki düşüncələri belədi. Ona görə bu dəqiqə çəkilən serialların 90%-i o gündədi. Biz Turabovdan nə öyrəndik?! Yox öyrənə bilmədik. Hamımız böyük-böyük danışırıq. Mən Həsənağa Turabovdan, Səməndər Rzayevdan öyrənmişəm.

- Bu gün Həsənağa Turabovu heç bir aktyorda görmək mümkün deyil.
- Turabovdan çox şey öyrənmək olardı. Amma bizə ikinci Turabov da lazım deyil. Dərd orasındadı ki, biz hələ də kimisə təqlid edirik. Bir insanın barmaq izləri heç kimdə təkrar olunmur. Kamran Yunisin bəxti gətirdi ki, Vaqif İbrahimoğlunun kursuna düşdü. O, məni çanta remeninin dəmir tərəfi ilə döyə-döyə öyrətdi. Deyirdim müəllim, qrupda 12 nəfər var, niyə məni döyürsüz? Deyirdi ki, səndən daha çox gözləyirəm. Sən daha çox bacararsan. Bu günsə deyirəm ki, nə yaxşı o gün döyülmüşəm.

Teatra getmirəm, özümə yazığım gəlir. Yuxu tutur məni

- Hansısa teatr tamaşalarına gedirsiz?
- Gedə bilmirəm. Özümə yazığım gəlir. Tamaşaya gedib yatmaq istəmirəm.Yuxu tutur məni. “Ay qız bəsdi” kimi ifadələri nə qədər eşitmək olar. Biz Gürcüstanda, Almaniyada, Fransada festivala gedəndə bəyənmədiyimiz ermənilər də tamaşa gətirirdi. Mən onlara nifrət edirəm. Amma görürsən ki, yaradıcı baxımdan nələrsə edirlər. Gürcülərin hələ də böyük bir ənənəsi var. Onu da davam etdirirlər. Biz qastrola hara gedirik? Trabzona, Ankaraya yəni Türkiyədən kənara gedə bilmirik. Azərbaycan mədəniyyəti bu gün cılız və geridə qalmış bir vəziyyətdədir. Onu da deyim ki, mən bir köz görürəm. Bunu da üfürə-üfürə alovlandırmaq istəyirəm.

- Seriallar hansısa aktyorun hesabına, çəkilir. Ayrılan vəsait sovrulur. Bir aktyor ki, öz qardirobundan geyinir...
- Bəli o da var. Dəvəyə deyirlər niyə belin əyridi. Deyir haram düzdü ki. Seriallar təzə başlayanda pul qoyuluşu var idi. 100-150 azn arası epizodlarda olurdu. Kiçik epizodlarda oynayana isə 100 azn verirdilər. İndi aktyora serialda çəkilmək üçün maaş verirlər. Aktyor isə bununla razılaşır. Hesablayırsan ki, aktyora günə 30 manat pul verdilər. Ona görə də Kamran Yunis çəkilmir. Düzgün tərəzi deyil və mən bununla razılaşmıram. Heç kimə dəxli yoxdur mən teatrda nə qədər alıram.

- Azərbaycanda bəzi sahələr kapitalizimə keçib. Amma teatr kapitalizmə keçməyib. Teatr tamaşanı qazanmalıdı. Tamaşaçı gedib bileti zorla tapmalıdı Aktyor da pul qazanmalıdı.
- Bütün dediklərinizin müqabilində bircə cümlə deyə bilərəm ki, balıq başından iylənər. Düşüncə dəyişməlidi. Mədəniyyət Nazirliyinin, teatr şöbəsinin rəhbəri Ədalət Veliyevə olan münasibət dəyişməlidir. Bir şeyə pul buraxılır. Nazirlik tələb etməlidir ki, bu pul necə və nəyə xərcləndi. Bizdə sadəcə ad var ki, kapitalizmə keçmişik. Teatrın rəhbəri yaradıcı insan olmamalıdır. Direktor, prodüsser olmalıdır. Maliyyəni çox gözəl bilməlidir. Tamaşaya baxıb deməlidir ki zaydı. Gözəl şair odur ki, yazdığını cıra bilsin. Kamran Yunis həyatında 17, 18-ə yaxın bədii filimə çəkilib. Hansını Kamran Yunis dilinə gətirib? Mən yalnız 3-4 filmin arxasına imzamı ataram.

İndi də deyirik ki, niyə Qubada ata qızını zorlayır?

- Əslində mən Azərbaycan mədəniyyətinə yanıram. Braziliya seriallarıyla Azərbaycan əxlaqını korladıq və indi deyirik ki, Qubada niyə ata qızını zorlayır? Oğul anasına yuxu dərmanı verib sonra filan filan... Bu bizim ruhumuzun aynası yəni mental dəyərlərimiz deyildi.

- Bu qədər problemin içində işıq ucu görüb, stimulla yaşmaq da çox çətindi. İşıq haradan gəlir?
- Alışqanı yandırıb gəlib oturmuşam (gülür). Mən ruhla yaşayan adamam. Ruh üçün isə faciə anlayışı yoxdur. Hər bir fəciənin özündə xoş görüş, xoş rəftar, xoş münasibət var. Məmləkət gözəl insanlarla doludur. Əgər bu vətəndə Fuad Poladov, Fəxrəddin Manafov kimi gözəl, böyük sənətkarlarımız dublyajda Eldəniz Rəsulov kimi sənətkarımız, Adil Azayımız varsa, onlarla Azərbayacan sənətini layiqincə daşıyan evladalarımız varsa bunlar özü özlüyündə mənə düşən işıqlar deyillərmi?! Bunlar Azərbaycan mədəniyyətinin işıqları, nurlarıdır.

- Sizə fəxri ad verilməməsinə münasibətiniz?
- Fəxri adlar sovetdən qalıb. Fəxri ad naftalin qoxulu bir şeydir. Buradan bu adı verən bütün məmurlardan xahiş edirəm ki, ömrümün sonuna kimi bu adı mənə verməyin. Siz bu adı versəz, mən həqiqətən utanaram. Gərək mən bu yerdən imtina edəm. Sizə qarşı hörmətsizlik etmək istəmirəm. Ancaq deyirəm ki, mənə o adı verməyin.

Aynur Bayramova

 

 






2 Oktyabr, 2013  11:23 Baxılıb: 4195 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner