Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sümüyü ovulan uşağın anası Simsar.az-a – DANIŞIR

Dünən mətbuatda Sümüyü ovulan uşağın valideyninin müraciəti yayıldı.

Simsar.az-ın müxbiri həmin uşağın anası Sevinc Qarayevadan müsahibə alıb. Onunla söhbət zamanı bəlli olub ki, S.Qarayeva həm də “Ahıl, tənha və əlil insanlara yardım” İctimai Birliyinin sədridir. Elə söhbətimizə də ahıl, tənha və əlil insanlardan, onlara yardımdan başladıq.

- Ehtiyaclı insanların hər zaman köməyə ehtiyacı var. Bütün bunlar bir psixoloq kimi məni hər zaman düşündürüb. Bəlkə ona görə ki, 15 il xəstə anama qulluq etmişəm. Amma belə insanlarla mənəvi bağlılığım da var. Həmişə düşünmüşəm ki, bu insanların psixoloji durumu necədir, onlar daha çox nəyə ehtiyac duyurlar, onlarla necə rəftar etmək lazımdı? Çətin günlərimdə insanlardan çox dəstək gördüm və düşündüm ki, ehtiyaclı insanlara bacardığım köməyi edə bilərəm. Odur ki, mənimlə həmfikir olan daha 2 nəfərlə birləşib, 2003-ü ildə “Ahıl, tənha və əlil insanlara yardım” İctimai Birliyini yaratdıq, 2008-ci ildə isə dövlət qeydiyyatından keçirdik.

- Maddi dəstəyi kimlərdən alırsız?

- Təşkilatımız könüllülük əsasında fəaliyyət göstərir, bizim nə ofisimiz var, nə də hardansa qrant almırıq. İmkanım çatmayan bir hadisə ilə rastlaşanda xeyriyyəçilərə müraciət edirəm. Əsasən müəyyən əlamətdar günlərdə uşaqlar və ya qocalar evində tədbirlər keçiririk və belə vaxtlarda ayrı-ayrı insanlar və müəyyən təşkilatlar maddi köməklik göstərirlər.

- Bu insanlara hansı formada köməyi daha vacib sayırsız?

- Belə insanların maddi köməkdən daha çox mənəvi köməyə ehtiyacları var. İstəyirəm onlar unudulmadıqlarıını, kiminsə onları axtardığını, kiməsə lazım olduqlarını görsünlər. Bəzən elə olur ki, saatlarla otururb onlarla söhbət edirəm. Bilsəydiz, o uşaqlar məni görəndə necə sevinirlər, mənimlə necə görüşürlər. İstər kimsəsiz qocalar olsun, istər uşaqlar - onlara doğma adam kimi qayğı ilə yanaşmaq, hər birinə diqqət göstərmək onlara çox kömək edir. Qocalar evində 90 yaşlı bir kişi mənə dedi ki, qızım, məni apar, bir az sizdə qalım. Onu evimizə gətirdim, bir neçə ay bizdə qaldı. Mən ona bacardığım qədər övlad qayğısı göstərmıyə çalışırdım. Bir müddət əvvəl Naxçıvanda ahıllar evində olduq. Çox sıxıntılı bir qoca ilə söhbət zamanı məlum oldu ki, onunla bir otaqda qalan digər iki nəfər ziyalı qadınlardı. Müdiriyyətdən xahiş etdim ki, onu başqa otaqda – həmsöhbət ola biləcəyi adamlarla bir yerdə yerləşdirsinlər. Maraqlandım, müalicəyə ehtiyacı olan bir neçə nəfər var idi. Oradakı xeyriyyəçilərə müraciət etdim, onların müalicəsinə köməklik göstərildi. Elə yaşlı və ya əlil insanlar var ki, evdə yaşasalar da, onların vəziyyəti qocalar evində və ya əlillər evində olanlardan ağırdı. Tanıdığım belə adamlara bacardığım köməyi etməyə çalışıram. Gördüyüm işləri də kiminsə bilməsi üçün etmirəm. Sadəcə, hər axşam fikirləşirəm ki, bu gün kiməsə kömək edə bildimmi? Əsas məsələ yalnız maddi kömək deyil. İnsanlar bir-birinə mənəvi cəhətdən dayaq durmağa çalışmalıdırlar. Buna görə, nəsə edə bilirəmsə bu, mənə bir yüngüllük, rahatlıq gətirir.

- Necə düşünürsüz, atılmaq kimlərə daha ağır zərbə vurur: Qocalara, ya uşaqlara?

- Hər ikisinə. Yaşlı insan çəkdiyi əziyyətin bəhrəsini görəcəyini düşünür - gəlin qulluğu, nəvə toyu arzusu ilə yaşayır, əvəzində sevdiyi və ümidlə baxdığı doğmalarından qəddarlıq görür. Ağır, çox ağır zərbədi. Uşaqlar üçün də ağırdı, onlara böyük lazımdı. Təəssüf ki, bəzən övladlarının əlil olduğunu görüb ondan imtina edən valideynlər də olur. Amma çox maraqlıdı, atılan uşaqlar valideynlərini müdafiə edirlər, əsasən analarını əzdirmir, onlara haqq qazandırmağa çalışırlar. Bir qız uşağı vardı, elə inamla deyirdi ki, anamın pulu yoxdu məni saxlasın, olanda gəlib aparacaq. Bilirsiz, atılmışlardan uzaq qaçmaq yox, onlarla tez-tez görüşmək lazımdı. Heç olmasa öz xatirimizə.

Bu yerdə söhbəti Sevinc xanımın öz övladı, Nərimanın üzərinə gətirməyə çalışsaq da, söhbətboyu göz yaşlarına boğulan ana hönkürtüsünü saxlaya bilmədi... Bir az sonra deyə bilmədiklərini qısaca ifadə etdi: Həyat yoldaşım Elçin Qarayev II qrup gözdən əlildi. 20 il övladımız olmayıb. 2009-cu ildə dünyaya gələn oğlumuz Nəriman isə witkop sindromu diaqnozu ilə anadangəlmə xəstə doğulub. Nadir hallarda rast gəlinən bu genetik xəstəlik sümüklərin ovulmasına səbəb olur, daxili orqanları sıradan çıxarır. Azərbaycanda bu xəstəliyin müalicəsi yoxdu, Türkiyədə müalicəsi mümkündü, amma böyük məbləğdə maliyyə tələb olunur”.

Həyatını ehtiyacı olanlara köməyə həsr edən bir insanın bu gün özünün köməyə ehtiyacı var. Ümid edirik ki, imkanlı şəxslər, bir ananı gözüyaşlı qoymamaq üçün ona lazım olan köməkliyi göstərəcəklər.


Hesab nömrəsini bir daha xatırladırıq:

- Nərimanın hesab nömrəsi belədir:
Alanın Bankı: QSC “Bank Standart” KB
“28 may” filialı
SWIFT MOSZAZ22
Ünvan: Bakı şəhəri, D.Əliyeva 237

AR AMB MƏİ-də
AZ66NABZ01350100000000003944 saylı müxbir hesabı
Kod 502337 VÖEN 9900006801

Hesab Nömrəsi: AZ96MOSZ41010944130348759001
Hesabın sahibi: Qarayev Elçin


İsmət Ələkbərqızı






28 Sentyabr, 2013  11:43 Baxılıb: 1499 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner