Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türk seriallarında Şah İsmayıl və Səfəvilər təhqir edilir! - PROBLEM

Türklərə layiqli cavab verilməlidir

Simsar.az xəbər verir ki, türk seriallarında, xüsusən keçmişi əks etdirən “Muhteşem Yüzyıl” və “Osmanlıda Dərin Dövlət” seriallarında Azərbaycanın tarixi dövləti olan Səfəvilər barəsində təhqiredici ifadələr işlədilir. Ən təəccüblüsü isə budur ki, həmin seriallarda Səfəvi şahlarını fars hökmdarı adlandırırlar. Bəs, buna bizim ziyalılarımızın münasibəti necədir?

Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Nizami Cəfərov bu məsələ ilə bağlı Simsar.az-a açıqlamasında bildirib ki, Səfəviləri iranlılaşdıran sadəcə türklər deyil. “Biz başqa ölkələrdən də bu addımın dəfələrlə şahidi olmuşuq. Ancaq türk seriallarında Səfəviləri bu cür xəbərləri verməkləri sadəcə bilməməkdən irəli gəlir. Burda mən Türkiyənin Azərbaycana qarşı heç bir təxribatını görmürəm. Sadəcə olaraq Azərbaycan tarixini bilmirlər. Bu bilməməkdən irəli gəlir. Türklər Şah İsmayıl Xətaini və ümumilikdə Səfəvilər barəsinda həqiqət olmayan informasiyalar yayırlar. Bu barədə kitablar çap edirlər. Təbii ki, Azərbaycan tərəfi bu barədə bir irad bildirməlidir. Ən pis hal budur ki, bizim tariximiz türklər vastəsilə dünyaya səhv çatdırılır. Buna qarşı Azərbaycan tərəfi fəal addımlar atmalıdır. Yoxsa bunun nəticəsi Azərbaycan üçün həqiqətən çətin olacaq.Bunun nəticəsini gələcəkdə hər birimiz hiss edəcəyik. Ancaq yenə qeyd edirəm ki, bu siyasi bir məsələyə qalxmır. Türkiyə dövləti tərəfindən edilmir. Biz tariximizi, mədəniyyətimizi dünyaya çatdırmaq üçün bir çox işlər görmüşük. Hətta ortaq türk tarixi yazılır. Türkiyənin bir çox alimləri, görkəmli xadimləri Azərbaycana gəlir və bizim alimlərlə ortaq iş ərsəyə gətirirlər. Bu seriallarda tariximizin bu cür təqdim olunması bir də onu göstərir ki, biz daha güclü işləməliyik ki, bizim tariximizi İranın ayağına bağlamasınlar. Türkiyə bizə qardaş ölkədir. Türkiyənin bizim tariximizi belə təqdim etməsi təbii ki, pis haldır. Onu da nəzərə alsaq ki, bu seriallar xarci dillərə çevrilir. Bir növ artıq ərəb, ingilis və başqa millətin nümayəndəsi Səfəviləri fars dövləti kimi tanıyacaq. Bu serialların yayılma arelı genişdir. Bu hal aradan qaldırılmalıdır. Nəzərə alsaq ki, Şah İsmayıl Xətai və Sultan Səlim də türk hökmdarlarıdır. O zaman belə çıxır ki, Sultan Səlim Azərbaycana yürüş etdyi üçün tənqid edilsin. Tarixi məsələyə bu cür qiymət vermək olmaz. Bu iki hökmdar arasında olan müharibə tarix tərəfindən həmişə pislənib. Çaldıran döyüşü iki türk dövlətinin məğlubiyyəti idi. Bunun mənfi nəticələrini hələ də biz çəkirik. Həmin dövlətlər arsında qalan ziddiyətlər hələ də var. Bu ziddiyyətlər aradan qaldırılmalıdır. Biz tarixi tətqiq etdikcə bu cür ziddiyətlər yaradanları qınayırıq. Əsl tarix insanlara, dünyaya çatdırılmalıdır. Mirzə Ələkbər Sabir bu barədə çox gözəl bir fəxriyyə yazmışdı. Həmin fəxriyyədə deyilirdi ki, “biz türklər tarix boyu bir-birimiz qırdıq. Öz qılıncımız öz başımıza dəydi”. Bu ideya Dədə-Qorqud epoxasında da var. Bütün türk dövlətləri bir olmalıdır. Sabir kimi ziyalıların mövqeyi necə olubsa, biz bu mövqedə dayanmalıyıq. Aralarında olan müharibələr keçmişdə qalmalı və bir-birlərinin tarixlərini düzgün təqdim etməlidirlər. Biz tarixi düşüncənin ictimai şüurda yaratdığı təsiri aradan qaldırmalıyıq. Türklər eyni kökə, eyni tarixə malik bir millətdirlər. Bir-birimizə hörmət etməliyik. Tariximizi və mədəniyyətlərimizi düzgün göstərməliyik”.

Əməkdar incəsənət xadimi Ayaz Salayev isə bildirir ki, “mən Azərbaycan adından bu cür xəbərləri eşidəndə çox məyus oluram. Azərbaycanın tarixini mədəniyyətini başqa xalqların adına yazdıqlarını görəndə mən çox məyus oluram. İstər tarix cəhətdən, istərsə də mədəniyyət cəhətdən Azərbaycan zəngin bir ölkədir. Amma bu zənginliyi təqdim etməyi bacarmalıdır. Azərbaycan təbliğatı çox zəifdir, xüsusən də internetdə. Neçə dəfə Azərbaycanın tarixini digər dövlətlərin adından təbliğ edildiyini görmüşəm. Biz bu addımlara qarşı susmamalıyıq. Çünki bu seriallar xarici dövlətlərin dillərinə tərcümə edilir. Bu isə o deməkdir ki, biz bu gün və sabah məğlubuq. Tarixə dırnaqarası baxmaq olmaz. Çünki vaxt gələcək bu tarix bizim əleyhimizə işləyəcək. Bunun qarşısını almaq üçünsə ancaq tariximizi əks etdirən sanballı tarixi filmlər çəkilməlidir və bu filmlər dünya miqyasında təbliğ edilməlidir. Biz çox zəif fəaliyyət göstəririk. Bunun da nəticəsini həm biz, həm də ki gələcək nəsillər çəkəcək. Mən bunu qəbul edə bilmirəm ki, bu qədər maliyyə cəhətdən pul ayrılır. Ancaq bir tarixi dəqiq göstərmək bu qədər çətindir?! Şah İsmayıl Xətai böyük sərkərdə olub və Səfəvilər Azərbaycan dövlətidir. Azərbaycanın tarixidir. Bu tarix isə düzgün göstərilməlidir. İki dövlət arsında mədəni və siyasi, iqtisadi əlaqələr var. Hər bir dövlət başqa bir dövlətə hörmət etməlidir”.

Xalq artisti Rasim Balayev isə belə fikirləşir ki, “Muhteşem Yüzyıl” serialının necə gözəl çəkildiyi məlumdur. Lakin onlar necə görürlərsə o cür də təqdim edirlər. Azərbaycan isə onların cavabını yalnız bu cür bir serial, yaxud da film çəkməklə verə bilər. Azərbaycanlı rejissorlar bu cür filmlər çəkə bilirlərsə, çəksinlər.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva isə bildirir ki, Azərbaycan mətbuatı bu məsləni gündəmə gətirməlidir. Əsas həmin serialların senaristlərindən danışılmalıdır. Bu böyük bir məslədir. Azərbaycanın tarixini və mədəniyyətini bu cür təhqir etmək düzgün olmaz. Nazirliyə gəlincə isə biz bu barədə heş bir müzakirələr aparmamışıq. Yenə də deyirəm ki, bu məsələni media gündəmə gətirməlidir.

Millət vəkili Fazil Mustafa isə tam fərqli fikirlər irəli sürür. O bildirir ki, “Səfəvilər dövlətinin türk dövlətlərinin xeyrinə heç bir addımı olmayıb. Bəlkə də Azərbaycanın tarixinə və gələcəyinə zərbə vura biləcək bir dövlət elə Səfəvilərdir. “Möhtəşəm yüzyıl”-da və “ Osmanlıda dərin dövlət” seriallarında Səfəvilərin təhqir olunmasında böyük bir qəbahət görmürəm. Bu serialdır subyektiv fikrin məhsuludur. Bu  onların düşüncə tərzidir. Təkcə türk serialında deyil, tarixi əsərlərdə də bu cür göstərilir. Azərbaycan tərəfindən bunun üçün hər hansı bir fikir söyləməyə ehtiyac yoxdur. Məncə türk seriallarında Şah İsamyıl Xətainin, Şah Təhmasibin bu cür göstərilməsi bizim qürurumuza toxunmamalıdır. Burda təəssübkeş mövqedən çıxış etməyə ehtiyac yoxdur. Onların bu fikirləri normal qarşılanmalıdır. Məhz elə Şah İsmayıl Xətainin xidməti sayəsində bu gün türk dünyası bir ola bilmir. Yanlış din anlayışını, İslam dinin din konsepsiyasından çıxıb fərqli formada təqdim olunmasının günahkarı elə İsmayıldır. Şah İsmayıl Xətai  dinimizə elə bir zərbə vurub ki, bu gün də hələ insanlar ondan qurtula bilmir. Şah İsmayıl Xətai ilə başlanan dövr Azərbaycanda dində ədalətsizliyin başlanğıcını qoydu. Peyğəmbərimiz və onun ətrafı haqqında təhqiramiz fikirlər söylətdilər. Həmin seriallarda Azərbaycan türkünü təhqir etməyiblər. Azərbaycanlılardan daha çox Şah İsmayıl Xətaini təhqir edən olmayıb. Səfəvilər əhalisinin böyük əksəriyyətini qılıncdan keçirib. Səbəb isə nə olub, siz niyə başqa məzhəbə qulluq edirsiniz?! Səfəvilər nəinki Azərbaycanda elə bütöv müsəlman aləmində islam dinini parçalayıblar. Bu gün Cənubi Azərbaycanın vəziyyətinə baxın. Bunun bir nömrəli səbəbkarı isə Səfəvilərdir. Biz “ Türkmənçay” müqaviləsi sayəsində Səfəvilərin qoyduğu düşüncənin, bu zehniyyətin əsirindən çıxa bildik. Rusların əsarətində mədəni bir mühitdə olmamız bizə bu zehniyyətin qalıqlarından  təmizləyib. Amma bunu İrandakı qardaşlarımız edə bilməyiblər. Türklərin bu addımını bu günki nəslin təhqiri kimi qiymətləndirmək olmaz. Çünki onların özləri də öz hökmdarlarını düzgün qiymətləndirməyiblər. Ya əyyaş kimi ya da ki, ədalətsiz bir hökmdar kimi təqdim ediblər. Heç buna da ciddi etiraz olmayıb. Məncə Şah İsmayil Xətai bizim qürür yerimiz deyil. Bizim üçün qürurumuz olanlara dəyər verməliyik. Bizim xilaskarımız Şah İsmayıl deyil, bizim xilaskarımız Nuru Paşadır. Biz ona lazımi dəyər vermirik. Amma o bizim anamızı, bacımızı, babalarımızı ermənilərin, rusların əlindən xilas edib. Ancaq bu gün ona dövlət səviyyəsində heç bir qiymət qoyulmayıb. Nuru Paşanın xatirəsini əbədiləşdirmirik. Ancaq Azərbaycan cəmiyyətini ikiyə parçalayan, Azərbaycan cəmiyyətini İrana bağlayan Şah İsmayıl Xətaiyə dəyər veririk.

Aynur Bayramova







19 Sentyabr, 2013  16:26 Baxılıb: 1846 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner