Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İTİB-BATMIŞ ALƏTİMİZİ 15 İLDİR YAŞADIRAM” – REPORTAJ - FOTOLAR

.

“Natiq” ritm qrupu Sentyabrın 6-da Yaşıl teatrda konsert verməyi planlaşdırır. Konsertə hazırlıqla yaxından tanış olmaq üçün Hacı Zeynalabdin Tağıyev adına Mədəniyyət evinə yollandıq. Elə pilləkənlərdə nağara səsləri eşidilirdi. Məşq otağında qrupun rəhbəri əməkdar artist Natiq Şirinov bizi qarşıladı

Konsertin vaxtı azaldıqca, məşqlərin tempi də artmışdı. Qrupun heyəti ilə salamlaşdıqdan sonra söhbətə “Natiq” ritm qrupunun əvvəlki konsertləri ilə başladıq.
“Biz 2006-cı ildə 400-500 nəfərlik konsert verdik, bundan başqa bir neçə konsertlərimiz olub, ancaq böyük kütlə qarşısında ilk dəfə avroviziyada Alim Qasımovla 70 min auditoriya qarşısında çıxış etmişik. Biz konsertdə ancaq özümüz olmuşuq, elə müğənnilər olur ki, adını solo konsert qoyur, konsertində bütün müğənnilər oxuyur. Ancaq Alim Qasımov sırf oturur bir saat, saat yarım konsert verir. Əsl konsert bax budur. “Natiq” ritm qrupu orkestr də sayılır. Musiqiçilərlə birlikdə əsl solo konsert olacaq. Bacardığımız qədər nağara ritmi, ahəngini, gözəlliyini göstərməyə çalışacağıq. Nağaranı yaşatmaq lazımdı, bu gün bu aləti muzeyə qoymaq deyil, istifadə etmək gərəkdi. Biz də bacardığımız qədər buna çalışırıq. Milli dəyərlərimizə, musiqimizə sahib çıxmaq istəyirik. Hər konsert fərqli ritmlərdən istifadə olunduğu kimi, bu dəfə də ənənəyə sadiq olaraq, xarici ritmlərdən istifadə olunacaq. Bu dəfəki konsertin fərqliliyi eyni zamanda orkestr olaraq səhnəyə çıxmağımızdan irəli gəlir. Ritmlər əlavə edərək yeniliklərin olacağına söz verirəm”.

İşlərə can qoyulduğu gözlərdən sezilirdi

Natiq bəy, elə ürəkdən danışırdı ki, gözlərindəki qığılcımı orada olub hiss etməmək mümkün deyildi: “Burada hamımız can qoyuruq, çalışırıq. Qrupda ancaq nağara deyil, qarmon, zurna, balaban, klaviş alətləri də daxil eləmişik. Bizdən sonra Azərbaycanda nağaraya olan maraq artdı. Təzə-təzə qruplar yaranmağa başladı, buna çox sevinirəm. Rəqibin olmağı gözəl bir şeydi, rəqibsiz ümumiyyətlə, həyat yoxdu. Mənim üçün bu gün Azərbaycanda rəqib o kəs ola bilər ki, mənim Azərbaycana qazandırdığım uğurun, heç olmasa, bir hissəsini qazandırsın. 1999-cu ildən fəaliyyət göstərirəm, ölmüş, itib batmış musiqi alətimizi 15 ildi yaşadıram. Dünya səhnələrində Qran-prilər, pul mükafatları qazanıb, Azərbaycanı tanıtmışam. Qanımla, canımla çalışdım, 2007-ci ildə əməkdar artist adını aldım. Daha sonra “Evrovision”dakı çıxışımızla da daha bir uğura imza atdıq. “Natiq” ritm qrupu bir iz qoya bilər, bunun gələcəkdə çox gözəl davamı olar. Ona görə də, “Natiq” ritm qrupu öz sözünü deyib, ancaq biz dayanmamalıyıq. Qoy bizdən baxıb, öyrənsinlər”.

“Ata-bala arabeskdə ifa edəcəyik”

Qrupun bu günə qədər olan fəaliyyətindən danışdıqdan sonra, konsert barədə söhbətimiz başladı. Konsertin mövzusu ritmdir. Şou, gözəl, təzə musiqilər olacaq. Kənan qardaşımızın musiqisi var. Onu da Mehriban xanıma həsr edəcəyik.
Keçən konsetrdə adətən dünyaca məşhur musiqiləri səsləndirmişik. “Kurtlar Vadisi”nin, Maykl Ceksonun mahnıları olub. Bu dəfə qarmonla sintez olunmuş, arabesk janrlı mahnılar da olacaq. Biz bununla nağarada tək Azərbaycan ritmini deyil, eləcə də xarici ritmləri yaratmağı bacardığımızı demək istəyirik. Nağara çox ritmlərin dillərini bilir. Dünya ritmlərinin nağarada yaradılması daha çox dinləyicini cəlb edir, dünyanı maraqlandırır. Qrupda 20 nəfərik, orkestrda həm qrup, həm musiqiçilər olacaq. Əlavə musiqiçilər də olacaq, belə demək olarsa, işi böyütmüşük. Ərəb ritmlərindən də örnəklər olacaq. Nağarada səslənən dünya zərb alətləri, var ki o tembrlər də səslənəcək. Cembir, kombi, udarlinq və digər tembrləri nəzərdə tuturam. Sonra oğlumla solo çalaçağıq. Ümid ilk dəfə mənimlə birlikdə deyişmə edəcək, ata-bala arabesk ifa edəcəyik. Mən iki yerə “bölünəcəm”: Bir əl başqa ifa edir, o biri başqa. Belə maraqlı ifalar olacaq.

“Sabah nağara əlimdən düşsə...”


Məşq zalında çoxlu azyaşlı uşaqların olması diqqətimi cəlb etdi. Adətən konsertlərə müəyyən yaşdan başlayırlar. İndi azyaşlı uşaqların belə böyük bir konsertə hazırlaşmalarının böyük risk olduğunu dedikdə, qrup rəhbərinin cavabı belə oldu:
“Bu doğrudan da riskdi. Ancaq bu riskləri etməsək, inkişaf edə bilmərik. Onlar “Evrovision” səhnəsində çıxış edəndə özlərini doğrultdular. Hər şeyi uşaq vaxtından öyrənmək daha gözəldir. Daha çox şey öyrənirsən, yoxsa artıq böyüyə nələrsə öyrətmək çətin olur. Uşaqlar daha götürümlü olur, ancaq onları idarə etmək çətindi. Əvvəl çətinliklər olsa da, öyrəndikcə işimiz rahatlayır. Ümumiyyətlə, dünya psixologiyasında var ki, körpə uşaqlarla məşq etmək çətindi. Bir də görürsən elə uşaq var böyükdən ağıllıdı.
Bu sənəti daha çox idmana bənzədirlər, sadəcə idmanla fərqi ondadı ki, idmanda əqillə qazandığın gücü istifadə edirsən. Ancaq bu daha çox şaxəlidi, əqil, gücdən başqa texnikanı, ritmi bilmək lazımdı. Əlinlə çalırsan, çaldığını düşünürsən, ritm tutursan. 25 ildir ki, nağara ifa edirəm, ancaq sabah nağara əlimdən yerə düşsə, heç kim yaxşı sənətkardı, olan şeydir deməyəcək. Düşünəcək ki, artıq çala bilmir.

“Başım pul qazanmağa o qədər qarışdı ki...”

Ritmi idarə etmək, birlikdə nələrsə etmək çətindi, xüsusilə də ritmdən çox anlayışı olmayan üçün. Hər bir kəsi müşahidə etmək olar, amma ona ritmi öyrədib müşahidə etməliyik. Məsələn, Namiq Qaraçuxurlu üçün meyxana yazmışıq, sadə bir ritmdi. Bunu hamı bilir, iş prinsipi bunun üzərindədi. Alim müəllim də bütün ritmləri gözəl bilir. Bir ideyamız var idi. “Həyatın yaranışı”. O vaxtdan o fikrimizdə qalıb. Düzünü deyim, başım pul qazanmağa o qədər qarışdı ki, o da yadımnan çıxıb. Çünki evim, eşiyim yox idi. Allah yol açdı, pul qazandıq, yavaş-yavaş onları da edəcəyik, inşaAllah”.

Hər peşəkarın özünün aləti olduğunu deyir Natiq bəy. “Əslində bütün nağaraları çalmaq olur, ancaq istədiyin səs çıxmayanda, narahat olduğunu deyir. Peşəkar hazırlanan nağara tamam başqa olur, həm əlin də öyrəşir, istədiyin kimi olur. Musiqi aləti peşəkarın öz balası kimidi. Başqasının balasını nə qədər sığallasan da, özününki kimi olmur. Hər konsertdən sonra bir şeylər öyrənirəm, insan biri ilə söhbət edəndə belə nələrsə öyrənir, qaldı ki, böyük bir konsertdən öyrənməyəsən. İnsanın mənəvi aləmi zənginləşir belə auradan, belə söhbətlərdən...”

Turanə Zeynallı

 






30 Avqust, 2013  16:46 Baxılıb: 1856 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner