Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

IŞIN KARACA: “AZƏRBAYCANA GƏLDİYİMDƏ MUSİQİLƏRİNİZİ “TALAN” EDƏCƏM” - MÜSAHİBƏ - ÖZƏL -FOTOSESSİYA

1

Rubrikamızın bu dəfəki qonağı təkcə ölkəsində deyil, Azərbaycanda da yetərincə sevilən, güclü səsi ilə seçilən məşhur türk müğənnisi Işın Karacadır. Işın xanımla İstanbulda səsyazma studiyalarının birində görüşdük. Yeni albomunu yekunlaşıdırma ərəfəsində bizim Azərbaycandan gəldiyimizi bilib, məmnuniyyətlə jurnalımıza müsahibə verməyə razılıq verdi. Onunla görüşməyimizə Türkiyənin tanınmış şairəsi Ayşə Birgül Yılmaz yardımçı oldu.

-Tam 20 ildir ki, mahnı oxuyuram. 300-ə yaxın albomda bekvokal səsləndirdim, 100-ə yaxın reklam çarxlarını səsləndirmişəm. Bu günə qədər 6 albomum çıxıb. Hazırda 7-ci albomu yekunlaşdırırıq.
- Sizi müğənni kimi kəşf edən kim olub?
- Anam məni kəşf edib. İki yaşım olanda müğənni olacağıma qərar verdim. Onda evimizə gələnlərə mahnı oxuyurmuşam. Bundan sonra anam qərara gəlir ki, bu qızdan müğənnidən başqa bir şey olmayacaq. Təsadüfən müğənni olmamışam. Kiçik yaşlarımdan dərslər almağa başladım. Hətta İngiltərədə musiqi dərsləri də aldım. Bir tərəfdən də ədəbiyyata böyük marağım vardı. Kitab oxumağı çox sevmişəm. O səbəbdən də iki ixtisası – həm musiqili teatr, həm də ingilis dili və ədəbiyyatı fakültələrini bitirdim.
- Sənətçilərdən sizə ilk xeyir-dua verən kim oldu?
- Burda hər sənətçi yeni gələnə asanlıqla xeyir-dua verməz. Sadəcə Sezen Aksu mənə dəstək oldu. 9 il onun vokalistliyini etmişəm. O, heç zaman həyatımdan çıxara bilməyəcəyim bir sənətkardır. İlk albomum onun təşəbbüsü ilə ərsəyə gəldi. Amma həyatda işıq yolu deyilən bir şey var, alınacaq bir şeyin önünə keçmək mümkün deyil. Mahnı oxumaq üçün doğulmaq başqadır. Sezen Aksu olmasaydı, bəlkə də Zəriin Özər və ya Ajda Pekkan da dəstəkçim ola bilərdi.
- Hər müğənniyə nəsib olmur ilk mahnısından sevilib populyar olmaq. Amma siz “Tutunamadım” adlı çıxış mahnınızla buna nail oldunuz.
- Albom çıxarmazdan əvvəl Türkiyə adına 2 dəfə Eurovision və Altın göyərçin mahnı müsabiqələrinə qatılmışdım. Oradan azca da olsa tanınırdım. Sonra ilk albomumdan çıxış mahnım olan “Tutunamadım”ı dinləyicilərə təqdim edərkən, siz demiş, müğənni kimi sevildim.
- Bir müğənni kimi heyranlarınız razılaşar ki, yaxşı mənada, tamamilə fərqlisiz.
- Təşəkkür edirəm. Hər bir insanın bu həyatda bir missiyası var. Mənim də missiyam müğənni kimi insanlara sevinc, duyğusallıq bəxş etməkdir.
- Başqa missiyalarınız yoxdurmu?
- Var, ailəm, uşaqlarım və mahnılarım. Mənim missiyam onlar üçün yaşamaqdır. İnsani dəyərlərə çox önəm verirəm. Dostlarım, doğmalarım, ailəm, sevənlərim mənim üçün dəyərlidir. Məni mən edən o insanlardır. Şan-şöhrətə çox inanan insan deyiləm. Gerçək həyatı, gerçək duyğuları daha üstün tuturam.
- Albomunuz dolsun deyə, ürəyinizcə olmayan mahnı oxudunuz?
- Yox, Vallahi, oxumadım. Mahnılarımda anlatdığım hər hekayədə Işın Karaca var. Hər şey yaşamışam. Yaşamadığım heç nəyi anlada bilmərəm.
- Bir mahnınızda “Alışğım gitmelere” deyirsiz. Bunu da yaşamısız?
- İnsanın daxilində hər saat, hər an dəyişən müxtəlif adamlar yaşayır. İçimdə çox fərqli qadınlar daşıyıram. O səbəbdən, getmələrə də alışıq oldum. Bir qız uşağı üçün ən böyük zərbə atasının onu tərk etməsidir. Çox kiçik yaşımdaykən atamla anam ayrıldı. Sevgililər, dostlar gələr, gedər. Amma atanın getməsi çox böyük dərddir. Atamın məni tərk etməsini yaşadım, ardından sonrakı tərketmələrə alışdım. Atamla anam heç vaxt barışmadılar. Ötən il atam dünyasını dəyişdi. Həyatımdakı yaxşı-pis duyğuların nə olduğunu bilərək yaşayıram artıq...
- Sənətdə yolunuza əngəl olanlar oldumu?
- Təbii. Bildiklərimin adların çəkməyəcəm, adları mənimlə məzara gedəcək. Bilmədiklərimi də Allaha həvalə edirəm. Heç vaxt onlarla mübarizə aparmadım. Qıcıqlara reaksiya verən adam deyiləm. Çox səbirli bir dünyam var. Bu dünya əvəz-əvəz dünyasıdır – sən nə edərsən, etdiyin səni tapar, sənə qayıdar. Atalarımız “yaxşılıq et və dənizə at” demişlər. Səbəbi var, çünki o yaxşılıq sənə geri gələr.
- Gözdən, nəzərdən qorxduğunuz barədə deyilənlər doğrudur?
- Nəzərdən insan ölür. Bu aralar bu mövzularda çox kitablar oxuyuram. Sən nə edirsən et, yenə də sənsən. Hətta varlan və sonra da kasıbla, yenə də sənsən.
- Amma bəzi insanlar varlı və ya kasıb olanadan sonra dəyişir.
- Şöhrət də elə bir şeydir ki, insanı dəyişir. Amma mən ulduz kimi yaşamağa üstünlük vermirəm. İki övladım var. Evimin yeməyini də bişiriəm, təmizlik işlərini də görürəm. Gecə qızım oyandığında onu sakitləşdirmək üçün oyanıram. Həyat yoldaşım su istəyində, su gətirirəm.
- Əksər sənətçilər ailəyə vaxt ayıra bilmirlər. Amma sizdə alınır.
- Məndə multi-funksional bir enerji var (gülür). Təbii, sənət adamı bəzən yorulur. Mən özümə çox vaxt ayıra bilmirəm. Ayırdığım zaman isə mütləq kitab oxuyuram. Fiziki olaraq istirahət üçün yuxu yetərlidir. Amma ruhunu istirahət etdirmək bir başqadır.
- Çoxmu kitab oxuyursuz?
- Hətta oxuduqlarımı indi təkrar oxuyuram. Bir kitabı ilk oxuduğunuzda ötürdüyünüz məqamlar olur, tam anlaya bilmirsiz. Təkrar oxuduqda isə başa düşürsüz. Bu yaxınlarda “Da Vinçi şifrəsi”ni oxudum. Hazırda isə “Quranın şifrələri”ni oxuyuram. Həyatda bir çox şeylər baş verir. Onların fərqində olmaq lazımdır.
- Başqa nələrə marağınız var?
- At minməyi çox sevirəm. Dostlarımın at ferması var. Hərdən ordan bir at minib sahildə çapıram. Bu, mənə çox xoş gəlir. Bu aralar qızımla məşğul olmaq mənim hobbimə çevrilib. Onu 38 yaşımda dünyaya gətirmişəm. Mənim üçün üçün çox dəyərli varlıqdır. Oğlumun isə 19 yaşı var. O, artıq böyükdür. Müstəqil qərar qəbul edə bilir. Qızım Miadan əvvəl azad idim, normal ulduz həyatı yaşayırdım. Gecə həyatı, gecə klublarında çıxışlar, gəzintilər olurdu. İndi isə bizim üçün kinoya getmək daha xoşdur.
- Alış-verişə də özünüz gedirsiz?
- Bəli, məni kimsə tanıyıb soruşanda ki, Işın Karacasız? Mən də “xalasının qızıyam”-deyib, ötürəm (gülürük).
- 11 il əvvəl ilk dəfə Azərbaycanda olmusuz. Nə kimi təəssüratlarınız var?
- İlk dəfə Sezen Aksu Bakıda konsert verərkən Azərbaycana gəlmişəm. Xalqınız öz mədəniyyəti ilə mənə o qədər gözəl təsiri bağışladı ki, heyran oldum. Musiqiyə, kitaba olan marağınız diqqətimi çəkdi. İnsanlarınız savadlı, səmimidirlər. Çoxlu azəri dostlarım var. Hər biri də hər hansı bir musiqi alətində ifa etməyi bacarır. Ən sevdiyim insan tipi özünü maarifləndirənlərdir. Azəri xalqı da belədir. Bakını çox sevdim. Bir tək su problemim olmuşdu orda. Oteldə olarkən “qazsız su içə bilərəmmi”-deyə, soruşdum. Ofisiant “Işın xanım, gözləyin, mən gətirərəm”-deyib, evlərindən mənə su gətirdi (gülür). Bundan savayı hər şey çox gözəl idi. Mənim zənnimcə, siz bir ölkənin inkişaf etməsi üçün lazım olan hər şeyi yaşayırsız. Azərbaycan çox inkişaf edir. Eurovision Azərbaycanda keçirilərkən televizorda görüntülərə baxdığımda gözlərimə inana bilmədim. Bakı inanılmaz dərəcədə dəyişib, gözəlləşib. Memarlıq abidələrini gördükcə, o qədər gözəl təsir bağıladı ki, Bakıya vuruldum. İnşallah, bu yaxınlarda gəlməyi düşünürük.
- Azəri sənətçilərindən tanıdıqlarınız varmı?
- İzləməyə çalışıram. Zatən, dünya musiqisini izləyirəm. Amma sənətçilərinizdən kiminsə adını xüsusi olaraq çəkə bilməyəcəm. Mahnılarınızı çox sevirəm. Şəbnəm Fərahın Polad Bülbüloğlu ilə oxuduğu “Gəl, ey səhər” mahnısıni dinləyəndə çox təsirlənmişdim. Cahangir Cahangirovun “Ay qız” mahnısını bilirəm. Bir sözlə, bildiyim, eşitdiyim bir çox mahnılarınız var. Düşünürəm ki, Azərbaycana gəldiyimdə musiqilərinizi “talan” etməliyəm. Mütləq musiqi marketlərinə girib sənətçilərinizin albomlarını alacağam.
- 2013-cü ilə yeni albomla qədəm qoyacaqsız.
- Bəli, “Hər şey aşktan” adlı albomum yanvarın ortalarına çıxacaq. İçində Fəttah Canın, Selim Çaldıran kimi tanınmış musiqiçilərlə yanaşı yeni bəstəkarların da mahnıları var. “Arabesk” albomumdan sonra yeni albom üçün mahnılar axtarırdım. Amma heç cür ürəyimə yatan mahnı tapa bilmirdim. Dinlədiyim mahnıların heç biri xoşuma gəlmədi. Axırda dedim ki, albom çıxarmıram. Mən bunu dediyim anda menecerim qarşıma çox gözəl mahnılar qoydu. Bir ayın içində ürəyimcə olan mahnıları seçdim. “Uyanış” adlı albomumda bütün mahnıların sözü və musiqisi mənə aiddir. Fəqət həyatımın bu dönəmində mahnı, söz yazmağa enerjim qalmadığından yeni albomumda özümə aid mahnı yoxdur. Amma yeni albomdakı mahnıların hamısı, ruhumun süzgəcindən keçib. Hamısında olan hekayələri sanki yaşamışam.
- Azəri pərəstişkarlarınıza nələr söyləmək istərdiz?
- Xalqınızı, Azərbaycanı çox sevirəm. Orda olan pərəstişkarlarıma sonsuz sevgilərimi çatdırıram. Mütləq konsert proqramı ilə çıxış edib, onlara qovuşmaq istəyirəm.

Azər Nəsibov (“Simsar” jurnalı)

 






19 Avqust, 2013  16:41 Baxılıb: 3638 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner