Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RÜSTƏM BEHRUDİ: «ƏDƏBİYYATIMIZ KƏRBƏLA MÜSİBƏTİ YAŞAMAĞA MƏHKUMDU»

“Namaz qılıb, oruc tutacam...”

“Bizim millət bir az qəribə millətdi. Şairi ya həbsxanada, ya acından ölən vəziyyətdə, ya da kürsüdə görmək istəyirlər. Mənim ədəbiyyatda qallmağımın müəyyən səbəblərindən biri və bəlkə də birincisi içimdəkiləri yazmağımdı. Mən nə yazdımsa içimdəkiləri yazdım, başqaları üçün heç bir şey yazmadım”. Bu fikirləri “Dar ağacına salam verən”, dili “Şaman duası”na çevrilən, yol üstündə “Boz qurd”la dərdləşən Rüstəm Behrudi deyir. Şairlə ədəbiyyatımız, onun bugünkü durumu və şəxsi həyatı barədə söhbətləşdik.  

- Şair yenə dar ağacı ilə salamlaşır?
- O psixoloji haldı. Məsələn, Nəsimidən soruşurlar ki, bayaq bir cür deyirdin, indi başqa cür deyirsən. Deyir ki, şair hərdəmxəyal olar. Həyatımda bədahətən oxuduğum bir neçə şeir var ki, onlardan biri də “Salam dar ağacı”dı. O şeri ilk dəfə Səmərqənddə Əmir Teymurun məqbərəsində oxumuşam. İndi də yadıma gəlir, 1988-1989-cu illərdən biri idi institutun tələbələri ilə Səmərqəndə getmişdik. O vaxt mən möhkəm araq içirdim. Çox qəribədi o vaxt həm də ilk tələbə hərəkatının rəhbəri idim. 1988-ci ildə ilk meydan hərrakatının rəhbəri də mən olmuşam. Fevralın 18-də yüz min tələbəylə meydana çıxmışam, bir adam yanımda olmayıb. Bu sualı məndən o vaxt da soruşmuşdular. Cavabında demişdim ki, həmin psixoloji an yetişməlidi. Mənim içimdə elə bir şey olub. Bu psixoloji vəziyyət bəzi şeirlərimdə də var. Elə “Salam dar ağacı”nda da.
- Eyni dövrdə sizinlə bərabər yazanlar vardı, amma unuduldular. Sizi onlardan fərqləndirən nə oldu?
- Deməyəcəm istedadlıyam. Sadəcə ədəbiyyatla məşğul oluram. Əkrəmin bir yazısı var idi. Orada deyirdi ki ədəbiyyat mənim vətənimdi. Mən bu yazıya gülmüşdüm və onun özünə də demişdim ki, bu nə ifadədi? İndi Əkrəmi qınasalar da, Əkrəm böyük yazıçıdı. Onun səhvi olub, olmayıb özü bilər. O vaxt mən “ədəbiyyat mənim vətənimdi” ifadəsinə gülsəm də, uzun müddətdən sonra gördüm ki, artıq söz mənim vətənimə çevrilib. Mən sözü taleyimə çevirən bir adamam. Bu, mənim işimdi. Ətrafımda çoxlu şairlər var idi. Eyni vaxtda ədəbiyyata gəlmişdik. Amma bu gün onlar yoxdurlar. Deməli, tanrıdan gələn bir şey var: Bir insan ya şair doğulur, ya da doğulmur. Bir insanın, söz adamını şairə çevirəcək bir taleyi olmalıdı. Azərbaycan ədəbiyyatında çox istedadlı adamlar var – məndən də, Ramizdən də, Vaqifdən də. Ancaq onların şair taleyi olmayıb. Bunu Allah verir adama.
- Bizim yazarlarla xairci yazarlar arasındakı əsas fərq insan problemidir. Bizim şairlər güllə, çiçəklə, sevgiylə insanların sanki başını aldadır. Amma xarici ədəbiyyatda insan taleyi daha önəmlidir...
- Həmişə bu haqda fikirləşmişəm. Hətta son kitabımda belə bir şey var ki, biz indiyə qədər aydan, duzdan hər şeydən yazdıq. Yalnız insanın özündən, psixologiyasından bəhs etmədik. İnsan nədi? Ədəbiyyat insanın özündən-özünə danışmasıdı. Biz insanın özündən danışmadıq və bizdə hər şey insandan kənardadı. Kitabımda bu haqda yazmışam: “Bu dünyada hamı tanrının bəndələrinə yerdən, göydən, ağacdan, çiçəkdən, küləkdən danışdı. Ancaq heç kim insana özündən – insandan danışmaq cəhdində bulunmadı. Çünki insana insandan danışmaq cəhdi – sirrin içində sirri aşkar etməkdi, Aşkar olan bir şey də artıq sirr deyil. İnsanı sirr pərdəsinə bürümək cəhdi onun yeni insanı asan idarə etmək istəyinə hesablanmış riyakarlıqdı. İnsanın yaratdığı, bəlkə də, uydurduğu bəşəri dəyərlər işlədiyi günahlara, cinayətlərə haqq qazandırmaqla özünü qorumaq cəhdindən başqa bir şey deyil. Mən insanın üstündən sirr pərdəsini qaldırmağın, yəni insana insandan danışmağın tərəfindəyəm.
Ey tanrının adsız bəndəsi,
Kim nə bilir ruhundaki sevda nədi,
Mən danışım burax yeri, burax göyü,
Mən sənə səndən danışım.

Kim nə deyir desin ot, gül, çiçək ötəri şeylərdi. Əslində böyük mənada ədəbiyyat insanın başını aldatmaqdı. Nizami Gəncəvi “Sirlər xəzinəsi”ndə deyir ki, dünyanın ən böyük şeiri, ən böyük yalanıdı. Ancaq böyük ədəbiyyat insandan danışmaqdı. Çünki hamı ədəbiyyatı bu günə hesablayır. Hamı deyir nəysə yazım: mahnı, şer bəstələyim məşhurlaşım. Ağıllarına gələni yazırlar. Heç kim gələcəyi hesablamır. Mən yazdıqlarımı bu günə hesablamıram, yüz illərə hesablayıram. Bütün həyatımı da o cür qurmuşam. Həyat tərzim də o cürdü. Bəlkə də, məni qiymətləndirən yoxdu, heç vecimə də deyil. Yaşımın o həddindəyəm ki, oxucunun nə dediyi mənim üçün maraqlı deyil.

“Ədəbiyyatımızda dəyərlər itib...”

- Rüstəm bəy, son dövrlər ölkədə kitab satışının səviyyəsi çox aşağı düşüb. Sanki insanlarda nəsə oxumağa meyil ölüb. Şeirlərə isə maraq tamamilə ölüb. Məgər sizin şeirlərinizi oxuyurlar?
- Bunun müəyyən səbəbləri var. Qəzetlərin oxunmamağının ən böyük səbəbi populyarlıq dalınca qaçmalarıdır. Nə gəldi yazırlar – ən sensasiyalı xəbərlər, heç bir əsası olmayan xəbərlər. Təbii ki, oxucu onu bir dəfə, iki dəfə oxuyacaq, artıq görəcək ki, yalandır, oxumayacaq. Azərbaycanda kitabın satılmadığı ilə bağlı fikirlər yanlışdır. Çünki mən bir nəşriyyatla müqavilə bağlamışdım və kitablarımı onlara satmışdım. Özümə kitab lazım olduğu üçün nəşriyyatdan pulla kitab istədim, dedilər yoxdu. Kitab satışının zəifliyinin səbəblərindən biri də odur ki, maraqlı kitablar çox bahadı. Onu adi bir adamın alması mümkün deyil. Maraqsız kitab da kimə lazımdı?!. O adam şikayətlənə bilər ki, satışı yoxdu. Belələri mənə gündə 10-15 kitab bağışlayır. Bəlkə də, “kitab satışı yoxdu” deyənlərin hay-küyü o adamlardan gəlir ki, kimsə adını şair qoyub baldızına, qohum-əqrabasına kitab yazır, çap elətdirir. Kimdi bunu alan?! İndi Sovet hökumətinin vaxtındakı kimi kitab satışı yoxdu. Çünki o dövrdə adamlar talelərindən razı idilər. Az və ya çox maaş alırdılar. Bütün ayboyu özünü dolandırmaq imkanı var idi. Sabahkı təhlükə veclərinə deyildi. Bilirdilər ki, dolanacaqlar, ona görə kitab da alırdılar. Bir də kitab məsələsi cəmiyyətin təkcə şüur səviyyəsi ilə, intelekti ilə bağlı deyil. Kim nə deyir, desin, cəmiyyət sosial fəlakətlərin içində olduqda onun mənəvi dəyərləri itir.
- Cəmiyyəti sosial fəlakətə salanlar nədi?

- Bu ölkədəki korrupsiya, rüşvətxorluq, siyasət artıq cəmiyyətin gerçəkliyidi. Məsələn, mənim üçün iqtidar, müxalifət problemi yoxdu. Uzun illər bundan əvvəl bir yazı yazmışdım: “Vaxtı gəldikdə hakimiyyətdən getməyi bacarmayan hakimiyyət – zorbalıq əlaməti, vaxtı gəldikdə hakimiyyətə gəlməyi bacarmayan müxalifət – sürtükdür”. Cəmiyyətin bir hormoniyası var, o pozulub. Yəni, kənardan baxdıqda cəmiyyətdə haqlılar və haqsızların olduğu görünür. Mütləq bir yerdəyişmə, hormoniya olmalıdı. İndi bu hormoniya pozulub.
- Belə çıxır ki, bu gün Azərbaycan ədəbiyyatında hormoniya pozulub?
- Ədəbiyyatdaki hormoniya bir az mənəvi dəyərlərə söykənir. Yəni, o hormoniyanı adi gözlə görmək, tam hiss etmək mümkün deyil. Bayaq dediyim hormoniya göz önündəki hormoniyadı. Məsələn, həkimlərin və ya müəllimlərin maaşı azdı. Cəmiyyətdə bir qism kasıblıq həddində yaşayır, digər qism isə çox zəngin. Bir ölkədə hormoniya mənəvi dəyərlər ölçüsünə söykənir. Azərbaycan ədəbiyyatına gəldikdə isə, indi o dəyərlər itib. Məsələn, cavan bir uşaq, heç mən onu tanımıram, Kamal Abdullanı təhqir edir. Bəlkə də, o istedadlı bir adamdı. Ancaq bu, ədəbiyyatdakı qalmaqal deyil, bu, sadəcə cavan bir nəslin layiq olmadığı şəkildə özünü təsdiqetmə istəyidi. Yəni böyüyümdən yazım, onu biabır edim və məni də tanısınlar.

“Namaz qılıb, oruc tutacam...”

- Ancaq bu məsələni qoyanda digər bir məsələni də nəzərə almaq lazımdı. Tanınmış gənc yazarlar Yazıçılar İttifaqından çıxdılar...niyə?
- Yazıçılar İttifaqı Azərbaycanın taleyində rol oynayacaq səviyyədə deyil. Artıq oradan çıx, ya oraya üzv ol, elə böyük bir məna kəsb etmir. Məsələn, mən bilmirəm ki, oranın üzvüyəm, ya yox. Ancaq bir vaxtlar bu qurumun ən gənc üzvü olmuşam. İndi bilmirəm oradan çıxarıblar, ya yox. Çünki ora getmirəm. Yazıçılar İttifaqı o vaxt nüfuzlu idi ki, ədəbiyyat dövlətin və iqtidarın təbliğ vasitəsi idi. İndi iqtidarın bu təbliğə ehtiyacı yoxdu. Bu anlaşılmazlıq da buradan doğur. İqtidar çox güclüdü. Onun şair, nə də yazıçı sözünə ehtiyacı yoxdu. Ölkədə 3-4 nəfər var ki, onların sözü nəyisə həll edə bilər. O adamların da əksəriyyəti iqtidarı təmsil edir. İndi ədəbi prosesdəki qalmaqallar ədəbiyyatın inkişafına xidmət etmir. Bunlar mənə qarşı da olub. Məsələn, heç bir yazısı cəmiyyətin yadında qalmayan insan məni ittiham edir ki, Rüstəm komfortda yaşayır, varlıdı, zəngindi, həm də ölüm haqqında, ədəbiyyat haqqında, Allah haqqında şer yazır. Ədəbi qalmaqal ədəbiyyatın inkişafına xidmət etməlidi. Bizdə baş verən qalmaqallara baxın: cavanların ağsaqqalların üstünə üsyanı. Bəzi şeylərdə haqlıdılar da. Şübhəsiz haqlıdılar, amma bu şəkildə etmək düzgün deyil. Ədəbi qalmaqalın o vaxtlar islamla bağlı baş verənlərlə, oxşar şəkildə olmasını istəyirəm. İmam Əli hakimiyyətdən getdikdən sonra, hadisələr inkişaf etdikcə artıq İslam bir din halından çıxıb bir idealogiya halına girirdi. Yəni din olaraq ortadan qalxırdı. Ancaq birdən-birə elə bir hadisə baş verdi ki...Kərbala müsibəti... Bu hadisə elə bil ki İslama yeni can verdi. İslamı məhvdən qurtardı, damarlarına elə bil ki, təzə bir qan vurdu. Azərbaycan ədəbiyyatı da belə bir prosesi yaşamağa məhkumdu.
- Müqəddəs ramazan ayıdı, oruc tutursuz?
- Mənim belə bir şeirim var:
Qaldır yerə düşən andı,
Dur adıma bir şam yandır.
Mənim haram müsəlmandı,
Mənə tövbə olmaz artıq
– Mən bir az İslam dininə fərqli baxıram. Çox böyük din hesab edirəm. Həmişə deyirəm ki, Musanın eqosu olduğundan o, ancaq yəhudilərin peyğəmbəri ola bilərdi. O, hətta böcəkdən belə Allaha şikayət edir. İsa peyğəmbər sevgiylə dolu bir peyğəmbər idi. O, bütün xristianların peyğəmbəri idi. Ancaq Məhəmməd peyğəmbər onların ikisindən də fərqli olaraq bütün bəşəriyyətə göndərilmiş bir peyğəmbər idi – bu mənim düşüncəmdi. Ancaq bu dünyada bəşəriyyətin ilkin dövrüylə, onun yaradılışı ilə bağlı başqa bir təsəvvürlərim də var. Yəni Türk ruhundan, türkçülükdən gələn başqa şeylər var. Məncə Adəm və Həvva əhvalatı uydurma bir nağıldı. Hətta peyğəmbərlər də Adəm və Həvvanın nağıl olduğunu bilirdilər. Buna görə də Cənnətdən qovulma nağılına çevirib, camaata dedilər. Həmişə hiss etmişəm ki, biz tamamilə başqa bir yerdən gəlmişik. İnsan palçıqdan, çamurdan yaradılası bir şey deyil. Türk mifologiyasında qəribə şeylər var. Qeyri-adi admlara “elə bil göydən zənbillə düşüb” deyirlər. Bu ifadə milyon illərdi var. Yəni insanın göydən gəldiyinə inam var burda. Ancaq İslamın elə böyük dəyərləri var ki...bununla yanaşı İslam Türk millətindəki bəzi şeylərin, bir millət olaraq özünəməxsus bəzi böyük dəyərlərin də üstündən xətt çəkib. İslam bu mənada böyük bir dindi. Elçibəy deyirdi ki, hər bir şeyin zamana ehtiyacı var. Yəqin ki, bir neçə ildən sonra ağlım başıma gələcək, mən də namaz qılıb, oruc tutacam – əsil müsəlman olacam.
- Hər gün yazırsız?
- Şahbaza söz vermişəm: Bir kitab tərtib edirəm. Məndən xahiş edib sevgi seriasından kitab buraxmaq istəyir. Hələ ki sevgi şeirlərimi seçib, bir kitab halına salıb təqdim edəcəm. Paralel olaraq “Yavaş-yavaş ölmək və yaxud da yay günündə yağan qar” adlı fəlsəfi məktub yazıram.
- Son vaxtlar ədəbiyyatdan çəkilmiş kimi görünürsüz...
- Son vaxtlar bir az nasazam, onun üçün.
- Şair ağrısız olur?
- Məndə fiziki ağrılardı, əməliyyat olunmuşam, yenə əməliyyat olunmalıyam, ürəyimə set qoyulmalıdı, təzyiqim çoxdu, ancaq ədəbiyyatla məşğul olmadığım gün yoxdu
- Müasir Azərbaycan ədəbiyyatdında kimləri oxuyursuz?
- Gəncləri oxuyuram. Gənclər üç-beş şeir yazdıqdan sonra allahlıq iddiası etməyə başlayırlar. Düzdü şairlərin hamısında özündənrazılıq var. Ancaq bunu özündən əvvəlki nəsili təhqir etməklə ortaya qoymaq biabırcılıqdı. Gənclərdən ən çox da Elşad Ərşadoğlunun şeirlərini bəyənirəm. Azərbaycan ədəbiyyatında əsil varislər ədəbi qalmaqaldan kənar olanlardır. Onlardan biri də, elə fikirləşirəm, bu oğlan olacaq. Aqşinin şerlərini oxuyuram. Bir vaxt cavan oğlan vardı Qanturalı, onu oxuyurdum. o istedadlı oğlandı. O da ədəbiyyata böyük iddiayla gəlmişdi. Mənə elə gəlir fəlsəfəni oxuduqdan sonra nə yaxşı ki iddialarından əl çəkdi. Cəmiyyət onu tərbiyə etdi. Təkcə cəmiyyət deyil, ədəbi mühit, bir az da özü-özünü tərbiyə etdi. Bəzən böyük iddialarda olan adam heç vaxt, heç nə edə bilmir. İslamda da belə bir şey var ki, Allah iddialıları sevməz. Məndə çox qəribə bir xüsusiyyət var. Uzun illər redaktor işlədiyimdən püxtələşmişəm. Şeirin iki misrasından onun ruhunu bilirəm. Ona görə də, ilk iki misra məni ruh şəklində tutursa, oxuyuram. Sonra dostlarımın yazılarını oxuyuram. Məsələn, Ramizin təzə şeri çıxanda oxuyuram. Vaqif mənim üçün maraqlıdı. Sabirin bu yaxınlarda yazısı çıxmışdı, onu oxudum. Ağa Laçınlıyla dostluğum olub. Ona sağlığında söz vermişdim, sənin şerlərin haqqında yazacam, yazmamışam. İstəyirəm tezliklə onu yazım.

“O qız məni sevməsə...”

- Facebookda çox aktiv görünürsünüz. Demək olar ki, hər gün oradasız...
- Yorulduqda mənə gələn məktublara baxmaq üçün ora girirəm. Əslində mən daha çox bağda işləyirəm. Bağa getdikdə də yanımda kompyuter olur. Yəni boş vaxtımda, heç nə yaza bilmədikdə, internetə girirəm.
- Sizə çox məktub gəlir?
- Bəli sevgi məktubları çoxdu. Təbii ki onların heç birinə cavab yazmıram, çünki mən sevginin nə olduğunu anlayan adamam. Çox böyük dəyərlər var, biz onları uydurmuşuq. Yaşamaq üçün, özümüz üçün uydurmuşuq. Məsələn, sevgi əslində gənclik deməkdi. Mənim yaşım əlli beşdi. Məni sevən cavan, 18 yaşlı qıza nə vəd edə bilərəm? Heç bir şey. Qoca bir kişini, ölüm tarixi günlərlə, aylarla, kiçik illərlə sayılacaq bir adamı nə cür sevmək olar?
- Bəs Tolstoyu, Balzakı necə sevirdilər?
- Mən ona tamam başqa cür baxıram. O, sevgi deyil. Öz cinsi istəklərini qarşılamaqdı. Bu yaxınlarda Dostoyevskinin ev muzeyində oldum. Məxsusi Ermitaja baxmağa getdim. Hətta onun yazı yazdığı stolda oturdum. Rəhmətə getdiyi, uzandığı divana baxdım, əlyazmalarına baxdım. Hər gün yeni zərlər alıb ki, qumar masasında qalib gəlsin. Udmaq eşqi ilə hər gün yeni zər alıb, ancaq hər dəfə uduzmuşdu. Bütün həyatı boyu uduzdu, ancaq onun uduzmağının əvəzində ədəbiyyat qazandı. Dünya ədəbiyyatının şah əsərlərindən biri – Qumarbaz əsəri yazıldı. Dostoyevski necə sevirdi ki, toy günündən 1 həftə sonra öz qadının ayaqqabısını, gəlinliyini satıb qumara qoydu. Bu böyük bəşəri dəyər deyil, ancaq bizim uydurduğumuz dəyərdi. İndi xanımım məndən inciyəcək, ancaq deyirəm: mən böyük dərəcədə sevda deyilən bir şeyə inanıram. Yəni dəlilik dərəcəsində olan sevgiyə inanıram. Yoxsa adi görüşlərdən, yataqdan ibarət sevgiyə inanmıram.
- Həyatınızda elə bir sevda olmayıb?
- Var, elə indidə var – həyat yoldaşım...
- İnandırıcı deyil...
- Doğrudan da, bu belədi. Ömrümdə yalan danışmadım, qorxmuram ki...
- Ona qədər sevdikləriniz olmayıb?
- Olub təbii ki.
- Həyat yoldaşınız bilir?
- Əlbəttə bilir. Biz onunla saatlarla söhbətlər edə bilirik.
- Bəs sizcə sevgi nədir?
- Məncə sevgi sevdiyin adama gələcəyi vəd etməkdi. Əslində sevgi vəd istəyir. Başqa yolu yoxdu. Sevgi layiq olmadığın bir şeyi əldə etmək istəyidi. Məsələn, bir də görürsən çox eybəcər bir oğlan dünyanın ən gözəl bir qızını sevir. Ancaq Allah bunu mükəmməl yaradıb ki, özü kimi mükəmməl biriylə bir yerdə olsun. Özümdən danışım. Uşaq vaxtı sinif yoldaşlarım, yaşıdlarımdan ən eybəcəri mən idim. Kəndin ən gözəl qızını istəyirdim. Bu normal bir şey deyildi. Və təbii ki, o qız mənə gəlmədi. O təcrübə də mənə bir şeylər öyrətdi. Gözəlliyi, ruhu eyni olan adamların sevgisinə inanıram. Eyni deyilsə, artıq bir tərəfdə umma, bir tərəfdə başqa bir şeyi əldə etmək istəyi var.
- Mənə qaranlıq qalan o oldu ki, o qız Rüstəmə gəlmədi və Rüstəm daha gözəlləşmədi?
- Təbii ki illər keçdikdən sonra o adam özü xəbər göndərdi. Ancaq o hisslər içimdə yox idi. Ya özü ölmüşdü, ya da bilmirəm, mən öldürmüşdüm. 9-10-cu sinifdə oxuyanda elə fikirləşirdim ki, o qız məni sevməsə dağ çayı dönüb tərsinə axacaq. Elə fikirləşirdim ki, ağacların rəngi göy deyil, qırmızı, sarı olacaq. Ancaq onlar baş vermədi. Çox sevinirəm ki, insan çox böyük bəşəri dəyər uydurub və onunla yaşaya bilir. Yaşadığımız və qulluq etdiyimiz nə qədər dəyər varsa, hamısı uydurma dəyərlərdi.

Elmar Hüseynov

 

 

 

 






7 Avqust, 2013  16:49 Baxılıb: 2478 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner