Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

POLAD BÜLBÜLOĞLU: “BU, BƏSTƏKAR ÜÇÜN BÖYÜK XÖŞBƏXTLİKDİR”

ş

UŞAQLIĞIM ONUN MAHNILARINI DINLƏMƏKLƏ KEÇIB. “MƏN MAHNI QOŞURAM”, “QORXMA MƏN SƏNINLƏYƏM” FILMLƏRINƏ HƏR DƏFƏ HƏVƏSLƏ BAXMAĞIMIN SƏBƏBI DAHA ÇOX HƏMIN FILMDƏ SƏSLƏNƏN MAHNILAR IDI. “UŞAQLIĞIN SON GECƏSI” FILMINDƏKI “GƏL EY SƏHƏR” MAHNISI ISƏ NƏINKI MƏNIM, MAHNINI EŞIDƏN HƏR KƏSIN SEVIMLI MUSIQISIDIR. UZUN ILLƏR AZƏRBAYCANIN MƏDƏNIYYƏT NAZIRI VƏZIFƏSINDƏ ÇALIŞAN, HAZIRDA AZƏRBAYCANIN RUSIYADAKI SƏLAHIYYƏTLI SƏFIRI, RESPUBLIKANIN XALQ ARTISTI POLAD BÜLBÜLIĞLU ILƏ SƏFIR OLDUĞU MƏMLƏKƏTDƏ, MOSKVA ŞƏHƏRINDƏ GÖRÜŞDÜK. BÜTÜN MAHNILARI ILƏ HƏR KƏSIN QƏLBINDƏ ISTI BIR YER TUTAN POLAD MÜƏLLIMLƏ ÇOX SƏMIMI VƏ XOŞ SÖHBƏTIMIZI SIZLƏRƏ TƏQDIM EDIRƏM.


- Polad bəy, Azərbaycanın Rusiyadakı səfiri kimi ölkəmizi kənardan necə müşahidə edirsiz?
- Azərbaycanın nailiyyətləri göz qabağındadır. Bir səfirlik olaraq bu nailiyyətləri Rusiyaya çatdırmaq üçün əlimizdən gələni edirik. Mən artıq 3 ildir həm də MDB ölkələrinin Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədriyəm. Deyə bilərəm ki, MDB məkanında Azərbaycan çox böyük addımlarla irəliləyir və inkişaf edir. Məsələn, paytaxtda, digər şəhər və rayonlarımızda aparılan abadlıq işləri burdan ora gedənləri sözün yaxşı mənasında təəccübləndirir. Onlar da Azərbaycanın inkişaf etdiyini, gözəlləşdiyini vurğulayırlar və hətta digər Avropa ölkələri ilə müqayisə edirlər. Cənab Prezidentimiz tam müstəqil bir siyasət aparır. Bu gün Azərbaycan əsl müstəqil kursu həyata keçirməyə qadirdi və mənim təcrübəmə inanın ki, bu heçdə asan deyil. Ölkələr arasında da müəyyən rəqabət, təzyiq mexanizmləri var və bu mexanizmlərdən heyiflər olsun ki, böyük ölkələr tez-tez istifadə edirlər. Amma Azərbaycan çox mərd şəkildə bütün təzyiqlərin qarşısında dayanır və öz müstəqil siyasətini, yəni milli maraqlarını qorumaq, milli inkişafı həyata keçirtmək üçün bütün addımları atır.
- Sizin musiqilərinizi dinləyərək böyümüşük. Amma nədənsə son vaxtlar ifanızda yeni mahnılar eşitmirik.
- Heyf ki, yeni mahnılar yazmağa imkan, vaxt yoxdu. Üstəlik, mahnı bəstələmək üçün xüsusi mühit və əhval olmalıdır. İşlərimin çoxluğu ilə əlaqədar mahnı yazmağım çətindir. Rusiya çox böyük ölkədir. Moskvanın özündə 170-dən artıq səfirlik var. Hər gün demək olar ki, hansısa ölkənin bayramıdır və ya prezidenti, baş naziri, xarici işlər naziri gəlir, tədbirlər keçirilir, səfirlər kolleqaları dəvət edir. Burda da belədir ki, sən getməsən, sənin də çağırdığın yerə gəlməzlər. Mən də Azərbaycanı təmsil etmək üçün bütün tədbirlərə qatılmağa çalışıram. Bizim Moskvada böyük diasporumuz fəaliyyət göstərir və çoxusu artıq Rusiya vətəndaşlarıdırlar. Amma Azərbaycan vətəndaşları da var ki, bura təzə gəliblər. Moskvada qalmaq, iş üçün icazə almaq istəyirlər. Heyf ki, diasporda birlik yaratmaq olduqca çətindir və nə qədər çalışsaq da, hələ buna nail ola bilməmişik. Ürək ağrısı ilə bunu deməliyəm ki, regionçuluq burda da özünü büruzə verir.
- Əsas problem yəqin ki elə regionçuluqdur...
- Çox qəribədir ki, bunu burda da davam etdirirlər. Azərbaycanda nə qədər yeni iş yerləri, mərkəzlər açılır, yeni məktəblər, xəstəxanalar tikilir. Amma yenə də bura gələnlər çoxdu. Bizə də iş üçün müraciət edənlər var. Azərbaycanlıyıq, hamımız insanıq, çalışırıq ki, kömək edək.
- Bir müddət əvvəl korifey sənətkar, atanız Bülbülün mahnılarından ibarət diskiniz çıxdı...
- Bəli, atamın ifa etdiyi xalq mahnılarını simfonik orkestr üçün işlədim. İşin nəticəsindən çox razıyam. Çünki keyfiyyətli alınıb. Bundan başqa “Qorxma, mən səninləyəm – 2” filmi üçün mahnı bəstələmişəm. O mahnını Eldar Qasımovla ifa edəcəyik. Eldar üçün də ayrıca mahnı yazmışam.
- Mahnılarınız nəinki Azərbaycanda, hətta başqa ölkələrdə də sevilir. Türkiyədə olarkən oranın bir neçə müğənnisi sizin mahnılarınızı ifa etmək istədiklərini bildirdilər. Bununla bağlı bir addım atmağı düşünürsüz?
- Təbii ki, hər bir bəstəkar üçün başqa ölkədə tanınmaq, mahnılarına tələbat duyulmaq xoşdur. Bu, həm də Azərbaycan mədəniyyətinə, musiqisinə maraq, rəğbətdir. Bildiyiniz kimi, bizim bir çox özünə ulduz deyən ifaçılarımız çalışırlar ki, Türkiyə şou-biznesinə girsinlər. Amma orada müəyyən çətinliklər var. Mən üzərimə belə məqsəd qoymamışam. Lakin bilirəm ki, Türkiyənin radiolarında mənim mahnılarımı səsləndirirlər. Bir dəfə İstanbulda taksidə gedərkən mahnım səslənirdi. Elə bildim sürücü disk qoyub. Söhbət zamanı oxuyanı tanıdığını dedi, bildirdi ki, bu oxuyan əvvəl nazir olub. Sonra əlavə etdi ki, diskini heç yerdə tapa bilmirik. Əvvəl özümü tanıtmadım, sonra maşından düşəndə: “Oxuyan mənəm”, - dedim. Türk müğənniləri ilə işbirliyinə gəldikdə, Şəbnəm Fərahla “Gəl, ey səhər” mahnımı duet oxuduq və çox uğurlu alındı. Fatih Erkoç onu ingilis və türk dillərində oxudu. Zara adında müğənni də oxuyub və öz albomuna salıb. Sevindirici hal odur ki, gənc nəsil də bu mahnıları oxuyur. Bu yaxınlarda Türkiyənin ATV kanalında “Bir şarkısın sen” müsahibəsində yeniyetmə Şəbnəm Keskin mənim mahnımla birinci yer qazanıb. Lakin indidən daha hansısa müğənni ilə işbirliyi quracağım haqda qabaqcadan heç nə deyə bilmərəm.
- Şəbnəm Fərahı duet ortağı kimi siz seçmişdiz?
- Bəli, diski hazırlayarkən qərara gəldim ki, bir duet də olsun. Duet ortağı seçmək üçün təqribən 40-50 CD gətirdilər. Bir çoxuna qulaq asdım. Sona yaxın Şəbnəm xanımın səsini dinlədikdə qərara gəldim ki, onunla duet oxuyum. Şəbnəm onda gənc idi. Türkiyə tərəfi onun rokçu olduğunu bildirib məsləhət görmədilər. Lakin mən onunla oxumaq istədiyimi təkid etdim. Mahnını ona göndərdilər. Qulaq asıb demişdi ki, mənim janrım deyil, amma məmnuniyyətlə oxuyaram.
- Artıq Azərbaycanda yeni evlənən cütlüklərə sanki xeyir-dua verirsiniz, toylarda demək olar ki, tez-tez sizin “Toydan sonra düzələr” adlı mahnınız səslənir.
- Buna çox sevinirəm. Digər mahnılarım məsələn “Dilin can incidəndir”, “Ayrılıq” və başqaları sanki xalq mahnılarına çevrilib, el şənliklərində oxunur. Azərbaycan xalqının el şənliyi kimi adət-ənənələri inkişaf edir. Amma təəssüf ki, bəzən toyu konsertə çevirirlər. Ya da 1000 nəfər adamı çağırırlar, musiqinin səsini də elə qururlar ki, yanaşı oturduğun adamla söhbət edərkən nə deyildiyini eşitmirsən.
- Bizim müğənnilərin də əksəriyyəti mahnılarınızı ifa edirlər. Bacaran da bacarmayan da, onların ifasında mahnılarınızı eşitmək xoşunuza gəlir?
- Sizə bir sirr açım, hər bir bəstəkarın xoşuna gəlir ki, mahnıları müğənnilər tərəfindən ifa edilsin. Bu, bəstəkar üçün ən böyük xoşbəxtlikdir, təki ifa etsinlər.
- Bu gün şou-biznesimizin düzgün istiqamətdə olduğunu deyə bilərsiz?
- Bu, çox təhlükəli bir sualdır... 6 ildir ki, Moskvadayam, ona görə də, bəzi proseslərdən uzağam. Düzü, konsert proqramlarına baxmağa imkanım yoxdu. Azərbaycan kanallarında ancaq xəbərləri izləyirəm. Bir də “Mədəniyyət” kanalında bəzi maraqlı verilişlərə baxıram. Ona görə də şou-biznesimizin hansı istiqamətdə olduğunu deyə bilmərəm, təki inkişaf etsinlər. Sadəcə, bir ağrılı məsələ var ki, hər yerindən duran oxuyur, mahnı bəstələyir. O vaxt bədii şura olanda belə nüanslara diqqət edirdilər. İndi təəssüf ki, diqqət etməyə imkan yoxdu. Hərdən bizim şou-biznesimizdə gülməli hadisələr baş verir. Bir də görürsən, özləri özlərinə titul verirlər. Sonra da o titulların həqiqi olduğuna özlərini inandırmağa çalışırlar. Bu, çox gülməlidir. Mədəniyyət və incəsənət nümayəndəsi nə qədər təvazökar olsa, bir o qədər də yaxşıdır.
- Həmişə pozitiv və formadasız. Bunun bir sirri varmı?
- Bir dəfə Mstislav Rostropoviç Bakıda olarkən bir jurnalist ona da bu sualı ünvanlamışdır. O da cavabında rusca: “Eto naverno papa s mamoy i bakinıskiy klimat”, - deyə cavab vermişdi (gülür). Mən də ona bənzər cavab olaraq demək istəyirəm ki, enerjili və formada qalmağım yəqin Qarabağ əsilli olmağım, Bakının küləyi və ana-atamdan irəli gəlir. Allah qoysa, il yarımdan sonra 70 yaşım olacaq. Azərbaycan kişiləri yeməyi çox sevirlər. Məsləhət görərdim ki, bir az az yesinlər. Mən son illər az yeyirəm. Bu da özümü formada saxlamağıma kömək edir. Atam Bülbül də gəncliyində çox arıq olub. Ona Şuşada “Əyrəmcə” deyirdilər. O, 45 yaşından sonra kökəlməyə başlamışdır. Anamla həmişə zarafat edəndə qarnını göstərib deyirdi ki, bu diafraqmadır, qarın deyil. Mən demək olar ki, 43-45 yaşıma kimi çox yeyirdim, amma kökəlmirdim. Hətta bəzi dostlarım həsədlə məndən soruşurdular ki, sən bu qədər çox yeməyin qarşılığında nə əcəb kökəlmirsən? Amma sonra kökəlməyə başladım. Gördüm bu, təhlükəlidir, pəhriz saxlamağa başladım. Bundan başqa, idmanla da bir az məşğul oluram. Məsələn, həftədə ən azı 2 dəfə hovuzda üzürəm.
- Ümumiyyətlə, necə istirahət edirsiz?
- Dostlarımla görüşüb söhbətləşirəm. Bundan başqa, mən sürətlə maşın sürməyi xoşlayıram. Düzdür, Moskvada yolların tıxacında bu mümkün deyil. Amma Bakıda olanda bu arzumu hər dəfə həyata keçirirəm. Kitab oxumağı da çox sevirəm. Lakin təəssüf ki, bugünkü gündə buna vaxt tapmaq çətindir. İndi daha çox gündəlik mətbuatı oxuyuram. Təsəvvür edin, Rusiyada nə qədər sayt, qəzet, jurnal var. İşimlə əlaqədar onları oxumağa məcburam.
- Sizin Onegin Hacıqasımovla vaxtilə işbirliyiniz olub. Azərbaycanda onun haqqında məlumat azdır...
- Onegin mükəmməl bir insan idi. Moskvada Qorki adına Ədəbiyyat Universitetini bitirmişdir. Sonra ümumittifaq radiosunda SSRİ xalqlarının redaksiyasında işləyib. Biz tanış olanda onun azərbaycanlı olduğunu bilib təklif etdim ki, mənim “Bayatılar” mahnılarımı rus dilinə tərcümə etsin. Beləcə, işbirliyimiz və dostluğumuz başladı. Onunla bir çox mahnı üzərində işlədik. Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnıları rus dilinə tərcümə etdi. Mənim bir neçə mahnımın rusca sözlərini yazdı. Tanınmağa başladıq, populyarlaşdıq. Yaxşı müəllif haqları almağa başladıq. Ondan sonra başqa bəstəkarlar da ona müraciət etdilər. Mən etiraz etmədim. Bir insan kimi çox yaxşı idi. Yeyib-içməyi, əylənməyi sevirdi. Qəribə orasındadır ki, sevdiyi qadınların hamısının da adı Tatyana olub (gülür). Sonra bir müddət görüşmədik. Bu da mənim yaradıcılıq işlərimlə əlaqədar idi. Çoxlu səfərlərim olurdu deyə, görüşməmiz mümkün deyildi. Bir gün Moskvaya onun işlədiyi radioya gələndə dedilər ki, Onegin yoxa çıxıb. Sonradan məlum oldu ki, xristian dinini qəbul edərək rahib olub. Bu, onu tanıyan hər kəsi çox təəccübləndirmişdir. Bu günə kimi onun niyə belə addım atdığı heç kimə məlum deyil. Sonra Arzu Urşan adlı bir rejissor xanım mənə müraciət edərək Onegin haqda sənədli film çəkmək istədiyini bildirdi. Mən də bunun üçün ona yardım etdim, sponsor tapdım. Film efirdə göründükdən sonra böyük marağa səbəb oldu. Mən də qərara gəldim ki, film genişləndirilsin, vaxtı bir az da uzadılsın ki, Onegin, onun qəribə taleyi haqqında daha ətraflı məlumat verilsin. Hazırda Arzu xanım başqa film üzərində işləyir. Sonra Oneginə aid filmin çəkilişinə başlayacaq. Bir sözlə, Oneginin çox qeyri-adi taleyi oldu. Çox istedadlı biri idi. Düşünürəm ki, onu bir yaradıcı insan kimi daha yaxşı tanımalıdırlar.
- Siz nazir postunda ən çox xidmət etmiş bir şəxssiz...
- Tam 18 il. Ruslar demiş: “Stolko ne jivut” (gülür). Sovet zamanından 2006-cı ilə qədər. Çox şadam ki, məndən sonra mədəniyyət naziri Əbülfəs Qarayev kimi bir insan oldu. Onun mədəniyyətimiz sahəsində gördüyü işlər təqdirəlayiqdir.
- Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi keçirildi. Moskvada yubileylə bağlı tədbirlər həyata keçirdizmi?
- Öncə qeyd edim ki, aprelin 25-i Ulu Öndərimizin mərhum həyat yoldaşı professor Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə əlaqədar Seçenov Universitetində böyük tədbir keçirdik. O universitetdə 200-dən artıq azərbaycanlı tələbə təhsil alır. Orada Zərifə xanıma həsr olunmuş çox gözəl foto sərgisini təşkil etmişik. Ulu Öndərimizin 90 illik yubileyi ilə əlaqədar may ayın 6-da Moskvanın möhtəşəm Sütunlu Zalında geniş tədbir həyata keçiriləcəkdir. Ümumiyyətlə, Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, ona həsr edilmiş nə qədər tədbir keçirilsə, kitablar yazılsa, filmlər çəkilsə də, yenə azdır.
- Bəs 28 May – Respublika Günü ilə bağlı tədbirlər planlaşdırmısız?
- Mən Rusiyaya səfir təyin olunana qədər burada Azərbaycanın Respublika Günü ilə bağlı heç bir tədbir keçirilmirdi. Ancaq 6 ildir sərasər bu möhtəşəm günü burada da qeyd edirik. Və ilk illərdə tədbirlərimizə 150-200 nəfər gəlirdisə, son illər min nəfərdən artıq qonaqlarımız olur. Hər kəsə Azərbaycanın dövlət bayramlarını, əlamətdar günlərini çatdırmağa çalışırıq. Bu il də ənənəmizə sadiq qalaraq Respublika Gününü qeyd edəcəyik və burda çalışan diplomatları, ictimai-siyasi xadimləri dəvət edəcəyik. Hətta Azərbaycandan da qonaqlarımız olur.
- Bakıya - Azərbaycana ünvanlamaq istədiyiniz arzunuz varmı?
- Azərbaycanla gündəlik əlaqəmiz var. Hava durumundan – siyasi duruma qədər, hər şeydən xəbərdaram (gülür). Lakin, fürsətdən istifadə edərək, Vətəndə yaşayan hər kəsə cansağlığı, uğurlar və xoşbəxt olmağı arzulayıram.

İradə Nurəddinqızı






24 İyul, 2013  17:56 Baxılıb: 3125 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner