Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MƏNSUM İBRAHİMOV: “ARZUM “LEYLİ VƏ MƏCNUN”U ZEYNƏB XANLAROVA İLƏ OXUMAQDI”

Mənsum müəllimlə görüşümüz Opera və Balet Teatrında baş tutdu. Bizi gülər üzlə qarşıladı. Səmimiyyətinə heyran olduq. Qonağımızla müsahibəni təqdim edirik:

- İlk olaraq uşaqlığınızdan bəhs edərdiz. 
Azərbaycanın gözəl bölgələrindən olan Ağdam rayonunda anadan olmuşam. Qarabağdan olduğum üçün muğama marağım uşaqlıqdan olub. Gözümü açandan hər yerdə muğam səsi eşitmişəm. Qarabağda iki nəfərdən biri gözəl səsə malik olub. Elə buna görə də 5-6 yaşlarımdan muğam oxumağa başlamışdım.

- Sizi sənətə daha da həvəsləndirən kim olub?
- Təbii ki, mühitdən yaranıb. Hər yerdə gözəl muğam oxunurdu. Qarabağ Azərbaycanın sənət ocağı olub. Ona görə də mühitin özü məni cəlb edirdi. Mən özümü muğamdan ayrı təssəvvür edə bilmirdim. Böyüyəndən sonra bizim korifey sənətkarlarımıza Xan əmiyə, Şövkət xanıma, Arif Babayevə qulaq asmışam. Onların təbii ki, təsiri çox olub. Həmişə arzu etmişəm ki, Arif müəllim kimi Məcnun oxuyam. Həqiqiqətən də özümü bəxtəvər insan hesab edirəm ki, bu insanları tanımışam. Çünki insanı xalqa sevdirən təkcə gözəl səs deyil, eyni zamanda sənin sənətinə, xalqına duyduğun münasibətdi. Həmin münasibət səni xalqın gözündə qaldırır.

- Mənsum müəllimi sənətçi kimi hamımız tanıyırıq, bəs o, evində necə biridir?
- Mövlananın belə bir sözü var “ya olduğun kimi görün, ya göründüyün kimi ol”. İctimaiyyət məni necə görürsə, əslində, mən oyam. Çalışıram ki, mümkün qədər ailəmə çox vaxt ayırım. Atam ailədə necə olurdusa, mən də çalışıram ki, ailədə o cür olum. Ailəmiz digər ailələrdən fərqlənmir. Əsl Azərbaycan ailəsidir.

- Övladlarınızdan sizin yolunuzu davam etdirən var ?
- 4 övladım var. Onlar artıq öz seçimlərini ediblər. Heç biri mənim sənətimi davam etdirməyib. Onların marağı olmayıb. Özüm də istəməmişəm. “Sənətkarın övladı sənətkar olmalıdı” - fikirinin əleyhinəyəm. Amma təbii ki, övladımda xususi istedad olarsa mən kömək edərəm.Valideyninə görə sənətə gələrsə, yarı yolda qalacaq. Məndə sənətə yanğı, sevgi və fədəkarlıq olduğundan bu sənətin bütün əziyyətlərinə dözmüşəm.

- Həyat yoldaşınızla necə tanış olmusuz?
- Həyat yoldaşım müəllimədi. Biz bir bölgədən, bir kənddənik. Hətta bir məktəbdə oxumuşuq. Qarabağda adət-ənənə tamamilə fərqli idi. İndiki dövrdə olduğu kimi görüşmək və daha səməimi münasibətlər qurulmurdu. Bu da münasibətlərdə hörmət yaradırdı. Allaha çox şükür olsun ki, mənə bu cür ailə bəxş edib. Ancaq indi heyf ki, gənclərin çoxu onlara verilmiş imkanlardan düzgün istifadə etmirlər. Qurduqları ailənin ömrü isə uzaqbaşı 4-5 il davam edir. Ailə həm sevgi həmdə ki qarşılıqlı hörmət əsasında qurulmalıdı.  

- Sizin üçün muğam nədir?
- Muğam adət-ənənədi, əxlaqdı, tərbiyədi ən əsası isə mənim üçün böyük bir şərəf və böyük məsuliyyətdi. Mən bu məsuliyyəti böyük məmnunluqla çiyinlərimdə daşıyıram. Muğam Azərbaycanın tarixini, mədəniyyətini dünəni və bu gününu özundə əks etdirir.

- İndiki muğam ifaçılarından kimlərə qulaq asırsınız?
- Əsasən korifey muğam ifaçılarımıza qulaq asıram. Cabbar Qaryağdı, Arif Babayev, Seyid Şuşinski, Əlibaba Məmmədovu və keçmiş muğam ifaçılarını böyük məmnuniyyətlə dinləyirəm. Təbii ki, gəncləri də dinləyirəm.

- Sizdən təhsil alan gənclərin ustad olmaq imkanları varmı?

- Mənim tələbələrim bu gün Azərbaycanın məşhur muğam ifaçılarıdı, əməkdar artistləridi, Opera və Balet Teatrının solistləridi. Tələbələrim çoxdu, Aytən Məhərrəmli, Arzu Əliyeva, Təyyar Bayramlı və başqaları. Onlar bu gün mənim sənət yoldaşlarımdı. Təbii ki, mən çox sevinirəm. Bu mənim zəhmətimin nəticəsidi. Tələbələrimin uğurlarını öz uğurum hesab edirəm. Gərək müəllim paxıl olmasın. Paxıl müəllim heç vaxt gözəl şagird yetişdirə bilməz.

- Muğamın başqa janrlarla sintezinə necə baxırsız?
- Əgər professional şəkildə hazırlanıbsa təbii ki, yaxşı baxıram. İlk dəfə sintezi Üzeyir Hacıbəyov “Leyli və Məcnun” opresında muğamla Avropa musiqisini edib. Daha sonra Niyazi, Fikrət Əmirov, Vasif Adıgözəlov, Vaqif Mustafazadə və digər görkəmli şəxslər muğamları sintez edərək daha gözəl üsluba salıblar. Bu gün isə Siyavuş Kərimlinin adını çəkə bilərəm. Milli Konservatoriyanın rəhbəri latın Amerika musiqiçiləri ilə bir layihə hazırlayır. “Solomo” layihəsi çərçivəsində bir çox muğamlarımız latın Amerika musiqiləri ilə sintez olunur. Biz Siyavuş müəllimin köməyi ilə 2007- ci ildən bu günədək muğamları simfonik orkestrla birgə ifa edirik. Mayın 29-da Lüksemburqda olduq və muğamlarımızı Lüksemburqun simfonik orkestları ilə birgə ifa etdik. Tacikistanın opera teatrının kollektivi ilə, yəni onların xoru, orkestrı, solistləri ilə, “Leyli-Məcnun”u ifa etdik. Onlar “Şəbi Hicran”ı oxuduqda məni ağlamaq tutmuşdu. Dilimi bilməyən insan “Şəbi Hicran”ı öryənib bizim dildə xor oxuyur. Bu bizim musiqimizin, Üzeyir bəyin uğurudur ki, Azərbaycan muğamı zirvələri fəth edir.

- Ermənilərin musiqilərimizi, muğamlarımızı oğurlanmasının qarşısını necə almaq olar?
- Əlbəttə, mənfur qonşularımız həmişə bizdən oğurlayıb. Artıq bu, onlar üçün adi haldı. Musiqi sərhədsiz bir şeydi. Oğurluğun qarşısını ancaq güclü təbliğatla almaq olar. Bu da “Heydər Əliyev Fondu” tərəfindən yüksək səviyyədə həyata keçirilir. Mehriban xanım Əliyeva Azərbaycan musiqisini, muğamını çox yüksək səviyyədə təbliğ edir. Azərbaycan muğamının dünyada tanınması üçün beynəlxalq müsabiqələrə ev sahibliyi edirik.

- Sizcə, muğamımızı digər muğamlardan nə fərqləndirir?
- Ümumiyyətlə, muğam bütün şərqə aiddir. İran muğamı ilə Azərbaycan muğamı çox yaxındı. Ərəb ölkələrinin muğamları ilə də oxşarlıq çoxdu. 1925-ci ildə dahi Üzeyir bəyimiz sənətkarların iştiraki ilə bir komissiya yaratdı. Muğama xüsusi bir proqram tərtib etdi. Azərbaycanın muğamını ərəb, fars, digər millətlərin muğamlardan ayırdı. Azərbaycan muğam məktəbi yarandı. Əvvəl muğam yarımpərdələrdə ifa olunur və çox dağınıq halda oxunurdu. Üzeyir bəy bunların heç birinə icazə vermədi. Azərbaycan muğamı bütöv notlarda, sağlam notlarda oxundu. Bir də xüsusi proqram təşkil olundu ki, o proqramın nəticəsində əsas muğamlar, ana muğamlar, törəmə muğamlar, kiçik həcmli muğamlar, zərb muğamlar adlanan qruplar yarandı. Notdan öyrənmək qadağan olundu. Bunun nəticəsidir ki, muğam çox inkişaf etdi, muğam hər ifaçının nəfəsində özü də bilmədən təkmilləşdi. 100 il bundan qabaq oxunan muğamla bu gün oxunan muğam arasında fərq çoxdu.
- “Leyli və Məcnun” sizin üçün nə kəsb edir?
- Məcnun obrazı mənim həyatımda hər şeyi dəyişdi. Ona görə tanınmışam, geniş tamaşaçı kütləsi məni sevib. Tələbə vaxtı müsabiqədə oxudum və 1-ci yer tutdum. Həmin müsabiqə Üzeyir Hacıbəyovun 100 illiyinə həsr olunmuşdu. Juridə böyük ustadımız Şövkət Ələkbərova oturmuşdu. Mənə diplomu Şövkət xanım göndərmişdi. Onun sinfinə gedib-gəlirdim. Bir gün dedi ki, sənin yerin operadı. Sən öz imkanlarını bilmirsən. Operada ilk rolum Zeyd oldu. Daha sonra İbn Salamı, nəhayət, Məcnunu oxumuşam. 1993-cü ildən bugünə qədər “Leyli-Məcnun”u oxuyuram. Artıq 123-cü dəfədir ki, mən Məcnunu ifa edirəm. Hətta bu gün belə, insanların çoxu mənə zəng edib soruşur ki, tamaşa nə vaxtdır?
- Bəs, Mənsum müəllimin arzusunda olduğu “Leyli”si varmı?
- Ən böyük arzularımdan biri bir gün Zeynəb Xanlarova ilə “Leyli və Məcnun”u oxumaqdı. Bunu dəfələrlə Zeynəb xanımın özünə də bildirmişəm.

Aynur Bayramova

 

 






27 İyun, 2013  17:33 Baxılıb: 3021 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner