Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÜRCÜ KNYAZLARI SİMSAR.AZ-A DANIŞIR – ÖZƏL MÜSAHİBƏ – FOTOSESSİYA

Doqquz əsr Gürcüstanı idarə etmiş Baqrationlar nəslinin şahzadəsi Otar Baqrationi: “Gürcüstanda gördüyünüz hər şeyi mənim nəslim tikib” 

Cins geyinən knyaz

Tiflisə köçəndən bəri ən müxtəlif adamlardan bir tərəfinin gürcü knyazlarına gedib-çıxdığını çox eşitmişdim. Fürsət axtarırdım ki, birbaşa knyaz nəslindən olan bir gürcüdən müsahibə alım. Amma sən demə bu, elə də asan deyilmiş. Çünki gürcülər əsl knyazlar o nəsli hesab edirmişlər ki, onların nəsli bir zamanlar Gürcüstanı idarə etmiş sülalələrə aid olsun. Gürcülər belə nəsillərə «Alimənsəb knyazlar» deyirlər.
Jurnalist və tarixçi dostum Beka Davituliani arzumu eşidəndən bir neçə gün sonra sevinə-sevinə zəng elədi:
- Günel, sənə əsl şahzadə tapmışam. Bizim çarlarımızın - Baqrationların nəslindəndi. Qəsrdə yaşayır. Amma olduqca qəliz, aqressiv adamdı. Onunla danışmaq demək olar ki, mümkün deyil. Birtəhər çalışacam. Görüm neyləyirəm?
Və uzun gözləmədən, həyəcanlardan sonra əsl «alimənsəb gürcü knyaz»ı ilə görüşümüz baş tuttdu. Mən qarşımda az qala on səkkizinci əsr paltarında, xəncərli, daş-qaşlı adam görəcəyimi gözləyirdim ki, cins şalvarlı, dama-dama köynəkli, arıq, əsəbi bir adam peyda oldu. Onunla təxminən bir saat söhbət elədik. Söhbət əsnasında onun geyimi, arabir mobil telefonla danışmağı, alışqandan istifadə etməyi mənə olduqca qəribə gəlir. Axı öz aramızdı, siz hardansa oxusanız ki, knyaz mobil telefonla danışır, yəqin ki, heyrətlənərsiz…


Qadın paltarı geyinib, xilas olan gürcü knyazı

- Batono Otar, bizə bir az öz nəslinizdən danışın…
- Baqrationlar düz doqquz əsr Kartliyanı, yəni Gürcüstanı idarə etmiş çar nəslidi. Onlar doqquzuncu əsrdən on səkkizinci əsrə qədər, yəni Gürcüstan Çar Rusiyasının tabeliyinə keçənə qədər bu ölkəni idarə ediblər. Çar Rusiyasının dövründə isə Gürcüstan knyazlaqlıra parçalanmışdı. O knyazlıqlardan biri də Baqrationların idi. Mənim ata-babalarım üç qola ayrılan Baqrationların Baqration-Muxranlar qoluna aid olublar. Ənənələrə görə bütün Gürcüstana çar ola biləcək adam mütləq Baqrationların bu qoluna aid olmalı idi.
- Sovet dövründə sizin nəslin aqibəti necə oldu?
- Gürcüstanda Sovet hakimiyyəti qurulanda atamın babası, on beş yaşlı knyaz Vladimir Baqration-Muxrani repressiyadan və mühacirətdən canını qurtaran yeganə adam olub. O vaxt on beş yaşı olan knyaz Vladimiri təbəələri xilas ediblər. Ona qadın paltarı geyindirib, knyazlıqdan Tiflisə gətiriblər. Uzun illər onun işləmək və səs vermək hüququ olmayıb. Buna baxmayaraq, o knyaz soyadını dəyişməyib. Ona soyadını dəyişmək, bir kəndli soyadı götürmək təklif eləyiblər. Razı olmayıb. Yalnız Stalin dövründən sonra o rahat nəfəs ala bilib. Gözəl rəssamlıq qabiliyyəti olan Vladimir Baqration Muxrani Rəssamlıq Akademiyasında dərs verməyə başlayıb. Babam Aleksandr Baqrationi isə artıq Sovet uşağı kimi doğulub…
- Batono Otar, «Sovet uşağı» demişkən, siz necə xatırlayırsınız, babanız, atanız Sovet adamları idilər, yoxsa onlarda aristokratlıq hiss olunurdu?
- Təbii ki, o vaxtlar zadəgan nəslə aid olmaqla qürurlanmaq, bunu həyat tərzinə çevirmək mümkün deyildi. Amma onların, xüsusilə Baqrationlar nəslinə aid olan nənəmin davranışlarında əsl aristokratlıq, təmkin, nəzakət həmişə hiss olunurdu.

Knyaz restoran işlədir

- Sizə knyaz nəslindən olduğunuzu kim danışırdı? Nəslinizin tarixçəsi, ümumiyyətlə belə şeyləri kimdən eşidirdiniz?
- Nə qədər qəribə olsa da, mən öz nəslimizin tarixçəsi ilə ilk dəfə məktəbdə, tarix dərsində tanış oldum. Daha sonralar isə nənəm danışırdı. Babam və atam bu barədə danışmağı xoşlamırdılar. Atam indi də xoşlamır. Açığını deyim ki, heç mən də xoşlamıram…
- Sizdən başqa Baqrationlar varmı? Eyni soyadı daşıdığınız əmizadələr, qohumlar?
- Çar Rusiyası dövründə Baqrationların əksəriyyəti İspaniya və Fransaya köçdülər. Orada yerli zadəganlarla evlənib, onlara qarışdılar. Hazırda Gürcüstanda isə özünü Baqrationlardan elan edən, bu soyadı götürən və ya təxəllüs kimi istifadə edənlər var. Amma onların birbaşa Baqrationlar nəslinə aidiyyatı yoxdur. Hazırda bu nəslin son nümayəndələri bacım, mən və mənim 3 yaşlı oğlum Aleksandrdı.
- Maraqlıdır, müasir dövrdə şahzadə, knyaz nə iş görür?
- Cavanlıqda bir çox biznes layihələrim olub. Xüsusilə çay işi ilə məşğul olmuşam. İndi Pur-Pur adlı restoranım var. Azərbaycanlıların da çox sevdiyi bir məkandı. Yeri gəlmişkən, sizi də ora dəvət edirəm. Vaxtımın çoxunu bu iş aparır. Oğlumu tərbiyə edirəm. Babalarımdan qalan, sovet dövrü yandırılmış qəsri restovrasiya edirəm.
- Söz babalarınızdan qalan qəsrdən düşdü, deyə bilərsinizmi, Baqrationlardan qalan başqa məşhur tikililər hansıdır?
- Gördüyünüz bütün Gürcüstanı, bu ölkədə nə görürsünüzsə, demək olar ki, hamısını mənim babalarım - Baqrationlar tikib.
- Madam ki, knyaz, özü də çar olmuş knyazlar nəslindənsiniz, siyasətə gəlmək fikriniz varmı?
- Gələcəkdə ola bilər. Belə planlarım var.

Onunla söhbətimiz çox çəkmədi. Danışanda tez-tez sözlərini unudan, qəfildən ayağa qalxıb, əsəbi-əsəbi gəzişən, sonra söhbətin davamını xatırlamayan bu adamla danışmaq doğrudan da, mümkün deyildi. Bilmirəm, onu belə əsəbi, gərgin, adamayovuşmaz və ətiacı eləyən nə idi? Bəlkə o doğrudan da özünün şahzadə olduğuna inanır, şahzadələrə layiq həyat sürməli olduğunu düşünür, ömrünü qəsrdə keçirmək istəyirdi? Bilmirəm, amma məncə müasir brendlərin, texnologiyanın, sosial şəbəkələrin fonunda knyazlıq arzusu ilə yaşamağın absurdluğunu da bilir və həzm etməyi bacarmırdı…



Günel Mövlud






21 İyun, 2013  17:52 Baxılıb: 2031 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner