Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RƏHİLƏ XANIM: “NÜSRƏTİN ƏLYAZMA KİTABINI 70 İLLİYİNDƏ ÇAP ETDİRƏCƏM” - FOTOSESSIYA

“Onun çap olunmamış şeirləri çoxdu”

Məhəbbət şairi kimi tanınan, sevilən Nüsrət Kəsəmənlinin şeirləri bu gündə eyni həyəcanla oxunur. Məhəbbət şairinin sevgi hekayəsi çoxlarına maraqlıdır. Ömrünün sonunadək həmişə şairin yanında olan, onu sevən, qayğısına qalan həyat yoldaşı Rəhilə xanım Nüsrət Kəsəmənli haqqında danışanda belə, ürəyinin hələ də titrədiyini deyir. Buradakı ömürünün tezliklə başa çatmasını, onun ruhunun olduğu yerə getməsini istəyir. Çox səmimi, eyni zamanda kövrək olan Rəhilə xanım Nüsrət Kəsəmənli ilə bağlı xatirələrini bizimlə bölüşdü. Rəhilə xanım söhbətə ilk tanışlıqları ilə başladı…

-Birinci kursda oxuyurdum. Bir nəfər oğlan şeir gətirdi. O vaxtı makinada yazmağı yaxşı bacarırdım. O da bu şeiri makinada yazmağı xahiş etdi. Düşündüm ki, bacarıram qoy yazım. Aldım, oxudum, şeir çox xoşuma gəldi. Yazıb makinadan çıxardım, bir nüsxədə özümə çıxartdım. Bir az keçəndən sonra tamam başqa bir adam gəldi. Dedi ki, sizə yazmağa şeir veriblər, mən onu götürməliyəm. Şeirin altında da Nüsrət Kəsəmənli yazılmışdı, bu adam da ona oxşayırdı. Şeiri yazmağa özü gətirməmişdi, bir kursda oxuyan dostuna vermişdi. Sonra aparmağa özü gəldi. Makinada yazdığımı, bir də əlyazmasını verdim. Dedi ki, əlyazması qalsın səndə, mənə makinadan çıxanı ver. Həmin an dərk edə bilmədim ki, əl yazması niyə məndə qalmalıydı. O getdikdən sonra öz-özümə sevindim ki, bir nüsxədə məndə qaldı. Bu günə qədər saxlamışam, o əlyazmanı. Üstündən bir gün keçdi, bir də gördüm deyirlər ki, səni telefona çağırırlar. Dəstəyi götürdüm: "O şeiri yazan mən idim, gəlib apardım, əl yazmasını sizə yazdığıma görə götürmədim ki, sizə yazmışdım".
İnana bilmədim, əvvəla mən hara, Nüsrət Kəsəmənli hara. O sadəcə mənim üçün bir şair idi. Sən demə hamı bilirmiş, bir məndən başqa. Nüsrətin özü həmişə zarafatla deyirdi ki, səni bir şeirlə aldatdım.
-Ailə qurmağınız necə oldu?
- Universiteti bitirdi, əsgər getdi. Əsgərlikdən gəldikdən sonra ailəsi bizə gəldi. Ancaq anam razı olmurdu. Həmişə deyirdi ki, mənim şairə veriləsi qızım yoxdu. Sevgidən, məhəbbətdən yazan oğlana qız vermərəm. Gözümün ağı-qarası bir qızım var, gözü yaşlı gələcək, mən razı olmaram. Elçiliyə Nəsir İmanquliyev gəldi, sonda anam da razılaşdı, ailə qurduq. Anam Nüsrəti tanıdı, sonradan özü də etiraf etdi ki, yanılmışam. Nüsrəti öz oğlu kimi sevirdi. Deyərdi ki, oğullarım bir yana, amma Nüsrət mənim böyük oğlumdu. Tanışlığımızdan 4 il sonra ailə həyatı qurduq.
-Çətinlikləriniz çox olub?
-Təzə ailə quran vaxtlarda, çox çətinliyimiz oldu. Universiteti yeni qutarmışdıq, evimiz yox idi. Ancaq bu çətinliklərə baxmayaraq, biz həmişə bir olduq. Bütün vəziyyətini danışmışdı mənə, onu başa düşməyə çalışdım. Bilirdim ki, valideynləri, evi yoxdu, elə tələbə kimi aldığı maaşla dolanırdıq. Ailə quranda əvvəl Ermənikənd deyilən yer vardı, orda bir erməninin evində kirayə qalırdıq. Şükürlər olsun, sonra hər şey öz yerini tapdı. O da dediki, yaxşı ailə başçısı olacam, heç bir çətinlik görməyinə razı olmaram. Necə demişdisə, elə də oldu. Məncə səmimiyyət olan yerdə həmişə xeyir-dua olur. Evimiz də, ailəmiz də oldu. Ailənin rahatlığı üçün hər nə lazımdırsa, hamısı yarandı. O da həmişə qeydimə qalıb, kitablardan aldığı qonorarlarla, yazdığı ssenarilərdən gələn gəlirlə mənə hədiyyə alırdı. Deyirdi ki, sən o qədər acı günlər keçirmisən, çox əziyyət çəkmisən, ancaq bir kəlmə mənim yanımda narazılıq eləməmisən. Ailə quranda çox narahat idim, dedim bəlkə indi belə görünür, sonra çətinliklər çıxar. Çox dözümlü olduq, bir-birimizə güzəşt etməyi bacarmışıq.
-Sizə daha çox vaxt ayırırdı, yoxsa işə?
- Bilirsiz o özü hər şeyi yaxşı başa düşürdü. Onu oturub gözləyəndə deyirdim ki, nə qədər gözləyəcəm. Ürəyimdə öz-özümlə danışırdım ki, belə olmaz, bax, bu dəfə sözümü deyəcəm. Elə ki, həyətə maşının işığı düşürdü, bir az yumuşalırdım. Pilləkənləri çıxırdı bir az yumşalırdım, qapını açanda elə bilirdim ki, heç nə olmayıb. Təki qapıdan içəri girsin, deyə elə sevinirdim. Özü də gülürdü, qapını döyüb gizlənirdi. Deyirdi ki, nə qədər özümü sıxıram ki, tez gəlim alınmır, bunları “Etiraf” şeirində də yazıb.
Ömründə ev işlərinə kömək eləyən adam deyildi. Çay süfrəsi hazırlayırdım, çayı da süzürdüm. Başlayırdım işimi görməyə, içib qurtarırdı, deyirdi Rəhilə gəl bir stəkan da süz. Deyirdim stolun üstündə hazırdı da, süz iç. Deyirdi yox, sənin bu əllərində nə hikmət varsa, sən verdiyin çayı içəndə, elə bilirəm dünya mənimdi.
- Könlünüzü almaq üçün sizə şer deyirdi?
- Şeirlər yazırdı, “Etiraf” şeiri hamının xoşuna gəlmişdi. O şeiri ilk dəfə eşidəndə narazı qalmışdım. Şeirdə hər şeyi açıb demişdi, xoşum da gəlmir evin sirrini bayıra verəm. Hələ dörd, beş bənd yazmışdı, o qədər azlıq edirdi, sonra da nə varıydısa yazdı. O da özünə bəraət qazandırmaq üçün dedi ki, kişilərin 90 faizi o gündədi, sadəcə mən “Etiraf” etməyi bacarmışam. Yarızarafat, yarıgerçək sözünü deyirdi, amma sonra oturub şeri dərindən oxuduqda özüm də kövrəlirdim. Elə bilirdim ki 30 illik həyatı qələmə alıb.
- Nüsrət Kəsəmənlinin sizə həsr etdiyi bir misralı şeri deyə bilərsiz?
- Yadımda qalmayıb dəqiq.
-Nüsrət Kəsəmənlinin şeirlərini sevdirən nədi?
- Nüsrət elə bir mövzuya toxunub ki, hamının qəlbinə yol tapıb. Elə hissləri yazı ilə ifadə edib ki, onun yazdıqlarının 90 faizi özünün yaşadığı günlərdi. Özü də deyirdi ki, şeirin yaxşı alınması üçün onu gərək yaşayam. Onun çap olunmamış yazıları çoxdu. Əlyazma şəklində indi bir kitabı var, çalışacam 2 ildən sonra 70 illiyi münasibəti ilə çap etdirim.
-Siz onu daha çox sevmisiz, ya o sizi?
- Əvvəl o məni çox sevirdi, amma mən onu tanıdıqca çox istədim. Çox gözəl ailə başçısı, ata olub. Həmişə mənə tək bir gül alırdı. Bir dəfə səbəbini soruşanda dedi ki, hər şey vahid bir mərkəzdə birləşir.
- Uşaqlarla münasibəti necə idi?
-Mən uşaqlara qarşı çox ciddi olmuşam, ancaq o, ürəyiyumşaq olub. Valideyinsiz böyümüşdü. Uşaqlıq həyatından tutmuş, böyük yaşlarına qədər nəyin arzusunda idisə, onları övladlarında görmək istəyirdi.
- Bir-birinizi qısqanırdız ?
- Qısqanclığım ürəkdə olsa da, üzdə heç vaxt bildirməmişəm. Mən bir şeyi də deyim ki, kişilərdə bir silah olur, qadınların qısqanclığından istifadə edirlər. Hərdən zarafatla deyirəm ki, gec gəlirsən qapını açmaya da bilərəm. Zarafata salıb, deyir: gedib başqa qapını açaram. Onun məni qısqanmasını deyə bilmərəm, onu özü bilərdi. Bəlkə də onun xasiyyətinə tam bələd idim, onu hirsləndirən, xoşuna gəlmiyən hərəkət etmirdim ki, o da nədənsə narazı qala.
- Onu hansı övladınızda görə bilirsiniz?
- Görkəmində Arazı, istedadında Rəşadı görürəm. Neçə il keçib üstündən hələ də Rəşad telefonla zəng edib, danışanda birdən telefonu götürüb səsi eşidəndə, ürəyim titrəyir elə bilirəmki Nüsrətdir.
- Yoxluğunu çox hiss edirsiniz?
-İşdən evə ayaqla gedib-gəlirəm, o yolu ancaq onunla danışıram. Pilləkənləri düşürəm, işə gəlib çatana qədər, hamısı lent kimi gözümün qarşısından gəlib keçir. Elə onunla danışa-danışa bir də görürəm ki, universitetin pilləkənlərindəyəm. Adam təsəlliylə yaşayır, onun övladları, nəvələri var. Onlara baxıram hərəsi Nüsrətin yadigarıdı. Onu itirdikdən sonra elə bil qorxaq olmuşam. İnanıram ki, başqa bir dünya da var, ruhlar görüşür. Fikirləşirəm ki, ömrümdən, günümdən itirib onun dünyasına yaxınlaşım. Elə görmək istəyirəm ki onu.
- Övladlarının toyunu gördü?
- İki nəvəsini gördü, nəvəsinin biri öz adını daşıyır. 14 yaşlı bir Nüsrət Kəsəmənlimiz var. Təsəlim də elə odur ki, bu 30 illik birgə yaşadığımız ömürdə dava, söz-söhbət olmadı, istədiyi ömrü yaşadı.
- Son günlərini necə keçirdi?
- Onun xəstəliyi il yarım çəkdi, dövlət tərəfindən xaricə gedib müalicə almağa şərait yaratdılar. Amma o nədənsə Təbrizi seçdi, sonradan niyə oranı seçdiyini açıqladı. Deyirdi ki, ona görə İranı seçdim ki, oradakı azərbaycanlıları da görüm, onlar da məni istəyirlər. Xəstəxanaya demək olar ki, hər gün tələbələr gəlirdi. İçəri girə bilməyən tələbələr də pəncərənin o biri tərəfindən, şüşələrə hər səhər təzə güllər yapışdırırdılar.
O dünyasını dəyişəndə ölümünə heç inanmırdım. Ölümündən bir həftə əvvəl, bütün günü şeir dedi, amma mən başa düşmədim niyə şeir deyir. Artıq dili tutulurdu, amma davam eləyirdi. Təxminən nədən olduğunu bilirdim, amma tam başa düşmürdüm. Həkim axırda dedi ki, bu qədər danışmaq olmaz, gəlib əlindən tuturdum ki, Nüsrət, danışma, dincəl bir az. İki, üç dəqiqə keçmirdi yenidən başlayırdı danışmağa. Həkim də deyirdi ki, onun beyni doludu, dilə gətirir. Ölümünü ağlımdan keçirmirdim, düşünürdüm ki, əməliyyat olunub vəziyyəti də yaxşıdı. Sonra birdən-birə üç gün yanına qoymadılar, reanimasiyada saxladılar. Qalırdım qapının arxasında. Deməli ayın 15-də rəhmətə gedib, iki gün mənə bildirməyiblər. Axırda səfirlə danışdım. Nüsrətin yanına qoymurdular, sən demə ayın 15-dən keçinib. Orada dövlət səviyyəsində məsciddə yuyub, kəfənləyib, qəribə bir tabuta qoymuşdular. Azərbaycanın sərhədindən keçəndə artıq məndən aldılar onu. Yenidən öz adətimizlə, “Fəxri xiyaban”da dəfn olundu.

Turanə Zeynallı

 

 

 

 

 

 

 

 

 

 

 






13 İyun, 2013  15:24 Baxılıb: 3884 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner