Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

GÜLAY SEZER: “BAKI KİMİ ŞƏHƏR GÖRMƏDİM” - FOTOSESSİYA

“İçimdə mahnılarınıza qarşı çox sıx bir duyğu var”

Bu yaxınlarda paytaxtımızda 3 günlük səfərdə olan tanınmış türk sənətçisi Gülay Sezerlə fürsət tapıb müsahibə etdik. Bizim üçün sənətçinin diqqətçəkən özəlliyi ondan ibarət idi ki, mahnılarımıza hədsiz bağlıdır və sevə-sevə ifa edir. Onun repertuarında “Sən gəlməz oldun”, “Dərələr”, “Bu gün ayın üçüdür” kimi neçə-neçə mahnılarımız yer alıb. 

- Azərbaycana ilk gəlişinizdir?
- Bəli, çox təəssüf ki, ilk dəfədir və həm də bu qədər gec. İnanın, Bakıya aşiq oldum, çox gəşəng şəhərdir.
- Bilirik ki, Azərbaycan mahnılarına xüsusi rəğbətiniz var. Hətta bizim məşhur “Sən gəlməz oldun” mahnısını Türkiyədə daha çox tanıdan siz olmusuz. Mahnını ilk dəfə kimdən eşitdiz və oxumaq qərarına gəldiz?
- O vaxtı internet, facebook olmadığına görə Azəraycan sənətçilərini dinləmə şansımız çox olmurdu. Mahnını ilk dəfə Neşe Karaböcekdən dinləmişdim. Onda 13 yaşında idim. İllər sonra albom çıxardıqda içimdə yer almış bu mahnını albomuma saldım və hər kəs tərəfindən sevildi.
- Mahnı anonim kimi təqdim olunub. Azərbaycan mahnısı olduğunu bilmirdiz?
- Təəssüf ki, o zaman bilmirdim. Sonradan Azərbaycan mahnısı olduğunu öyrəndim. Mahnılarınızı çox sevdiyimdən hər albomuma mütləq birini əlavə edirəm.
- Azərbaycan mahnılarına istəyiniz hardandı?
- İçimdə mahnılarınıza qarşı çox sıx bir duyğu var. Həqiqətən, hətta əyləncəli mahnılarınızda belə bir məna var. Məsələn, “Bu gün ayın üçüdür” mahnısı əyləncəli, oynaq olsa da sözlərində düşündürücü nə isə var.
- 5 yaşınızdan musiqi ilə məşğul olduğunuz düzdür?
- Hətta deyərdim ki, 3 yaşımdan. Rəhmətlik atam Eyüp Ercan Sezer həm bəstəkar, həm də saz ifaçısı idi. Atam mənim musiqi aləmində olmağımı çox istəyirdi. Hətta laylalarımı belə mahnılarla səsləndirirdi.
- Amma siz böyüyüncə stomotoloq sənətini seçdiz...
- Rəhmətlik atam musiqi barədə çox sərt idi, heç səhv qəbul etməzdi. O, təkidlə musiqiçi olmağımı istəsə də mən istəmədiyimi açıqladım və öz qərarımla stomotologiyanı seçmişdim. Hətta bir az işlədim də. Lakin atam bildirirdi ki, məni musiqiçi görmək ən böyük arzusudur. Bu səbəbdən illər sonra gedib konservatoriyada tədris almaq məcburiyyətində qaldım.
- Musiqiçi ailəsindən olduğunuz halda niyə musiqidən uzaq qalmaq istəyirdiz?
- Mənim üçün cansıxıcı gəlirdi. Lakin atamın arzusu ürəyində qalmasın deyə sənətimi atıb musiqi ilə məşğul olmağa davam etdim. O vaxtdan özüm bəstələyib oxuyuram.
- İlk albomunuz arabesk janrındakı musiqi-mahnılardan ibarət olub?
- Bəli, ilk dəfə 17 yaşımda arabesk mahnılarımdan ibarət albomum çıxdı. Əslində albom çıxarmaq fikrim yox idi. O vaxt öz bəstələrimdən ibarət demo versiyada bir kaset yazdırmışdım. Məndən xəbərsiz o kaset “BMC Müzik” şirkətinə verilmişdi. Onlardan təklif gələndə 1-2 dəfə qəbul etmədim. Sonra təkid etdilər və mən də qəbul etdim və nə yaxşı ki, qəbul etmişəmmiş.
- Azərbaycanda sizi ilk dəfə “Cesaretin var mı aşka” mahnısı ilə tanıdılar. Bu mahnı yer alan albomunuz tam pop mahnılardan ibarət idi. Bildiyim qədəri ilə əslində musiqinin bir çox janrında ifa edirsiz. Bu bacarıq hardandır?
- Hər şeyi atama borcluyam. Körpəliyimdən mənə dinlətdiyi bütün musiqilərin sayəsində musiqinin hər janrından xəbərim var və onun dəstəyi ilə hər birində, hətta rok belə oxumağı bilirəm. Atam bizə çox fərqli musiqilər dinlədirdi ki, qulağımız alışsın, öyrənək.
- Özünüzün daha çox hansı janrda ifa etmək ürəyinizcədir?
- Əslində ayırmıram. Amma onu deyim ki, pop ifa etməklə o sistemə xidmət edən bir məqsədim yoxdur. Yəni biznes tərəfini nəzərdə tuturam. Mən içimdəki duyğudan dolayı janrından asılı olmayaraq mahnılar oxuyuram. İfa etdiyim mahnı mütləq içimdəki duyğu ilə üst-üstə düşməlidir.
- Çox qəribədir ki, ifanızda səslənən “Cesaretin var mı aşka” mahnısı Azərbaycanda hələ də sevilir...
- Betül Demir oxuyub məndən sonra. Onun ifasında?
- Xeyir, yenə də sizin ifanızda.
- Maraqlıdır, bilmirdim. Doğrudan da bu, çox xoşdur.
- Ümumiyyətlə, Azərbaycanda tanınıb sevildiyinizi bilirdiz?
- Əvvəl heç bilmirdim. Amma biləndə içimdə bir nisgil qalmışdı ki, bu qədər sevilirəmsə, üstəlik, mahnılarınızı da oxuduğum təqdirdə niyə bir dəfə də dəvət etmirlər konsert üçün. Buna çox heyfslənirdim. İnanın ki, mahnılarınızı ürəkdən sevirəm və sevə-sevə də ifa edirəm. Görünür, qismət indiyə imiş ki, dəvət etdilər. Təşəkkür edirəm.
- Bizim mahnıları ifa etdiyinizdən adamda elə təəsürat yaranırdı ki, yəqin Azərbaycan əsillisiz və mahnılarımıza marağınız da oradan yaranıb.
- Yox, sadəcə mahnılarınız çox gözəldir. Adam biganə qala bilmir. Amma təəssüf edirəm ki, bəzi sözlərinizi başa düşmürəm. Əgər ifa edəndə nəyi isə səhvi eşidirlərsə üzr istəyirəm, Azərbaycan xalqı olaraq bağışlayın məni.
- Bir ara albom çalışmalarınıza ara verdiz. Bu, nədən irəli gəldi?
- Həmin dönəmlərdə Türkiyyədə mahnı bazarı çox qarışdı. Demək olar ki, musiqidən anlamayanlar da oxumağa başladı. Belə olanda tək mən deyil, musiqidən anlayışı olan bir çoxları geri çəkildik. Həmin dönəmdə bir az nəfəs almaq istədim. Tamamilə getməyi heç bir zaman düşünmədim. Sadəcə ortalığın bir az durulmasını gözlədim.
- Türk musiqisində bu gün kimlər daha çoxdur - pislər, yoxsa yaxşılar?
- Çox təəssüf olsun ki, bu gün pislər daha çoxdur. Biz oxumağa, albom çıxarmağa başlayan dönəmlərdə sayıla biləcək qədər idik. Amma hər kəs bilirdi ki, fərqliyik, seçilirik, musiqilərimiz keyfiyyətlidir. Amma bu gün baxdığımızda parlayıb sabah yox olacaq mahnılar çoxdur. Mahnılar illərə deyil, günlərə xidmət edir.
- Pop sənətçilərinizdən kimlər dinləyib, bəyənirsiz?
- Sertap Ereneri bəyənirəm. O, keyfiyyətli işər görür.
- Anladım ki, duyğusal bir xanımsız. İcazənizlə, bir az şəxsi həyatınızdan söhbət edək.
- Bəli, duyğusalam. Hazırda ailəli deyiləm. Vaxtilə ailəli olmuşam, sonra ayrılmışıq. Bir qızım var, 21 yaşındadır. Bu gün qızımla və anamla birlikdə yaşıyıram. Qızım dilçilik üzrə oxuyur.
- Siz də atanız kimi, onu musiqiyə gətirmək istədizmi?
- Sənət seçiminə müdaxilə etmədim. Əgər ürəyində varsa özü musiqi ilə məşğul olar. Sadəcə Osmanlıya çox bağlıdır. Bundan başqa ərəb, fars dillərinə də maraq göstərir.
- Bakıda həmişəlik yaşa bilərsiz?
- İnanın, Bakını gəzərkən onu fikirləşirdim. Burada çox rahat yaşaya bilərəm, çox gözəl və rahat paytaxtınız var. Üstəlik, burdan sənət qoxusu gəlir. Adama elə gəlir ki, hər kəs burda incəsənətlə məşğul olur.
- Sənətçilərimizdən kimləri tanıyırsız?
- Rəşid Behbudov, Polad Bülbüloğlu, Şövkət Ələkbərova, Brilliant Dadaşova, Azərin. Daha çoxlarını da tanıyıram. Sadəcə indi ağlıma gəlmir.
- İstanbula getdikdə Bakı haqda nələr deyəcəksiz?
- Doğrudan da, bu zamana qədər çox ölkələr, şəhərlər gəzdim. Amma sənətlə əlaqəli, sənətə bu qədər dəyər verən, bu qədər isti insanlardan ibarət bir şəhər görmədim. Bakı həm də çox təmiz bir şəhərdi, hər yeri demək olar ki, çox nizamlıdı. Gördüyüm qədəriylə insanlar da burda bir-birlərinə çox dəyər verirlər. Bütün bu gördüklərimi orada danışacam. Çox şadam ki, sizinlə qardaş ölkəyik!

Azər Nəsibov






12 İyun, 2013  18:04 Baxılıb: 3688 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner