Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SAMİR SALAM: “MAHNILARIMA HÖRMƏTLƏ YANAŞANLARIN TOYUNDA OXUYURAM” – FOTOSESSİYA

“Bizi kafir adlandırıb, dindən çıxıblar deyənlər də vardı”

İlahi mahnıların mahir ifaçısı Samir Salam sabah Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Sənsən” adlı konsert proqramı ilə çıxış edəcək. İlk solo konsertində tamaşaçılara maraqlı repertuar vəd edən Samirlə son məşq günündə görüşüb söhbət etdik.

- 2002-ci ildən sənətdəyəm. Fəaliyyətimə “Əhli-Beyt” qrupunda başlamışam. 2006-cı ildə qrupdan ayrılıb fəaliyyətimi solo davam etdirdim.

- Səbəb nə oldu?

- Fikir ayrılığı oldu. Amma qrup fəaliyyətini davam etdirir. Qrupdan ayrıldıqdan sonra repertuarıma ilahi mahnıları bir az da müasir şəkildə əlavə etdim. Əslində, qrup şəklində işləmək bir az çətindir.

- İlahi mahnılara marağın hardan yaranıb?

- Uşaq olanda babam ləqəbimi “Sony” qoymuşdu. Çünki hansısa mahnıya 1 dəfə qilaq asan kimi yadımda əzbər qalırdı. Elə o vaxtdan musiqiyə marağım vardı. Yetkinlik yaşına çatanda ibadətə başladım. Əvvəl Bakı İslam Universitetində təhsil aldım. Sonra təhsilimi Suriyada davam etdirdim. İbadətə başlayandan beynimdən dünyəvi musiqiləri uzaqlaşdırmağa çalışmışam. Fikrimi dini, ilahi mahnılara yönəltmişəm. İlk dəfə Suriyada oxuyan bir neçə azərbaycanlı tələbələrimizlə birgə qrup yaratdıq. Orda Mövlud tədbirlərində, bayram şənliklərində iştirak edirdik. 2001-ci ildə Bakıya qayıdandan sonra İslam qardaşımızla birgə “Əhli-Beyt” qrupunu yaratdıq. İslam Suriyadakı qrupumuzda da bizimlə idi və hazırda “Əhli-Beyt”də fəaliyyətini davam etdirir. Oxumağa yeni başlayanda Teyyub Aslanov və Alim Qasımovdan muğam dərsləri aldım. 

- “Əhli-Beyt” qrupu yarananda Azərbaycanda demək olar ki, analoqu yox idi. Doğrudurmu ki, o vaxt sizə qarşı təpkilər olurdu?

- Doğrudur. Qrup tanınmağa başlayanda bəyənməyənlər bəyənənlərdən çox oldu. Dərvişlər var idi, məclislərdə dərviş mahnıları ifa edirdilər. Daha çox onlar bizi qınayırdılar ki, İslam dini musiqini qəbul etmir. Bizi hətta “kafir” adlandıranlar, haqqımızda “dindən çıxıblar” deyənlər də var idi. Amma vaxt keçdi, bizi qəbul etməyən o dərvişlər, radikal insanlar özləri də başladılar bizim kimi musiqi ilə oxumağa. Gördülər ki, tələbat var, oxudular. Axı İslam dini birmənalı şəkildə musiqiyə qadağa qoymur. O musiqi ki, insanın ruhunu sakitləşdirir, onu dinləmək olar. Dinimiz insanların psixologiyasına mənfi təsir göstərən musiqilərin əleyhinədir.

- Solo fəaliyyət başlayanda nə kimi çətinliklər oldu?

- O vaxt efirlərdə problemlər var idi. Bəzi kanallar oxuduğumuz mahnılardan dolayı absurd səbəblər gətirib bizi efirə buraxmaq istəmirdilər. Sonra Allahın köməkliyi ilə bu problem aradan götürüldü. Bundan başqa, repertuarımda olan mahnıların bir az da müasir səslənməsindən dolayı da problemlərlə qarşılaşdım. Deyirdilər ki, bu, ilahi musiqi deyil, ona ziddir. Hətta rişxəndlə deyirdilər ki, Samir şou-biznesi də ötüb. 

- Bəs maliyyə sarıdan necə?

- Təbii, o sarıdan çətinliklərim indi də olur. Sənətimi inkişaf etdirməyimə mane olan tərəflərdən də biri elə maddi azlıqdır. Maddi durumu yaxşılaşdırmaq üçün gərək şou proqramlara, toya gedəsən. Dünyəvi toylarda onsuz da ilahi mahnılar oxuyanlara yaxşı pul verilmir. Ayda 30-31 gün varsa gərək ən az 35 dəfə toya gedəsən ki, nəsə qazana biləsən. Mən daha çox peşəkar səhnəni seçmişəm. Az hallarda toylarda iştirak edirəm. O da mahnılarıma hörmətlə yanaşan insanların toylarında oxuyuram. Bu səbəbdən də problemlər daha çoxdur.

- Sabah solo konsertiniz olacaq. İlk dəfədir?

- Bundan əvvəl də olmuşdu. Amma teatrlaşdırılmış, müzikl şəklində idilər.

- Yeni konsert ideyası hardan gəldi?

- Açığı, məndə belə bir fikir yox idi. Alim Qasımovla çalışan nağara ifaçısı Cavidan Nəbiyev bu ideyanı 6 ay qabaq irəli sürdü. O, Bakıya gələndən sonra yığışıb ideyanı gerçəkləşdirdik. Artıq təqribən 3 aydır ki, məşqlər edirik. 

- Konsertə sponsorluq edənlər varmı?

- Konkret hansısa şirkət sponsorluq etmir. Bir-neçəsinə müraciət etdik boyun qaçırdılar. Sağ olsun, bir dostum var, canfəşanlıq edən elə odur. Bakıdakı konsert proqramından sonra planlaşdırmışıq ki, Azərbaycanın başqa bir-neçə bölgəsində də solo konsert proqramı ilə çıxış edim. Bunu Astara, Lənkəran, Gəncə, Quba və digər şəhər və rayonlarımızda həyata keçirəcəyik.  

Azər Nəsibov

 

 






23 May, 2013  15:57 Baxılıb: 2388 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner