Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BURAK SARIKAHYA: “ÖZÜMÜ VƏ MUSİQİLƏRİMİ AZƏRBAYCANDA TANITMAQ İSTƏRDİM” – MÜSAHİBƏ – FOTOSESSİYA

“Pop mahnıları tez tükənir”

İstanbulda olarkən şairə xanım Ayşə Birgül Yılmazın simsarlığı ilə bir neçə türk sənətçisi ilə görüşüb jurnalımız və saytımız üçün müsahibələr aldıq. Bu dəfə sizə Türkiyənin tanınmış rokçusu Burak Sarıkahya ilə müsahibəmizi təqdim edirik.


- Musiqiyə marağınız hardan yaranıb?

- 2006-cı ildə vəfat edən rəhmətlik atam uşaq vaxtı yatmağım üçün vallar səsləndirərdi. Daha çox Cem Karacanın mahnılarını dinlədirdi layla əvəzinə. Orta məktəbdə oxuyanda məktəbin orkestrində ifaçı idi. Professional olaraq isə 2002-2003-cü illərdə səhnə fəaliyyətimə başlamışam. O dönəmdə Cem Karaca ilə tanış oldum və yaradıcılığımda böyük rolu oldu.

- Bu haqda internetdə oxudum, onun sizin səhnə fəaliyyətinizdə, çox böyük rolu olub...

- Bəli çox böyük rolu olub. O vaxt mən onun mahnıları ilə yanaşı başqa ifaçıların da mahnılarını ifa edirdim. Cem Karaca ilə tanış olduqda, ona bu barədə dedim. O isə mənə dedi ki, get öz mahnılarını yaz, əminəm ki, sən də sevirsən, sən də bir şeylər hiss edirsən. Həyatın çətinliyi olsun, sevincdən, xoşbəxtlikdən olsun, bunları öz sözlərinə tök və mahnı yaz. Bundan sonra öz mahnılarımı yazmağa başladım. Sonradan Cem Karacanı müşayiət edən “Yol arkadaşları” orkestri ilə çalışmaq nəsib oldu. İlk albomumu onlarla çıxardım və hal-hazırda da birlikdə işləyirik.

- Artıq 2 albomunuz çıxıb. Bir az ilk albomunuzdan danışardız.

- İlk albomumda bir az təcrübəsizlik vardı. Orda hamısı mənim söz və musiqi müəllifi olduğum mahnılardır. Albom Cem Karacanın vəfatından sonra işıq üzü gördü. İlk albomumu bir təcrübə məktəbi hesab edirəm. Bu yolda “Yol arkadaşları” orkestri də mənə yardımçı oldular. Onların sayəsində 2-ci albomumu bir az mükəmməl şəkildə hazırlamış oldum.

- Tanınmış musiqiçilərdən başqa kimlərdən dəstək almısız?

- Əmrə Altuğ mənə dəstək olub. Onun istəyi ilə hətta klipini də çəkmişəm. Ondan başqa, Erol Evgin də mənə dəstək olur.

- İkinci albomunuzda azərbaycanlı musiqiçi Firuz İsmayılla da işbirliyiniz olub. Necə tanış olmusuz?

- Firuz bəy Erol Evginin orkestrində ifa edir. Çox ağıllı, repertuar qabiliyyəti inanılmaz dərəcədə geniş bir insandı. Erol bəyin vasitəsilə tanış olduq.

- Başqa azərbaycanlı musiqiçilərlə də tanışlığınız var?

- Təəsüf ki, yoxdur. Amma çox istərdim digər musiqiçilərinizlə də tanışlığım olsun.

- Siz azdan-çoxdan ölkəmizdə rokçu kimi tanıyırlar. Bəs sizin Azərbaycan haqda nə kimi məlumatınız var?

- Azərbaycan bizim üçün qardaş ölkədir. Bunu hər birimiz bilir və qəbul edirik. İnsanlarınız çox mehriban, xoşxasiyyətlidirlər. Musiqinizin zəngin olduğunu bilirəm. Bu barədə Firuz bəy yetərincə məlumat verib.

- Türkiyədə bizim daha bir məşhur musiqiçimiz yaşayıb fəaliyyət göstərir – Əlixan Səmədov.

- Əlixan bəylə 4-5 il əvvəl rastlaşmışdıq. Musiqiçi dostlarım Emrah Yılmaz və Volkan Tamerlə birgə çalışırdılar. Onların sayəsində tanış olmuşduq. O da çox bacarıqlı musiqiçidi. Dinləmək şərəfinə nail olmuşam.

- Bayaq dediniz ki, Əmrə Altuğa klip çəkmişdiz. Öz kliplərinizi də özünüz çəkirsiz?

- Öz klipimi Devrim usta və Burak Səsli çəkiblər. Deyirlər dərzi öz yamağını yamaya bilməz. Bu səbəbdən mən də onlara müraciət etmişəm.

- Sizin rok janrına müraciət etməniz Cem Karacaya olan bağlılığınızdandı yəqin...

- Rok mahnısı həmişə var. Pop isə gah yüksəlir, gah enir, enişli-çıxışlıdı. Üstəlik, çox tez tükənir.

- Bu gün hansı rokçuları dinləyirsiz?

- Adətən, xarici rokçulara – məsələn, Pink Lloydu, Di Purple, Judas Priest və başqalarına qulaq asıram. Öz rokçularımızdan hər kəsi dinləməyə cəhd edirəm.

- Ayşə Birgül Yılmazın sözlərini oxumusuz və onun sözlərini bizim sənətçilər də ifa ediblər. Ayişə xanımla necə tanış olmusuz?

- Ayşə xanım mənim üçün də dəyərli şairələrdəndir. Onunla Zafər Şamlının vasitəsilə qiyabi tanış oldum. Tanış olmazdan əvvəl Zafer mənə Ayşə xanımın sözlərini təqdim etmişdi. Özü onlara mahnı bəstələmişdi. Hələ əsgərliyə getməzdən əvvəl o mahnıları dinləmişdim. İkinci albom hazırlığında Ayşə xanımın sözlərinə yazılmış “Kalbim kafesde” və “Bazı şeyler” adlı 2 bəstəni də albomuma daxil etdim. Çünki o sözlərdə öz yaşadıqlarımı hiss etdim, gördüm. Ayşə xanımla internetdə, telefonda davamlı olaraq danışırdıq. Amma maraqlı olsa da bilin ki, məhz sizin sayənizdə ilk dəfə üz-üzə gəldik.

- Qəribədi... Nələr hiss etdiz? Çox maraqlıdı.

- Aşiq oldum (gülür).

- Həqiqətən aşiq olduz?

- Onsuz da sözlərə aşiq olmuşdum. O cür gözəl sözləri ancaq həqiqətən də ürəyi bambaşqa, saf dünyada olan biri yaza bilər.

- Azərbaycana gəlmək, orada özünüzü digər müğənniləriniz kimi daha da yaxından tanıtmaq fikriniz varmı?

- Təbii. Ümumiyyətlə, özümü bir rokçu kimi Türkiyədən kənarda da tanıtmağı düşünürəm. İnşallah, nəsib olarsa Azərbaycana da gələr və özümü, musiqilərimi orda daha da yaxından tanıdaram.

Azər Nəsibov

 






8 May, 2013  15:46 Baxılıb: 2193 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner