Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TÜRKİYƏNİN İLK ÖZƏL İDMAN MUZEYİNDƏN – XÜSUSİ REPORTAJ – FOTOSESSİYA

.

Hər İstanbul səfərimdə “Beşiktaş”ın “İsmət İnönü” stadionuna gedib, oradan reportaj etmək istəmişəm. Amma həmişə müxtəlif səbəblərdən bu istək alınmayıb. Nəhayət, son səfərimdə çoxdan düşündüyüm bu istək reallıq oldu.

Dünyanın 4-cü ən gözəl mənzərəli stadionu

“İnönü” stadionu İstanbulun Avropa qismində, Beşiktaş səmtində yerləşir. Stadion demək olar ki, boğazın düz sahilində yerləşdiyindən turistlərin də həmişə marağına səbəb olub. Stadionun yerləşdiyi yer elə bir mərkəzdədir ki, buraya toplaşan 30-40 min azarkeş matç sonunda tez bir zamanda ərazidən rahatca ayrıla bilir. Belə ki, bir tərəfdən magistral yol, digər tərəfdən İstanbul tramvayı və nəhayət boğaz vapurları bu yükün öhdəsindən asanlıqla gəlir. Bu isə bir stadion üçün çox önəmli faktordur. Təsadüfi deyil ki, yerləşdiyi mövqe, dəniz mənzərəsi və gözəlliyi baxımından məşhur “The Times” jurnalı “İnönü”nün dünyanın 4-cü stodionu olduğunu qeyd edir.

Üç İstanbul nəhənginin “ev”i, Maykl Cekson, Madonna, Stinqin səhnəsi…

Bu yazıda “Beşiktaş” JK-nın yaranmasından geniş danışmaq istəmirəm. Sadəcə, onu qeyd edim ki, klubun təsis olunmasına alınan icazənin özü belə o vaxt üçün çox dəyərli idi. Çünki Osmanlı dövrünün İstanbulunda o günədək heç bir idman klubu yox idi. Və bu bir ilk idi. Burada maraqlı məqamlardan biri də “Beşiktaş” JK "Osmanlı Beşiktaş Bərəkət Gimnastika Klubu" adıyla qurulduğunda taxtın sahibinin II Abdulhəmid olmasıdı. Belə ki, Osmanlı İmperatorluğunu 1876-cı ildən 1909-cu ilə qədər 33 il boyunca ciddi rejimlə idarə edən və qurduğu güclü kəşfiyyat şəbəkəsi ilə uçan quşdan belə xəbəri olan Abdulhəmidin BJK-nın quruluşuna “olar” deməsinin özü də gözlənilməz qərar idi. Çünki onun dövründə üç nəfərdən çox şəxsin bir yerə yığışması belə qadağan idi.

Adını Atatürkün yaxın silahdaşı İsmət İnönüdən alan tarixi stadionun təməli isə 1939-cu ildə atılaraq, 1947-ci ildə ilk açılışı oub. Stadion hazırda 32.086 azarkeş tutumuna sahibdi. Tarixiliyin pozulacağı qorxusundan bir neçə ildir stadiona yenidən inşa izni verilmirdi. Lakin nəhayət bu qərar alınıb. Yayda tarixi yerlərin olduğu kimi qalması şərti ilə, stadion yenidən inşa edilərək, həcmi daha da genişləndiriləcək. Yüzlərlə əlamətdar oyunlara, dövlət proqramlarına həmçinin popun kralı Maykl Ceksona, kraliçası Madonnaya, Elton Cona, Stinqə, Tina Törnerə və daha kimlərə və nələrə səhnə olmuş yaşlı stadion… Yalnız “Qara Qartal”ın matçlarına deyil, qeyd edə bilmədiyimiz neçə-neçə turnirlərə ev sahibliyi etməsi, hansı klubun azarkeşi olmasına baxmayaraq idmansevərlərin mütləq bir qarşılaşma izlədikləri xüsusi bir stadion olması və milli bayramlarda tədbirlərin keçirildiyi kütləvi görüş nöqtəsi olması baxımından, “BJK İnönü” stadionu İstanbul üçün simvol halına gəlib.
Onu da qeyd edim ki, İstanbulun digər nəhəngləri – “Fənərbaxça” və “Qalarasaray”ın şəxsi stadionları olana qədər uzun müddət “İnönü” hər üç kluba ev sahibliyi edib.

Çanaqqalada şəhid olanlar, türk futbol tarixinin ən dəyərli qolu və Pərviz Müşərrəfin qılıncı.

Stadion və klubun uğurlarının daha əyani şahidi olmaq üçün elə stadionun içində, tribunaların altında yerləşən uğurların və kubokların sərgiləndiyi muzeyə baş çəkdik. Muzeydə kuboklar, fotoşəkillər, sənədlər, formalar və digər tarixi əşyalar nümayiş olunur.
Bunların yanında illərin Beşiktaş azarkeşi olan Pakistanın eks-prezidenti Pərviz Müşərrəfin kluba hədiyyə etdiyi xüsusi bir qılınc və kubok da diqqəti çox cəlb edirdi. Bu haqda bir qədər sonra...

Azərbaycandan gəldiyimizi biləndə muzey başqanının iş yerində olmaması səbəbindən bizi onun yardımçısı ilə görüşdürdülər. Tarix və muzey başqanı köməkçisi Damla Tunaoğlu bizə muzey haqqında ətraflı məlumat verdi: “Dərnəyimizin də dəstəyi ilə 2001-ci ildə bura quruldu. Muzeydə əsasən futbol növümüzün kubokları və uğurları nümayiş olunur. Bir də hər mövsüm sonundakı basketbol nailiyyətlərimiz göstərilir. Əvvəllər bütün mövsüm sonlarında digər idman növlərindəki uğurlarımızından da guşə hazırlayıb, ziyarətçilərə təqdim edirdik. Ancaq bu il stadionun məlum söküntüsü ilə əlaqəli bu imkanımız olmadı. Digər növlərlə birgə 4500-dən artıq kubokumuz var. Klubun quruluşu müharibədən öncəyə təsadüf etdiyindən, savaş və yanğından sonra təəsüf ki, əlimizdə ən köhnə dövrləri əks etdirən bir görüntü qalmayıb.


Dəhlizdə gördüyünüz 33 guşədə isə ulduz futbolçularımızın muzeyə verdiyi hədiyyələr ayrı-ayrılıqda yer alır. Burada formaları, butsiləri, onların şəxsi medallarını və s. görmək mümkündür.” Damla xanımın qeyd etdiyi bölmələrdə kimlərin guşəsi yox idi ki: “Sarı Şimşek” ləqəbli Metin Tekin, klub heyətində ən çox qol vuranlardan “Şifo” Mehmet, Ali Gültiken, Feyyaz Uçar, hazırkı baş məşqçi Samet Aybaba, müasir əfsanələrdən Paskal Nouma, Sergen Yalçın...
Burada vurğulanmalı olan guşələrdən biri də, Çanaqqala döyüşü zamanı şəhid olmuş klubun həmin illərdəki idmançılarına ayrılan guşədir. Müqavimət hərəkatı başlayan kimi işini atıb ön sıralara gedən idmançıların hərəkətləri həqiqətən örnək xarakterlidir.
Diqqətimi çəkən ən maraqlı guşələrdən biri türk futbol tarixinin ən dəyərli qoluna imza atan, “Beşiktaş”ın da ən unudulmaz futbolçuları siyahısına adını yazdıran İlhan Mansıza ayrılan guşə oldu. Axı, məhz onun 2002-ci ildə vurduğu “qızıl qol” Türkiyə millisini tarixdə ilk və hələ ki tək olan Dünya Çempionatlarının yarımfinal mərhələsinə çıxarmışdı. Məhz bu qol türk futbolunun zirvəsi sayılır. Elə o tarixi anın xatirinə bütün oyunçuların guşələrindəki formaları klubun öz forması olsa da Mansızın guşəsindəki forma məhz milli komandadakı 17 nömrəli, qırmızı-ağ forması idi. Guşədə həmçinin həmin qolun vurulması müxtəlif rakurslu şəkillərlə canlandırılırdı. Həmçinin tarixi guşələr kimi Şərəf bəyin Praqada ilk dəfə hakimlik etdiyi matçın xatirəsi, onun fiti olan guşə, bundan başqa stadionun açılışında vurulan ilk qolun sahibi və sonradan “Beşiktaş”ın əfsanəvi başqanı ünvanını qazanacaq olan Süleyman Sebanın guşələri diqqət çəkirdi.

Söhbətə başqan qoşulur

Daha sonra içəri otağa daxil olduq və Damla xanım anlatmağa davam etdi: “Dəhlizin yanında olan sərgi salonunumuzda yenə tarixi xronologiya saxlanmaqla birgə, kubok və digər əşyalar mövzu və ya dövrlərinə görə öz aralarında sərbəst olaraq qruplaşdırılıb.
Sərgi salonunun girişində klubun qurucularının fotoşəkilləri yerləşdirilib və salonun sonunda klubun ilk başqanından bu günə qədər bütün klub prezidentlərinin fotoşəkillərini bir yerdə görmək mümkündür.
İçəridəki üç bölməmiz xarici klublarla oynadığımız oyunlardan yadigar olan hədiyyələrə ayrılıb. Digər bölmələrdə Türkiyə liqasında aldığımız kuboklar yer alıb. Aşağıdan yuxarıya doğru illər artan sıra ilə düzülüb. Qazetlərdən, televiziya kanallarından da hədiyyələr var. Cumhurbaşqanlığı kuboklarımız da çoxdur. Naməğlub, tək çempion olduğumuz kubokun da xüsusi yeri var. Köhnə Olimpiadalarda Beşiktaşlı idmançıların qazandığı kuboklar, rəqiblərimizdən “Fənərbaxça”nın, “Qalatasaray”ın bizə hədiyyələri də buradadır.” Damla xanım “Fənər” və “Cimbom”un 70-ci illərdə kluba bağışladığı hədiyyələri göstərərkən soruşduq ki, o vaxtların dostluğu, birgə, qol-qola oyunlar izləməklər indi də davam edirmi. Cavabsa mənalı oldu: “Bizim dostluğumuz həmişə davam edir. Fanatların amansız mübarizəsinə, nifrətlərinə baxmayaraq, biz muzeylər dostluğumuzu həmişə sürdürürük.”
Həmsöhbətimlə tarixi anlar arasında gedib-gələrkən xəbər verdilər ki, muzey başqanı Zülal xanım gəldi. Fürsəti qaçırtmayıb xanım başqanla da söhbətləşməyə tələsdik. Zülal Gök bizi çox səmimi qarşıladıqdan sonra qeyd etdi ki, bura 11.11.2001 tarixində BJK Baş Məclisin üzvlərinin dəstəyi ilə idman muzeyi olaraq açılıb. 28.06.2007 tarixdə isə Türkiyə Mədəniyyət Nazirliyinə bağlı "Türkiyənin ilk özəl idman muzeyi" statusunu qazanıb.
Onun verdiyi məlumata əsasən 250 kv.metrlik sərgi sahəsi olan muzeydə klubun quruluş qeydiyyat sənədi, kuboklar, köhnə və yeni klub nişanları, tarixi fotoşəkillər, əfsanə olmuş idmançılara aid orijinal krampon və formalar kimi türk idmanının tarixinə işıq saçan 420 ədəd tarixi sənəd və obyekt sərgiləndiyini öyrəndik. Zülal xanım bundan başqa, 370 kv.metr anbar sahəsində digər idman növlərinə aid əşyaların təsnif edilib muzeyin yenilənmə və genişlənmə layihələri sonunda sərgilənməsi üçün diqqətlə mühafizə edildiyini də sözlərinə əlavə etdi.
Daha sonra başqan vurğuladı ki, əşyaların bir çoxunu evdən gətirib, yəni, muzey dərnəyin dəstəyi həmçinin, özünün şəxsi kolleksiyası sayəsində yığılıb. Hər növdə idmançısı olan “Beşiktaş”, ümümulikdə, ən çox kubok qazanan komanda olduğundan burada yalnız çox əhəmiyyətli kubokların nümayiş olunduğunu da çatdıran başqandan girişdə vurğuladığım Pərviz Müşərrəfin hədiyyələrinin hekayəsini anlatmasını da istədik: “Dəyərli başqan Pərviz Müşərrəf İstanbulda Universitet oxuduğu illərdə “Beşiktaş eşqi”nə tutulub. Bundan sonra özünü hər yerdə Beşiktaşlı olaraq anıb. Futbol topuna gəlincə topların böyük əksəriyyəti Pakistanda əl işi olaraq düzəldilir. Yəni onlar bu sahədə dünya lideridirlər. O, bu topu da, qılıncı da klubun 100 illiyinə hədiyyə olaraq verib. Qılıncın üzərində də prezidentdən kluba yadigar olaraq verildiyi yazılıb”.

İlk, ilk, ilk...

"Türkiyənin ilk özəl idman muzeyi" ünvanına sahib muzey, türk idmanı tarixində də əhəmiyyətli ilklərə imza atıb. Bunlardan bəzilərini olduğu kimi qeyd etmək yerinə düşər:

Türkiyənin ilk yaranan idman klubu qeydiyyat sənədi. (1903)
İlk rəsmi İstanbul Liqa Çempionu Kuboku (1924)
Futbol şöbəsinin qurucusu Şərəf bəyin, Türkiyənin ilk beynəlxalq matç idarə edən hakimi olması (1925)
İlk Başbakanlık Kuboku (1944)
İlk dəfə qitələrarası səyahət edən türk futbol komandasının qazandığı kubok (Amerika, 1950)
İlk Professional Liqa Çempionluğu kuboku (1951)
“Beşiktaş”ın tam tərkibli olaraq türk milli futbol komandasını təmsil etmə haqqı olan tək klub olduğuna dair 5.5.1952 tarixli sənədi.
İlk Federasiya Kuboku (1956)
Türk futbol tarixinin ilk naməğlub və tək liqa çempionluğu kuboku (1991-1992)
İlk Atatürk Kuboku (1999-2000 mövsümü)
100-cü ildə çempionluq kuboku alan ilk türk klubu (2002-2003)
İlk Türkiyə Super Kubok sahibi (2005-2006)

“Abi, biz sevinmek için sevmedik ki!”

Hər şey üçün təşəkkür edib, qapıdan çıxanda mühafizəçilərin nə reaksiya verəcəyini öyrənmək üçün söz atdım ki, “Muzeyinizin qədimiliyinə və fərqliliyinə söz ola bilməz, amma öz aramızdı, “Cimbom”dan daha az kubokunuz var” Cavab “Beşiktaş” fəlsəfəsinin mühafizəçinin belə qanına necə yeridiyinin sübutu idi: “Abi, biz onu sevinmek için sevmedik ki! Bırak tüm kupalar başkalarının olsun, bırak bir gün herkes “fener”li olsun, ama Beşiktaşlı olmasın. O ayrıcalık hep bizde kalsın!”

Aqşin İBRAHİMİ,

Bakı - İstanbul -Bakı

 

 

 

 

 

 






8 May, 2013  14:55 Baxılıb: 2279 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner