Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RƏŞAD MEHDİLİ: «ÇƏKİLİŞ ZAMANI ŞİR ƏLİMİ DİŞLƏDİ» – MÜSAHİBƏ – FOTOSESSİYA

.

Teleaparıcı rubrikasının bu dəfəki qonağı, Azərbaycan Dövlət Televiziyasında xəbərlər proqramının aparıcısı, sadə, səmimi, dediyinə görə özünə güvənən, heyvanları çox sevən Rəşad Mehdili oldu. 

İqtisadiyyat üzrə təhsil almışam, amma jurnalistikaya marağım daha çoxdu. Universitetdə oxuduğum müddətdə qəzetdə, Sumqayıt televiziyasında işləmişəm. 2007-ci ildə AzTV-də yeni kadrlar işə cəlb olundu. Bununla bağlı müsabiqə elan olunmuşdu, düşündüm ki, çox yaxşı fürsətdi. Bunu dəyərləndirmək lazımdı. Müsabiqədə iştirak etdim və səhv etmirəmsə, 500-800 arası namizəd arasından seçildim.

- Özünüzü daha çox reportyor kimi görürsüz, yoxsa aparıcı kimi? 

- Aparıcıyam, eyni zamanda reportyor kimi də fəaliyyət göstərirəm. Çünki bu kanalın müəyyənləşdirdiyi bir qaydadı. “Xəbərlər”lə yanaşı, 3 ilə yaxındı səhər proqramını aparıram. Eyni zamanda, hazırda “Mədəniyyət” kanalında yayımlanan “1001 sual” intelektual proqramının da aparıcısıyam.

- Bəs bunlardan hansı daha canlıdı? 

- Reportyorluq zamanı sən öz potensialını daha yaxşı nümayiş etdirə bilirsən, hazırladığın süjetə istədiyin tərəfdən yanaşa bilirsən. Aparıcılıq isə müəyyən çərçivədə müxbir və redaktordan asılıdı, yəni material gəlir, sən bu material üzərində işləyirsən və bunu təqdim etməlisən. Necə təqdim edəcəksən bu səndən daha çox redaktorun verdiyi məlumatlardan asılı olan bir şeydi.

- Özünüzü kimə borclu sayırsız? 

- Həyatda bir çox insana borcluyam, onlar mənə dəstək verdikləri üçün, pis-yaxşı günümdə bərabər olduqları üçün borcluyam. Belə insanların sayı çoxdu. Ancaq ilk növbədə valideynlərimə, dostlarıma, müəllimlərimə borcluyam. Sırf aparıcılığa gələndə, əlbəttə ki, AzTV-nin sədri Arif Alışanova və müəllimim Rafiq Hüseynova borcluyam.

- İnsanlarla münasibətdə sərhəd qoyursuz? 

- Qətiyyən.

- Həmişə səmimi ola bilirsiz?

- Ümumiyyətlə, səmimi, qeyri-səmimi insan anlayışlarını qəbul etmirəm, çünki birini səmimi, digərini qeyri-səmimi adlandırsam, bəlkə də, haqsızlıq edərəm. İnsanlar həmişə səmimi olmur. Səmimi olmaq məcburiyyətində də deyillər. Kiməsə demək olmaz ki, niyə səmimi deyilsən? Sadəcə sevmədiyim insana bunu çox rahat şəkildə nümayiş etdirə bilərəm, bunu qüsur saymıram.

- Bəzi aparıcılar özlərini model kimi reklam edib, peşələrini unudurlar. Buna münasibətiniz necədi? 

- Nə dərəcədə doğru olduğunu deyə bilmərəm, amma düşünürəm ki, o insan səhnədədirsə onsuz da nə isə nümayiş etdirir. Mənim üçün düzü, sərhəd yoxdu, amma sən xəbər aparıcısı kimi tanınmısansa, bu cür də davam etməlisən

- Aparıcıların toylara getməsinə necə baxırsız? 

- Əgər bir aparıcı, toya tamada kimi gedirsə, demək bu, aparıcı deyil. Amma toya, aparıcı olaraq gedirsə, bu çox normaldı. Aparıcı tamada olmamalıdı, aparıcı olmalıdı. Mən belə bilirəm. Məncə toyun toy formatı var. Əgər biz adət-ənənəyə bağlı olan bir toy keçiririksə, toyda tamada olmalıdı. Əgər daha müasir, daha novator toy keçirilirsə - burada xüsusi rəqslərdən, şoulara qədər hər şey nümayiş olunursa, belə toyu aparıcı aparmalıdı. Məncə, tamada başqa məfhumdu, aparıcı başqa.

- İndi onsuz da toyları şouya çeviriblər, əvvəlki toylardan əsər-əlamət qalmayıb... 

- Əvvəlki toylar, ümumiyyətlə başqa formatda idi. Onda tost deyilməsi, oynamaq, rəqslər, məclislər də fərqli idi. Amma indi tamam fərqlidi, toylar daha çox şou proqram xarakterini alıb. Buna görə də, şou aparıcısı orada şou göstərirsə, burada qeyr-adi bir şey yoxdu.

- Aparıcının şöhrət xatirinə bu işə gəlməsinə necə baxırsız? 

- Düşünürəm ki, efirdə təsadüf insanlar olmamalıdı, efirdə seçilmiş adamlar olmalıdı. Bu baxımdan AzTV bir ənənə qoyub.

- Bu gün efirdə təsadüfi aparıcılar varmı? 

- Bu gün var da desəm, yox da desəm pis olar. Amma mən öz işlədiyim kanalda qürurla deyə bilərəm ki, təsadüfi insanlar yoxdu. Səbəb də, ondan ibarətdir ki, bizdə qaydalara riayət olunur. Burada, hər işçi treninqlər keçir, dəfələrlə kurslarda olur, təkminləşdirilir, ən sonda kadr heyətinə daxil olur.

- Özəl kanallarda işləmisiz?

- Xeyr, işləməmişəm. Onların mətbəxindən də xəbərim yoxdu. Belə bir məsəl var ki, parıldayan hər şey qızıl olmur. Efirdə də hər görsənən gerçək aparıcı olmur. Mən öz mətbəximizə bələdəm. Orada özümü cox rahat hiss edirəm.

- İnsanlar bəzən aparıcılığa tanışlıqla gəlirlər, razılaşırsız?

- Əfsuslar olsun ki, bəzən bunu görürük. Amma bizdə bu, müsabiqe yolu ilə olur.

- Kimlərə baxıb, öyrənmisiz? 

- Müəllimim Rafiq Hüseynovdan bəhrələnmişəm, vaxtilə Türkiyə kanalında xəbər spikeri olan Mehmet Ali Biranddan öyrənmişəm. Hazırda Ali Kırcanı izləyirəm.

- Verdiyiniz qərarlarda tərəddüd edirsiz? 

- Verdiyim qərarlara həmişə inanmışam. Bu çox böyük sözdü. Düzgün olmayan qərarlarım da olub, amma peşman olmamışam.Hesab edirəm ki, səhv qərarımın nəticəsi mənim üçün dərsdir. Buna görə nələrsə öyrənirəm.

- Çətinliklər imtahandı, ya onlardan şikayətlənmək daha asandı? 

- Qətiyyən narazılığım olmayıb. “Belə olmalıydı ki, belə də oldu” – demişəm. Fikrimcə, üsyan insanın əsəblərinə çox mənfi təsir göstərir və o insan özü-özünü daha da uçuruma aparır.

- Bir çoxlarından fərqli sosial şəbəkələrdə aktiv olursuz.

- Çox aktivəm. Jurnalist üçün sosial şəbəkələr çox önəmlidi. Dostlarımla əlaqə saxlamaq, eyni zamanda da günləlik informasiya almaq üçün istifadə edirəm. Saatlarla çatda olmuram, əsasən, xəbərlərə göz yetirirəm, əgər maraqlandırırsa oxuyuram və yaxud da münasibət bildirirəm. Deməzdim ki, vaxt itirirəm. Sadəcə, şəbəkələrdə 24 saat onlayn rejimdə oluram.

- Həyatda ən çox nədən qorxursuz?

- Çox şeydən qorxa bilərəm, əsasən də yaxın insan itkisindən. İtkilər insanı qorxudur - hansı itki olursa olsun. Mən əşyalarıma qarşı çox həssasam. Bir dəfə çox sevdiyim eynəyimi itirmişdim, inanın ki, 2 həftəlik tətilim məhv oldu.

- Uşaqlara münasibətiniz? 

- Körpələrlə dil tapa bilmirəm. Onlar hər zaman qışqırır, sual verir, insanı yorurlar. Uşaqlar adətən, nələrisə tələb edirlər. Mən həmişə nəyi isə başa salmağa çalışıram, bu, belə olsa daha yaxşı olar, amma görürəm ki, körpə öz bildiyini edir, məcburən ona daha çox vaxt ayırmalı, onunla daha çox gəzib, məşğul olmalıyam, buna da əsəblərim o qədər də tab gətirmir.

- Tək qalanda ən çox nəyi düşünürsüz? 

- Bir az xəyalpərəst insanam, xəyallarımda saatlarca gəzərəm və yorulmaram. Özümün heyvanlarla bağlı bir layihəm olsaydı, bütün günü onlarla məşğul olardım. Azərbaycanda xüsusi dərnəklər var ki, onlara əlimdən gəldiyi köməyi edirəm, çünki heyvanları çox sevirəm. Özümün itim, pişiyim də olub. Amma pişiyim son 6 ayda qaçıb, vəfasız olub, pişiklər belədi. İti körpəlikdən yetişdirmək lazım olduğu üçün, bir az vaxt məhdudiyyəti var, amma söz verirəm bu yaxınlarda itim olacaq.

-Süjet hazırlayan zaman baş verən ən gülməli anınız nə olub? 

- Zooparkda şirin balası olur, bununla bağlı bir “life material” hazırlamalı idim. Bu il Bakı zooparkında doğulan ilk körpə idi və biz getdik Burada şiri əlimə götürməliyəm və stand up etməliyəm. Bu şirdi nə qədər körpə də olsa, şirliyini bildirdi, əlimdən dişlədi. Xırda dişləri vardı, xəsarət yetirmişdi. Stand up edəndə üzümdə zəhrimar ifadə alınmışdı. Demişdilər ki, bu hissələri verməyəcəklər, amma verdilər.

-İlk dəfə efirə çıxmağınızdan danışardız.

-Efirə ilk çıxdıqda, çox həyəcanlıydım. Müəllimim Rafiq Hüseynov tövsiyə etmişdi ki, efirə çıxanda viski iç, hər şey çox yaxşı olacaq. Bunu etmədim, dedim yox, çox sakitəm. Jurnalistin ilk efirə çıxmağı xüsusi “mərasim” olur, desəm yanılmaram. Qabaqcadan efirə hazırlayırlar, çalışırlar ki, materialın az olsun ki, rahat olsun. Onsuz da həyəcanın var, kamera həyəcanı, üstəlik bu ilk efirdi, hər kəsin diqqəti səndədi. Kameralar, işıq, baxmayaraq ki, mütəmadi məşğul olursan, hazırlaşırsan, amma ilk efiri həyəcansız təsəvvür etmək olmaz. Başlıq gedəndən sonra rejissor komanda verir: “Rəşad donub”. Sadəcə, kameraya baxmışam. Operator işarə edir: “başla”, növbətçi redaktor gülür, saniyələr gedir və birdən ayılıram ki, efirdəyəm axı. Tez salamlaşdim və ardınca xəbər başlıqlarını oxumaga başladım. Bir də onu gördüm ki, texniki, yaradıcı heyət dərindən bir ah çəkdi. Beləliklə, birinci efirim belə həyəcanlı keçdi.

- Nəyə qarşı fobiyanız var? 

- Suya qarşı fobiyam var, dənizə gedə bilmirəm.

- Bəs işdə? 

- İşdə qorxu, fobiya kimi bir çətinliyim yoxdu. İşləməkdən zövq alıram, saatlarla işləyə bilərəm, zövq alıramsa mən bu zövqümdən niyə geri qalım?!

- Harasa gedəndə gecikirsiz? 

- Planlı şəkildə hərəkət edirəm, ona görə gecikmirəm. Məndən asılı olmayan səbəblərdən gecikirəm.

- Özünüzdən razısız? 

- Özündən narazı olmaq daha pisdi, nəinki, razı olmaq. İnsan əgər özünə güvənirsə, bir işi öhdəliyinə götürürsə, bu çox gözəl bir şeydi.

- Uğursuzluqlarınız olanda ruh düşkünlüyü yaşayırsız? 

- Hər hansı bir uğursuzluğum olanda, bu məsələni “arxivə” göndərirəm. O məsələyə heç vaxt qayıtmıram, başqa işlə məşğul oluram. Həyata çox nikbin baxıram və hesab edirəm ki, insan bir uğursuzluğun üzərində çox düşünsə, daha da pis olacaq. Hansısa iş alınmırsa, ertələmək daha yaxşıdır. Siz özünüzə nə qədər güvənsəniz, inansanız, bu işin 50%-i artıq həyata keçmiş olar.

- Sərbəstsiz?

- Çox sərbəstəm, bunda rəhmətlik atamın böyük rolu var. Mənə həmişə özünəgüvənliyi təlqin edib və yıxılanda əlimdən tutub qaldırmayıb. “Özün qalx!” tövsiyəsini verib. Valideyn tərəfdən mənim bəxtim çox gətirib. Dəcəllik etmişiksə, cəzası da olub. Atam bunu hər dəfə dönə-dönə vurğuluyub ki, əgər bir insan səhv bir iş görübsə, hər zaman cəzası olmalıdı. 

Turanə Zeynallı






30 Aprel, 2013  14:27 Baxılıb: 5454 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner