Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MÜĞƏNNİ XATUN: «O KİTAB MƏNİ XƏYAL QIRIQLIĞINA UĞRATDI» - MÜSAHİBƏ – FOTOSESSİYA

.

 

 

 Əvvəllər daha çox kitab oxusa da indi tanınmış olduğuna görə, kitabxanaya getmədiyini söyləyir. Bir dəfə kitab hədiyyə alıb, ancaq indiyədək özü heç kəsə etməyib. Həmişə həyatın nağıl olduğunu fikirləşən, səhnəyə yeni qədəm qoyanda produsserinin hər gün qəzet alıdırıb, yüksək səslə oxutduğu gənc və populyar müğənni Xatun “Nə oxuyursan?” rubrikasının qonağıdı. 

- Kitab oxumaqla aranız necədi və kitab oxumaq sizcə insana nə verir? 

- Kitab oxumaq insanın psixalogiyasının formalaşması üçün ən böyük vasitədi. Sən kitab oxuyaraq səbirli olmağı öyrənirsən, bir anlıq da olsa öz problemlərindən, dərdlərindən uzaqlaşırsan. Həmçinin, insanın intelektində dəyişikliklər olur. Uşaqlıqdan kitab oxumağa həvəsli olmuşam, nağıl kitabları oxumuşam. Həmişə elə fikirləşmişəm ki, həyat elə nağıldı, hər şey birdən-birə olacaq. Təzə-təzə səhnəyə gələndə produsserim Rəhman Əliyev deyirdi ki, hər gün qəzet alıb onu yüksək səslə oxumalısan. Buna riayət edirdim, əlavə kitab da oxuyurdum. Ümumiyyətlə, fikirləşirəm ki, əsəbi insanlar, dərdi çox olanlar teleserialları, kinoları, yemək verilişlərini izləməkdənsə, kitab oxusalar daha yaxşı olar. Kitab oxuyanda insan sakitləşir, daha rahat olur.

- Hansı janrlarda oxumağı sevirsiz?

- Mənim ən çox sevdiyim yazıçı Çingiz Abdullayevdi. Onun bir neçə əsərini oxumuşam, “Məşhər ayağında”, “Manyakın idrakı”, “Allah tərəfində”.

- Yəni, dedektiv sevirsiz?

- Dedektiv sevmirəm, sadəcə Çingiz Abdullayevin yanaşması xoşuma gəlir. Daha çox psixoloji əsərləri sevirəm. Məsələn, Paulo Kolyeni çox sevirəm. Hazırda onun “11 dəqiqə” əsərini oxuyuram. Türkiyəyə gedəndə oradan almışdım. Onun başqa kitabını da aldım, amma sonra oteldə unutdum, kitab itdi. Türkiyədən o qədər şey gətirmişdim, amma o kitabın itməyi mənə pis təsir etmişdi. Çünki, Paulo kitabda elə şeylərə toxunmuşdu ki, onu oxuduqdan sonra fikirləşirdim ki, nəyisə bacara bilərəm. Çətin olan şeylər də mənə asan görünməyə başlamışdı. Belə düşünürəm ki, son illərin ən güclü yazıçısı Paulodur.

- Sizə kitab hədiyyə edən olub?

- Müğənnilərə kitab hədiyyə etmirlər, fikirləşirlər ki, müğənnilər ancaq brilliantları, kürkləri, maşınları xoşlayır. Ona görə də, belə bir şey olmayıb. Sadəcə bir dəfə iş adamı olan dostum mənə Varisin “Sonuncu ölən ümidlərdir” kitabını vermişdi. O, kitab çox xoşuma gəlmişdi, hind teleserialına oxşayırdı (gülür) Mənə kitab hədiyyə edəcəksiz?

- Biz gözləyirdik ki, siz bizə hədiyyə edərsiz.

- Hə?! Yaxşı, edərəm.

- Bu günə kimi kiməsə kitab hədiyyə etmisiz?

- Xeyr hədiyyə verməmişəm. Mən sadəcə məsləhət görmüşəm. Müğənnilər var ki, səsi gözəldi, səviyyəsi isə çox aşağıdı. Demişəm, mütləq kitab oxu, diksiyan düzəlsin.

- Sonuncu dəfə nə zaman kitab almısız?

-Sonuncu dəfə 2 ay bundan qabaq Paulo Kolyenin “11 dəqiqə” kitabını almışam.

- Bəs bir kitabı nə qədər vaxta oxuyub qurtarırsız?

- Elə kitab olub ki, mən onu tez oxuyub qurtarmışam. Çünki maraqlı olub. Amma elə kitab da olub ki, ağır oxunub.

- Yarıda qoyduğunuz kitablar olub?

- Bəli, olub. Məsələn, “Manyakın idrakı”.

- Klassiklərdən kimləri oxumusuz?

- Nizamini, Fizulini.

- Dünya klassiklərindən?

- Dostoyevskini, Tolstoyu.

- Elə kitab olub ki, təkrar-təkrar oxumaq istəmisiz?

- Bir də görürsüz kinoya baxıram, deyirəm bir də baxaram, amma ikinci dəfə izləyə bilmirəm. Eynilə elə kitab yoxdu ki, onu dəfələrlə oxuyum. Bir dəfə oxumaq mənə kifayət edir.

- Populyar əsərlər əsasında çəkilən filmlərə münasibətiz necədi?

-O, vaxtlar “Çalıquşu”, “Yad qızı” kinolarını görmüşdüm, amma istəyirdim kitablarını da oxuyum. Həmin əsərlərin kino versiyası məni həyəcanlandırmamışdı, kitabı oxuyanda əsərlər daha çox xoşuma gəldi. Məsələn “Yapraq dökümü” teleserialı gedirdi, mən onun kitabını aldım, oxudum və təəccübləndim. Oxuduğumla gördüklərim fərqli idi. Kinoda çoxlu aranjmanlar, improvizələr ediblər. Ona görə xəyal qırıqlığına uğradım.

- Kitabı bəyəndiniz yoxsa kinonu?

- Kino çox zəngin idi. Kitabı oxudum, sonra kinonu izlədim. Sonları uyğun gəlmirdi. Maraqsız gəldi mənə, kino da gözümdən düşdü, kitab da.

- Oxuduğunuz əsərlərdə elə bir obraz olub ki, onu canlandırmaq istəmisiz?

- Özümü həmişə gülməli rollarda gördüyümə görə, həmişə fikirləşmişəm ki, gülməli rolları daha yaxşı bacara bilərəm. Amma sözün düzü, hansısa rolu nəzərdə tutub elə bir şey fikirləşməmişəm.

- Fikirlərinizi dəyişdirib həyat fəlsəfənizə təsir edən kitablar olubmu?

- Bəli. Elə olub ki, mən kitabı oxumuşam və oradakı bir cümlə mənim elə xoşuma gəlib ki, dəfələrlə oxuyub, əzbərləmişəm. Demişəm ki, necə gözəl sözdü, elə bil insana rahatlıq verir. Onu özüm üçün qeyd etmişəm və ya mesaj formasında kiməsə yollamışam. Ümumiyyətlə hikmətli sözlərə çox fikir verirəm. Məsələn, dünən Facebookda bir status oxudum, deyir “məni keçmişimlə mühakimə etməyin, mən artıq orada yaşamıram”. Bax, belə sözlər mənim çox xoşuma gəlir. Fərqi yoxdu, türkcə, rusca olsun, təki beynindəki suallara cavab versin.

- Dini kitablar oxuyursuz?

- Mən artıq 14 yaşına çatanda dinlə maraqlanırdım və özümü dinə vermişdim, o zamanlar dini kitablar oxuyurdum. Peyğəmbərin kəlamları, hədislər, bunlar məndə çox maraq oyadırdı. Sünni, şiə söhbətləri var. Biz məscidə gedəndə deyirdim ki, mən nə sünniyəm, nə də şiəyəm sadəcə müsəlmanam. İran fanatizminə uğrayan kitabları oxuyandan sonra psixoloji problemlər yaşadım. Mən namaz qılırdım və orada yazılırdı ki, namazı belə qılaq, orada əlini belə tutdun dəstamazın batildi, belə elədinsə namazın qəbul olunmayacaq və s. Ona görə də bir az uzaqlaşdım. Amma yenə maraqlı bir şeylər görəndə oxuyuram.

- Şairlərdən kimləri bəyənirsiz?

-Ramiz Rövşəni. Rüstəm Behrudinin şeirlərini də oxuyuram. Axırıncı dəfə Rüstəm Behrudinin “Salam, dar ağacı” şeirini oxuyub əzbərləmişəm. 

- Mahnılarınızın sözlərini siz seçirsiz?

- Mən elə müğənnilərdənəm ki, sözün önəmi mənim üçün çox böyükdü. Sözlərin şablon xarakter daşımamasına önəm verirəm. Mənim “Baxma gözlərimə”, “Qara nöqtə” mahnılarımı dinləyənlər deyirlər ki, Xatun, mahnının nə gözəl sözləri var. Çox vaxt ideyanı da özüm verirəm ki, sözlər belə olsun.

- Müasir ədəbiyyatımızın nümayəndələrindən kimləri tanıyırsız?

- Bilirsiz ki, insan özünü doğrultmadıqca, adını brendləşdirmədikcə biz onu tanımırıq. Nizami Gəncəvi, Fizuli bunlar klassiklərimiz olub. Müasirlər adlarını eşitdirə bilmirlər.

- Qəzet, jurnal oxuyursuz?

- Jurnalları oxuyuram.

- Simsar jurnalını oxumusuz?

- Bəli, mən hər gün informasiya qəbul edirəm.

- Hansı mövzular sizin üçün daha maraqlıdı?

- Hazırda bir mahnı üzərində işləyirəm, sosial mövzudadı, sosial çağırış edir. İnsanları yaxşılığa çağırır.

Ey insanlar, sülhə gəlin, barışın!
Yer üzündə, sevgilərdən danışın!
Rəhim eyləsin bizə uca yaradan.
Allahım, sən ümidimsən.

Sevgi, məhəbbətdən də də oxumaq gözəldi. Həmçinin, dünyanın haqsızlığından, faniliyindən bəhs edən əsərləri oxumaq daha çox xoşuma gəlir. Məsələn, Sezen Aksudan zəhləm getsə də onun dünyaya gözəl yanaşması var. Deyir:  

Bazen daha fazladır her şey
Bir eşikten atlar insan
Yüzüne bakmak istemez yaşamın
O kadar azalmıştır anlam

O zaman hemen git radyoyu aç bir şarkı tut
Ya da bir kitap oku mutlaka, iyi geliyor
Ya da balkona çık bağır, bağıra bildiğin kadar
Zehir dışarı akmadan yürek yıkanmıyor

Ama fazla da üzülme, hayat bitiyor bir gün
Ayrılıktan kaçılmıyor
Hem çok zor hem de çok kısa bir macera ömür
Ömür imtihanla geçiyor

Ben bu yüzden hiç kimseden gidemem gitmem
Unutmam acı tatlı ne varsa hazinemdir
Acının insana kattığı değeri bilirim küsemem
Acıdan geçmeyen şarkılar biraz eksiktir (mahnını oxuyur)


Bu yaxınlarda, bir mahnı da eşitdim. Burcu Günəşin mahnısıdı, orada deyir ki, tikanın gözəlliyi, gül sayəsindədir, biz gülə görə, tikanı da qəbul edirik. Mahnıda gözəl sözlər, fəlsəfi fikirlər var, mən belə əsərlərin xəstəsiyəm.

- Axırıncı dəfə nə vaxt kitabxanaya getmisiz?

- Tanınmış müğənni olduğuma görə getməmişəm.

- Əvvəllər də getməmisiz?

- Əvvəllər getmişəm, ali məktəbdə oxuduğum zaman, müəllimlərin tapşırdıqları kitabları axtarmağa getmişəm. Amma çoxdandı, yəni Xatun olandan sonra, tanınandan sonra getməmişəm. Sadəcə olaraq, hansısa bir dükanın yanından keçəndə kitabları görüb maşını saxlamışam, kitablara baxmışam, elə olub ki, birdən 5-6 kitab almışam. Məsələn, Türkiyəyə gedəndə hamı girdi dükana biri “açki” aldı, biri ətir aldı, amma mən kitab aldım. Mənə belə şeylər daha maraqlıdı. Bu gün bizim verilişlər özünüz bilirsiniz ki, tamaşaçının ritminə görə qurulur. Tamaşaçını kitablar maraqlandırmır, onlara lazımdı ki, kimlərsə bir-birlərini qırsın, onlar da baxsın. Amma kitabı da, oxumağı da təbliğ etmək lazımdı.

- Kitab oxuyanlara və oxumayanlara son sözünüz?

-Mən istərdim bundan daha dolğun cavablar verim. İstərdim sizi təəcübləndirim. Sadəcə olaraq mənim qurduğum həyat onu tələb edib ki, daha çox mahnılara qulaq asmışam. Öz övladıma da deyirəm, kitab oxu, öz oxuduğum kitablardan da məsləhət görürəm ki, oxusun. Amma kitabı hamı oxumalıdır. İstər həkim ol, istər müğənni fərqi yoxdu.


İlknur Salamova

 

 

 






25 Aprel, 2013  17:08 Baxılıb: 9021 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner