Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YENI LAYİHƏ: «VƏTƏNƏ ÇEVRİLƏN QÜRBƏT»

70 illik tarixçə

«Korennoy» Tiflisli azərbaycanlı...

Gürcüstanın paytaxtı, qulağa və ürəyə doğma Kür çayının iki yerə ayırdığı Tiflisdə ermənilərin və azərbaycanlıların sıx yaşadığı iki ərazi var. Ermənilər daha kompakt şəkildə Kürün sağ sahilindəki Avlabari rayonunda yaşayır. Azərbaycanlılar isə Kürün sol sahilində, kükürd hamamlarının, Botanika bağının yaxınlığında, Meydan adlanan ərazidə yaşayır. Məlum səbəblərdən ermənilərlə işimiz yox, amma dədə-babadan Tiflisdə yaşayan, buralara gəlmə deyil, köklü-köməcli tiflisli olan ailələrlə tanış olmağı çoxdan istəyirdim. Bilirdim ki, hər ailənin bir tarixçəsi var.

Aktrisa, jurnalist, ictimaiyyətçi...

Aida ilə təsadüfən tanış olmadıq. Əsl tiflisli azərbaycanlı ilə tanış olmaq arzumu bilən dostum, Marneulidə yaşayan Zaur Darğalı bir dəfə zəng edib, mənim üçün 25 yaşlı bir xanım tapdığını dedi. Bu xanım ixtisasca telejurnalist olan, aktrisa kimi fəaliyyət göstərən və ictimai-siyasi prosesləri yaxından izləyən gənc Aida idi. Ona ilk dəfə zəng edəndə Aida teatrda idi. Üzr istəyib, sonra özü mənə zəng edəcəyini dedi və sözünün üstündə durdu.  

Hülya Afşara oxşayan ana

Bizi Tiflisin Azadlıq meydanında qaraqaş-qaragöz, incə və gözəl bir qız qarşıladı. Aida elə bu qız idi. tez bir taksi əyləyib, gürcü dilində ünvanı dedi və elə yolda ailəsi, özü, baxışları barədə qısaca məlumat verdi. beşcə dəqiqəlik yolda bizə Mirzə Fətəli Axundovun ev-muzeyni, Azərbaycan səfirliyini, özünün oxuduğu azərbaycandilli orta məktəbi göstərdi. Ortaçala adlanan yerdə maşın məhəlləyə buruldu. Türk seriallarındakı sayaq, taxtalı, tənəkəli, yoxuşlu, balaca dükanları, yolüstü oturacaqları olan bir məhəllədən keçib, evlərinə çatdıq. Taksidən düşəndə dükandan qayıdan təxminən 50 yaşlarında bir kişi bizi qarşıladı. Bu, Aidanın atası Vaqif müəllim idi.

Aidanın atasını görən kimi ağlıma ilk gələn bu oldu: o, sözün əsl mənasında, buralıdır. Məhəlləsinə ev paltarında çıxan, məhəllə dükanından aram-aram qayıdan, qonşuları ilə salamlaşan, evlərinin qarşısındakı skamyalarda əyləşib nərd oynayan, adamlarla zarafatlaşan, evinə qayıtma prosesi belə xırdalıqlarla, istiliklərlə dolu adam – bura aiddi demək.

70 illik ailə tarixçəsi

Evdə bizi bütün ailə qarşıladı. Vaqif müəllimin yaşıl gözlərindən və gülüşündən türk aktrisası Hülya Avşara oxşayan xanımı Zibeydə , böyük qızı İradə və atasının adını verdiyi oğlu Yaqub. Çay süfrəsinə oturan kimi Vaqif müəllimin ləhcəsi diqqətimi çəkdi. Amma Azərbaycanın hansı bölgəsinə məxsus olduğunu hələ ayırd edə bilmədim. Vaqif müəllim belə bir yazı yazmaqda məqsədimi soruşanda, sadəcə belə izh elədim:
- Vaqif müəllim, hər nəslin, ailənin bir tarixçəsi olur. Azərbaycanlı olduğunuz halda, köklü-köməcli Tiflisdə yaşamğınız da yəqin ki, ailənizin tarixçəsi ilə bağlıdı. Mən o tarixçəni eşitmək istəyirəm.

- Mən əslən İsmayıllının Basqal kəndindənəm. Böyük Vətən Müharibəsi qurtarandan sonra bütün İttifaqda olduğu kimi, bizim də rayonda dolanışıq çətinləşib. Atamgil ailədə üç qardaş və bir bacı olublar. Atalarını erkən itiriblər. Ailənin çətin dolanışığını görən iki böyük əmim – Əyyub və Məhbub Tiflisə ipək fəbriklərində işləməyə gəliblər. O vaxt atamın on yaşı olub. O da kənddə qalmaq istəməyib, artıq ailəli olan böyük qardaşlarına qoşulub, Tiflisə gəlib. Burada qardaşları ilə birlikdə işləyib, böyüyüb, sonra Bolnisi rayonundan bir qızla – anamla evlənib. Sonra da biz doğulmuşuq – mən üç bacının bir qardaşıyam. Əmilərimdən biri ailəliklə Bakıya qayıtdı. O biri burada qaldı, burada dünyasını dəyişdi, amma sonra onun uşaqları da Azərbaycana döndü. İndi burada, Tiflisdə Tağıyevlər soyadından qalanlar mən və mənim övladlarımdı. Bacılarım da azərbaycanlılarla ailə qurub, ora qayıtdılar.

Bəli, azərbaycanlı bir ailənin Tiflis tarixçəsinin yetmişdən çox yaşı var. Vaqif müəllimin özü, həyat yoldaşı, uşaqları gürcü, erməni, rus dilində danışa bilir, yaşadıqları məhəllənin yerliləri hesab olunur. İndiki ev onlara Vaqif müəllimin atasından qalıb. Ailə düz qırx beş ildi ki, burada yaşayır. Vaqif müəllim özünü o qədər bura aid hesab edir ki, hətta Gürcüstanla Rusiya müharibəyə başlayanda, gürcülərin bəziləri başqa ölkələrə qaçmaq istədiyi halda, o əlinə silah alıb, vətənini qorumaq istəyib. Burada yaşadığı müddətdə heç vaxt evinin pəncərələrinə barmaqlıq vurdurmayıb, darvazasını, qapısını heç vaxt bağlamayıb.

Ata yurduna gəlincə....

Vaqif müəllim:
- ...İsmayıllıya gedəndə, ata-baba yurduna, kənd yollarına baxanda düşünürəm ki, atam buralarda gəzib, bu yollardan keçib, burada yaşayıb, onun bir paçası da həmişə burada olub...Özümü qəribə hiss eləyirəm, kövrəlirəm...
Aida:
- Doğrudan da, köklərin harasa bağlı olmağı ciddi məsələdi. Atamın dediyi hissləri mən də yaşayıram. Baxmayaraq ki, o yerlərdə çox az olmuşam, amma hiss eləyirəm k, necəsə ora bağlılığım var, bu, elə bir hissdir ki, izah etmək çətindir...

«Korennoy tiflislilər»...

Vaqif müəllim də, qonşuları da onu əsilli-nəsilli, köklü-köməcli tilflisli hesab edirlər. Bakıda «korennoy bakılı» anlayışı olduğu kimi, burada da «şəhərli» anlayışı var. Tiflislilər də şəhərə əyalətdən gələnlərə bir az ögey kimi baxır, bu şəhəri daha çox özlərinin bilirlər.

Geriyə baxma, qoca...

Vaqif müəllim uşaqlarına münasibətdə tipik azərbaycanlı kimi davranmır. Onların seçimnə hörmətlə yanaşır, heç bir ehtimalı özündən kənarlaşdırmır. Qızlarının başqa millətlə ailə quracağı, oğlunun başqa millətdən kimisə sevə, evlənə biləcəyi ehtimalını narazılıqla qarşılamır. “Həyatdı”, - deyir, - “hər şey ola bilər, hərənin bir fikri, yolu, istəyi var...”
Özü isə...özü isə Azərbaycandan qonaq gələn qohumlarını evində qonaq edir, qonşuları ilə bağlılığından, Tiflisə olan sevgisindən danışır və nə vaxtsa Azərbaycana qayıda biləcəyi ehtimalını yaxına buraxmır:
- Mən buralıyam. Tiflisliyəm. Uşaqlığımdan bəri hər gün hiss eləyirəm ki, bu – mənim şəhərimdi, mən bura aidəm. Bu şəhərin demək olar ki, bütün küçələrini tanıyıram, gəncliyimlə, balalarımın uşaqlığı ilə, valideynlərimlə bağlı xatirələrimin olduğu yerləri var. Bura mənim vətənimdi...Bura mənim uşaqlarımın vətənidi...
Biz hələ çox şeylərdən danışırıq. Ailə fotolarına baxırıq, Vaqif müəllimlə həyat yoldaşı Zibeydə xanımın gənclik fotolarına zarafatyana kommentlər eşidirik, ailənin nənəsi, babası ilə şəkillər vasitəsilə tanış oluruq...Qaraqaş-qaragöz, gözəl böyük qız tez-tez çayımızı təzələyir, Zibeydə xanım gənclikdə həyat yoldaşının onu Hülya Afşara oxşatmasını xüsusi əda ilə qeyd edir, uşaqlar valideynlərinin zarafatlarına göz vurur və....və bu da sizə xoşbəxt ailə tablosu.

Xoşbəxtlik reseptləri...

Mən xoşbəxtlik reseptini bilmirəm. Ailə xoşbəxtliyinin reseptini isə heç bilmirəm. Amma nədənsə inanıram ki, Tiflis kimi şəhərdə ailənin xoşbəxt olması başqa şəhərlərə nibətən daha asandı. Çünki Tiflis elə bir şəhərdi ki, o bir az da adamdı. Yəni tənha üçün sevgilidi, uşaq üçün anadı, qoca üçün övladdı.
Bir də, qərib üçün Vətəndi Tiflis...
Mən bunu Vaqif müəllimi, onun ailəsini qərib hesab elədiyim üçün deyil, özüm qərib olduğum üçün daha dərindən hiss eləmişdim...

Günel Mövlud

 






17 Aprel, 2013  15:36 Baxılıb: 1635 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner