Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ELÇİN İMANOV: «ADAM OLMAQ İSTƏRDİM» – MÜSAHİBƏ – FOTOSESSİYA

“Aktyorluğa “məhkum” olunmuş adamlarıq”

“Hicran” tamaşası həyatında dönüş olub. Ona evdə “mütrüf” deyiblər. Riyaziyyatı sevsə də, aktyorluğa olan həvəsi riyaziyyat biliyini də üstələyib. Teatrı kinodan üstün tutsa da, çoxları onu “Həkimlər” serialındakı Sabir obrazı ilə tanıyıb, qəbul edib. Müsahibim özü-özünü tanımayan aktyor – Elçin İmanovdur. Aktyor səmimi şəkildə bilinən və bilinməyən tərəfləri barədə “Simsar.az”a danışıb .

- Bir az Elçin İmanovdan danışın...
- Özüm özümü tanımıram, tanısaydım xoşbəxt adam olardım. Amma bunu deyə bilərəm ki, 1971-ci ildə Yardımlıda anadan olmuşam. Məndə aktyor olmaq istəyi Hicran tamaşasına baxandan sonra yarandı. “Hicran” tamaşası həyatımda dönüş oldu. Baxmayarq ki, riyaziyyatı yaxşı bilirdim. Hətta böyük siniflərin də məsələlərini həll edirdim. Ancaq aktyorluğa olan həvəsim riyaziyyat biliyimi üstələyə bildi. Ailədə 9 uşağıq ən dəcəlləri və ən ərköyünləri də mənəm. Mənə evdə “mütrüf” deyirdilər. Universitetə imtahan verəndə məndən imtahanı Həsənağa Turabov və Şəfiqə Məmmədova götürdü. Beləcə, teatr kollektivinin rejissorluq fakültəsinə daxil oldum. Turabov mənə dedi ki, bu fakültədə oxu səni 3-cü kursdan aktyorluğa keçirərik. Ancaq elə qəbul olunduğum fakültədən məzun oldum.

- Həmişə canlandırmaq arzusunda olduğunuz obraz hansıdır?
- Bir çox rolları ifa etmişəm. O cümlədən, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir” “Poçtda xəyal”, “Şeyx Sənan” tamaşalarında oynamışam. Ancaq indiyə qədər də çox istəyirəm ki, “Hicran” tamaşasında Siyavuş Aslanın canlandırdığı “Dadaşbala” obrazını heç olmasa bir dəfə ifa edim.

“Yeşilçam” filmlərində nə var ki?!

- Aktyor kimi milli serialların səviyyəsindən razısız?
-Seriallarımız hələ ilk addımlarını atır. Belə halda yüksək nəticə gözləmək yersizdir. Elə türk kinosunu götürək. Hazırda bu qədər məşhur olmasına baxmayaraq, bir neçə il bundan qabaq Türkiyədə üzə çıxarmağa elə bir film yox idi. “Yeşilçam” filmlərində nə var ki?! Bizim həmin dövr filmlərimiz qat-qat güclü idi. İndi isə türklər böyük bir film maqnatı yaradıblar.
Azərbaycan kinosunun 5 il vaxta ehtiyacı var, bu, güman deyil 100 % belə olacaq. Qəbul edək ki, “Pərvanələrin rəqsi”nə qədər milli televiziya məkanında səs-küyə səbəb olan elə bir serial yox idi. İctimai televiziyanın çəkdiyi filmlər, “Küləklər şəhəri”, “Döngələr” kimi filmlər çəkilirdi. Baxımlı idimi? O qədər də yox. “Pərvanələrin rəqsi” filmində isə yaradıcı qrupun birgə səyi onu tamaşaçıya sevdirdi.

- Nəyə görə həkim rolu?
- Mənim yaradıcılğımda elə bir period olur ki, dalbadal eyni rollar qismətimə düşür. Məsələn, 2004-2006 cı illərdə ancaq polis rollarını oynayırdım. Sonra ilk olaraq “Həkimlər” daha sonra “Pərvanələrin rəqsi serialında həkim roluna dəvət aldım. Bəlkə bu mənim görünüşümə və ya bu rolu ifa edə bildiyimə görə idi. Əsas odu ki, rejissor səni bu rolda görür.

- Bəs siz bu rolda kim gördü?
- “Pərvanələrin rəqsi”nə məni ssenarı müəllifi Arzu Soltan dəvət eləmişdi. Əslində bu rolu həqiqi həkim canladırmalı idi. Sadəcə olaraq, həkimin həyəcanı rejissoru aktyor dəvət etməyə vadar etdi. Mənimçün gözlənilməz təklif idi. Təklif gələndə mən “Həkimlər” serialının sınaq çəkilişlərində idim.

-Eyni rola dəvət almaq sizin bacarığınızdır, yoxsa rejissor işinin zəifliyi?
- Mən ampulaya sığan aktyor deyiləm. Hansı rol təklif edilirsə mən onu məmnuniyyətlə ifa etməyə hazıram. Rejissora etiraz etməyə haqqın yoxdur. Təklifi qəbul edirsənsə, oynamalısan. Bu sözümə görə mən qınaq obyekti ola bilərəm ancaq rol təklif ediləndə hansının daha çox qonorar verəcəyini düşünürəm.

-Sabir obrazını sevdirən nə oldu?
-Səmimilik.

-Bəs Elçin İmanov səmimidirmi?
- Dostlarımın fikrincə səmimiyəm.

- Səmimi olaraq deyə bilərsiz ki, teatrımızda pərəstiş etdiyiniz aktyorlar kimlər olub?
- Nəsibə Zeynalova , Siyavuş Aslan, Ramiz Novruz, Nurəddin Mehdixanlı kimi aktyorlar mənim ən çox pərəstiş etdiklərimdir. Təsadüf elə gətirdi ki, mən “Pərvanələrin rəqsi”ndə Ramiz Novruzla, Həkimlərdə Nurəddin Mehdixanlı ilə tərəf müqabili oldum.

Buna qıfılbənd deyirlər

-Özünüzü daha çox harda görürsüz - teatrda yoxsa kinoda?
-Bax, buna qıfılbənd deyirlər. Bu sual mənə birinci dəfə ünvanlanır. Əsas teatrda. Teatr səhnəsində qan tər içində oynayırsan, sonda alqışlanmağın milyon dollarlardan daha üstündür. Bilirsiz, kino gəldi gedərdi, amma teatr əbədidi. Teatrı kinoya dəyişməyi fikirləşmirəm.

-Teatr aktyoru olmaq əvvəllər rahat idi, ya indi?
-Desəm ki, indi daha çətindir yanılmaram. Aktyorluq işi insana mənəvi qidadır. Amma bunu da danmaq olmaz ki, madiyyat ikinci plana keçırsə mənəviyyat üçüncü olur. Əgər aktyorun maddı vəziyyəti yaxşı deyilsə, səhnəyə fikirli çıxırsa onun hansı mənəvi qida verməyindən danışıla bilər. Məcbur olub ailən üçün daha çox qonorar verilən təklifi qəbul edəsən.

“Həkimlər” in heç bir seriyasına baxmamışam

- Bəs siz səhnədə hansı rolu “yaratmızısız”?
- “Hərənin öz ulduzu” tamaşasında Əlibala obrazını. Bu obraz mənim prototipimdir – qısqanc, küsəyən, mehriban insan Əlibala. 1997 ci ildə bu rolu ifa etdikdən sonra rol təkliflərinin sayı xeyli artdı. Bacara bildiyimi onda anladım. Ancaq hələ indiyə qədər özümə aktyor deyə bilmirəm. Oynadığım rollara qarşı həddən artıq tənqidi yanaşıram.

- Oynadığınız rolları özünüz də izləyirsiz?
- Həkimlər serialı ortabab seriallardan biri oldu. Reytinqlərdən o qədər də başım çıxmır. Ancaq “Həkimlər” serialı “Pərvanələrin rəqsi” ilə rəqabətə girə bilmədi, baxmayaraq ki, orada dinamika vardı, sürətlə çəkilirdi. “Həkimlər” serialından mənim üçün ən yadda qalan şey Nurəddin Mehdixanlı ilə tərəf müqabili olmağım idi. “Həkimlər” in heç bir seriyasına baxmamışam. Serialdakı Mələk Heydərovanın aktyorluğu xoşuma gəlmişdi.

- Aydan Şenerlə eyni filmdə tərəf müqabili olmaq necə hiss idi?
- Hər kəs onu “Çalıquşu” filmindən tanıyır. O filmin çəkilişindən uzun illər keçməsinə baxmayaraq, hələ də gözəldir. Aydan xanım “Həkimlər” serialına dəvət edilmişdi. Çox gözəl tərəf müqabilidir. 3 gün Bakıda qaldı. Onunla kontaktda oldum və anladım ki, məşhur olmaq heç də təkəbbürlü olmaq deyil.

- Çəkilişlərə hazırlıq hansı səviyyədə idi. Rolu uğurlu ifa etmək üçün hansısa həkimlik kurslarına gedirdiz?
- Kurslara getmirdik. Nəinki kurslara getməyə, bizə orda heç gəzməyə icazə vermirdilər. Ancaq ssenari müəllifi Kəmalə xanım həkimdir. Sözləri dəqiqliklə yazırdı. Əməliyyat çəkilişlərini etməkdə isə xəstəxananın həkimləri köməklik göstərirdi. Təbii ki, səhvlər olurdu. Amma yəqin bu başa düşüləndir.

Yamaq olmaq istəmədim

- Məhkumlar serialının da bir hissəsində çəkildiz...
-Məhkumlar serialında xırda bir obrazı – mühasibi canlandırdım. Bir seriya və sonda həmin obrazın öldürülməsi göstərilir. Obraz sonralar geri qayıtmalı idi. Mənə yenidən qayıtmağı təklif edəndə qəbul etmədim. Çünki uzun zaman idi ki, həmin kino çəkilirdi, kollektiv bir-birinə doğmalaşmışdı. Mən isə həmin kollektivə yamaq olmaq istəmədim.

-Verilən qonorar qaneedicidirmi?
- Verilən qonorar bütün gün, gecə-gündüz çalışmağın, əsəb, stress və çəkilən əziyyətin qarşılığı deyil. Ancaq bir qədər köməkdir. Bu, maşın hərəkət etməyəndə onu arxadan itələməyə bənzəyir. Nəzərə alsaq ki, film çəkilişləri üçün büdcə artırılır. Məsələn, ötən il səhv etmirəmsə 3-5 milyon, bu il 6 milyon ayırıblar. İnşaallah gələn il 16 milyon ayırarlar.

-Elçin İmanovun nəyə kompleksi var?
-Ümumiyyətlə komplekssiz biriyəm. Ancaq son vaxtlar görünüşümlə bağlı narahatlığım vardı. Bir az idman və pəhrizdən sonra indi hər şey qaydasındadı.

Aktyorluğa məhkum olunmuş adamlarıq

-“Hansı Elçin İmanov – bəstəkar, yoxsa aktyor?“ – sualından narahat olmazsız?
-Əlbəttə yox biz adları eyni xarakterləri peşələri fərqli olan iki müxtəlif insanıq. Ola bilər ki, birimiz o birimizdən daha məşhur olaq, ancaq bu sual məni narahat etmir.

- Bəs aktyor olmasaydız?
- Bu haqda düşünməmişəm. Amma aktyor olmasaydım, adam olmaq istərdim.

- Son sözünüzü anlamadım. Aktyor olmaq adam olmağa maneədi? 
-Adamın bir üzü olar, aktyorun min üzü. Amma zarafat bir yana, özümü aktyorluqdan başqa heç bir yerdə görmürəm. Belədir də, biz də aktyorluğa “məhkum” olunmuş adamlarıq.

Ülviyyə Cövdətqızı

 

 






11 Aprel, 2013  16:57 Baxılıb: 3211 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner