Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İLHAN ÖZBAY: «ANS»DƏ AZƏRBAYCANCA DANIŞMAĞIMA İCAZƏ VERMƏDİLƏR» - MÜSAHİBƏ – FOTOSESSİYA

Tezliklə tamaşaçılar “Tək olanda qorxma” adlı serialda məni görəcəklər.

«Tele-aparıcı» rubrikasının qonağı türkəsilli aparıcı İlhan Özbaydır. O İlhan ki, efirə çıxdığı ilk gündən tamaşaçı rəğbəti qazanıb. Karyerası boyunca ilk dəfə müsahibə verən İlhan Bakıya gəldiyi gündən aparıcı kimi fəaliyyətindəki uğur və uğursuzluqlardan danışdı. Aparıcı yaşadığı ən xoşagəlməz məqamları da Simsar.az-ın oxucuları ilə bölüşdü.

- Bakıya 2004-cü ildə rus dilini öyrənmək məqsədi ilə gəldim. Baxdım ki, Azərbaycan dili ilə türk dili çox uyğundur. Düşündüm, rus dili ilə yanaşı, azərbaycan dilini də öyrənərəm. Ancaq “mojno poznakomitsya?” kəlməsindən başqa heç nə öyrənə bilmədim (gülür). Sonra Texniki Universitetə daxil oldum. Amma cəmi 6 ay oxuya bildim. Ödənişi ödəmədiyimdən xaric etdilər. 

- Aparıcılıqdan əvvəl təsadüf nəticəsində səni bir şans yaxaladı – Natəvan Həbibinin ilk klipinə çəkildin. Bəlkə də bunu çoxu bilmir...

- (Gülür) Bu çox maraqlı idi. Bir dostumla “Torqovıy”da oturmuşduq. İki xanım bizə yaxınlaşıb “privet” dedi. Anlamayıb dedim “mən türkəm”. O xanımlardan biri Aynur Axundova idi. Soruşdular ki, səni bir müğənninin klipinə çəkə bilərikmi? Sağa-sola baxıb elə bildim kamera zarafatıdır. Telefon nömrəmi istəyib dedilər ki, klipdə fərqli bir tipin oynamasını istəyirlər. Axşam saat 9-a bir restoranda görüş təyin etdilər. Gəldim, amma kimin klipinə çəkiləcəyimi bilmirdim. Danışdıq, bildirdilər ki, sabah Bayıla gəlim. Klip Vüqar Əzimov adlı bir bəstəkarın evində çəkiləcəkdi. Üç gün ərzində çəkilişlər oldu. Ən ağır səhnələr Natəvanı qucağımda 12 dəfə yuxarı mərtəbəyə qaldırmağım oldu. Müxtəlif rakurslardan çəkirdilər, o səbəbdən belə çox oldu. Beləcə, Natəvanın “Mən səni itirsəm” adlı mahnısının klipində çəkildim. Amma üzüm çox az göstərilib-6-7 saniyə. Ondan xeyli sonra Natəvanla görüşəndə mənə dedi ki, gördün? Ayağım düşərli oldu sənə. Zarafatla əlavə etdi ki, klipdə üzün 1 dəqiqə görsənsəydi, indi kosmosda olmuşdun (gülür).

- Klipdən sonra həyatında nəsə dəyişiklik oldu?

- Yox, hər şey olduğu kimi idi. Amma sonra özümə iş tapdım. Böyük bir şirkətin futbol oyunlarının təşkilatçılıq işləri ilə məşğul oldum. İki il boyunca bu işlə məşğul oldum. Azərbaycanın demək olar ki, hər yerindən avtobusla futbol azarkeşlərini daşıyırdıq. Sonra şirkətlə anlaşa bilmədik və ordan getdim. 

- Aparıcılıq karyerasına necə başladın?

- İşdən çıxdıqdan sonra bir dəfə televizoru izləyərkən birdən həvəsim yarandı. “Türkün məsəli” proqramının proyektini yazdım. 6 ay ANS-ə getdiB-gəldim. Sonra işə başladım və 2 il orda çalışdım. 36 proqramım efirə çıxdı. Sonra “Uşaqlar var, şərait yoxdur” adlı proqramla efirə çıxdım. Onun da 30 sayı efirə getdi. 

- ANS-dən niyə getdin?

- “Müdhiş” bir olaya görə... 26 gün polis tərəfindən axtarıldım, 3 gün də nəzarətxanada qaldım. Tanımadığım bir müğənni ondan pul aldığımı iddia edib, məndən şikayət etmişdi. Guya ondan külli-miqdarda pul alıb söz vermişəm ki, kliplərini efirlərdə yayımladacam. Sonra polis bizi üzləşdirəndə tanımadığımı söylədim. Mən yalan demirdim, bu, böhtan idi. Polislər səmimiyyətimə inanıb məni buraxdılar. İnanın, bu günə qədər həmin böhtançının adını belə bilmirəm... Polis məni axtaranda özüm bölməyə getdim. Çünki qorxdum. Həmin müğənni mən İstanbulda ikən ailəsi ilə birlikdə ANS-ə gəlib hay-küy yaratmışdı ki, sizin aparıcı bizi aldadıb pulumuzu alıb. Halbuki hamı bilirdi ki, ANS o vaxt Azərbaycan müğənnilərinin klipini yayımlamırdı. Bir tək “Qatıq” verilişində məzxərəyə qoyurdular... Polisə gedərkən dedim ki, sübut edin ki, ondan pul almışam, mən onun ikiqatını qaytarıb, bu ölkəni birdəfəlik tərk edəcəm. Heç nə sübut etmədilər. Bu olayda ANS mənə sahib çıxmadı, - deyə çox incidim və kanalı tərk etdim. Hətta ordan mənə “od olmayan yerdən tüstü çıxmaz” dedilər. Amma mən onların sözlərindən yıxılmadım. ANS-dən getdikdən sonra 1 il işsiz qaldım. Mənimçün çox çətin dönəm oldu. İstanbulda yaşayan ailə üzvlərimin heç nədən xəbəri olmadı. O olaydan sonra hamı mənə sən “bir daha televiziyada çalışa bilməzsən” - dedi. Fəqət, mən heç vaxt televiziya üçün əldən ayaqdan getməmişəm. Amma bilirəm ki, bir çoxlarından bacarıqlıyam. Birinin 1 ilə edəcəyini, mən 1 aya edə bilərəm...

- Sonra harda çalışdın?

- 1 il işsiz qaldıqdan sonra TRT-nin Bakı bürosunda çalışmağa başladım. “Qafqazlardan əsən yellər” adlı proqramda aparıcılıq edirdim. Bu proqram sayəsində demək olar ki, Azərbaycanın hər yerini gəzdim. Proqramı Türkiyə türkcəsi ilə təqdim edirdim. Azərbaycanlılarla çox ünsiyyətdə oldum və bir daha Azərbaycanı tanıdım. 8 ay həmin proqram efirə getdi. Sonra proyektin müddəti bitdi. Çünki o proqram məndən 7 il əvvəl başlamışdı, sadəcə aparıcıları dəyişirdi. Məndən Əvvəl Hüsniyyə Məhərrəmova təqdim edirdi. Son aparıcısı da mən oldum. 

- Space TV-yə gəlişin necə oldu?

- “Çarx film”ə getdim və Əfqan Yusifovla görüşüb ona “Canlı pul” proqramının proyekti haqda danışdım. Çox fikirləşmədən “bunu edə bilərik” dedi. Sonra proqramın anonsu çəkildi və Space Tele-Radiosunun rəhbəri Vaqif Mustafayevə təqdim etdik. İlk 5 dəqiqəsinə baxdıqdan sonra tez bu layihəni həyata keçirin dedi. 1 həftədən sonra yayıma başladıq. Bu günə kimi davam edir. Artıq 137 proqram çəkmişik. 
- Söz-söhbət yayılmışdı ki, udanlara efir xatirinə pul verib sonra geri alırsız...
- Yalandır. Facebook sosial şəbəkəsində “Canı pul”un səhifəsi var. Qaliblər orda öz fikirlərini yazır, qalib olduqları halda həqiqətən də pul aldıqlarını təsdiqləyirlər. Mən heç vaxt saxta işə girişmədim və girişmərəm də. Bu vaxta qədər qazanan tamaşaçılara cəmi 9300 AZN pul vermişik.

- Sən Yevlax şəhərində yayıma çıxan EL TV-də də proqram aparırdın...

- Bəli, hər həftənin şənbə günü Yevlaxa gedib gecə qalırdım. Bazar günü 4 saatlıq səhər proqramında aparıcılıq edirdim. Ora getməyimin səbəbi Azərbaycan dilini daha da yaxşı öyrənmək idi. Halbuki, o vaxt ANS-də verilişə başlayarkən dedim ki, bildiyim qədər azərbaycanca danışım. Amma icazə vermədilər, qəti olaraq demişdilər ki, türkcə aparım. 

- Niyə EL TV-də fəaliyyətini yarımçıq qoydun?

- Yol getməkdən bezdim. Üstəlik, yol taksiləri ilə gedirdim, çox baha aparırdılar (gülür). EL TV-dən aldığım pulu demək olar ki, ancaq yola xərcləyirdim. Maaşım 500 manat idi. Bu səbəbdən fəaliyyətimi dayandırdım. 

- Səni son vaxtlar aktyor ampluasında da görürük...

- Ümumiyyətlə, ANS-dən sonra efirə qayıdanda başqa kanallardan təkliflər almağa başladım. Bununla yanaşı, film və seriallarda oynamaq üçün də təkliflər aldım. Sərf edənləri qəbul etdim. Çünki kino, serial işi çox çətindir. O çətinliyin qarşılığında bir də pul qazanmaq lazımdır. Əgər qazanc yoxdursa, o işin mənası yoxdur. Üstəlik, mən populyarlıq xəstəsi deyiləm. 

- Bu vaxta qədər hansı film və seriallarda oynadın?

- “Hörümçək toru” seralında çəkildim. “Ögey ata” komediya janrında filmdə oynadım. Film bu yaxınlarda təqdim olundu. Tezliklə tamaşaçılar “Tək olanda qorxma” adlı serialda məni görəcəklər. 

- Apardığın verilişlər necə, səni qane edir?

- Hazırda yox. Nədənsə daha çox küçədə insanlarla təmasda olan verilişlərdə aparıcılıq etdim. Amma profilimi dəyişmək istəyirəm. Çünki özümü aparıcı kimi daha çox studiya proqramlarında görürəm. Əsl potensialımı insanlar studiya verilişlərində olduğumda daha yaxşı görə bilərlər. 

- Bu günlərdə Space kanalında yeni verilişlə tamaşaçıların görüşünə gələcəksən...

- Bəli, verilişin adı “Bilirəm, bacaracaqsan”dır. Əyləncəli oyun xarakterli verilişdir. İnşallah, o da digərləri kimi reytinqli veriliş olar. Aparıcı karyeram boyunca azərbaycanlı tamaşaçılara yaxşı verilişlər təqdim etməyə çalışmışam. Bundan sonra da məqsədim bu olacaq.

Azər Nəsibov

 

 

 






3 Aprel, 2013  17:39 Baxılıb: 8595 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner