Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BAZARI BAĞLANMIŞ AZƏRBAYCANLILARIN BALIQ TƏMIZLƏYƏN JURNALİSTİ – MOSKVADAN XÜSUSİ REPORTAJ

.

…Son 130 ildə, yazın bu çağı Moskvaya bu qədər qar yağmamışdı. Paytaxt sözün həqiqi mənasında qara təslim olmuşdu. Düzdür, Orta Asiyadan olan miqrantların hesabına küçələrdə – özü də mərkəzi küçələrdə – az-çox təmizlik yarada bilmişdilər. Amma küçələrdən azca həyətlərə tərəf döndükdə, azı 20-30 santimetr qarın içində çabalaya-çabalaya qalırsan. Bəlkə də bu səbəbdən moskvalılar keçmiş merləri Yuri Lujkovun həsrətindəydilər. Moskvalılar özləri etiraf edirlər, Lujkovun vaxtında belə olmazdı.

Süpürgəli özbəklər, bazarsız azərbaycanlılar

Bəs nə olmazdı? Maraqlı sualdır. Söhbət ondan gedir ki, Rusiya paytaxtında yaşayanların sözlərində haradasa həqiqət var. Əslində elə onda da Moskvanın küçələrini özbəklər, qırğızlar, taciklər təmizləyərdi, bazarlarında azərbaycanlılar işləyərdi. Birincilər səhərin alaqaranlığında əllərində süpürgə küçələrin canına daraşırdısa, ikincilər, yəni bizimkilər, işlədikləri bazarlara mal almaq daha böyük bazarlara, topdan satış meyvə və tərəvəz bazalarına tələsərdilər. İndi deyəcəksiz Lujkovun buna nə dəxli? Yeni mer Sergey Sobyanin ondan nədə geri qalır? İzah edirəm; həmin özbək və tacik indiki kimi nizamsız və sərgərdan şəkildə çalışmırdılar. Ortada bir nizam vardı. Elə həmin asiyalılar nizamlı şəkildə yerli «JEK»lərin nəzdində yataqxanayala təhciz olunmuşdular. Normal əməkhaqqı alırdılar. Və onlardan da tələb olunan işi necə deyərlər şərqli vicdanıyla yerinə yetirirdilər.
Elə azərbaycanlılar da, bazarlarda kələk gələnləri – onlardan buralarda da doludur – nəzərə almasaq, hamı bir parça çörəyini qazanmaq üçün başını aşağı salıb alveri ilə məşğul olurdu.
Amma indi bazar yoxdur. Daha doğrusu var, amma Moskvanın 200-dən çox meyvə-tərəvəz, əşya bazarından qalanı çox azdır. Bir yandan da Sobyanin deyir ki, iki ildən sonra Moskvada ümumiyyətlə bazar anlayışı qalmayacaq. Necə deyərlər, yaşasın hiper-marketlər! Sobyaninin Lujkovun idarəetməsindən bir fərqi də var. Yeni mer heç bir güzəşt sahibi deyil. Bu adam mer təiyn olunandan miqrantlara qarşı səlib yürüşü ilə seçilir. Təsəvüvür edin, işləmə icazəsi almaqdan tutmuş rus dilindən və tarixindən imtahan verməyədək – bütün bunlar miqrantlar üçün düşünülmüş yeni hoqqalardır.

Paytaxtdan əyalətə?

«Rus insanı, xüsusən də moskvalı səhər tezdən durub özbəklər kimi küçə süpürməyə, bizimkilər kimi bazarlarda mal satmağa getməyə həvəsli deyil. Onlar ömürlərində bu işə qol qoymazlar. Miqrantları isə indi didərgin salırlar. Lujkovun vaxtında miqrantlar üçün şərtlər daha münasib idi. Ona görə də küçələr tər-təmiz idi. Marşrut vaxtında gəlirdi, amma indi tamam fərqldir». Bunu hazırda Moskvada yaşayan jurnalist həmkarmız İdrak Camalbəyli deyir.
İdrak ümumiyyətlə başqa bir söhbətin mövzusudur. Ona qayıdacağıq. Miqratnlar mövzusunu bir məqamla yekunlaşdıraq: bizimkilər tədricən Rusiya paytaxtını tərk edirlər. Düz tapdız, hələlik bura gəlmirlər, əyalətə üz tutrlar. Moskva yaşamaq və ümumiyyətlə dolanmaq gündən-günə zillətə çevrilir. Təsəvvür edin, elə həmin adını çəkdiyimiz İdrak 6, hə məhz ALTI nəfərlə bir otaqlı mənzildə qalır. Və bu mənzilin kirayə haqqı nə az, nə çox 36 min rubldur. Dollarla desək, 1200 dollar. Metroda bir dəfəlik gediş təxminən 1 dollar. Avtobusda da eləcə. Bunun üzərinə gündəlik yeməyi də gəlsən, gəl indi nə qədər pul qazanasan ki, həm dolanasan, həm də vətənə, doğmalarına pul göndərsən.

«Bakı-xəbər» qəzetindən balıq təmizləməyə

İdrak Camalbəyli Bakıda «Bakı-xəbər», «Hürriyyət», «Ölkə» qəzetlərində çalışıb. Hətta avrofutbol.az adlı bir sayt da açıb. Amma dolana bilməyib, ev qayğıları onu Moskvaya aparıb çıxarıb. Fikirləşib ki, bir müddət burada çalışsın, əlinə beş-on manat pul salsın, sonra ya orda iş qurar, ya da Bakıya qayıdar. Həmkarımızı arxayın edən həm də dayısı Sabir olub. Amma dayı axıra kimi ona dayılıq eləməyib. Hətta kirayə verdiyi evdən belə çıxarıb. İdrak deyir ki, Moskvada qısa zamanda pul qazanmaq, varlanmaq kimi əfsanələr boş söhbətlərdir. Bunun üçün ya oğurluq etməlisən, ya da Allah elməmiş narkotika…
«Bir müddət telefon kartları satdım. Birtəhər baş girləmək olurdu. Amma özümü dolandarırdın. Evə pul göndərmək çətin idi. Sonra başqa işlə məşğul olmağa başladım. Bir bazarda gecələr donmuş balıq təmizləyirdim. Təsəvvür elə, səhərəcən balıqla əlləşirsən, buzlu balığı təmizləyib qutulara yığmalısan. Çox ağır iş idi. Ağırlığına dözərdim bəlkə, amma bərk xəstələndim. Sonra başqa maraqlı bir iş tapmışdım (gülür). Bir nəfər tanış vardı, Moskva ətrafı kəndlərin birindən bir at tapıb gətirmişdi. Təsəvvür elə, Moskvanın ortasında, Yekaterinanın parkı adlanan yerdə at saxlayırdıq. Atı nenyirdik? Bir rəqəmsal fotoaparatım vardı. Atla şəkil çəkdirənlər olurdu – özü də o qədər? Yayı yaxşı işləyirdik. Mən çəkirdim, bir köməkçim də vardı, kartı yaxınlıqdakı fotostudiyaya aparırdı, 5 dəqiqəyə şəkil hazır olurdu. Yaxşı qazanırdıq, amma bir gün at qaçdı. Yox, ac saxlamaq nədi? O sarıdan problem yox idi. Atın fotoçəkiliş üçün istifadə edilməsi üçün lisenziyamız da vardı. Yəni hər şey qayda-qanunla. Səhər gəldik, gördük at qırılıb qaçıb. Qaçdı da? Nə bilim. Elə bərəkətimiz də həmin atla getdi».
İdrak deyir ki, bundan sonra daha bir neçə işdə özünü sınayıb. İndi isə bazarların birində mühafizəçi işləyir. «Soyuqdu, qar yağır. Amma məcburam. Hər gecə növbəsi üçün-axşam saat 9-dan səhər 9-a qədər-1500 rubl, yəni 50 dollar alıram. Gözləyirm yaz gəlsin, görüm nə iş tapa bilirəm. Yayda gecə küçədə də yatmaq olur. İndi isə küçədə yarım saat qalmaq bəs edir ki, donasan».

Həmkarımız deyir ki, burada çalışıb bir neçə Azərbaycan qəzetlərinə işə düzəlsin. Amma mümkün olmayıb. Birinin imkanı zəifdir, digərinə isə tanışlıq lazımdır.

Yenə də «Millətin qəzeti»

Azərbaycan qəzetləri demişkən, Moskvada bir neçə Azərbaycan qəzeti çıxır. Bunlardan diaspora qurmlarına aidiyyatı olanlar da var, məsələn «Azerros», «Azerbaydjanskiy konqres», digərləri də. Amma Moskvada azərbaycanlılar arasında ən populyar qəzet Cəmil Alışovun nəşr etdiyi «Millətin qəzeti» qəzetidir. Gündəlik və əlavələri ilə çıxan bu qəzeti Alışov öz vəsaiti hesabına nəşr edir. Azərbaycan dilində, kiril əlifbasıyla çıxan qəzetin tirajı çox azdır. Elə özü demişkən, bu millət qəzet oxumur.

«Bu bazarda işləyən zavallılar qəzet oxusunlar, vətənlərində baş verənlərdən xəbər tutsunlar, - deyə biz daha nələr etmədik ki... Təsəvvür edin, Azərbaycanda qəzetlər saat neçədə çapa gedir, bizdə də elə. Gün ərzində Bakıdakı büromuz saytlardan maraqlı xəbərləri, yazıları toplayır, səhifələyir, internetlə səhifələri bizə göndərir. Bir sözlə gündəmi əhatə edə bilirik. Amma di gəl ki, satmaq müşkülə düşüb. Satan da tapırıq, amma almırlar, oxumurlar. Ona görə də tirajımız 2000-2500-dən yuxarı qalxmır».

Cəmilin vəziyyəti hələ yaxşıdır. O, ciddi qəzet buraxır. Moskva reket qəzetlərdən də xali deyil. Adlarını çəkib ürək bulandırmaq istəməzdik. Amma birinin adını mütləq qeyd etməlik: «Vətənə gedək». Zənnimcə əlavə izaha ehtiyac yoxdur. İdrakın sözü olmasın, get də, burada nə gəzirsən?
Moskvada kazinolar bağlandıqdan, oyun avtomatları yığışdıqdan sonra bizimkilər indi də bukmeyker kontorlarna üz tutublar. Futboldan, at yarışmalarından başı çıxmayanlar belə qəzanmaq arzusuyla kontorlardadır. Burada isə böyük pullar uduzulur – evə, Azərbaycandakı ailəyə gedəsi pullar.

Diasporasızlığın 3 səbəbəi

Azərbaycanlıların diaspora qurmlarındakı vəziyyətdən yəqin ki, xəbardarsınız. Bu mövzuda sadəcə üç məqamı xüsusi vurğalayacam.
1. Azərbaycanın Rusiyadakı diaspora quruculuğu və diaspora siyasəti nizamsız, nəzarətsiz və idarə olunmazdır. Çünki iki böyük və özü də bir-biri ilə mübarizə aparan, bir-birinin xeyir-şərində, tədbirində iştirak etməyən Ümumrusiya Azərbaycanlıları Konqresi ilə «Milyarderlər İttiafaqı» adlanan Rusiya Azərbaycan Təşkilatları İttifaqını bir araya gətirmək yaxın gələcəkdə mümkün olmayacaq.
2 . Bu qurumlardan başqa Moskva-Azərbaycan cəmiyyəti və Həşriyar məclisi adlı iki təşkilatımız da fəaliyyət göstərir. Birincinin sədri və təşkilatı qeyri-ciddi hesab edilir. Yəni fəaliyyətsizdir. İkincində isə bizim rayonlardakı əyalət şairlərinin səviyyəsindən də zəif «ədiblər» yığışıb bir-birinə şeir oxuyub, bir-birini tərifləyib dağılışırlar.
Və nəhayət, üçüncü məqam isə ondan ibarətdir ki, bu gün Moskvanın ortasında sənədini itirmiş, gecələməyə yeri olmayan, ac-yalavac birisi onların olan və olmayan qapılarını döysə, imdadına çatan olmayacaq.

Və sonda

Bax, reallıq belədir. Acı da olsa reallıq. Amma «Forbes»in siyahısına diqqət yetirin, nə qədər azərbaycanlının adı var o siyahıda? Siyahıda olanların varidatıisə milyardı keçmişlərdir. Onlardan da çox sayda milyonerlərimiz var. Amma Moskvada, üzə çıxara biləcəyimiz bircə sanballı qəzetmiz yoxdur. Bircə teatrımız yoxdur. Milli suvenirlərmiz satılan bircə mağazamız yoxdur. Və nəhayət, o boyda DUMAda bircə deputatmız yoxdur. Acıdır, amma reallıqdır. Qəbul edəlimmi?

Cəmil Əhmədli,
Moskvadan xüsusi olaraq Simsar.az üçün






1 Aprel, 2013  20:01 Baxılıb: 2992 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner