Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RAFİQ HƏŞİMOV: “O VAXT BİLMİRDİM Kİ, BU, “İXLAS” SURƏSİDİR ”- MÜSAHİBƏ

.

Bu dəfə onunla fərqli məkanda görüşdük. Bizi Yazıçılar Birliyinin Dünya Ədəbiyyatı şöbəsinə dəvət etdi. Razılaşdıq. Görüş məkanında öyrəndik ki, sən demə, bir vaxtlar bu şöbədə Səlim Babullaoğlu ilə birgə işləyib. Görüş zamanı uşaqlığından, gəncliyindən, necə televiziya diktoru olmağından, çəkdiyi filmlərdən söhbət açdı. Nənəsinin öyrətdiyi sirli kəlamlarla böyüyən, kitab mağazasından seçdiyi kitabla həyat yolunu dəyişən Rafiq Həşimov “Tele-sima”dadır.

- Uşaqlığınız harada keçib və yenidən uşaq olmaq istərdiz?

- Mənim uşaqlığım Abşeronun Güzdək qəsəbəsində keçib. Şimal dəmir yolu oradan keçir. 18 yaşıma kimi orada yaşamışam. İstəyərdim ki, ömrüm boyu uşaq qalım. Çox sevdiyim sənətkarlardan birinin gözəl sözü var: “Ən güclü insanlar ömürboyu uşaqlıq əminliklərini və intuitiv sədaqət hissini qoruyub-saxlayan insanlardır”. Kim ki bu hissi qoruyub-saxlaya bilir, o da uşaqlığının bir hissəsini qoruyub saxlaya bilir. Bunu yaşadıqca, mən də müşahidə edib, öz təcrübəmdə görmüşəm. Məsələn, mən Azad Mirzəcanzadədən veriliş hazırlayarkən onun uşaqlıq şəklini və 70 yaşındakı şəklini götürdüm. Gördüm ki, demək olar ki, bu adam dəyişilməyib. O qəlbini o qədər düzgün, təmiz saxlayıb ki, bu cür qala bilib. Bütün bunlar uşaqlıq hisslərini qorumaqla mümkündür. Vaxt keçdikcə anlayırsan ki, uşaqlar çox müdrikdirlər. Onlar rentgen aparatı kimi insanın daxilini görürlər. El arasında belə bir deyim var ki, insanı tanımaq üçün onun qucağına ya südəmər bir uşaq, ya da pişik qoy. Əgər uşaq qucağında ağlasa, deməli, o yaxşı adam deyil. Pişiklər isə yaxşı enerjiyə malik adamın ətrafına dolanırlar, əksinə olanda isə qaçırlar. Bir sözlə, uşaqlıq mənim hər gün xatirələrinə getdiyim bir dünyadır. Yaxşı bir hədis var. Deyilir ki, “Bütün uşaqlar müsəlman doğulurlar. Yalnız 7 yaşdan sonra valideynlərinin həyat tərzi onların taleyinə təsir edir, onların dini bölgüsünü yaradır”.

- Dindən tez-tez danışırsız. Bu, dinə daha çox bağlı olmanızdandır? Hətta belə bir məlumatım var ki, qızınıza bu barədə yazı da yazmısız.

- Həyat belə gətirmişdi ki, hələ uşaqkən nənəmlə bir yerdə yaşayırdıq. Və nənəm məni öz yanında saxlayırdı. 4-5 yaşlarımda nənəm mənə “İxlas” surəsinin sözlərini öyrətmişdi, oxuyurdu və mənə də oxudurdu. Deyirdi ki, “bu sözləri üç dəfə deyib yatsan, yaxşı yuxu görəcəksən”. Əzbərləmişdim bu sözləri. O vaxt bilmirdim ki, bu, “İxlas” surəsidir. İndi fikiləşirəm nə yaxşı ki, uşaqlıqda nənəm bunları mənə öyrədib. Bu, koddur, bütün dünyanın sirridir. Desəm ki, davamlı ibadət edən adamam, bu düzgün olmaz. Lakin mən Allaha inanan və həmişə haqq yolunu getmək istəyən adamam. Arzu edirəm o hala gəlib çıxım ki, hər günümü Allahın əmr etdiyi kimi yaşayım.

- Müsahibələrinizdə nənəniz haqda çox danışmısız. Bir dəfə də onu “köhnə arvad” adlandırmısız. O “köhnə arvadlar” dövrün başa vurub getdi, bəs “köhnə kişi”lər necə oldu?

- Nənəm kənd sovetinin sədri olub, at belində gəzən qadınlardandı. Maraqlıdır ki, mənim doğum haqqında şəhadətnaməmdə nənəmin imzası var. O vaxtı bu sənədi kənd sovetinin sədrləri verirdi. Buna görə də mən “köhnə arvad” ifadəsini mənfi mənada deməmişdim. O ki, qaldı köhnə kişi-qadın məsələsinə, ümumiyyətlə müəyyən dövrdən bir dəyərlər dəyişir. Məsələn, mən əvvəllər insanlarda gördüyüm səmimiyyəti, mehribanlığı indi görmürəm və bəzən onun üçün darıxıram. İndi adamlar daha çox təkliyə qapılırlar, özləri – öz hissləri ilə daha çox məşğuldurlar, bir-birləri ilə az maraqlanırlar. “Qiyamət gününə yaxınlaşdıqca insanların yaxşı keyfiyyətləri tədricən itəcək, səmimiyyət azalacaq” - deyirlər. Deyəsən, bu fikir özünü doğruldur.

- Belə çıxır ki, “köhnə kişilər”, “köhnə arvadlar” indikilərdən daha maraqlıdır?

- Bu məsələdə kəskin fikir deyə bilmərəm. Çünki elə şeylər var ki, həqiqətən onlar haqqında bilmirəm. Ola bilər ki, səhv edim. Amma bizim gənclik dövrümüzdə də tez-tez eşidirdik – “eh, cavanlar belədi də...” Düşünəndə, götür-qoy edəndə gəlib çıxıram məşhur 80-nin 20-yə formuluna. Bu formula özünü doğruldur və məncə bizdən sonra da olacaq.Yəni, həmişə yaşlı nəsil “indiki cavanlar başqa cürdü, bizim vaxtımızda belə deyildi” deyəcək.

- “Niyə?” sualını vercəyiniz və sizi təəccübləndirəcək nə var?

-Normal insan ömrünün axırına qədər təəccüblənməyi bacarmalıdır. İnsanlara inanan adamam. Bəzən hər deyilənə inanıram. Ən çox insanların riyakarlığına təəccüblənirəm. Ancaq müsbət mənada yaxşı əsərlərə, kitablara, kinoya heyran oluram.

- Atanızın ilk dəfə sizi apardığı kitab mağazasında seçdiyiniz kitab sizi hara apardı?

- O kitab mağazası həmişəlik yaddaşıma həkk olunub. Rəngarənglikdən, tanış olmayan müxtəlif adlardan gözlərimi çəkə bilmirdim . Amma üstündə gəmi şəkli olan qalın bir kitabı seçdim. Və bu kitabı dəfələrlə oxudum. Bu, Daniel Defonun “Robinzon Kruzonun macəraları” kitabı idi. Bu kitab məni başqa dünyalara aparırdı. Kitab adamdan daha yaxın dost olur. Bəzən orada yalanlar olsa da...

“Mənim konspektlərimlə instituta daxil olanlar vardı”

- Bəs deyirlər yalan nə qədər şirin olsa da, acı həqiqətdən yaxşı görsənmir?

- Məncə bir neçə halda – müharibə edirsənsə, qələbə çalmaq naminə yalan informasiya vermək, sülh məqsədi ilə, başqalarını barışdırmaq üçün yalan danışmaq olar.

- Rafiq müəllim sevgi haqqında danışmaq istəməz?
- Elə şeylər var ki, onun haqqında danışmırlar... bu, pıçıltıdır, musiqidir. Bunu insanlar əsərə, romana, musiqiyə filmə çevirirlər də, qardaş.

- Gündəliyə də çevirirlər? Bəs gündəlik yazmaq qərarına hardan gəldiniz?

- Yəqin ki, yazmaq istəyimdən. Ümumiyyətlə uşaqlıqdan dərs konspektləri tuturdum. Hətta mənim konspektlərimlə instituta daxil olanlar da olub. Həmçinin dəftərçələrə hikmətli sözlər yazmağı da çox sevərdim. Yəqin bunların təsiri olub.

- Texniki işçidən diktorluğa, diktorluqdan rejissorluğa və yaradıcılığa...hansı sahəni özünüzə daha yaxın hesab edirsiz?

- Mən əslində aktyor olmaq istəyirdim. Düzdür, bu ləzzəti 29 yaşımda “P.S.” bədii televiziya filmində yaşadım. O filmdə baş rolda çəkildim. Bundan sonra esseler, hekayələr yazdım, ssenarilərimə 20-dən artıq film çəkilib. Bir neçə bədii-sənədli film çəkmişəm. Ən son işim ötən il şəhid Fuad Əsədov haqqında çəkdiyim “Yarımçıq gündəlik” filmi oldu. Ümumiyyətlə hər hansı yaradıcılıq planı qurub, düşünmürəm ki, bunu belə eləməliyəm. Bu, sadəcə mənim həyat tərzimdir. Amma doğrusu, məni daha çox diktor kimi tanıyırlar. Son zamanlar isə kino məni daha çox çəkir.

- Sizcə televiziyalarımızın hansı sahələri hələ də ağrılı olaraq qalıb?

- Bütün sahələrdə olduğu kimi televiziyalarımızda da inkişaf gedir. Bununla belə, elə məsələlər var ki, hələ də düşündürücüdür. Məsələn, bəzi kanallarda bir sıra aparıcının nitq mədəniyyəti hələ də işlənməlidir. Forma-məzmun kontekstində rejissura, konsepsiya problemləri var verilişlərdə. Ümumilikdə isə inkişaf nəzərə çarpır. Maarifçi, mədəniyyət baxımından zövq oxşayan proqramların daha çox olması arzuolunandır. Bu daha yaxşı olardı. Bura intellektual, elmi-kütləvi proqramları da daxil edə bilərik.

-Televiziyada başınıza gələn maraqlı bir hadisəni danışa bilərsiz?

- “Xəbərlər”in başlamağına saniyələr qalır. Mən isə xəbər ardıcıllığını itirmişəm, vərəqlər qarışıb. Efirə 2-3 saniyə qalanda ilk vərəqi tapıram. Efir başlayır. Mən tamaşaçılarla salamlaşmaq istəyirəm, lakin indi də səsim çıxmır. Nəhayət, üçüncü cəhddə salamlaşa bildim. Bir sözlə, çox pis bir vəziyyət. Birdən qan-tər içərisində yuxudan oyandım (gülür).

- Bəs gənc qalmağınızın sirri nədir?

- Siz deyən qədər gənc göründüyümü düşünmürəm. Özümə kənardan baxa bilmirəm deyəm, nə qədər gənc qalmışam...

- Son dövrlərdə telekanallarımızda aparıcıların dialekt və şivələrlə danışmalarına, özlərini çox sərbəst aparmalarına necə baxırsız?

- Azərbaycan o ölkələrdəndir ki, ərazi, əhali baxımından balaca olmasına baxmayaraq zəngin dialekt və şivələri var. Telekanallarda da nitq mədəniyyətinin qorunmasına, müəyyən mədəniyyət çərçivələrində davranışlara diqqət yetirilməlidir. Aparıcı anlamalıdır ki, onun nitqi səlis olmalıdır. İnsanın nitqi qüsurludursa, o demək deyil ki, o pis adamdır, amma o insan əgər bu cür nitqlə efirə çıxmaq istəyirsə, bu artıq pis haldı. Çünki tamaşaçı radiodan, televiziyadan öyrənmək istəyir. Efirə çıxmağa cəhd edən, efirdən nəsə demək istəyən adam hökmən öz üzərində işləməlidir. Savad dairəsi geniş olmalıdır. Müxtəlif sahələrlə maraqlanmalıdır. Məsuliyyət daşımalı və bilməlidir ki, ağıllı adama danışır. Əgər peşəkarlıq azdırsa, onun yerini başqa şeylər tutmağa başlayır: tərbiyəsizlik, mədəniyyətsizlik, çoxsözçülük və s.

- Ölkəmizdə qaçqın uşaqlar haqda ilk filmlərin ssenari müəllifi sizsiz. Amma niyəsə bu mövzu diqqətdən kənarda qalır?

- 1996-cı ildə Vəli Səyyadi və Elçin Musaoğlu ilə birlikdə “Valın üçüncü üzü”, 2007-ci ildə uşaq tərbiyə müəssisəsindən “Qum dənəsi” filmlərini çəkdik. Bu filmlərdə mən ssenarist kimi iştirak edirdim. Ümumiyyətlə, qaçqın uşaqlardan film çəkmək fikri məndə çoxdan var idi. Tez-tez Elçinlə qaçqın şəhərciyində olurduq və istəyirdim ki, burada yaşayan uşaqlar haqda bir film çəkək. Sabirabad rayonunda Qalaqayın qaçqın şəhərciyində 22000 adam yaşayırdı ki, onların da 1500-ü uşaqlar idi. Nəhayət, 2000-ci ildə “Günəş və bulud” filmi çəkildi, 2006-cı ildə isə bu filmin davamını çəkdik. İkinci filmin yaranması da maraqlı idi. İndi sizinlə oturduğumuz otaqdan çıxarkən birinci filmdə çəkdiyimiz 12 yaşlı Səməd qarşıma çıxdı və biz görüşərkən beynimdən keçdi ki, “aha, bu da ikinci film”. Artıq Səmədin 18 yaşı var idi. Beləliklə, 2006-cı ildə filmin davamı – “Qamış şəhərin yuxuları” çəkildi. Bu dəfə filmin ssenarisini Səlim Babulloğlu ilə birgə yazdıq.

- Eşitdiyimizə görə qəbristanlığa tez-tez gedirsiniz. Səbəb nədir?

- Həyata çox fatal yanaşıram. Hamımız öləcəyik... Bir dəfə nənəmin qəbri üstünə getmişdik. Çəkildim kənara, baxdım: atam qabaqda, əmim onun arxasında, qardaşım, mən, qardaşımın oğlu dayanmışıq qəbristanlığın kənarında. Plana baxın, nəsil dayanıb, qarşıda da qəbristan. Əslində insan gərək hər gün ölüm haqqında düşünsün. Canı verən Allah – alan da Allah. Qəbristanlıq məndə bu hissləri doğurur.


“SİMSAR” jurnalı
Elmar Hüseynov






18 Mart, 2013  16:54 Baxılıb: 4538 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner