Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MƏTANƏT ERES: “PREZİDENTİN AYIRDIĞI PULU KANALLAR NİYƏ YEYİR?”

.

Onunla Sahil bağında görüşdük. Görüşdən əvvəl internetdə onun haqqında məlumat axtarsam da, cəhdlərim uğursuz olmuşdu. Salamlaşdıqdan sonra ilk sualım bu barədə olur. Deyir ailə həyatı qurmamışdan əvvəl qəzetlərə müsahibələr vermişəm, o vaxt internet nə gəzirdi? İlk anlardan onun çox səmimi biri olduğuna əmin oldum. Bu sevindirici idi, çünki müsahibə maraqlı alınacaqdı. Müsahibim Şuşa Musiqili Dram Teatrının aktrisası Mətanət Eresdir.

- Mətanət xanım, sizi Mətanət Əhmədova kimi tanıdım. Ancaq “Pərvanələrin rəqsi” teleserialını izlərkən adınızın Mətanət Eres kimi qeyd olunduğunu gördüm.

- (Gülür) Əhmədova qızlıq soyadımdır. Ailə həyatı qurduqdan sonra Mətanət Eresəm.

- Qısaca özünüz haqqında məlumat verin.

- 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşam. Atam üçün yeni il hədiyyəsi olaraq. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdim. Həmin il sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim, amma kəsildim. 1993-cü ildə bir daha cəhd etdim, dram teatr və kino aktyorluğu fakultəsinə qəbul olundum. Müəlliməm də Gülşad xanım Baxşıyeva idi. Birinci kursda oxuyanda Pontamim teatrından işləmək üçün təklif gəldi. Getdim. Amma işləyə bilmədim.

- Niyə, mühiti bəyənmədiniz?

- Yox, sadəcə anlaşılmazlıqlar oldu. İkinci kursda artıq İlham Miniatür Teatrında işə başladım. 16 il bu teatrda işləmişəm. Amma bir neçə il daimi işçi olmadım. Uşaqlar dünyaya gəldi, yalnız qastrollara gedə bilirdim. Sonra 2010-cu ildə qayıtdım. İndi isə Şuşa Musiqili Dram teatrında çalışıram.

- Deyirsiz iki il Mədəniyyət və İncəsənət Universitetinə sənəd vermisiz. Bu sahəyə marağınız necə yaranıb?

- Doğrusunu desəm, uşaqlıqda sizin sənətə yiyələnmək istəyirdim (gülür). Sonra Azərbaycan dili və ədəbiyyatını öyrənmək istədim. Bir gün bacım sual verdi ki, gələcəkdə nə olacaqsan? Səsim yaxşı idi, gülüb dedim ki, müğənni olaram. Amma bacımın aktrisalığa çox həvəsi var idi. Dedi gəl sənədlərimizi İncəsənət Universitetinə verək. Mən də razılaşdım. Həmin il o, bir il sonra da mən qəbul olunduq. Qabiliyyət imtahanından 4 dənə “4” aldım. 10-15 müəllim götürürdü imtahanı. O qədər həyəcanlanmışdım ki, ayaqqabılarımı universitetdə qoyub çıxmışdım (gülür). Amma onu da deyim ki, bu sahəni belə təsəvvür etmirdim. Elə bilirdim aktyor və aktrisalar efirə çıxanlardır. Gəlib gördüm ki, pərdə arxasında nə qədər istedadlı aktyorlar, aktrisalar var. Nə həvəslə gəlmişdim, nələr gördüm.

- Nələr gördünüz?

- Nələr görmədim ki?! Teatrlarda o qədər haqsızlıqlar olunur ki. Tamaşadan əvvəl aktyorun geyimini kəsən kim, səhnədə badalaq verən kim, tamaşa zamanı güldürən kim. İki-üç gün teatrda olmursan, gələndə görürsən heç kim səninlə danışmaq istəmir. Yoxluğunda kimsə aranı qarışdırıb. Mənim özümə qarşı da bu hadisə olub. Özü də aranı qarışdıran adamı özümə çox yaxın bilirdim. Belə paxıllıqlar olur. Allah hərəyə bir qismət yazıb. Mən nə edim ki mənə nələrsə verilib, ona yox? Amma şükür Allaha Şuşa Musiqili Dram teatrında belə hallar yoxdur. Kollektivimiz çox mehribandır.

- Teatra daha çox meyl edirdiniz, yoxsa kinoya?

- Mənim üçün ikisi də eynidir. Kinoda səhnə alınmırsa, bir daha cəhd edə bilərsən. Teatrda isə alınmalıdır. Tamaşaçıya deyə bilməzsən ki, sən gözlə bu səhnəni bir də oynayım. Səhnə başqadı. Orda elə bilirsən ki, burda mənəm, Bağdadda kor xəlifə. 1994-cü ildən Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşalar göstərirdik. O səhnəni 5 barmağım kimi bilirəm, addım-addım tanıyıram. Oynadığım bütün tamaşları da əzbər bilirəm. Elə olub ki, xəstə olmuşam. Həkim iynə vurub, səhnəyə çıxmışam. O iki saatda hər şeyi unudursan. Yalnız tamaşanın sonunda alqışları eşidəndə problemlərini yada salırsan.

- Universitet illərini necə xatırlayırsız?

- Çox gözəl günlərimiz olub. Heyf o illərdən. İndiki ağlım olardı, dadını tamam başqa cür çıxarardım. O vaxt universitetin binası Sahil bağının yanında idi. Sonra oranı uçurdular. İncəsənət universitetinin dadı, tamı, istedadlı uşaqları da o bina ilə getdi. İndiki binaya gedirsən, tələbələrin çoxu əsgərliyə getməmək üçün, nə bilim...məşhur olmaq üçün gəliblər. Biz necə sevirdik bu sənəti. Sumqayıtdan gəlirdim. Saat 9-da olurdum dərsdə. Bəzən məşqlər gecə saat 11-də qurtarırdı. Uşaqlarla müsabiqələrə hazırlaşırdıq. Səhnə danışığı üzrə müsabiqədə birici yerə çıxmışıq. Orda Həsən Turabov “juridə” oturmuşdu. Məni AzDramaya dəvət etdi. Getmədim.

- Niyə?

- Yox, ora bataqlıqdı. O vaxt uşaq idim, baş aça bilməzdim. Amma indi bacararam (gülür).

- İlham Miniatür Teatrına necə getdiniz?

- Nicat Kazımov o teatrda işləyirdi. Gəlib dedi ki, İlham müəllim aktrisa axtarır. İki qız getdik. İlham müəllim dedi, sabahdan işə gəlin. Tamaşalara başladıq. İlk maaşım “2 şirvan yarım” idi. Tələbə idim, o pul çox kömək olurdu mənə. Maaş da sonralar yavaş-yavaş artdı, “5 şirvan”, “7 şirvan yarım”, sonra “9 şirvan” almağa başladım. Ən axrıda “12 şirvan” verdilər, oldum səhnə ustası. Bu teatrda ilk dəfə novruz bayramına aid tamaşada oynadım.

- Tamaşalardan ən çox hansı yadda qalıb?

- Dediyim kimi, hamısı doğmadır, hamısını əzbər bilirəm. Amma “Bəxtimin kələyi” tamaşasında bir hissə var, biz oynaya-oynaya gəlib İlham müəllimi vurmalıydıq. Doğrudan da vururduq, vura-vura da deyirdik ki, maaşları qaldır. “Müsyö Jordan və ya Dərviş Məstəli şah” tamaşasında isə İlham müəllim bizi vurub, hayfını alırdı (gülür).

- Kinoda ilk təcrübəniz nə vaxt olub?

- Elşən Zeynallı var, məndən bir kurs yuxarıda rejissorluqda oxuyurdu. Bizdə də qayda var idi, aktyorluqda oxuyanlar, rejissorluqda oxuyanlara kömək etməyə borcludur. Elşən mənimlə Coşğunu (Rəhimov- G.S.) kurs işinə çəkirdi. O da Fellininin pərəstişkarıdı. Təsəvvür edin, qış günü, qar dizdən, kinostudiyanın həyətindəyik. Əynimdə bir dənə nazik yay paltarı var. Məni qarın üstü ilə ayaqyalın qaçırdır. Soyuqdan titrəyirəm. Deyirik nə çəkirsən, deyir nəyinizə lazımdı. Birinci sınağım o olub. Sonra “Şans” filminə çəkildim. “Sınmış körpülər” teleserialında oynamışam. Bir filmdə də çəkilmişəm. Amma adını bilmirəm. Onu bilirəm oğlanın sevgilisi idim, axırda da ölürdüm. Təxminən 2000-ci il olardı, şəkillərim var, amma adını bilmədim (gülür). Bundan başqa “Qaynana”, “Aramızda qalsın” və “Pərvanələrin rəqsi” seriallarında da obrazlar canlandırmışam.

- Bəs bu uşaqlar qabiliyyət imtahanlarında necə keçə bilirlər?

- Pulla. Əvvəllər istedadlı uşaqları seçirdilər. İndi elə deyil. O qabiliyyətsiz gəlib istedadlı uşaqların yerini tutur. Onlar da həvəsdən düşür. Biz pendir çörəyi gətirib, sinifdə bölüb yemişik. Sumqayıtdan pəncərəsi qırıq elektriçka ilə gəlmişik. Həvəsli idik, amma çox əziyyət çəkmişik. Vailideynimiz bilməyib semestr nədir, imtahan nədir. İndi istedadsızlar gəlib elə yerlərdə otururlar ki, deməyə sözün də olmur.

- Dediniz bir neçə il sənətdən uzaq qalmısız.

- Hə, 6 il. Rövşən (İsax -G.S.) müəllim bir neçə reklam filminə çəkdi. İlham Miniatür Teatrı ilə qastrollara gedirdim. Amma daimi işçi deyildim. Uşaqlara başım çox qarışmışdı. Sonra bir gün televizorda bir aktrisanı gördüm. Baş rolda idi. Halbuki ona səhnəni addım-addım mən öyrətmişdim. Qurudum qaldım. Dedim atlar ölüb, itlər fironluq edir. O qədər pis oldum ki, uşaqları bağçaya yazdırdım, heç yoldaşıma da demədim. Gənc Tamaşaçılar Teatrına müraciət etdim. Get-gələ saldılar. Amma sağ olsun Yadigar müəllim. Şuşa Musiqili Dram Teatrına götürdülər məni. İndi orda “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşasında Şölə obrazını canlandırıram.

- Nə vaxt ailə qurmusuz?

- 2005-ci il fevralın axırı. Həyat yoldaşım Türkiyə vətəndaşıdır. 20 ildir burda yaşayır. Teatrın yanında mağazası var idi. Orda tanış olduq. Dedi, sizi tanıyıram, sənətçisiz. Sonra ailəm məni vermək istəmədi. Çox əziyyətli günlərimiz oldu. Döyüldüm də, baxmayaraq ki, 28 yaşım var idi. Axırda qoşulub qaçdım. Amma indi valideynlərin onu məndən çox istəyirlər. Deyirəm, xeyir ola. Amma onları da anlamaq olar. O vaxt xarici vətəndaşla evlənməyə bir az fərqli baxırdılar. Oğlanlarım da böyüyür. Biri artıq məktəbə gedir. Bu sənətə gəlmələrini qətiyyən istəmərəm, biri gələcəkdə Türkiyənin prezidenti, biri də baş naziri olacaq (gülür).

- Xoşbəxtsiz?

- Hə, çox. 2005-də birinci oğlum Yusuf, 2008-də ikinci olum Hüseyn dünyaya gəldi. Ailəmi sevirəm, işimi sevirəm, xoşbəxtəm. Yusuf elə “Pərvanələrin rəqsi”də mənim oğlumu oynayır.

- Yeni filmlərdə belə bir adət var. Əsasən baş rol ifa etmək üçün aktrisalar xaricdən dəvət olunur. Bizim aktrisalarda potensial yoxdur ki?

- Var, niyə yoxdur. Sadəcə bəzi obrazları oynamaq olmur. Mentalitetimiz imkan vermir. Nədi bizdə Təhminəni oynayacaq aktrisalar yox idi. Ondan da qəşəng oynayardılar. Amma məlum səhnələrə görə imtina edirlər. Ailənin, cəmiyyətin münasibəti birmənalı deyil (“Bura Vətəndir” mahnısını zümzümə edir).

- “Pərvanələrin rəqsi” teleserialına dəvət aldınız?

- Serialın kastinq rəhbəri Mehmanla universitetdən tanışıq. Rövşən İsaxı da yaxşı tanıyırdım. Dediyim kimi bir neçə reklam filminə çəkilmişəm. Mehman məni “Xatirə” obrazı üçün məsləhət görüb, dəvət ediblər.

- “Xatirə” necə obrazdır?

- Eyy (gülür). Deyingəndi. Amma yazıq Xatirə nə etsin ey. O, ailəsini qoruyur. Kim olsa edər. Qrup yoldaşını öz evinə gətirir, sonra da başlayır həyat yoldaşına qısqanmağa. Amma sonra özü də peşiman olur. Deyir, sonra sakitləşir. 

- Hal-hazırda yayımlanan seriallardan hansıları izləyirsiz?

-Heç öz serialımıza baxa bilmirəm. Vaxtım olmur (gülür). Amma deyilənə görə, yayımlananlar içində ən yaxşısı bizimdir. Çox adam bunu deyir.

- İş prosesində haqsızlıqlarla qarşılaşmısız?

- Olub. Bircə onu demək istəyirəm ki, heç kim heç kimin haqqını yeməsin. Hamının evdə uşaqları var, onlar üçün çörək pulu qazanır. Halallıq yaxşı şeydir, haqqımı yeyənlərə halal etmirəm.

-Nə baş verib?

- Bilirsiz, bircə onu anlamıram ki, cənab prezidentin serial çəkilişlərinə ayırdığı pulu kanallar niyə yeyir? Aktyora ancaq 288 manat əməkhaqqı çatır. Hələ may ayında ümumiyyətlə maaş verməyiblər. Oktyabr-noyabr aylarında isə 150 manat kəsiblər. Deyirlər, ATV müdriyyəti kəsir pulunuzu. Deyəsən ATV rəhbərliyi aktyorların puluna qalıb. Bəlkə də kəsmirələr, amma bizə serialın icraçı direktoru elə deyir. “Qaynana”, “Aramızda qalsın” seriallarına da çəkilmişəm. Orda gündəlik pul verirlər. Spacedə bir seriala çəkilirəm. Gündəlik 100-150 manat pul verirlər. Amma günah bizdə oldu ki, “Pərvanələrin rəqsinə” razılıq verəndə müqavilə tələb etmədik, inandıq. Hələ üstəlik maaşımız 300 idi, müqavilə olmaya-olmaya hər ay 12 manatını kəsirdilər. Sonra da belə. Səsimi çıxardım pis oldum. Mən Allahdan başqa heç kimdən qorxmuram. Haqsızılığa susa bilmərəm.

Müsahibimlə bir saatdan çox söhbətləşsək də ayrılmaq istəmirdik. Bu maraqlı müzakirəni bir neçə telefon zəngi böldü. Mətanət xanım Novruz bayramı ilə bağlı keçiriləcək şənliklər üçün məşqə getməli idi. Sonda müsahibənin əvvəlindən vermək istədiyim sualı verdim. “Bəs sizin teatrda geyimlərinizi kəsiblər?”, O gülərək, “Yox, amma başmaqlarımı oğurlamışdılar. İşin üstü açıldı və o xanım teatrdan getdi” – dedi.

Günel Səfərova

Foto: İlknur Salamova 

 






28 Fevral, 2013  14:59 Baxılıb: 11025 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner