Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AİLƏ XATİRƏLƏRİNİ SATANLAR... – EKSKLÜZİV - REPORTAJ - FOTOSESSİYA

Günel Mövlud Tiflisdən eksklüziv olaraq Simsar.az-a yazır.

Tiflisin Quru Körpüsündəki «Bit bazarı»

Niyə axı Quru Körpü?


Tiflisdə köhnə əşyaların satıldığı bazar barədə çox eştmişdim. Tanıdığım bütün gürcü yazarlar, dostlar həmin bazarın özünəməxsus havasından, ovqatından danışırdılar. Yerləşdiyi yer də qəribə yermiş - Quru Körpü adlanan körpünün üst və alt hissəsi. Yerin adından başlayaq.
Deyilənə görə Kür çayının Gürcüstan ərazisindən keçən hissəsi əvvəl buradan keçib. Məcrası sonradan dəyişən çayın yatağı dəyişsə də, körpü qalıb. Əvvəllər altından çay keçən körpü, artıq quru ərazinin üstündə olduğuna görə, adı Quru Körpü qalıb.
Quru Körpünün altı və üstü indi sənətkarların – rəssamların, oyma, naxış, yonma ustalarının, toxucuların və çar, ya da Sovet vaxtından qalan ailə varidatının satıldığı alış-veriş mərkəzinə çevrilib.

Beriyanın pensnesi

Birinci elə ailədən qalanları satanlardan başladım. Sıranın başındakı orta orta yaşlı kişi yerə sərdiyi palaz-parçanın üstünə bir neçə köhnə gümüş üzük, iki ədəd melxior kasa, çar dövründən qalma pullar və bir pensne düzmüşdü. Pensnenin qiymətin soruşdum. Bizim pulla yüz manata idi. Niyə belə baha olduğunu soruşanda, o dedi:
- Bu pensnedən Gürcüstanda iki adamda olub. Biri Beriyada, biri də mənim babamda. Əlacsız qalmasaydım, heç vaxt satmazdım. Amma neyləyim, kommunal xərcləri ödəməyə də pulum yoxdu. Bu bahadırsa, gəlin sizə bu iki kasanı verim. Üstündə ailəmizin inisialları yazılıb.
- Yox, - deyirəm. Gəlin, mən sizdən bu gümüş üzüyü alım. Gələcəkdə nəvəmə hədiyyə verərəm.
Sözlərim nədənsə adamı tutur. Köksünü ötürür:
- Bizim də nənə-babalarımız bizə nələrsə qoyub getdi. Amma baxın, biz indi onların bizə qoyub getdiklərini satırıq.
Üzünə baxdım. O tipik alverçi deyildi. Rəngli, zövqlü əyin-başı, mədəni, nəzakətli danışığı vardı. Bir az söhbət elədik. Köhnə palaz-parçasının üstündə iki cüt, bir tək ailə xatirəsini satan bu adam ədəbiyyatdan, siyasətdən, tarixdən elə maraqlı şeylər danışdı ki, istər-istəməz utandım.
Nənəsindən qalma gümüş üzüyü isə o mənə bizim pulla cəmi beş manata satdı...

Güllələnmiş babalar, saxta yapon pulları...

Növbəti yaxınlaşdığım şəxs satıcı qadın idi. Onun qarşısındakı cındır parçasının üstündə daha köhnə pullar vardı. Çar dövründən, sovetlərdən qalma, köhnə gürcü sikkələri, dövriyyədən çoxdan çıxmış, ancaq əntiq əşya kimi maraqlı ola biləcək kağız və dəmr pullar.
Qadın yanındakı orta yaşlı, «r»-nı «ğ» kimi tələffüz edən bir rus kişi ilə Sovet dövründə öz qohumlarının repressiya olunmağından danışırdı. Qulağıma çatan söhbətə görə Stalin qadının babalarını, əmilərini güllələtmişdi.
Pullara baxıram. Qadın əsginaslara baxdığımı görüb, maraqlı bir hadisə danışır.
Onun Rus-Yapon müharibəsindən iştirak etmiş babasının danışdıqlarına görə, 1906-cı ildə Yaponlar Rusların iqtisadiyyatını çökdümək üçün rusiyada saxta rus pulları dövriyyəyə buraxıblar. Məqsəd pulu çoxaltmaqla onun dəyəini öldürmək olub. Amma rus dilinin orfoqrafiyasını yaxşı bilməyən yaponlar həmin pullarda ciddi orfoqrafik səhflər buraxaraq özlərini ifşa ediblər.
Zaman keçdikcə həmin saxta pullar tarixi fakt kimi qiymətə minib. Kolleksiyaçılar, tarixçilər həmin pulları əldə etmək üçün çoxlu pullar təklif etməyə başlayıblar. Bu tarixi faktdan xəbəri olan insanlar üçün həmin pullar olduqca maraqlıdır.

Mikroavtobuslardakı içki məclisləri

Sənətkarların sırasında özlərinin ya da qohumlarının əl işləri olan toxunma paltarlar, xalçalar, keçədən döyüb hazırlanma şərflər, taxtadan yonma suvenirlər, qab-qacaq satan adamlara baxıram. Maraqlıdır, Tiflisdə satıcılar çox şirindil və üzügülər olsalar da, tipik alverçilərə oxşmırlar. Onlar malı satmaq üçün ifrat canfəşanlıq eləmir, yapışmırlar. Burada da bəzi piştaxtaların yanı boşdur, satıcılar ikibir, üçbir yığışıb, çaxır içirlər. Bəzi piştixtaların yanında mikroavtobuslar dayanıb. Bu mikroavtobusda həm malların qalanının saxlayır, həm də soyuğa dözmək üçün arada xıdaca məclis təşkil edirlər – birinin içinə boylananda üç kişinin yığcam oturub, yeyib-içdiyini gördüm. Adətən alıcı görəndə, biri ağzını silə-silə yaxınlaşır, alıcı gedəndən sonra isə mikroavtobusun içinə girib, məclisinə davam edir.
Yaxınlaşdığım sənətkar taxtadan qablar oyur, onlara naxış vururdu. Onunla şəkil çəkdirəndə haralı olduğumu soruşdu. Bakıdan gəldiyimi biləndə həvəsə gəldi:
- Sizin azərbaycanlılar yaman taxta qab-qacaq xoşlayan olurlar. Mənim əsas alıcılarım demək olar ki, azərbaycanlılardı.
Onun özü oyma ustası, arvadı isə rəssam idi. Elə qarşısında da həm özünün taxta qab-qacağını, həm də rəssam arvadının əsərlərini satırdı.

Milli geyimlər, suvenirlər satan qadın məni bir anın içində Çapayevə oxşatdı. Başıma onun papağından qoyub, belimə xəncər taxaraq, gülməkdən uğunub getdi. Ümumiyyətlə, gürcü satıcılar həm də yaradıcı olurlar. Ya satdıqları nələrisə dəstləşdirib, bir ovqat yaradır, ya nəsə sərrast bir söz deyir, ya tutarlı zarafat eləyirlər.

Kədərli üzlər və satışa çıxarılmış ailə xatirələri

Ailə xatirələrini satanların sırasına qayıdıram. Bu köhnə palaz parçalarının üstündə nələr yoxdu: Sovet dövründən qalma, üstü keyfiyyət nişanlı qablar, ağır çəngəl-bıçaqlar, duz qabları, şamdanlar, köhnəliyindən qaralmış bəzək əşyaları, çex büllurları, boş çərçivələr, hətta ailə fotoları. Bu əşyaların, şəkillərin hər birinin ayrı-ayrılıqda öz tarixçəsi, hekayəti var. Bu əşyaları satan bütün satıcıların üzündə kədər və utanc var. Onlar əslində bu əşyaları satmaq istəmirlər. Çünki ailələrinin tarixçələrini, hekayətlərini satdıqlarını anlayır və bunun ağrısını yaşayırlar. Amma onların başqa əlacı yoxdur. Biri kommunal xərcləri ödəyə bilmir, birinin evində çörək almağa pul yoxdur, birinin uşağının məktəbə geyinməyə ayaqqabısı yoxdu...
Sənətkarlar, suvenir satanlar nə qədər gülərüzdüsə, ailə xatirələrini satanlar o qədər acıqlı, qaşqabaqlı olurlar. Adama elə gəlir ki, bu adam bütün qəlbi ilə istəyir ki, sən əlinə götürdüyün əşyanı almayasan. Buna görə də çoxları qiymətdə güzəşt eləmir və alıcı ilə sərt danışırlar.

Ailə xatirələrini satanların arasında ən acıqlı, ən könülsüz qadından Sovetlərdən qalma bir dəst çay qaşığı aldım. Bundan sonra bu qaşıqların təzə tarixçəsi olacaqdı. Və bu tarixçə ailə xatirəsini satışa çıxarmış bir gürcü ailəsi ilə qürbətdə yaşayan bir yazıçının həyat hekayətlərini bir-birinə calayacaqdı...

Günel Mövlud

 






22 Fevral, 2013  14:34 Baxılıb: 2101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner