Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

QƏNİRƏ PAŞAYEVA: «UŞAQLARA QOŞULUB AĞLADIM»

“Görəsən dünyada nə qədər gerçək insan, nə qədər insan cilidində yırtıcı var?..”

Fikirləşirdim ki, görüşümüz rəsmi alınacaq, qarşı-qarşıya əyləşəcəyik. Mən diktafonu işə salıb suallar verəcəm, Qənirə xanım isə rəsmı tərzlə sualları cavablandıracaq. Ancaq tam tərsi oldu, görüşər-görüşməz rəsmiyyət deyilən soyuq münasibətdən özümə qarşı heç bir şey hiss etmədim. Əksinə, çox səmimi və isti bir qarşılanmadan zövq alaraq söhbətə başladım. İşlərin çoxluğu zamanın isə azlığından danışdıq. Bu arada söhbət edə-edə dəftərçəyə yazılmış gündəlik proqram qeydlərini mənə göstərdi. Çox yoğun bir proqramdır...

- Mən bu gün nələr etməliyəm, üzərimə nə vəzifələr düşür, onları qeyd edirəm. Bəzən hamısını etməyə vaxtım çatmır, işlərin bəziləri o biri günə qalır. Çünki əlavə işlər çıxır və onlar da qeyd olunur.

-Bu gərgin iş rejimi vaxt azlığından əlavə, eyni zamanda yorğunluq da yaradar.

-İşləyən insanın yorulması normal haldır. Ancaq mən cəmiyyətə bunu minnət kimi deməyi sevmirəm. Çünki heç kimi zorla məcbur etmirlər ki, hansısa bir işi görsün. Biz üzərimizə məsuliyyət götürürüksə, işimizi layiqincə yerinə yetirməliyik. İnsanlar üçün maraqlı deyil ki, mən yoruluram, ya yox. İnsanlara mənim gördüyüm işlər maraqlıdı, vəzifəmi yerinə yetirib-yetirə bilməməyim maraqlıdı. Özüm millət vəkili olmaq istəmişəm. İndi durub sitəmlə mən yoruluram deməyə haqqım yoxdu. Adama deyərlər ki, səni kim məcbur etmişdi? Ən əsası isə odur ki, insan öz sevdiyi işlə məşğul olarsa, bu yorğunluqlar keçici olar.

-Maraqlıdır, bir tərəfdə siyasət, bir tərəfdə humanizm və başqa işlər. Məncə, bunların ardıcıl və nizamlı planlaşdırılmasının özü bir işdir. Çətin deyil?

-Mənə elə gəlir ki, bu insana İlahidən gələn keyfiyyətlərdəndir. Bir də yəqin ki, vərdişdir. Uşaq yaşlarımdan ailəmizdə ən birinci öyrədilən şey zamandan düzgün istifadə etmək anlayışı olub. 5 yaşımda birinci sinfə qəbul olub, 16 yaşımda Tibb Universitetini qazanmışam. Kiçik yaşlarımızdan zamanın düzgün bölgüsünə vərdiş etmişəm. Məktəbə gedib-gəlmək, nahar edib-musiqiyə getmək və sairə.

- Siz siyasətə jurnalistikadan gəlmisiz. Bu gün Azərbaycan jurnalistikasını necə görürsüz?

-Medianın inkişafı ölkənin, millətin və dövlətin inkişafı ilə sıx bağlıdır. Media, söz və mətbuat azadlığı sahəsində kifayət qədər uğurlar qazanıb. Ancaq bu sahədə problemlər də mövcuddur. Medianın iqtisadi gücünün artırılması üçün ilk olaraq reklam bazarı genişləndirilməlidir. "Diffamasiya haqqında" qanun qəbul olunduqdan sonra müsbət nəticələr daha çox olacaq. Eyni zamanda, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması çox önəmlidir. Bu istiqamətdə addımlar atılmalıdır. Onu da qeyd edim ki, bu günün jurnalistləri daha çox elektron mediaya bağlıdırlar. İnternet media inkişaf etdikcə sözün məsuliyyəti azalır. Bu isə, söz bazarında qeyri-peşəkarların artmasına gətirib çıxarır. Azərbaycanda jurnalistlərin peşəkarlaşması üçün kifayət qədər imkanlar var. Bundan başqa, rahat həyatı sevənlər heç vaxt jurnalistikada uğur qazana bilməzlər. Belə insanlar jurnalistikadan çox tez gedirlər. Jurnalistika riski sevənlərin meydanıdır. Jurnalistlər sosial problemləri və ev məsələləri ilə bağlı özləri təkliflər verməlidirlər. Vaxtilə mən ayrı-ayrı təşkilatların mükafatlarını almağa calışmamışam, müsabiqələrinə qatılmamışam. Bu müsabiqələr sadəcə formal xarakter daşıyır. Mənim fikrimcə, əsas məqsəd cəmiyyətdə yer tutmaqdı. 100 mükafatı olan adam var ki, onu jurnalist kimi demək olar ki, heç kim tanımır. Jurnalistlərin mükafat arxasınca qaçmağı yaxşı hal deyil.

- Bəs televiziyalarımızda gördükləriniz...

- Düşünürəm ki, televiziyalar kütlənin arxasınca getməməlidir. Bizdə yaxşı atalar sözü var, deyir, "nə tökərsən aşına, o da çıxar qaşığına". Televiziya verilişlərində səviyyə endikcə, tamaşaçının da zövqü korlanır. Televiziyalar çalışıb tamaşaçının zövqünü qaldırmalıdır. Belə olsa, get-gedə tamaşaçı da artıq səviyyəli verilişlər tələb edəcək. Bu gün tamaşaçılarda seriallara maraq artırılıb. Mən seriallara baxmağı boşuna sərf edilmiş, itirilmiş vaxt hesab edirəm. Seriala ayrılan vaxt hansısa kitabın oxunmasına ayrılsa, daha yaxşı olar.

- Teatra necə, gedirsiz?

- Teatra getmək mədəniyyəti tamam başqa bir şeydi. Teatra əsasən elitar adamlar gedir. Bunlar da əsasən işi olan təbəqədi. İndi insanların işi o qədər çoxdur ki, teatra getməyə vaxtları olmur. Bəzi adamların vaxtı idarə etmək hətta öz əllərində deyil. Teatrlarda tamaşalar saat 7-8 arası başlayır. Mən də həftənin əksər günləri o saatda rəsmi tədbirlərdə oluram. Teatrlar özəlləşməyə çalışıb elə maraqlı tamaşalar qoymalı, elə vaxt seçməlidirlər ki, insanlar heç olmasa bir dəfə vaxt ayırıb teatra gedə bilsinlər. Fuad Poladovun oynadığı “Hamlet”i izlədim. Çox xoşuma gəldi. Əgər teatrlar özəlləşsə boş-boş əsərlər tamaşaya qoyulmayacaq, zəif aktyorlar olmayacaq, teatr tamaşacı toplamağa çalışacaq. Mən o zaman teatra gedirəm ki, o əsər mənim üçün çox maraqlı olsun. Həmçinin aktyor heyəti ilə də tanış oluram. O zaman o teatra baxmağa dəyib-dəymədiyini təxmin edirəm. Baxdıqdan sonra fikir bildirmirəm.

-Qənirə xanım özəl həyatınızla bağlı heç yerdə danışmağı sevmirsiz...

-Çünki hesab edirəm ki, insanlar üçün mənim şəxsi həyatım deyil, işim, dünyaya baxışım önəmlidir. Hər bir insan üçün toxunulmaz şeylər olmalıdır. Düşünürəm ki, bu, mənəviyyatı formalaşdıran əsas cəhətlərdən biridir. Mənim üçün tabu olan mövzuilar var. Jurnalist kimi fəaliyyət göstərəndə də, heç vaxt insanların intim mövzularına toxunmamışam.

-Hansısa bir filmə baxmağınız, musiqi dinləməyiniz də məxfidi?

-Məncə, musiqiylə, şeirlə, digər sənət əsəriylə saflaşırıq, daha da təmizlənirik. Amma kitab oxumağı daha çox sevirəm. Qeyd edim ki, mənə təsir edən kitablar çox olub. Uşaq olanda Bulqakovun “Master və Marqarita”sı, yuxarı siniflərdə Dostoyevskinin “İdiot”, ”Cinayət və cəza” əsərləri, universitetdə oxuyarkən Kafkanın əsərləri mənə çox təsir edib. Ümumiyyətlə, hər kitabı oxumuram. Əgər hesab etsək ki, Allah bizə 10 il ömür verib, bu ömürdən düzgün istifadə etmək lazımdır. Mənə təsir edən kitablar çox olsa da həyatımı 2 kitab dəyişib. Biri səmavi kitabımız “Qurani-Kərim”, digəri isə Mövlanənin “Məsnəvi”-si. Hər gün stolumun üstündə 3-4 kitab olur. İndi daha çox fəlsəfi, dini və siyasi kitablar oxuyuram.

“Şeytanda tək əksik olan nemət eşqdir, sevgidir”

-Deyəsən dini inanclara çox bağlısız?

- Normal müsəlman olmağa çalışıram. Yaxşı müsəlman kimdir? Bu sual barədə kim nə qədər düşünüb, deyə bilmərəm. Amma müsəlman ölkələrinin əksəriyyətini gəzmiş bir insan kimi deyə bilərəm ki, müsəlmanların xeyli hissəsi ya bu sualın cavabını hələ bilmir, ya da bildikləri cavaba əməl etmirlər. Peyğəmbərimiz Həzrəti Məhəmməddən bir gün soruşurlar:
İslam nədir?
- Gözəl əxlaq - deyə cavab verir.
Təkrar soruşurlar
-İslam nədir?
Yenə də bir kəlmə ilə, “gözəl əxlaq” – deyə, cavab verir peyğəmbərimiz. Gözəl əxlaqı olmayan insan yaxşı müsəlman ola bilməz. Gözəl əxlaq nədir? - deyə soruşsanız Peyğəmbərimiz Həzrəti Məhəmmədin buna gözəl cavabı var. Yəqin ki, bir çoxlarınız bilirsiz. Bilməyənlər isə mütləq oxusunlar... Təkcə oxumasınlar, həm də oxuduqlarına əməl etsinlər. O, zaman həm gözəl əxlaqlı bir insan, həm də yaxşı müsəlman olmaq mümkündür. Şeytanda insandakı özəlliklərin birindən başqa hamısı var. Şeytanda tək əksik olan nemət eşqdir, sevgidir. Və şeytanın insanı qəbul edə bilməməsinin, çəkə bilməməsinin, gözü götürməməsinin, paxıllıq etməsinin tək səbəbi eşqsizliyindədir. Qəlbində eşq, sevgi olmayan insanlar şeytanlaşır və o zaman içərisində sevgi, eşq olan insanı qəbul edə bilmir, ona paxıllıq edir, onun da özü kimi olmasını istəyir.. Allah hər kəsi belə insanlardan qorusun və onlara da rəhm etsin ki, tamam şeytanlaşmasınlar...

-Yardım etmək, əl tutmaq, qayğı göstərmək də imandandır. Bir müddət əvvəl Somaliyə getmişdiz, orada gördükləriniz və yaşadıqlarınız yəqin ki, dəhşətli idi…

-O qədər sarsılmışdım ki. Dəhşətli həyat yaşayırlar. Bir dəfə kimsəsiz, yoxsulluq və səfalət içində qalan somalililər üçün tibbi xidmət göstərən məntəqənin çadır düşərgəsinin düz yanında – günün gündüz çağı bir nəfəri silahla vurdular. Silah səslərinə çölə çıxmağımız saniyələr alsa da artıq gec idi. Bir nəfər ölmüşdü, biri isə ağır yaralı idi. Artıq bir neçə il idi ki, gözlərimin önündə insan ölmürdü, həm də bu şəkildə. Kömək etmək artıq gec idi. Gözümün qarşısında ölən insan, qanı axan yaralı qədər məni silah səslərinə qaçıb gələn insanlar arasında – qətlə yetirilənin xanımı və uşaqlarının bağırtıları da dəhşətli dərəcədə sarsıtdı. İlahi, uşaqlar atalarının meyiti üzərində necə də bağırırdılar, mənə elə gəlirdi ki, indicə ürəkləri dayanacaq. Zəif insan deyiləm, amma uşaqlara qoşulub ağlamaqdan özümü saxlaya bilmirdim. Bu balacalara ağlayırdım. Onsuz da aclıq, səfalət içərisindədirlər. Amma yenə ataları vardı və onlara çətinliklə olsa da yardım edirdi... İndi təhsilsiz, işsiz ana bu uşaqlarla nə edəcək, deyə dəhşətə gəlirdim. İlahi, deyirdim, insan niyə bu qədər yırtıcıdır?.. Bu qədər uşağı atasız, yetim, gözüyaşlı qoymaq üçün heç bir tutarlı səbəb, bəhanə ola bilməz. Bunu edənlər insanlığını demək olar ki, tamamilə itiriblər. Uşaqların gözləri hələ də gözümün qarşısından getmir. Bu, bir Somali gerçəyidir. Təhlükəsizlik bu ölkədə yox dərəcəsindədir. İnsan həyatı çox ucuzdur, ölüm adi bir şeydir. Kim istəyir silah ala bilir, onu rahat şəkildə saxlaya, gəzdirə bilir və xoşu gəlməyəndə kimisə rahatlıqla öldürə də bilir. Biz Somalidə Türkiyənin Kimsə Yoxmu Dərnəyinin binasında qalırdıq. Sağ olsunlar bizə ən gözəl otaqlarını vermişdilər. Düşünürəm, axı insan niyə belədir? Allah ona heyvanlardan fərqli olaraq ağıl, mələklərdən fərqli olaraq duyğular, hisslər verdi. O, zaman niyə insan canlıların ən yırtıcısıdır? Bir insanın həyatını almaq, övladlarını gözüyaşlı qoymaq... Yox, bunu edənlər insan ola bilməz deyə düşünürəm. Görəsən dünyada nə qədər gerçək, insan nə qədər insan cilidində yırtıcı var, deyə düşünürəm... Görəsən hansı çoxdur?

-Buna baxmayaraq bu addımınız birmənalı qarşılanmadı.

-Mən həyatda hər zaman doğru bildiyim şeyləri etmək istədim. Bilmirəm bəzi insanlar mənim Somaliyə getməyimdən niyə ciddi narahat oldular? O adamlar müharibə dövründə harada idi, amma mən elə müharibə bölgəsində doğulmuşam, ailəm də müharibə zamanı həmin bölgədə, ön cəbhədə yaşayıb. Mən müharibə zamanı yaxınlarını, dostlarını, qohumlarını ən çox itirmiş, şəhid vermiş şəxslərdən, ailələrdən birinin üzvüyəm. Müharibə zamanı tələbə olmağıma baxmayaraq Qarabağda tibb bacısı kimi də kömək etmişəm, jurnalist kimi də daim cəbhə bölgələrində işləmişəm. O zaman da, bu gün də ən çox qaçqın və məcburi köçkünlərlə görüşən, əlindən gələn köməyi edən insanlardanam. Çünki mən parlamentdə ön cəbhə bölgələrindən birinin təmsilçisiyəm. Mən öz tətilimi Bodrumda, Antaliyada deyil Somalidə aclıqdan, xəstəliklərdən, səfalətdən əziyyət çəkən insanlar arasında xidmət edərək keçirmək istəyirəmsə, bu, bəzilərini niyə narahat edir axı. Allah özü o qəlbin, düşüncənin yiyələrinə kömək olsun. Allahdan o cür insanların qəlbinin pasını təmizləməsini arzu edirəm. Allah könül qapılarını açsın.

-Deputatlıq müddətiniz bitdikdən sonra yenidən jurnalist işləyərsiz?

-Mən bilmirəm ki, 1-2 il sonra nə olacaq.

-Millət vıkili kimi qaldırdığınız məsələlərlə bağlı hansısa nəticə əldə edilir?

- Təbii ki. Amma elə cıxışlarla hər şey düzəlsəydi...nə vardı ki. İnsanlar heç peyğəmbərlərin dediklərini etməyiblər, hansı ki, etsəydilər dünya Cənnət olardı (gülür).

- Qənirə xanım, işlərinizin çox olmasına baxmayaraq bizə ayırdığınız zamana və səmimiyyətinizə görə Sizə “Simsar” adından təşəkkür edirəm.

- Simsar bizim bölgələrimizdə ən yaxın, ən doğma adama deyilir. Siz də mənə simsar göründünüz. İşlərinizdə uğurlar arzulayıram.

«SİMSAR» jurnalı
İradə Nurəddinqızı






21 Fevral, 2013  15:45 Baxılıb: 4433 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner