Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AHMET YENİLMƏZ: “ÇƏKDİYİM ACILAR AZƏRBAYCANIN HALALI OLSUN!” – MÜSAHİBƏ – FOTOSESSİYA

“Aktyorun keyfiyyətini teatr səhnəsindəki səviyyəsi bəlli edər”

Az müddət əvvəl Türk dünyasının böyük aydını Abdurrahim Karakoçun Bakıda düzənlənən silsilə anım gecələrinə Türkiyədən gələn müsafirlər arasında məşhur aktyor Ahmet Yenilməz də vardı. Tədbirin sonuncu günü aktyorla görüşüb saytımız üçün müsahibə götürdük. Azərbaycan tamaşaçıları onu “Dəli ürək” və “Acı həyat” seriallarından yaxşı tanıyırlar. Xaricən zəhmli görünən bu insanın müsahibə zamanı nə qədər kövrək olduğunun şahidi olduq. Üstəlik, hər dəfə “Azərbaycan” dedikcə göz yaşlarını belə saxlaya bilmirdi. Ürəyində böyük Azərbaycan sevdası olan aktyorla müsahibəni diqqətinizə çatdırırıq. 

- Azərbaycana gəlməzdən əvvəl nə kimi bilgiləriniz vardı?
- Azərbaycan sevdası bizim qara sevdamızdır. 14 yaşım olanda ilk dəfə Azərbaycan dediyim üçün döyüldüm. 16 yaşımda işgəncələrə məruz qaldım. Yaşım 50-yə çatıb, hələ də Azərbaycan və Türkiyə birliyindən söz açanda məlum çevrələr bizə çəpəki baxır.
- Nədən sizi incidirdilər?
- O dönəm dünyada bir başqa durum vardı. Azərbaycanın bizim üçün yeri bir başqa olub. Bunun əleyhinə olanlar bu səbəbdən məni və mənim kimiləri əzməyə çalışırdılar.
- O zaman Azərbaycan Sovetlər birliyinin tərkibində idi. Ölkəmiz haqda məlumatları necə, hardan alırdız?
- Gerçəyi heç bir zaman saxlamaq mümkün deyil. Bir gün gəlir və gerçək özünü göstərir. O zaman Türkiyənin müəyyən mətbuat orqanları Azərbaycan haqda məlumatlar yayır, bizə çatdırmaq istəyirdilər ki, belə bir qardaş ölkəmiz var. Zeynəb Xanlarova Türkiyəyə gəldikdə bir biləsiz necə böyük izdiham vardı. Onun gəlişi bizi Azərbaycana daha da bağlamışdı. Ümumiyyətlə, bu haqda saatlarla, günlərlə danışmaq mümkündür.
- İlk dəfədir Azərbaycana gəldiz. Təəsüratlarınız necə oldu?
- Türkiyədə mənim bir çox azərbaycanlı dostlarım var. Onlardan biri də Yenilməz Sənət Mərkəzində müəllim kimi çalışan, əslən Gəncə şəhərindən olan Hilal Həsənovdur. Onunla tez-tez görüşüb söhbət edirik. Azərbaycan hər zaman məni düşündürən, gəlmək üçün planlarımın ən başında duran əsas məqsəd idi. Ancaq gözləmədiyim bir vaxtda bura gəldim. Burda nə yaşadığımın fərqində olmadım. O qədər duyğulandım ki, bilmirəm, bunu sözlərlə necə izah edim. Hətta kağız və qələmi əlimə aldığımda bir şey yaza bilmədim. Bizimlə birgə gələn dostlarımdan birinə dedim ki, sanki bu gəliş mənim üçün xeyrli əlamət deyil (kövrəlir)... Gördüyünüz bu Ahmet qardaşınız Azərbaycan dediyi üçün çox ağır qarşılıqlar ödədi. Yəni, sağlıq olaraq, iqtisadi olaraq çox ağır qarşılıqlar ödədim. Hamısı Azərbaycan üçün halal olsun! Üç gün Azərbaycanda oldum, amma həsrətimi bitirə bilmədim. Kaş ki, çox qala bilsəydim...
- Sizi burda necə qarşıladılar?
- Artıqlaması ilə gözəl qarşıladılar. Dünyada demək olar ki, gəzmədiyim ölkə yoxdur. Amma Azərbaycan mənim üçün tamam fərqlidir. Buranı arzulamağıma, gəlməyimə dəydi. Bizim bura gəlməyimizdə təşəbbüsü olan bütün insanlara, xüsusilə millət vəkili Qənirə Paşayevaya dərin təşəkkürümü bildirirəm. Azərbaycan hazırda torpaqlarının müəyyən hissəsi düşmən əsarətində olan dövlətdir. Bunu yaşamaq çox ağırdır. Siz bu durumu yaşaya-yaşaya içinizdə acılar çəkirsiz. Bunu hər kəs anlamaz.
- Azərbaycanda yaşaya bilərsiz?
- Çox istərdim! Mən Türkiyənin çox yorulan aktyoruyam... Azərbaycan mənə yorğunluğumu hiss etdirdi.
- Nədən yorulduz?
- Bir obrazla 81 vilayəti dolaşdım. Yəni, insanıq, nəfs daşıyırıq. Mənim oğlum bir dəfə mənə dedi ki, ata, səni İzmirdə xatırlamıram. Demək ki, oğlum məni 8 yaşına qədər xatırlamır. Bu, ondan irəli gəlir ki, mən o dönəmləri ailəmin yanında ola bilmədim, turnelərdə oldum. Yenə də uzun bir turne məni gözləyir. Fevralın 20-dən aprelin 7-nə qədər turnedə olacam. Əslində, burda bir az da qalmaq istədim. Türkiyəyə zəng edib dedim ki, mümkün deyilmi turneni bir az gecikdirmək? Gördüm ki, narahat oldular, düşündülər ki, bəlkə səhhətimdə bir problem var. Gəlmək istədilər... unutmayacam...mən Azərbaycanda olduğum bu 3 günü unutmayacam. Türkiyəyə dönüşümdə bilmirəm ölkəniz haqda nələr yazacam. Allah-Taala bir çox insanlara həyatda ikən qırılma nöqtələri yaşadır. Mənim ilk qırılma nöqtəm atamı itirməyim oldu. Ondan sonra daha 2 qırılma nöqtəm oldu. Düşünürəm, 4-cü qırılma nöqtəm Bakıdır. Əslində Bakıya gəldiyimdə məni rahatladan bir durum var, insanlarınız xoşbəxt görünürlər. Bəlkə bunu görməsəydim çox pis olardım. Amma bura gəlməyimə dəydi.
- Bir az sənətdən danışaq. Türkiyə hazırda film, serial çəkilişlərinə görə, öndə gedən ölkələr sırasındadır. Bir sənətçi kimi, sizi qane edirmi?
- Mən Mehmet Akif Ərsoyla eyni gündə – 20 dekabrda doğulmuşam. Ona “sənət nədir?” – deyə soruşduqda, o da cavab olaraq “bilmirəm” demişdi. Mən bu həyatda ac qaldım, çox çalışdım – əgər bunun adı sənətdirsə, demək mən sənət üçün yaşadım, çalışdım. Başqa sənət tapa bilmədim özümə. Söyləyəcəklərim vardı. Bu səbəbdən sənəti seçdim ki, səsimi hər kəsə çatdırım. Bundan əsla peşman deyiləm. Bu gün Türkiyədə filmin, serialın inkişafı məni sevindirir. Mənim çəkildiyim “Dəli ürək” serialı Türkiyə Cümhuriyyətinin ən üstün seriallarından oldu. Mən orda insan vəfasını təmsil edən Sabri abi obrazını canlandırdım.
- Azərbaycan tamaşaçıları da sizi həm o serialdan, həm də “Acı həyat” serialındakı Hasan rolundan tanıyıb rəğbət bəslədilər. Fəqət, siz əsasən teatr aktyorusuz. Özünüzü daha çox teatr səhnəsində, yoxsa film və ya seriallarda rahat hiss edirsiz?
- Mən teatr səhnəsində çox rahat və xoşbəxtəm. Mənə görə teatr kinonun anasıdır. Teatr daha təbiidir. Aktyorun keyfiyyətini teatr səhnəsindəki səviyyəsi bəlli edər.
- Bir neçə aktyorunuz bizdə çəkilən film və seriallarda rol aldılar. Sizə belə bir təklif gəlsə qəbul edərsiz?
- Sevə-sevə qəbul edərəm. Azərbaycanda çəkilən istənilən filmlərinizdə, teatr səhnənizdə qoyulan tamaşalarınızda məmnuniyyətlə rol alıb oynamaq istərdim. Bunun üçün hətta Türkiyədə olan bütün işlərimi təxirə salıb gələrəm.
- Çalışdığınız teatr truppası ilə Azərbaycana gəlib tamaşalar göstərməyi planlaşdırırsız?
- Əlbəttə, planlarımda var. Bunu Allahın köməyi ilə həyata keçirəcəm. Mənim Türkiyədə məşhur olan tək oyunlu Akif obrazım var. O rolla da tamaşaçılarınız qarşısında çıxış edəcəm. Mən bir internet portalı qurmaq istəyirəm. Həmin portalda Türk dünyasının bütün aktyorlarının CV-lərini yerləşdirmək, əlaqə nömrələrini qeyd etmək istəyirəm. İstəyirəm ki, dünyada olan rejissorlar öz filmlərinə Türk dünyasının aktyorlarını dəvət etmək istədikdə onunla həmin portal vasitəsilə əlaqə qura bilsinlər. Bunun üçün görüşlərim olub. Azərbaycanın da aktyorları haqda həmin portalda məlumatlar olacaq. Bundan başqa. Teatrımıza azərbaycanlı aktyorları cəlb etmək istəyirəm. Həm də istəyirəm ki, Azərbaycandan Yenilməz Sənət Mərkəzinə aktyor olmaq istəyənləri cəlb edim. Onların mükəmməl aktyor olmaları üçün dərs alsınlar.

Azər Nəsibov

 






18 Fevral, 2013  18:25 Baxılıb: 1902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner