Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ZÜMRÜD QASIMOVA: «TƏK DEYİLƏM, ƏLİMDƏN TUTACAQ BİR İNSAN VAR» – MÜSAHİBƏ – FOTOSESSİYA

«Аtam nə qədər çalışsa da, içimdəki o Zümrüdü boğa bilmədi və o üzə çıxdı».

İlk baxışdan sərt görünsə də, bizi çox səmimi qarşıladı. Onunla yaşadığı xəstəlikdən, həyatda öyrəndiklərindən, özünün “İkinci Həyat”-ından bildirdi. Qonağımız ANS televiziyasında “İkinci Həyat” verlişinin aparıcısı Zümrüd Qasımovadır.  

- Zümrüd xanım, televiziyaya gəlişiniz barədə məlumat verərdiniz.

- 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və Kino aktyoru fakültəsini bitirmişəm. Vaqif İbrahimovun tələbəsi olmuşam. 2001-ci ildən “Yuğ” Dövlət Teatrında aktrisa kimi çalışmışam. Televiziyaya ilk gəlişim isə 2003-cü ildə Space-də yayımlanan “ Toydan sonra nahar” verlişi ilə olub, ancaq böyük bir iş kimi 2007-ci ildə ANS-də “Gecə yarı” verlişilə televiziya karyerama başlamışam. Daha sonra seriallara çəkilmişəm “Qızlar” serialı, Space-də efirə gedib, “Tək qalanda qorxma” serialı isə yaxınlarda yayımlanacaq. Çəkildiyim bir çox serial və film işıq üzü görməyib.

-Özünüzü daha çox jurnalist, yoxsa aktrisa kimi görürsüz?

- Əgər sən sənət adamısansa özünü hər sahədə sınaya bilərsən. İstər jurnalist kimi, istər aktrisa kimi. Dünya ulduzları oxuyur, filmə çəkilir, həm də xeyriyyə işləri ilə məşğul olurlar. Yəni insan istərsə, potensialı olduqdan sonra hər bir işlə məşğul ola bilər.

- ANS-də çalışmaq çox çətindir?

- ANS şirkəti mənə çox doğmadır. Bura mənə böyük dayaqdır, çətin günlərimdə həmişə ANS yanımda olub. Mən sevinirəm ki, bir daha bu kanala çağırılmışam, işləyirəm. Rəhbərlikdən tutmuş hər bir əməkdaşın mənə inanması sevindiricidir. Buna görə də, məni yeni bir layihədə təsdiq etdilər. ANS dedikdə, tələbkar və məsuliyyətli bir televiziya ağıla gəlir.

- Bəs siz özünüz necə, tələbkarsız?

- Bəli, mən çox tələbkar və məsuliyyətli insanam.

- Kompleksləriniz var?

- Əvvəllər kompleksim yox idi. Ancaq indi düşünürəm ki, kompleksim yoxdur deyən insan, ən çox kompleksləri olan insandır. Kökəlmişəm və buna görə, kompleks hiss edirəm. Təsəvvür edin, düz 16 kilo kökəlmişəm. Bundan başqa nələrisə edə bilmədikdə, məndə kompleks yaranır ki, nə üçün bunu bacara bilmirəm?

- Öz istəyinizlə kökəlmisiniz?

- Yox, ağır xəstəlik keçirmişəm, anakoloji xəstəlik idi. Hormonik dərmanlar, iynələr nəticəsinsə kökəldim. Hazırda da bu dərmanlardan istifadə edirəm, amma düşünürəm ki, istəyimə çatacam.

- Mövzularla bağlı kompleksiniz yoxdur ki? Sizinlə istənilən mövzuda söhbət etmək olar?

- Olar, mən çox açıq fikirli, azad düşüncəli insanam. Ona görə mənimçün problem deyil.

- Geyiminizlə bağlı qınaqlar olub, buna necə münasibət göstərirsiz?

- Düşünürəm ki, aktrisanın, aparıcının açıq- saçıq geyinməsi pis deyil. Hər tərəf açıq-saçıq geyinənlərlə doludur. Adi insanların belə geyinməyi, qınaq obyektinə çevrilə bilər, amma sənət adamına belə qınaq düzgün deyil. Hazırda açıq-saçıq geyinmirəm ancaq bədənim imkan versə geyinərdim.

- İşinizlə, sənətinizlə bağlı ailədə narazılıqlar olub?

- Bəli olub, atam-anam istəmirdi, amma mən bir gün atama dedim ki, aktrisa olmaq istəyirəm, tam fərqli bir həyat yaşamaq istəyirəm. Atam çox ciddi, zəhmli insandır. Buna baxmayaraq, dedi yolunda durmayacam. Amma atam nə qədər çalışsa da, içimdəki o Zümrüdü boğa bilmədi və o üzə çıxdı.

- Bir çox serial və filmlərə çəkilmisiz, özünü hansı rolda görürsüz?

- Mən hələ özümü reallaşdıra biləcək bir rolda çəkilməmişəm. Ancaq istərdim böyük rol olsun, baş rolda çəkilim. İstərdim filmlərə o zaman çəkilim ki, orda xalaları, nənələri oynamayım. Gənc, gözəl, eleqant, yaxud dəli bir xanım rolunda olmaq istərdim, xasiyyətimə uyğun.

- Demək istəyirsiniz ki, çılğın xanımsınız?

- Əlbəttdə (gülür). Həmişə pozitiv olmağı çox sevirəm. Xəstəliyimlə əlaqədar həyatımda bir şeyi öyrəndim ki, pozitiv olmaq yaxşı şeydir. Həmişə mən sağalacam, mən güclüyəm, həyatımda hər şey yaxşı olacaq deyirdim. Ən çətin günlərimdə bəzənib-düzənib gəzirdim. Həmişədə çalışıram ki, insanlara pozitiv enerji ötürüm.

- “İkinci Həyat” verlişinin aparıcısısız, özünüzün necə, ikinci həyatınız var?

- Bəli, mən bu gün ikinci həyatımı yaşayıram. Allah mənə bir daha həyat verib. Döş xərçənginə tutulmuşdum, vaxtında hiss edib, müayinəyə getsəm də, mənə səhv diaqnoz qoydular. Dedilər ki, narahat olma, rahat yaşa. Xəstə ola-ola 6 ay gəzdim, ancaq xəstəliyi çox ağır keçirirdim. İndi, Şükür Allaha, müalicələr davam etsə də, pis olan hər şey arxada qaldı. Bunlar olmasaydı, mən Zümrüd olmazdım. Əvvəlki, Zümrüdlə, indiki Zümrüd arasında çox fərq var.

- Yoldaşınız haqqında danışardız, sizi qısqanmır?

- Artıq 2 il yarımdı ailəliyəm, uşağım yoxdur. Yoldaşım çox qısqancdır, ancaq bir-birimizi çox sevirik. Sənətimi bəyənmir, sənətdə olmağımı istəmir. Hələ də bununla razılaşmır. Amma həyatımda baş verənlərdən sonra, bir az yumşalıb. Deyir ki, get işlə başın qarışsın. Mən də hər şeyi ona görə ata bilərəm.

- Ailə qurduqdan sonra həyatınızda dəyişikliklər olub?

- Ailə qurduqdan sonra insan hiss edir ki, yanında güclü kişi var, mən onun yanında özümü qadın hiss edirəm. Tək deyiləm, əlimdən tutacaq bir insan var. Bilirsiz, qadının yanında kişi olmayanda, nə qədər güclü olsa da, ona başqa cür baxırlar. Ancaq güclü qadının yanında, güclü kişi olduqda, həyatda heç nədən qorxmaz. Ən pis anlarımda da o, mənim yanımda olub. Bizim məhəbbətimiz, bizim münasibətimiz sınaqdan keçmiş bir münasibətdir. Xəstəlik anlarımda mənim əlimdən tutan, əməliyyatdan sonra, saçlarım olmayanda da, “sən çox-çox gözəlsən, mən səni nə qədər sevirəm” - deyirdi. Onun sevgisi məni yaşatdı. Mən sevinirəm ki, o mənim həyatımda var, çox xoşbəxtəm. Həyat yoldaşın sənin ümid yerindir, sabah yaşamayacağını düşündüyün anda səni tək qoymur. Gəzməyə aparır, fikrini dağıdır, çalışır bu vəziyyətdən mümkün qədər tez uzaqlaşasan.

- Uşaq istəyirsiniz?

- Uşaq istəyirəm, lakin xəstəliyimlə bağlı 3-4 il müddətində uşağım ola bilməz. İnşallah, gələcəkdə. Ancaq uşağım olmasa da, mənim üçün problem yoxdu, mən hər bir uşağa analıq edə bilərəm.

- Həyatda ən çox nədən qorxursuz?

- Sevdiyim insanı itirməkdən qorxuram. Mən bir anlıq təsəvvür edə bilmərəm ki, onsuz qala bilərəm. Həmişə onu öz yanımda təsəvvür edirəm. Məni tək qoymayıb. Mən onunla dalaşanda da, anam evinə gedəndə də, fikirləşirəm ki, yox o həyatımda olmalıdır. Mən hisslərlə yaşayan bir insanam, sevgi olmasa insan yaşaya bilməz.

Turanə Zeynallı

 






12 Fevral, 2013  16:21 Baxılıb: 12508 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner