Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«BU MÖVZULARA MÜRACİƏT ETMƏK HAVA, SU KİMİ LAZIMDIR» – MÜSAHİBƏ – FOTOSESSİYA

Ailə ilə birlikdə teatra gəlib, aktyoru izləməyin, onunla üz-üzə olmağın başqa ləzzəti var

Onu son dövrlər çəkilən filmlərdə tez-tez görürük. Paralel olaraq teatrda da müxtəlif rolları canlandırır. “Erməni keşişi” “İblis”kimi mənfi obrazları necə məharətlə oynayırsa, “Zərdabi”ni də eyni ustalıqla bizə təqdim edir. Müsahibim Yuğ Teatrının aktyoru Məmməd Səfadır. Onunla Yuğ Teatrında, tələbələrilə məşqində görüşdük. Öncə YuğTeatrındakı fəaliyyətindən danışdı::

- Yuğ Teatrı haqqında demək olar ki, hər kəs məlumatlıdır. Əgər xəbəri olmayan varsa, həmin adamlar ümumiyyətlə teatrla maraqlanmayan insanlardır. Allah Vaqif müəllimə qəni-qəni rəhmət eləsin ki, bu teatrı yaratdı və böyük bir aktyor nəslinin yetişməsində mühüm rol oynadı. Teatra kimisə zorla tutub gətirmək olmaz. Ailə ilə birlikdə teatra gəlib, aktyoru izləməyin, onunla üz-üzə olmağın başqa ləzzəti var. 

- Tamaşaçıların Yuğ Teatrına münasibəti sizi qane edir?
- Bizim teatrı sevən kifayət qədər tamaşaçı var. Hər tamaşamızda kifayət qədər tamaşaçı olur. Bizim zalımız 45-50 nəfər tamaşaçı tutur. Buranı sevən tamaşaçılar hər dəfə dönə-dönə tamaşalara gəlir.

- Digər teatrlarla müqayisədə tamaşaçı üçün ayrılan yer çox azdır. Bunun səbəbi yer darlığıdır, yoxsa teatrın öz konsepti belədi?
- Hazırda teatrın yerləşdiyi binanın da tutumu məhdudur. Vaqif müəllim bu teatrı yaradanda yığcam tamaşaçı kütləsi üçün nəzərdə tutub. Düşünrəm ki, çox istəmiş olsaydı başqa binada geniş məkan tapa bilərdi.

- Vaqif İbrahimoğlunun yoxluğu çox hiss olunur?
- Vaqif müəllim elə nəhəng insan idi ki, onun yoxluğu təkcə teatr məkanında deyil, jurnalistikada, pedaqoji fəaliyyətdə və hər sahədə öz təsirini göstərir. Mədəniyyət və İncəsənət Universitetinin professoru olmaqla yanaşı, o, hər kəsin dostu idi. Vaqif müəllimin yoxluğunu hiss etməmək qeyri-mümkündür. Cismani olaraq yanımızda olmasa da, mənən o, həmişə buradadır. Bura müəllimin məkanıdır, buranı onsuz təsəvvür etmək qeyri-mümkündür.

- 2012-ci il sizin üçün məhsuldar oldu?
- Çox səmərəli və yaddaqalan il oldu. İstər tamaşalar, istərsə də filmlərlə bağlı. Mənim üçün bu il yaradcılıq baxımından məhsuldar il oldu.

- “Dolu” filmindən başqa hansı layihəniz oldu?
- “Dolu”dan əvvəl, Fariz Əhmədovun “Mayak” filmi çəkildi. Qısametrajlı film idi. Orada işlədik. Ondan sonra “Sübhün səfiri” filmində işlədik. Hesab edirəm ki, ildə bir filmin olması belə məhsuldarlıqdır.

- “Dolu” filmindən danışdıq. Sizin də film barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Filmə keçməzdən əvvəl deyim ki, məncə vətən sevgisi ilə yaşamaq hər bir azərbaycanlının borcudur. Bu sözlər çox işlənsə də, faktiki olaraq Azərbaycanın 20 faizdən çox torpağı işğal altındadır. Ona görə də, bu mövzulara müraciət etmək hava, su kimi lazımdır. Çünki söhbət gəncliyin tərbiyəsindən, onlarda vətənə məhəbbət hissinin aşılanmasından gedir. Təbii ki, başqa mövzulara da müraciət edə bilərik, amma öndə vətən mövzusu olmalıdır. Hamı bu ruhda böyüməlidir. Filmdə də söhbət bundan gedir. Romanda hadisələr daha geniş, daha ətraflıdır. Amma saat yarımlıq filmə nə qədər sığışdırmaq mümkündüsə o da çəkilib. “Dolu” filmi mənim işlərimin arasında özünəməxsus yer tutur.

- Bəziləri bu fikirdədir ki, qeyd etdiyiniz mövzuda kifayət qədər film çəkilib.
- Mən isə belə hesab edirəm ki, bu mövzuya çox az toxunulub. Bu mövzuya çox tez-tez müraciət etmək laızmdır. Müvəqqəti də olsa bizim torpaqlarımız gedib və geri qaytarılmalıdır. Ona görə də tərbiyə işi aparılmalıdır. Bu gün bəlkə də, bir çox valideyn ölvladını əsgərlikdən qaçırır, onları da başa düşmək olar, amma bir sual çıxır. Bəs vətəni kim qoruyacaq? Unutmaq olmaz ki, biz müharibə şəraitində yaşayırıq.

- “Sübhün səfiri” filmində Həsən bəy Zərdabini canlandırmısız. Film barədə təəssüratlarınız necədir?
- Film mənə çox gözəl təsir bağışladı. Fürsətdən istifadə edib yaradıcı heyəti təbrik edirəm. Məndə çox qəribə hisslər oyatdı. Sözün düzü bəlkə də belə təsir gücünə malik film kimi təsəvvür etmirdim. Məndən ötrü növbəti gözəl bir pəncərə oldu, nostalji hisslər oyatdı. Mənə qismət oldu ki, bu filmdə Həsən bəy Zərdabi kimi bir şəxdiyyəti canlandırım. Hərçənd ki, Həsən bəy Zərdabi filmdə çox az görünən personajdır, bununla yanaşı elə bir insanı ekranda az da olsa canlandırmaq böyük şərəfdir.

- Adını çəkdiyiniz filmlərin hər ikisində gənc həmkarlarınız da var idi. Onların ifası sizi qane etdimi?
- Düşünürəm ki, onlar rejissoru qane edib ki, filmdə rol alıblar. Mən onların ifasını aktyor kimi deyil, tamaşaçı kimi yüksək qiymətləndirdim. Bu gün bizim çox istedadlı, çalışqan gənclərimiz var. Həmin kurslardan biri ilə mən məşğul oluram. Onlar hamısı canla-başla çalışırlar. Onlar bu gün bu peşəyə çox qəribə həvəslə, istəklə gəliblər. Məsələn, jurnalist ixtisası üzrə bir neçə universitet kadr hazırlayır, amma bizim sahə üzrə cəmi bir universitet var. Buna baxmayaraq kifayət qədər istedadlı tələbə var. Sadəcə onları istiqamətləndirmək və imkan yaratmaq lazımdır. İmkanlar da yaranır. Müxtəlif müsabiqələr, teatr festivalları keçirilir. Eyni zamanda bu iş fərdi münasibət tələb edir. Gərək o gənc doğru istiqamətlənsin ki, fədi şəkildə işləyə də bilsin.

- Yeni çəkilən seriallarda gənc simalara tez-tez rast gəlinir. Onları izləyisiniz? Necə qiymətləndirirsiz?
- Seriallar yeni başlayıb çəkilməyə. Ümumiyyətlə, pisdi, bəyənmirəm demək düzgün deyil. Deyərlər ki, onda gəl bəyəndiyini qoy ortalığa. Bu gün işsiz qalan, işləmək istəyən aktyorlarımız üçün serialların çəkilməyi çox yaxşıdır. Görün nə qədər aktyor üçün iş imkanı var. Kino böyük texnika və pul tələb edir. Hesab edirəm ki, vaxt gələcək ki, bu sahədə böyük pullarımız olacaq və yüksək səviyyəli seriallarımız olacaq. Hər şey birdən-birə olmur, necə deyərlər, Moskva birdən qurulmayıb ki!

Fatimə Kərimli

 






21 Dekabr, 2012  16:05 Baxılıb: 1354 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner