Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«RİTMSİZ YAŞAMAĞI TƏSƏVVÜR ETMİRƏM» - MÜSAHİBƏ - FOTOSESSİYA

Natiq Şirinov: «Öyrətdiyim insanları dinləmirəm»

 Simsar.az əməkdar artist, tanınmış ritm ustası Natiq Şirinovla müsahibəni təqdim edir.  

- Neçə yaşından nağara çalırsız?

- Uşaqlıqdan marağım olub. 5 yaşından nağaraya çaldığımı deyirlər. Amma yəqin ki, bu əsl ifa yox, stol-stula vurmaq, qazan-tavanı taqqıldatmaq olub. I, II siniflərdən nağaraya başlamışam. «Cücələrim» ansamblına gedirdim, müəllimim Azər Əliyev idi. 9, 10 yaşlarımdan toylara getməyə başladım. Allah yaratdıqlarını özü seçir - peyğəmbərləri, imamları, övliyaları. Sənətdə isə zamana görə seçir. Həm də mənim bu gün Azərbaycanda sevilməyim iki amillə bağlıdır - zəhmət və məhəbbət. Mən çox zəhmət çəkmişəm, demək olar ki, ömrümü nağaraya həsr etmişəm. İnşallah nə qədər ömrüm var, yenə də bu sənətə həsr edəcəm.

- Natiq bəy, ritmsiz yaşamaq mümkündür?

- Mən ritm ifaçısı və bunun peşəkarı olduğum üçün ritmsiz yaşamağı təsəvvür etmirəm. Bəşəriyyətə ilk ritmi Allah verib. O ritm eşidilməz, amma o dayansa da yaşanılmaz. Uşaqlarda ürək döyüntüsü çox güclü olur, yaş 30-u keçdikdən sonra zəifləyir. Musiqinin rimtləri də Allahın qoyduğu ritmlərə uyğundur. Allah-Taala heç kimin ritmini vaxtsız dayandırmasın.

- Həyatda ritmdən çıxmaqla musiqidə ritmdən çıxmağı müqayisə etmək olar?

- Əslində min cür ritmdən çıxmaq var. Bəzən yaranmamışdan Allah adamı ritmdən çıxarır. Bir də var ki, həyatını yaşayırsın, hansısa dönəmində (bu 20-də, 40-da ola bilər) ritmdən çıxırsan. Amma elələri də var ki, məsələn Asəf Zeynallı kimi cəmi 20-25 il yaşayır, amma həyatının ritmi o qədər gözəl olur ki, o, tarixən yaşayır. Bir də var - ailədə ritmdən çıxmaq - ər arvada, arvad ərə qarşı çıxır, hamı bir-birini söyür. Musiqidə də ritmdən çıxmaq təxminən belədir. Bu zaman da hərə günahı başqasında görür. Ritmləri ölçmək üçün metronom deyilən bir ölçü var. Əsl professional üçün ritm içində ritmdən çıxmaq çətindir. Çünki, ritmi o qədər dəqiq vururuq ki, istəsək belə ondan çıxa bilmirik.

- Hind ritmlərini mənimsəməyinizin yaradıcılığınıza böyük təsiri olduğunu demisiz. Niyə məhz hind ritmlərini?

- Moskvada Hind konsulluğunda dərs almışam. Ümumiyyətlə dünyada ritmlər çoxdur. Mən istəsəm də hind ritmlərini nağarada ifa edə bilmərəm, sadəcə bundan müəyyən nağara ritmləri qurmaqda yararlanmışam. Necə ki, azərbaycanlı hind dilini öyrənə bilər, amma hind kimi danışa bilməz. Ən qəliz ritmlər hind ritmləridir. 360 ritmdən 40-ı rəqsə bərabərdir. Ən çətini isə ritmlərə kompozisiya qurmaqdır. Ümumiyyətlə bütün musiqi janrları çətindir, ritm isə başda olduğundan daha çətindir.

- Natiq bəy ritmlər riyaziyyatla əlaqəlidir?

- Ritmlər riyazi hesablamalardır. Burada zərbələrin necə, hansı aralıqla vurulması hesabı var. Buna görə, ritmlər riyazi hesablamalarla ələqəlidir.

- Hurifilik də rəqəmlərlə bağlı elmdir. Banisi Həzrəti Əlidir. Azərbaycanda Nəimi tərəfindən yayılıb, Nəsimi də onun qurbanlarından biri olub. Ritmin hürufiliklə necə əlaqəsi varmı?

- Sözün düzü, bunu mən sizdən eşidirəm, çox sağ olun ki, məlumat verdiz. Çalışaram bunun əlaqəsini öyrənim. Bütün dünyada rəqəmlər eyni mənanı ifadə edir. Əgər hurifilikdə rəqəm varsa, deməli ritm də var. Bunun üzərində gəzişmək də, böyük bir kompazisiyaya gətirib çıxarmaq da olar (Sonra metronomun qarşısında izahat verir, ritmlər çalır).

- Bu kompozisiyanı qurmaq böyük səbr tələb edir. Səbirli adamsız?

- Hərdən mənə deyirlər ki, səbirsiz adamsan. Amma mən deyirəm ki, məndən səbirli adam yoxdur. Bu qədər insanı idarə etmək, musiqini, ifa edənləri tənzimləmək lazımdır. Bunun üçün də Allah mənə fitri istedad verib ki, bu qədər səbrliyəm. Musiqini duymaq qabiliyyəti də məndə çox güclüdür. Hər hansı bir adamın ifasında səhv tuta bilərəm, eyni zamanda kiminsə oxumağından təsirlənib ağlaya bilərəm.

- Bir az da «Natiq Ritm» qrupundan danışaq. Bu qrup necə yarandı?

- «Natiq Ritm» 2001-ci ildə yarandı, əvvəl oğlum Ümidin adını qoymuşdum. Türkiyədə «Ümid» adlı qrup olduğundan bunu dəyişdik. «Natiq» adımla bağlı olmaqla yanaşı həm də sözün mənası ilə bağlıdır. Natiq «səlis danışan» olduğu üçün biz də bunu götürməklə ritmi səlis ifa etdiyimizi demək istədik.

- Yetirmələriniz arasında gələcəyin Natiqi varmı?

- Öyrənib, zəhmət çəkənlər var. Amma Natiq də əvvəlcədən bilmirdi ki, o, kim olacaq. Onların da Natiq olmasına ehtiyac yoxdur. Məndən öyrənsinlər, amma çalışıb, özləri olsunlar.

- Başqa ritm qruplarını izləyirsiz?

- Mən öyrətdiyim insanları dinləmirəm. O insanları izləyirəm ki, onlardan nəsə öyrənim. Misirli Əhmədi, Zakir Hüseyni dinləyirəm. Bu cür insanları saysaq, onların sayı cəmi 10-15 nəfər olar. Həyatda kiminsə kölgəsi olmaq asandır. Yamsılaya-yamsılaya özünü tapmağa çalışmalısan. Biz də kimlərisə yamsılamışıq. Amma bircə ona sevinərəm ki, ağıllı adamam. Mən çox ağıllı adamam.

- İfaçılar arasında kimləri bəyənirsiz?

- Alim Qasımovu, Rübabə Muradovanı, Fatma Mehrəliyevanı sevirəm, onların ifası mənə çox təsir edir. Gənclərdən «Əhli-Beyit» qrupunun üzvü Rövşənin, Haida adlı fars müğənnisinin ifasını çox bəyənirəm.

- Nağara festivalının keçiriləcəyi ilə bağlı məlumatlar var idi. Bu istiqamətdə hansısa  yeniliklər var?

- Bunun üçün vaxt lazımdır.

- Dekabrın 27-də Kərbəla şəhidlərinə həsr olunmuş «Eşq karvanı» adlı konsert verməyə hazırlaşırsız. Çəkinmirsiz, bu tədbir şiyəliyin təbliği kimi qəbul oluna bilər?

- Mən həyata gələndə bilmirdim ki, Bahadur kişinin oğlu olacam. Bilmirdim ki, möhürlə namaz qılacam. Namaz namazdır. İstər sünnü, istərsə şiə namazı olsun. Mən namazı dəstəkləyirəm. Evimdə sünnü namazı qılınır. Vahabilər də namaz qılır, onun içərisində də gözəlləri olur.
Nağara da nağaradır - böyüyü də var, balacası da. Amma hamısı gözəldir. Mən Əhli-beyt, İmam Hüseyn eşqinə bu nağaranı vurduğum zamandan, bir nəfər də dövlət məmuru mənə irad bildirməyib. Çünki, bilirlər ki, bunu öz eşqim naminə edirəm. Necə ki, qurban kəsirlər, “Quran tapşırırlar”, bu da mənim niyyətimdir. Azad dövlətdə yaşayırıq. Şükür Allaha məscidlərimiz, hər cür ibadətgahlarımız var.

- Konsertdən sonra hansı planlarınız var?

- Qarşıda səfərlərimiz nəzərdə tutulur. Malaziya və Misirə getməyi planlaşdırırıq.

Simsar.az

 






21 Dekabr, 2012  14:54 Baxılıb: 1754 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner