Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

QURBAN MƏSİMOV: «AKTYOROLUĞA MƏCBURİYYƏT QARŞISINDA BAŞLAMIŞAM» - MÜSAHİBƏ - FOTOSESSİYA

“Təsadüfən qışqırdığım zaman kəşf eləmişdilər ki, səsim var”

Bir vaxtlar mətbəxdə «Nəm-nəm» olaraq sevilirdi. Özü gizlənərək, sualları, atmacaları ilə tanınmışları, onların daxili potensialını üzə çıxarmağa çalışırdı. Daha sonra isə mühafizəkar Azərbaycan kişisinə çevrilərək «Batman» oldu. Simsar.az-ın bu dəfəki qonağını Pantomimo Teatrının yaradıcılarından biri kimi xarakterizə etmək daha obyektiv olardı. Qonağımız professional səhnədəki rolları ilə tanınanSimsar Teatrının aktyoru Qurban Məsimovdur.

- Səhnəyə hansı obrazla gəlmisiz?

- Düzünü desəm, yadımda deyil. Çünki bir yox, bir neçə rolla səhnəyə gəlmişəm. Uşaqlıq illərində məktəbdə çox populyar idim, az qala məktəbin «xalq artisti»nə çevrilmişdim. Günlərin bir günü, hətta mənə mükafat verdilər – Bakıya «Yolka bayramı» na gəlib Respublika Sarayında keçirilən şənlikdə iştirak etdim. Məktəb vaxtı səslə daha çox oynayırdım, parodiyalar edirdim. Amma sonradan parodistliyə ehtiyac olmadı. Səsimi dəyişmək bacarığımın sonradan dublyajda, animasiya filmlərinin səsləndirilməsində mənə köməyi oldu. Professional səhnəyə Şəki Dövlət Teatrında başlamışam. Sonra isə «Dəli Yığıncağı» Pantomimo Tetarında fəaliyyətimi davam etdirdim.

- İncəsənət Universitetinin Dram Rejissorluğu fakültəsini bitirmisiz. Rollarınızla yanaşı quruluş verdiyiniz tamaşalarınız da var. Özünüzü daha çox reiissor, yoxsa aktyor hesab edirsiz?

- Düşüncəm daha çox rejissor düşüncəsidir. Aktyorluğa bir qədər məcburiyyət qarşısında başladıq. Çünki, pantamimo janrını yaradan zaman Azərbaycanda bu üslubu bilənlər yox idi. Əsas ideyamız teatrı yaratmaq və yaşatmaq idi. Ona görə də qarşıma məqsəd qoymurdum ki, burada yalnız rejissor kimi fəaliyyət göstərəcəm. Buna baxmayaraq, bütün tamaşalarda rejissor kimi «əlim» var idi. Rejissor kimi ilk işim Gənclər Teatrında hazırladığım «Kimdir müqəssir?» tamaşası olub. Bu diplom işi idi. Əbdürrəhim bəy Haqverdiyevin əsərinə iki obraz - mələk və şeytanı əlavə etmişdim. Mələk eyni zamanda «bəy»ə çevrilirdi. Diplom işləri bir dəfə təqdim olunur, amma mənim tamaşam üç dəfə oynanıldı. Universitetin rektoru Temurçin Əfəndiyev də tamaşalardan birinə gəlmişdi. İxtisasa gəlincə, dram rejissorluğu fakültəsini bitirdikdən sonra, Musiqi Akademiyasının vokal şöbəsini də bitirmişəm. Təsadüfən qışqırdığım zaman kəşf eləmişdilər ki, səsim var (gülür). Amma qarşıma vokalist olmaq kimi bir məqsəd qoymamışdım. Məqsədim musiqinin spesifikasını öyrənmək idi ki, gələcəkdə musiqili tamaşalarda oynaya bilim. Yəni, kənarda nə öyrənmişəmsə, bunu sənətə tətbiq etməyə çalışmışam. Aykido ilə məşğul olmuşam, müəyyən fəndləri teatra gətirmişəm. O vaxt bizim ən böyük problemimiz aktyorların hərəkətsizliyi ilə bağlı idi. Yəni səhnədə təkcə libasını dəyişdirərək, gözəl səslə danışmaq azdır. Bir tərəfdən rejissor düşüncəmə görə, özümü xöşbəxt hesab edirəm. Aktyor yalnız öz rolunu düşünür, amma rejissor bütövlükdə tamaşanı düşünəsi olur. Bu baxımdan aktyorun işi daha asandır.

- Vokalist kimi özünüzü sınamısız?

- Teatrda ifa etdiyim kiçik parçalar olub. «Uçuş» tamaşasında kiçik parça ifa etmişəm, sanki Çin dilində, onların melodiyaları ilə oxuyurdum. Bakı Musiqi Akademiyasında oxuyuduğum zaman «Don Juan»nın ariyasını ifa etmişdim. Amma sonradan tamaşalarda vokal bacarığımı tətbiq etmədim. Yaxın dost-tanışlar toplaşan zaman mikrafonu götürüb, nəsə oxuyuram.

- «Nəm-nəm» obrazınız maraqla qarşılandı və yadda qaldı. Nəm-nəmi yenidən diriltmək fikriniz varmı?

- Nəm-nəmi başqa ampulada qaytarmaq fikrim var. O, artıq uzun müddətdir ki, ekranlarda yoxdur. Bəzən yaratdığımızı qorumuruq. Dünyanın heç bir kanalında Nəm-nəmin oxşarı yoxdur. Belədirsə, niyə onu qorumayaq. Nəm-nəmin düşüncəsi çox genişdir. Yəni qarışqadan tutmuş kosmik obyektlərə qədər hər şeydən danışa bilər. Təssüflər olsun ki, hansısa verilişləri onu çərçivəyə salır. Yeni düşündüyüm proyektdə də ola bilsin ki, o həmin çərçivədə qalsın. 

- Əvvəllər Nəm-nəm atmacaları, sancmaları ilə sərbəsi idi.

- Amma o mətbəxdə idi. Oturub, hansısa fəlsəfi mövzularda danışa bilməzdi. Mən bəzən onu bir qədər kənara çıxarırdım.

- «Aramızda qalsın» serialından niyə uzaqlaşdız?

- Hər ilin sonunda aktyorlarda müqavilə yenilənir. Yeni müqavilədəki şərtlərlə razılaşmadım.

- Nə kimi şərtlər idi?

- Bu artıq «Xəzər» televiziyası ilə mənim aramda olan məsələdir.

- Yeni serial təklifləri var?

- Belə bir təklif oldu, lakin razılaşmamız baş tutmadı. Bir-iki il müddətində seriallara ara vermək fikrim var. Düşünürəm ki, bu müddətdən sonra hər şey daha yaxşı və daha maraqlı olacaq. Bir iş mənim üçün maraqlı olmalıdır - bu yaradıcılıq baxımından da, biznes baxımından da ola bilər. Maraqlı işdir və inkişaf varsa, mən biznes maraqlarımı güdməyə də bilərəm.

- Serialları əsl sənət hesab etməyənlər də var. Hətta bəzi aktyorlar özləri də etiraf edirlər ki, yalnız pul qazanmaq xatirinə rollara çəkilirlər. Siz necə, serialı əsl sənət hesab edirsiz?

- Hər kəsin öz əsası var. Yalnız maddi tərəfdən seriallara çəkilmək də normal haldır. Sənət baxımdan yanaşsaq bu, Azərbaycanda yeni sahədir. Ona görə də, bizdəki vəziyyətlə 20-30 illik təcrübəsi olan qonşu dövlətləri müqayisə etmək doğru olmazdı. Bütövlükdə filmə professionalları toplasaq, maddi baxımdan o filmi çəkmək mümkün olmaz. Çünki, hər professionalın özünün qiyməti var. Ona görə də, bəzən rejissor güclü olduğu halda ssenari zəif olur, bəzən də əksinə. Və ya operatorlar, montaj edənlər, aktyor heyəti və s. zəif olur. Bütövlükdə isə serial bu xırdalıqlardan ibarətdir. Çünki yaradıcılığı, bazarı və texnika ilə davranmağı bilməlisən. Hansısa rekvizit olub ki, onu mən özüm düzəltmişəm, çünki, əks halda mənim də işim yarımçıq qalır.

- Bilirsiz ki, bir qədər əvvəl milli seriallarımızın inişafı üçün müəyyən məbləğ ayrıldı. Belə olan halda serialları normal halda çəkmək, bura professionalları dəvət etmək olmazmı?

- Bizdə kadr tapmaq da çətindir. Bizdə professional kastümerlər ya kinostudiyanın, ya da teatrların işçiləridir ki, onların da öz işləri var. Serial sektorunda bəzən kadrlar yerində hazırlanır. Xəzər Televiziyasında mən bu çətinliklərin şahidi olmuşam. Həqiqətən ağır idi. «Aramızda qalsın»nın ekrana çıxması böyük risk, qəhrəmanlıq idi.

- Azərbaycan seriallarına baxanda tamaşaçıda belə bir fikir formalaşır ki, burada ümumi sujet xətti yoxdur. Doğrudur, sitkomlarda baş verən hadisələrin gündəlik çəkilməsi ənənəsi var. Amma hər halda ümumi bir xətt olmalıdır.

- Təbii ki, ssenaristlər hansı nöqtədən çıxıb, hara çatacaqlarını dəqiq bilməlidirlər. Sizin dediyiniz hallar olur. İndi hamı suya baş vurub - üzə bilən də, bilməyən də. Hər halda bir ələnmə prosesi gedəcək və kimlər ki, dramturju qanunlara, obrazların inkişafına əməl edir, onlar bazarda qalacaq -üzə bilən suda qalacaq. İllər keçəndən sonra hansısa serial təkrar nümayiş olunacaq, hansılarsa yox.

- Professional kinoda da rollarınız var?

- Kinoda və televiziya filmlərində əsasən epizodik filmlərə çəkilmişəm. «Ovsunçu» filmində Fransadan gələn klounu canlandırmışam, «Cavid ömrü» filmində Mikayıl Müşfiq obrazına çəkildim, bundan sonra AZTV-nin Müşfiqlə bağlı çəkdiyi sənədli filmə dəvət aldım. Ramiz Fətəliyevlə «Həqiqət anı» sənədli filmində, NTV-nin sifarişi ilə çəkilən «Qraf Kristofski» serialında çəkildim. İran kinematoqrafiyasında da işlərim olub. Rəhbər Qəmbərinin «Arzular» filmində Arazı, Həsən Nəcəfinin «İtkin pay» filmində Ruhiddini oynamışam. «İtkin pay» Venesiyada festivalda iştirak etdi.«Səkkinci göy» filmində də çəkilmişəm. Həsən Nəcəfi həmin filmin ardını çəkmək istəyir, bununla bağlı danışıqlar gedir.

- Xarici filmlərdə daha məhsuldar görünürsüz.

- Bu bir neçə faktorla bağlıdır. Azərbaycan kinosunun özünü nə qədər məhsuldar hesab etmək olar? Maliyyə məsələsi hər şeyi həll etmir. Burada kadr məsələsi və başqa problemlər də var.

- Arzuladığınız rol varmı?

- Yox, bu anlam mənim üçün deyil. Tutaq ki, «Hacı Qara»nı oynamağı arzulayırsan. Oynadın, bəs sonra? Bu aktyoru məhdudlaşdırır. Bir aktyor kimi mənə təklif olunan rolların öhdəsindən gəlməyə çalışmışam.

- Öz işinizi bəyənirsiz?

- Öz rollarımı tamaşaçı kimi rahat izləyə bilmirəm. Baxanda bunun hansı çətinliklər hesabına başa gəldiyi, niyə bu cür alındığı yadıma düşür. Qısametrajlı «Xəzər gəlini» filmində zibillikdə eşələnirəm. Təssəvvür edin ki, çəkiliş zamanı burada olan 30 nəfərdən hamısı ağzını bağlamış, əleyhiqaz geyinmişdi. Bircə mən yalın əllərlə, açıq üzlə zibilikdə eşələnirdim. İndi də həmin epizoda baxanda oradakı iyi hiss edirəm.

- Serialların durumundan bir az danışdıq. Bəs teatrın mövcud durumunu necə qiymətləndirirsiz? Burada əsas problem nədir - tamaşaçı marağının azlığı, kadr məsələsi, yoxsa...

- Teatr yarandığı zamandan onun problemləri olub. 16 il Pantomim teatrında işlədim və gördüm ki, yaxşı tamaşaya tamaşaçılar gəlir. İndiki dövrdə kinematoqrafiya məhsullarında olduğu kimi, teatrın da təbliği aparılmalıdır. Amma reklam olunanda da yaxşı məhsul reklam olunmalıdır. Digər halda bu antireklama çevrilə bilər.

- Tamaşaçı olaraq, teatrların repertuar təkrarçılığının şahidi oluruq. Belə ki, hər mövsümdə mütləq «Leyli Məcnun», «Şekspir» və başqa bir neçə əsərin tamşaya qoyulmasının şahidi oluruq.

- Ola bilsin ki, hansısa teatr konkret tamaşalarla mövsümü açmağı ənənəyə çevirib. Bildiyimə görə, teatrların repertuar siyasətinə nəzarət var. Məncə, əksər teatrlar indi repertuarlarını zənginləşdiriblər. Repertuar məsələsi həm də teatrlarda rejissorların sayı, onların bir mövsümdə neçə tamaşa təhvil verə bilməsi, xaricdən rejissorların dəvəti və digər məsələlərdən asılıdır. Əcnəbi rejissorların dəvəti əslində teatra zənginlik, rəngarənglik gətirir.

- Aktyorlar Rəfael İsgəndərov və Coşqun Rəhimovun qadın obrazında reklama çəkilməsi müzakirə predmetinə çevrildi. Bu barədə sizin fikriniz necədi?

- İlk növbədə həmin reklamın hansı şirkət tərəfindən çəkilməsinə nəzər yetirmək lazımdır. Bildiyimə görə, reklam əcnəbilər tərəfindən çəkilib. Bu onların ölkəsində normal qarşılana bilər, amma onu başqa ölkəyə tətbiq edən zaman hər bir xalqın psixologiyasını, mentalitetini bilmək lazımdır. Bir tamaşaçı kimi Rəfaellə Çoşğunun qadın paltarı geyinməsi mənim üçün təəccüblü olmadı. Onların səhnədə bundan maraqlı və zəngin obrazları var. Mənim üçün sual yarandı ki, nədən onlar bunu elədilər. Reklam şitlərində bu reklamların yerləşdirilməsi gülməli olduğu qədər də şüuraltı təsirləri ola bilər. Bəzi reklamların psixatron təsirləri olur və onlar insanların şüurunu zədələyirlər. Marketinqdə də belə şeylər çoxdur. Əslində bu başqa mövzudur və bunu yoluna qoymaq başqa adamların işidir.

- Şəxsi həyatınızla bağlı sual vermək olar?

- Mən bir siyasətdən, bir də şəxsi həyatımdan heç vaxt danışmıram. Çünki, şəxsi həyat mənim həyatımdır, onu ictimailəşdirmək istəmirəm.

- Qadın pərəstişkarlarınızı itirməkdən qorxursunuz?

- Hər bir populyar kişinin qadın pərəstişkarları milyon ildir var və bundan sonra da olacaq, eləcə də populyar qadının kişi pərəstişkarları. Bu adi haldır. Özümə gələndə, qoy bu sirr qalsın.

Xatirə Nəsirli

 

 






17 Dekabr, 2012  16:57 Baxılıb: 2621 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner