Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RAMİZ RÖVŞƏN: “DÜNYADAN QALİB KİMİ GEDƏCƏM” - EKSKLÜZİV - MÜSAHİBƏ - FOTOSESSİYA

Bu gün Ramiz Rövşənin doğum günü olduğu üçün şairlə müsahibəmizi təqdim edirik: .

Onu müasir Azərbaycan poeziyasının yaşayan əfsanəsi adlandırmaq olar. Özünəməxsus üslubu, dəsti-xətti ilə başqalarından fərqlənir. O, şeir yazmır, sanki bir ömrü yaşayır. Onun üçün ağlı-qarlı ömür bəzən bir məktuba sığır, bəzən bir günə, bəzən də bir fəslə. Amma onun don geyindirdiyi ömür bəzən “Qara paltarlı qadın” kimi min illərin sorağından xəbər verir. Bəzən də “Köhnə məktublar”dan boylanır. “Bir səhər yuxudan durub” Ramiz Rövşənlə müsahib olduq.

- Niyə az-az görünürsüz?
- Belə deməzdim. Hətta məni çox görünməkdə qınayanlar da var. Şair üçün ən gözəli yeni şeirlərlə görünməkdi. Oxucular şairin şeirlərini görməlidir, özünü görməyə o qədər də ehtiyac yoxdu. Yaşın elə vaxtı gəlir ki, gözə görünməkdən daha çox özünə çəkilmək, yazmaq istəyirsən.
- Şair kimdir?
- Şair ötürücüdür, cəmiyyəti narahat edən, düşündürən məsələləri, dərdləri, ağrıları özündən keçirib poetik sözə çevirəndi. Blok “dünyanın çatı şair ürəyindən keçir” deyirdi. Yəqin elə buna görə də, şairliyin birinci şərti müxalif olmaqdı, bütün dünyaya müxalif olmaq. Bir şair kimi mən öz azadlığımı həmişə hər şeydən uca tutmuşam. Amma şairin dəyəri təkcə onun şerinin gücündə yox, həm də intonasiyasının, ahənginin bənzərsizliyindədi. Bu yoxdursa, şair də yoxdur.
- Deyirlər, Ramiz Rövşən inqilabçı şairdir. Siz də belə hesab edirsiz?
- İnqilabda iki güc var; dağıdıclıq və quruculuq. Birmənalı şəkildə deyə bilmərəm, inqilabçıyam. Çünki mən heç vaxt dağıtmağa çalışmamışam. Çalışmışam ki, olanın yanında fərqli nə isə ortaya qoyum. Ədəbiyyatda isə nəyisə dağıtmaq, məhv etmək mümkün deyil. Ədəbiyyat o deyil ki, bir evi söküb yerində ayrısını tikəsən. Ədəbiyyat odur ki, tikilən evlərin yanında başqa birini də tikməyi bacarasan.
- Bizim cəmiyyət şairə layiq olduğu qiyməti verə bilir?
- Şairə “sev məni, sevim səni” prinsipi ilə yanaşmaq olmaz. “Cənnət görmək istəyən Azərbaycana gəlsin” motivi üzərində yaxşı şair olmaq mümkün deyil. Həmçinin bununla Azərbaycanı cənnətə çevirmək də olmur. Şairi olduğu kimi qəbul etmək lazımdır. Əslində, hamı bilir böyük şair kimdir. Onu sevənlər də, sevməyənlər də.

“Şeirlərim uşaqlarım üçün heç vaxt çörək ağacı olmayıb”

- Şairi şeirləri dolandıra bilir?
- Otuz ildən çoxdur ki, Azərbaycanın ən populyar şairlərindən biriyəm. Amma şeirlərim uşaqlarım üçün heç vaxt çörək ağacı olmayıb. Həyatımın maddi dayağı bir ssenaristçi və redaktor kimi kinodakı fəaliyyətimdir.
- Öz şeirlərinizi oxuyursunuz?
- Hərdən. Amma öz şeirlərimdən daha çox sevdiyim başqa şeirləri oxuyuram.
- Əvvəl yazdığınız şeirlərlə indikilər arasında nə fərq var?
- Qəzetlərə müsahibələr verdiyim vaxtlarda daha az şeir yazırdım, indi isə çox. Bu gün şeirlərim ictimai məzmunca da daha sərtdir. Əvvəlki şeirlərim daha obrazlı, fəlsəfi idi. Bu gün şeirlərimdə cəmiyyətin ağrılarını birbaşa ifadə etməyə, bir çox acı həqiqətləri çılpaq deməyə ehtiyac duyuram.
- Şairliyinizə qısqanclıq edənlər olub?
- Təbii ki. Amma heç vaxt heç kəslə yarışmamışam. Ədəbiyyatda yüz il, min il əvvəl ölənlər də daxil olmaqla hər şairin öz yeri var. Heç bir şair o birinin yerini dar etmir. Bu gün də ədəbiyyatda qısqanclıqlar, dava-dalaşlar var. Mənimlə dalaşanların əksəriyyəti nə vaxtsa məni sevənlərdi. Onlar məni bir vaxtlar yamsılayıblar, indi məndən azad olmalıdırlar ki, özlərini tapsınlar. Amma bu azadlığın yolu söyməkdən keçmir. Bunun ağrılı tərəfi odur ki, bir vaxt səni sevənlər indi özlərini sevə bilmirlər. Daha doğrusu, özlərini sevməyə bəhanə tapa bilmirlər. Bunun acığını isə səndən çıxırlar.
- Niyə bizim nəsil sizin nəsildən az kitab oxuyur?
- Qəribə bir dövrdə yaşayırıq. Seriallar, əyləncəli verilişlər baş alıb gedir. İnsanın yaddaşı təkcə həyatda gördükləri ilə deyil, ekranda görüb-eşitdikləri ilə də formalaşır. Uşaqlarda, böyüklərdə süni yaddaş əmələ gəlir. İnternet də insan hayatını xeyli yüngülləşdirib, amma eyni zamanda tüfeyliləşdirib. İnsan öz yaddaşından çox kompüterin yaddaşına güvənir. Mənim stolüstü kitablarımdan biri “Əsrimizin Səyavuşu”dur. Çox qəribədir ki, nəinki cavanlar, hətta siyasətçilərin çoxu bu kitabı oxumayıb.
- Əksər Vətən şeirləri tərənnümçülükdən başqa bir şey deyil. Sizcə şairlər bu üsuldan niyə geniş istifadə edirlər?
- Tolstoy deyir ki, həqiqət vətəndən də ucadır. İnsan öz sevdiyindən qorxa bilməz. Əgər qorxursa, yaltaqlanırsa deməli, onu sevmir. Mən öz şeirlərimdə Vətən sözünü heç vaxt tərənnüm xətrinə işlətməmişəm. “Lal” şeirimdə dediyim kimi:
Mənim də bəxtimə bu vətən düşüb,
Havayı açılmır çiçəkləri də...
Bu misralarda tərənnüm yoxdu, ağrı var. Bizim ənənəvi düşüncəmiz tərənnümə öyrəşib. Ancaq tərənnüm, ancaq tərif... Evimizi yıxan da elə budur.
- Yaradıcı sənətlərdə hökm sürən indiki durğunluq nə ilə bağlıdır?
- Bilmirəm nə iş görüb belə yorulublar. Cəmiyyətdə qəribə bir əyləncə xəstəliyi var. Ədəbiyyatı oxumaq qarşılıqlı iş, zəhmət istəyir. Maraqlı əsərlərimiz var, sadəcə, göz qabağında deyil, göz qabağında olan yalnız əyləncədir, çalıb oxumaqdı. Və bu abırsız, düşük mənzərə artıq milli fəlakət səviyyəsindədir. Fundamental mədəniyyətimiz ciddi böhran keçirir.
- Pərəstiş etdiyiniz kimsə var?
- Ömrüm boyu heç kimə pərəstiş etməmişəm. Özümlə Allahın arasına heç kəsi buraxmamışam. Amma ideal saydığım adam Mirzə Cəlildi. Bu səviyyədə bütöv şəxsiyyət bilmirəm bir də yarana bilərmi? İctimai fiqur kimi düşüncəsinə heyran olduğum şəxsiyyətlərdən biri də Məhəmməd Əmin Rəsulzadədir.

“Televiziyalarımız, görməmişliyin, əyalətçiliyin heyvərə mənzərəsidir”

- Rumini, Nəsimini, Füzulini, Səməd Vurğunu, Müşfiqi, Rəsul Rzanı, Əli Kərimi daha çox oxuyursuz. Bəs indiki gənc nəslin nümayəndələrini izləyirsiniz?
- Azərbaycanda çox gözəl gənclik var. Amma elə vəziyyət yaranıb ki, daha çox dalaşanlar və məddahlar görünür. Cavanlara münasibətdə ümidsiz deyiləm. Fəxri Uğurlunun hekayələri intellektual prozanın gözəl nümunələridir. İlqar Fəhminin, Şərif Ağayarın maraqlı şeir və hekayələri var. Aqşin əvvəlki şeirləri maraqlı idi. Amma nə qədər kədərli olsa da, deyim ki, cavanlar arasında oxucusu olan yeganə şair Salam Sarvandı.
- Bü gün cəmiyyətin əsas problemi nədir?
- Azərbaycanda ən ciddi problemlərdən biri mənəvi-əxlaqi problemdi. Biz sovet dövrünə nisbətən indi açıq cəmiyyətik. Açıq cəmiyyətlə qapalı cəmiyyətin bir fərqi var. Qapalı cəmiyyətlər konserva qutusu kimi insanı sıxır, orda boğulursan, amma çürümürsən, çünki hava yoxdu. Açıq cəmiyyətlərdə isə boğulmursan, amma min cür təsirlər olur, çürümə gedir. Ümumiyyətlə, səmimi olmayan hər şey dağıdıcıdır. Daha bir ciddi problemimiz isə ailə institutunun çat verməsidir. Azərbaycan kimi bir ölkə üçün bu, çox təhlükəlidir.
- Cəmiyyətin formalaşmasında Azərbaycan televiziyalarının nə kimi rolu olmaldır?
- Televiziyalarda o qədər istedadsız təbliğat gedir ki, baxmaq mümkün deyil. Bir-birindən bayağı, məzmunsuz sifətləri, söhbətləri nə qədər görüb-eşitmək olar? Televiziyalarımız görməmişliyin, əyalətçiliyin heyvərə mənzərəsidir.
- Hər halda bizdə şou-biznes kifayət qədər inkişaf edib...
- Bizdə şou-biznes adında bir şey yoxdu. Öz kasetlərinin, konsertlərinin hesabına dolanan hansı müğənni var? Sponsorun verdiyi pul sovet vaxtında da var idi. O vaxt da vəzifə sahibləri, imkanlılar hansısa müğənniyə “hörmət” edə bilirdilər. Niyə bu şou əhli belə çılpaqlaşmalıdır? Müğənnidirsə, səsi varsa, oxusun. Bir ailədə ata avaranın biri, ana ondan da betər. O ailədə ora-bura atdana-atdana bir qız böyüyür. Sonra ciyiltili səsi ilə oxumağa başlayır. Daha sonra efirdə bu qızın yaşadığı sarayı göstərirlər. Minlərlə qız üçün pozuculuq, dağıdıcılıq nümunəsi budur. Sənətə səsini yox, özünü satmaq üçün gələnlərin sayı gündən-günə artır. Bu çox ağır və üzücü mənzərədir.
- Çoxları günahı qərb dəyərlərinə aludəçiliyimizdə görür. Siz necə düşünürsüz?
- Bizim Qərb haqqında təsəvvürlərimiz tamamilə yanlış, nadan təsəvvürlərdir. Avropa ölkələrində keçirilən sorğuya görə qadınların 70 faizi ailə tərəfdarıdır. Amerikada da ailə institutu çox güclüdür. Biz isə, qazax şairi Şaxanov demişkən, Qərbə inteqrasiya edirik, amma kanalizasiyadan.

“Repi Azərbaycanda ilk dəfə Cavanşir Quliyev və mən yaratmışam”

- Musiqi sizin üçün nədir və hansı musiqiyə üstünlük verirsiz?
- Musiqi həyatımda bəlkə də sözdən daha böyük rol oynayır. Klassik musiqini, xalq havalarını, muğamatı çox sevirəm. Motsartı, Şopeni də dinləyirəm, Tofiq Quliyevi, Emin Sabitoğlunu da.
- Müğənnillərdən kimə qulaq asırsız, Röyanı dinləyirsiz?
- Niyə Röyadan başlayırsız ki? Başlayaq Bülbüldən, Rəşiddən, Şövkət Ələkbərovadan, Zeynəb Xanlarovadan, Flora Kərimovadan. Cavanlardan muğam ifaçısı Ehtiramı çox bəyənirəm. Estrada müğənnilərindən Teymur Əmrah peşəkardı. Röyaya gəldikdə isə populyardısa, bu, boş yerə ola bilməz. Deməli, onda nəsə var.
- Bəsit, primitiv şeir mətnlərinə mahnılar yazılır. Əslində mahnı mətni necə olmalıdır?
- Bunlar Azərbaycan yox, moltanı dilində yazılan mətnlərdi. Not bilməyən adamlar bəstəkarlıq edir. Azərbaycanın ən böyük bəlalarından biri diletantlıqdı. Peşəkarlığın qiyməti olmayanda diletantlıq çiçəklənməyə başlayır.
- Bəs şeirlərinizə bəstələnən mahnıları oxuyan ifaçıların ifası sizi qane edirmi?
- Mənim üçün şeir son nöqtəni qoyduğum anda bitir. O şeirin sonrakı taleyi mənlik deyil. Ya adi oxucu, ya müğənni, kim oxuyacaqsa, şeir artıq onundur. Oxuyurlar da...
- Repə qulaq asırsız?
- Rep danışıq musiqisidir. Azərbaycanda ilk rep nümunələrini 90-cı illərin əvvəllərində Cavanşir Quliyevlə mən yaratmışam. Söhbət “Ac həriflər”, “Kamança” televiziya tamaşalarından gedir. Repçilərin içində ən səviyyəlisi Anar Nağılbaz və “Dəyirman” qrupudur. Onların kifayət qədər ciddi ictimai məzmunlu repləri var. Amma rep sənətində də problemlər yaşanır. Bu adamlar peşəkarlarla işləmirlər. Ümumiyyətlə, bizdə nəyə çox meydan verilirsə şiti çıxır...

“65 yaşımda yenidən sevdim”

- Sizinlə dost olmaq asandırmı?
- Öz əxlaqi prinsiplərim, insanlıq ölçülərim var. Onları pozan adamla dostluq etmərəm. Əvvəllər daha çox özümdən böyüklərlə dostluq edərdim, amma indi özümdən 20-30 yaş kiçik dostlarım var. Dostlarımın sırasına daxil olmaq çox çətindir. O dairəni genişləndirməyi sevmirəm.
- Ramiz Rövşən nə qədər səmimidir?
- Şair oxucudan çox özünə qarşı səmimi olmalıdır. Özümlə səmimi olmaya bilmirəm. Bəlkə də hərdən olmaq istərdim. Həmişə özünlə səmimi olmaq o qədər də asan deyil. Bu, həmişə özünlə mübarizə aparmaq, günahı özündə görmək deməkdir. İnsan həmişə özünə bəraət qazandırmaq həvəsində olur. Ən ləyaqətsiz hərəkətinə belə içində haqq qazandırmağa çalışır. İnsan günahı özgələrdən çox özündə görsə, cəmiyyət də əxlaqca xeyli dəyişər.
- Qadınla kişini eyniləşdirmək nə qədər düzdür?
- Yevtuşenko bir şeirində deyirdi ki, biz qadını kişi ilə bərabər səviyyəyəcən alçaltmışıq. Doğrudan da, qadın kişiylə necə bir səviyyədə ola bilər ki? Onda ev tikəndə daşı kişi daşısın, sementi də qadın. Əslində, qadın kişinin başının tacıdır. Kişi həmişə qadını qorumalıdır. Pis qadın yoxdur, pis kişi var. Bəzi pataloji halları çıxmaq şərtilə, bütün hallarda kişi günahkardı. Hər hansı qadının əxlaqının pozulması üçün də ən azı gərək bir şərəfsiz, qeyrətsiz kişi olsun.
- Deyirlər, insan hər yaşda sevə bilər, düzdür?
- İnsan hər yaşda vurula bilər. Vurğunluq ayrı şeydi, sevgi ayrı şey. Sevgi məsuliyyətdi, sevdiyin adama görə, bir çox şeylərdən, bəzən hətta öz azadlığından, rahatlığından da könüllü imtina eləməkdi. Amma sevgilər də cürbəcür olur. Mən 65 yaşımda yenidən sevdim. Bu nəvə sevgisidir.
- Ailədə də Ramiz Rövşənsiz, yoxsa sadəcə, Ramiz?
- Ailədə şair kultum yoxdur. Ömrüm boyu yazı otağım olmayıb. Eyvanda da yazıram, mətbəxdə də. Ailəm mənim üçün həmişə möhkəm qala olub. Məni Ramiz Rövşən kimi saxlayan ailəmdir.
- Daha çox qalibiyyət duyğusu yaşamısınız, yoxsa məğlubiyyət?
- Hər iki duyğunu yaşamışam. Dünyadan qalib kimi gedəcəm.

SİMSAR jurnalı

 






15 Dekabr, 2012  14:57 Baxılıb: 4510 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner