Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«MÖVZUNU ERMƏNİ HƏMKARIMLA BİRGƏ İŞLƏYİRİK» - MÜSAHİBƏ - FOTOSESSİYA

Aynur Elgünəş: «Erməni avtobusları keçəndə çıxıb onları daşlayırdıq»

«Həmkar» rublikasının bu dəfəki qonağı «Var.az» saytının rəhbəri, xüsusilə öz araşdırmaları ilə tanınan Aynur Elgünəşdir.  


- Aynur, necə oldu ki, jurnalistikanı seçdin?

- Yazmağa orta məktəbdə oxuyanda başlamışam. İlk dəfə yeddinci sinifdə oxuyanda «Lenin yolu» qəzetində məktəblərarası yarışdan yazmışdım. Bununla da marağım yarandı və bu qəzetlə əməkdaşlıq etməyə başladım. Sonradan qəzetin adı dəyişib «Ağdam» oldu. Köçkünlük başlayana qədər həmin qəzetlə əməkdaşlıq etdim. Sonra, tələbə vaxtı «Yaşıd», «Ədalət», «Qarabağ» qəzetlərində yazılarım çıxdı. İxtisasca filoloqam, Azərbaycan Pedoqoji Universitetini bitirmişəm. Əslində bu ixtisası ayağımla bağlı problemim olduğu üçün, ailəmin məsləhəti ilə seçmişəm.

- Müəllimlik etmisən və ya nə vaxtsa etməyi düşünürsən?

- Əslində indi də müəllimlik edirəm. Artıq ikinci ildir ki, Bakı Jurnalistika Məktəbində, bu ildən isə Slavyan Universitetində dərs deyirəm.

- Jurnalist olaraq ilk iş yerin hara olub?

- Dövlət Radiosunda «Bu gün doqquzun yarısı» adlı verliş var idi, orda başlamışam. Yadımdadır ki, «Ekran-efir» qəzetində adımı görəndə çox, sevinmişdim, hamıya demişdim ki, mənə qulaq assınlar. Sonra televiziyaların biri ilə əməkdaşlıq elədim. Burada işləyəndən sonra televiziyaya marağım öldü, yazmaq daha xoş idi. Buna görə də mətbuata gəldim. «Gülüstan» qəzetində işlədim, tez bir zamanda şöbə müdiri seçildim. Bundan sonra isə «Cümhüriyyət» qəzetinə gəldim. Hesab edirəm ki, peşəkar fəaliyyətim məhz «Cumhüriyyət» qəzetində işlədiyim vaxtdan başlayıb.

- Araşdırmaçılar arasında tanınan jurnalistlərdən birisən, amma səni məhsuldar hesab etmək olmaz.

- «Gündəlik Azərbaycan»da işlədiyim vaxtlar hər gün 1-2 səhifə yazım olurdu. Ümumiyyətlə, araşdırma elə bir janrdır ki, gec başa gəlir. Amma köşə və digər yazılarım olur. Qafqazinfo saytı, «Bizim Yol» qəzeti ilə əməkdaşlıq edirəm.

- Eyni zamanda «Var.az» saytının rəhbərisən.

- «Var.az» Bakı Jurnalistika Məktəbinin saytıdır. Bizi digər saytlardan fərqləndirən cəhət intensiv xəbər saytı olmamağımızdır. Doğrudur, saytı yeniləmək üçün bəzi maraqlı xəbərləri veririk, amma daha çox öz yazılarmız olur. Sırf peşəkar yazı üslubuna üstünlük veririk. Bizim məktəbin tələbələri həmin saytda işləyirlər. Gec-gec yazmağım həm də bununla bağlıdır ki, son vaxtlar yazıları oxumağa, redaktə etməyə, belə deyək ki, gənclərin yetişdirilməsinə çox vaxt sərf eləyirəm

- Həm sayt rəhbərisən, həm jurnalistika sahəsində pedoqoji fəaliyyətlə məşğulsan, inkişaf səviyyəsi, sosial durum və digər sahələrdə Azərbaycan jurnalistikasının durumunu necə qiymətləndirirsən?

- Sevindirici haldır ki, indi əvvəlki illərlə müqayisədə peşəkarlıq daha çoxdur. Əgər bir vaxtlar hansısa jurnalist ağlına gələni yazırdı, küçə söhbətləri mətbuata çıxırdısa, indi bu cür yazılar yazmaq üçün sosial şəbəkələr var. Mətbuat müəyyən mənada fakta əsaslanmış yazılara üstünlük verir. Bu baxımdan saytınıza daha əvvəl müsahibə verən Nicat Dağların fikri ilə razıyam. Narazı olduğum tərəf isə odur ki, indi jurnalistlər daha çox maddiyatı düşünürlər. Təbii ki, jurnalistika da biznes sahəsidir, yəni biz işimizi sataraq, pul qazanmalıyıq. Pul çox şeydir, amma hər şey də deyil. Satmaq istədiyimiz məhsul da vicdana və peşəkarlığa söykənməlidir. Oxucuya hər şeyi sırımaq olmaz. Təkrar yazılar həddindən artıq çox olur. İndi yaza bilmədiklərimiz mövzuda işləyirəm. Elə mövzular var ki, biz onlara toxuna bilmirik, rəsmi olmasa da ciddi senzura var. Televiziyaların tutduğu yol bəllidir, qəzetlərin, saytların da bəlli bir mövqeləri var, ondan kənara çıxma olmur. Bunu geriləmə hesab etmək olar. Digər tərəfdən də jurnalistlər ayaqdan istifadə etmək istəmirlər. Hadisə yerində olmaq mütləqdir. Hətta bəzi mətbuat orqanları var ki, jurnalistin qarşına tələb qoyurlar ki, filan saatdan filan saatadək redaksiyada olmalısan. «Gündəlik Azərbaycan»da işləyəndə isə Şahvələd Çobanoğlu bizi redaksiyada görəndə deyirdi ki, burda nə gəzirsiz. «Gündəlik Azərbaycan»ın tirajlılığı da bizim qaçaraqlığımızın üzərində qurulmuşdu. «Cumhuriyyət»də işləyəndə redaksiyada qaldığım vaxtlar da olub. Hətta bir dəfə aparat dayanmışdı, gedib mətbəədə səhərə qədər qəzetin vərəqlərini yığmışdım. Əllərim büs-bütün rəngə boyanmışdı. İndi isə əksər jurnalistlərimiz sənəti sevmir, sadəcə pul qazanmaq üçün bura gəlib. Bu məni doğurdan incidir.

- Səncə, bu vəziyyətin yaranması təkcə jurnalistlərin yanaşması ilə bağlıdır?

- Baxmayaraq ki, yazılarımı ucuz qiymətə satmıram, amma maddi çətinliklər yaşayıram. Məsələ ondadır ki, bizim sənətimiz sentimentallığa bağlıdır. Jurnalistikaya gələn bilməlidir ki, bu çətin və kasıb peşədir. Həyatını ona uyğun qurmalıdır. Doğrudur jurnalisti təmin edə bilməyən qəzet də ondan nəsə uma bilməz. Amma jurnalistin də gözləntisi o qədər olmamalıdır. Bizdə durum da xaricdəkindən çox fərqlidir. Türkiyədə köşə yazarlarının ayrıca ofisləri olur. Xaricdə jurnalistlər müstəqil olaraq bir neçə qəzetlə əməkdaşlıq edir, fondların ayırdığı maliyyə ilə yazı yazır və öz məhsullarını satırlar. Bizdə isə rüşvət alana pis baxılmır, amma qrant alana «qrant yeyən» deyilir. Halbuki ikincisi öz zəhmətinin hesabına pul qazanır. Xaricdəki hansı jurnalist dövlətdən imtiyaz, ev alır? Dövlətdən imtiyaz almağı da rüşvət hesab edirəm.

- Jurnalistlərə mənzilin verilməsi ilə bağlı digər mətbuat orqanlarında da mövqeyini bildirmisən, bu məsələyə niyə bu qədər mənfi yanaşırsan?

- Bu ancaq Azərbaycan tipli ölkələrdə ola bilər. Mən o zaman bununla razılaşaram ki, bu evlər həkimlərə, müəllimlərə də verilsin. Mənim özüm də 15 ildir kirayədə yaşayıram. Amma bu mənzili mənə versələr də, istəmərəm. Ev verməkdənsə, jurnalistlər üçün kredit ittifaqının yaradılması daha yaxşı olardı. Əgər hökumət jurnalistlərin evsizlik məsələsini düşünürsə, kredit götürmək imkanı yaratsın, jurnalist də bilsin ki, sabah hökumətin əleyhinə nəsə yazanda, həmin mənzili onun əlindən alan olmayacaq. Eləcə də digər imtiyazların əleyhinəyəm. Hər il dövlətdən yardım alan qəzetlərdə jurnalislərin durumunda dəyişiklik görmüsən? Dəyişən ancaq baş redaktorların maşınlarının markalarıdır. Bundan başqa nəyə görə mənim fəhlə atam avtobusdan pul verib düşsün, mən isə pulsuz düşüm? Bundansa qəzetlərin satış, reklam imkanlarının yaxşılaşdırılmasına ehtiyac var. Çünki, bizdə satışla bağlı ciddi problemlər var. Gündəlik qəzetləri köşklərdən, marketlərdən tapmaq mümkün deyil. Soruşanda ki, filan qəzet niyə yoxdur, deyirlər ki, qorxuruq gətirməyə. Köşklər müasirləşsə də dönüb olub market. İçərisində tumdan tutmuş alışqana qədər hər şey var, qəzetdən başqa. Əyalətlərdə problem daha ciddidir. Mingəçevirdə iki yerdə köşk var, onlara da qəzetlər günortadan sonra gəlir. Jurnalistlərin sosial durumunun yaxşılaşdırılması məhz bu problemlərin həllindən keçir - satış yaxşılaşdırılmalı, reklam bazarında monopoliya aradan qaldırılmalıdır. Jurnalistlərin sosial rifahını düşünən bunları eləməlidir, ev verib başını aldatmamalıdır.

- Amma bir məsələ də var, qəzetlərin «vozvratı» da çox olur. Yəni, alıcıların qəzet problemi olduğu kimi, qəzetlərin də alıcı problemi var.

- Heç kimin cibinə zorla qəzet qoymaq olmaz. Çünki, oxucu bir dəfə pulsuz paylanan qəzeti götürüb, baxır, ikinci dəfə isə onu əlinə almır. Lazım olan qəzeti isə tapa bilmir. Hacıbala Abutalıbovun maraqlı bir sözü var ki, zibil zibilqabını yox, zibilqabı zibili tapmalıdır. Bənzətməm bir qədər kobud alınsa da, oxucu qəzeti axtarmamalıdır, qəzet özü hər yerdə «gözə girməlidir» ki, onu alsınlar. Ən ucqar kəndə də qəzeti aparıb verəndə, onu oxuyurlar. Bir vaxtlar deyirdilər ki, gənclərimiz kitab oxumurlar. Amma belə deyil. Bəlkə də yaşlı nəsil oxumur, amma gənclərimizin böyük əksəriyyəti oxuyur. Çünki, son iki-üç ildə bu ənənəni yaratdılar. Qəzeti də bu cür piar etmək olar.

- Sən həm də ictimai fəaliyyətlə məşğulsan. Bu haqda danışardın.

- «Medianın etik hüdudları» adlı jürnalist təşkilatı yaratmışam. Amma hələ ki, təşkilatımın qeydiyyatı yoxdur. Digər ictimai təşkilatlarla da əməkdaşlıq edirəm. Mətbuatla bağlı QHT-ləri qeydiyyatdan keçirmək üçün mütləq Əli Həsənovla Mətbuat Şurasının rəyi olmalıdır. Bu pərdəarxası qanundur. Eləcə də hansısa digər yönümlü QHT-ni qeydiyyatdan keçirmək üçün mütləq Azay Quliyevin rəyi olmalıdır. Əks halda məhkəməyə, bundan sonra Avropa Məhkəməsinə müraciət etməlisən, öz haqqını zülümlə əldə etməlisən. Digər tərəfdən QHT-lər dövlət orqanları ilə işləməyə məcbur olurlar, bu da asılılığa gətirib çıxarır. Acınacaqlı haldır ki, oturuşmuş, nüfuzlu QHT-lər problemləri üzə çıxartmaqdansa, onların üstünü örtməyə çalışırlar. Çünki, əlləri kimlərinsə cibindədir. Bundan başqa qrantların verilməsi zamanı «şapka» oyunları, qohumbazlıq, yerlibazlıq məsələləri keçərlidir.
Mən əsasən konfiliktologiya ilə məşğulam. Var.az saytı ilə birgə layihə həyata keçiririk - gürcülər, ermənilər və biz. Mənim maraqlı mövzum var - 88-89-cu illərdə mətbuata gedən yazıların konfiliktin qızışdırılmasında rolu. Bu mövzunu erməni həmkarımla birgə işləyirik. Yəni, o Ermənistan, mən isə Azərbaycan mətbuatında gedən yazıları təhlil edirəm.

- Belə çıxır ki, xalq diplomatiyasının tərəfdarısan?

- Mən xalq diplomatiyasının, münaqişənin birgə həllinin, birgəyaşayışın tərəfdarıyam. Çünki, münasibətdə olanda da görürsən ki, sadə erməni xalqının burada günahı yoxdur. Biz də, onlar da hansısa siyasi oyunların qurbanıyıq.

- Birgə yaşayış deyəndə nəyi, konkret hansı statuslu dövləti nəzərdə tutursan?

- Mən ermənilərin Azərbaycann vətəndaşı olaraq, orada yaşamağının tərəfdarıyam. Torpaqlarımızın de-yuri onlara keçməsindən söhbət gedə bilməz.

- Qarabağdan köçkün düşən, müharibəni öz gözləri görən bir adamın bu cür fikir səsləndirməsi əslində çox maraqlıdır. Ümumiyyətlə Ağdam, orada baş verənlər yadındır?

- Əlbəttə, onda mən yeniyetmə idim. Məktəbimiz Fizuli yolunun üstündə idi, erməni avtobusları keçəndə çıxıb onları daşlayırdıq, onlar da bizə daş atırdı. Yuxarı sinif şagirdlərinin Əsgərana hücum etməsi də yadımdadır. Xocalı faciəsi olan gün ağlaşma səslərinə oyandım. Eyvana çıxanda gördüm ki, küçədən üst-başı tökülən qadınlar, uşaqlar ağlaya-ağlaya gedirlər. Nə olduğunu soruşduq və bildik ki, Xocalıda soyqırım baş verib. Şəhərin mərkəzində onlar üçün çadır qurulmuşdu, ata-anası öldürülən, tək qalan bir uşağı evimizə gətirmişdik. Sonradan əmiləri gəlib, apardılar.

- Evinizi qoyub, çıxdığınız gün təsəvvüründə necə qalıb?

- 1992-ci ilin fevralın 28-də Ağdamı atəşə tutdular. Mən özüm Şuşada oxuduğum üçün atışmanı görmüşdüm, amma evdəkilər görməmişdi. Şuşadan olan qohumlarımız da bizə köçmüşdü. Bakıda 2000-ci ildə zəlzələ vaxtı yaranan mənzərənin oxşarı Ağdamda yaranmışdı. Hamı çölə axışmışdı, gürultu səsləri gəlirdi, atılan mərmilərin hara düşəcəyi bilinmirdi. Qonşu binada rəfiqələrim yaşayırdı, hamı küçəyə axışanda mən eyvana çıxdım ki, görüm onlar da çıxır ya yox. Həyətdə maşınlarını görəndə sakitləşdim. Zirzəmiyə doluşduq. Hamı ayaqyalın düşmüşdü. Ara sakitləşən zaman ayaqabları gətirmək üçün yuxarı çıxdım. Anam nə qədər elədi ki, getməyim, sözünə qulaq asmadım. Hətta qonşular üçün də ayaqabı daşyırdım. Şuşada da belə olmuşdu. Zirzəmidə uşaqlar acından ağlayırdılar, qaranlıqda yuxarı çıxıb, onlara peçenyə gətirirdim. Ümumiyyətlə hadisələrin içərisinə girməyi xoşlayıram, nəsə baş verəndə qəribə cəsarət olur məndə. Gecə Ağcabədidə yaşayan qohumlarımız gəlib, bizi apardılar, atam isə qaldı. Ağlayıb, özümü öldürürdüm ki, mən də qalacam.

- Ailən, şəxsi həyatın haqqında da danışardın.

- Atam-anam Mingəçevirdə yaşayır. İki qardaşım, bir bacım var. Qardaşlarımdan biri Moskvada yaşayır. Bacım və digər qardaşım ailəlidir. Özümün isə ailə qurmaq fikrim yoxdur.

Xatirə Nəsirli

 

 






6 Dekabr, 2012  15:18 Baxılıb: 2265 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner